Məhkəmə qərarları › İş №1(071)-23/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-23/2022

07.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-23/2022 07.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 iştirakı ilə, “Pünhan” adlı şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X3 xüsusi ittiham qaydasında verdiyi şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, “Pünhan” adlı şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 01.01.2022-ci il tarixdə Hacıqabul rayonu Talış kəndində Pünhan adlı şəxslə onun arasında vasitəçilik yaratmış X6 iş yerində onunla görüşmək üçün icazə alaraq, yanında telefonla səsi ümumiyə keçirməklə Pünhan adlı şəxsə zəng edib razılaşmanın baş tutmadığını, gəlib heyvana ödədiyi 1.200 manatı və çəkilən xərci qaytararaq, iribuynuzlu heyvanı geri götürərək, razılaşmanın pozulduğunu söylədiyi an ona qarşı təhqiramiz sözlər işlətməyə başlamışdır. Bununla onun şərəf və ləyaqətini alçaltmışdır. Ona görə də, Pünhan adlı şəxsin Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və cəzalandırılmasını xahiş edir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsinə dair qərar çıxarılmasını xahiş etdi. Məhkəmə şikayət verən şəxsi dinləyib, şikayəti, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (CPM) 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası CPM-nın 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası CPM-nın 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Şikayəti araşdıran zaman məlum oldu ki, şikayət Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə əməl edilmədən tərtib edilmişdir. Belə ki, X7 oğlu şikayəti tərtib edərkən barəsində ərizə verilən Pünhan adlı şəxs haqqında məlumatları (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin, məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, habelə hansı digər sübutlarla təsdiq edildiyini konkret olaraq göstərməmişdir. Bundan başqa X2 barəsində şikayət verdiyi Pünhan adlı şəxsin onu telefonda təhqir etməsini göstərərək Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, X5 şikayətində özünün telefonu səsliyə qoyaraq daşındığını və telefonda olan danışığın digər şəxs X6 yanında apardığını qeyd etmişdir. Bu isə telefonla danışan digər şəxsin telefonda ona söylədiklərinin digər şəxslərə eşitdirmək niyyətinin olmasını təsdiq etmir. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin xüsusi ittiham qaydasında şikayət verilmiş ərizədə göstərilən əməlində Azərbaycan Respublikası CM-in 148-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin dispozisiyasından görünür ki, bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün cinayət tərkibinin subyektiv cəhətinin məcburi elementi kimi birbaşa qəsdin olması zəruridir. Yəni təqsirkar başqa şəxsi təhqiretməsini, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmasını dərk etməli və bunu arzu etməlidir. Çünki, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma cinayət məsuliyyətinin yaranmasına səbəb olur. Xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunundan görünür ki, Pünhan adlı şəxsin X1 əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi çıxışlarda deyil, onunla telefon danızığı zamanı şəxsən özünə söyləməklə, onun şərəf və ləyaqətini ləkələtən məlumatları yaydığını qeyd etmiş və Pünhan adlı şəxsin Cinayət Məcələsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası CPM-nin 37.2-ci maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə hesab edir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığı və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayətin əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 299, 300.1.3, 302, 302.1.3, 302.1.6, 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş Pünhan adlı şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Hacıqabul rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına şikayət verilə bilər. Hakim: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar