Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-24/2022 03.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şirvan şəhəri Şirvan küçəsi ev 23-də daimi qeydiyyatda olmaqla, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 167-də yaşayan, 20.11.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 22.11.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib saxladığı texniki cəhətdən saz və atəşə yararlı olan bir ədəd H-03424 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibirli, İJ-K modelli, çaxmaqlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş (obrez), hamar lüləli ov tüfəngini üzərində daşıyaraq gəzdirmiş, 20.11.2021-ci il tarixdə saat 15 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsindəki 167 nömrəli evin yaxınlığında saxlanılaraq Hacıqabul rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman həmin odlu silah ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, Şirvan Şəhəri Şirvan küçəsi ev 23-də daimi qeydiyyatda olmaqla Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 167-də yaşayır. Əvvəllər iki dəfə məhkum olunmuşdur. 2021-ci ilin avqust ayında cəza müddəti başa çatdığına görə azadlığıa buraxılmışdır. 20 noyabr 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı küçənin yuxarı hissəsində dəmiryol xəttinin yaxınlığı ilə piyada gedərkən yerdə 1 ədəd kəsilmiş tüfəng görmüş və tüfəngi götürərək, silahın qundağının və lüləsinin kəsilmiş olduğunu və işlək vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra yerdə olan sellofanla həmin silahı bükərək heç kimin görməməsi üçün əynində olan şalvarın iç hissəsinə qoymuşdur. Həmin tüfəngi etibarlı və gizli yerdə qazıb basdırmaq üçün yer axtarırmışdır. Hacıqabul rayonu H.Z.Tağıyev küçəsi ilə piyada gedən zaman bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində qanunsuz olaraq odlu silah saxlanılmasında şübhəli olduğu üçün onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, üzərində tüfəng olduğu üçün əvvəlcə getmək istəməmişdir. Lakin sonra razılaşaraq polis əməkdaşları ilə birlikdə Hacıqabul rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən ona vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahı ilə tanış olaraq siyahıdakı vəkil Müdafiəçi onu müdafiə etməsini istəmişdir. Buna görə də vəkil Müdafiəçi polis şöbəsinə dəvət olunmuşdur. Vəkilin və polislərin iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılarkən videokamera vasitəsi ilə çəkiliş aparılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa onları könüllü təqdim etməyi təklif olunduqdan sonra o, şalvarının bel hissəsində sellofana bükülmüş tüfəng olduğunu bildirmişdir. O, həmin tüfəngi polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları baxdıqda həmin silahın təyinatını itirmiş ov tüfəngi kəsiyi (obrez) olduğunu bildirmişlər. Sorğulara cavab olaraq o, həmin silahı 20.11.2021-ci il tarixdə günorta saatlarında yaşadığı evə yaxın dəmir yolun yaxınlığında yerdən tapdığını, bu barədə ailə üzvlərinin məlumatı olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, o da həmin protokol ilə tanış olaraq orada imza etmişdir. Həmin odlu silahdan heç vaxt istifadə etməmiş, ondan heç vaxt atəş açmamışdır. Hacıqabul RPŞ-yə gətirilərkən və orada olarkən ona qarşı heç bir fiziki zor və təzyiq tətbiq olunmamışdır. Törətdiyi əməldən peşman olmuşdur. Himayəsində bir azyaşlı uşağı olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 20 noyabr 2021-ci il tarixdə Şirvan şəhəri Şirvan küçəsi ev 23-də daimi qeydiyyatda olmaqla, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 167-də yaşayan Təqsirləndirilən şəxs üzərində odlu silah saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Fuad oğlunun iştirakı ilə əməliyyat qrupu yaradılmış və 20 noyabr 2021-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsindəki 167 nömrəli evin yaxınlığında saxlayaraq, üzərində odlu silah saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə Hacıqabul RPŞ-yə gətirmişlər. Hacıqabul RPŞ TB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkçənin altında saxladığı 01 ədəd odlu silah olan lüləsi və qundağı kustar usulu ilə kəsilmiş ov tüfəngini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi tüfəngin lüləsi və qundağı kustar usulu ilə kəsilmiş ov tüfəngi olduğunu, həmin tüfəngi 20 noyabr 2021-ci il tarixdə saat 14 radələrində yaşadığı Hacıqabul şəhərində yerləşən evinin yaxınlığında dəmiryolun kənarında tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi lüləsi və qundağı kustar usulu ilə kəsilmiş ov tüfəngi qablaşdırılaraq Hacıqabul RPŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, o da həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Şahid Hacıqabul RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 Fuad oğlu məhkəmə iclasında Şahid1 Abasxan oğlunun ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Onlar birlikdə Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 167-də yaşayırlar. Təqsirləndirilən şəxs ailəlidir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə istifadəçisi olmuşdur. Lakin hazırda narkotik vasitə qəbul etmir. 20.11.2021-ci il tarixdə Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah saxladığına görə şübhəli şəxs qismində saxlanılması barədə ona məlumat verilmişdir. Təqsirləndirilən şəxs ev hər hansı bir silah gətirməmiş və Elnurun qanunsuz olaraq odlu silah saxlaması barədə onun məlumatıı olmamışdır. Bu barədə ona polis əməkdaşları məlumat vermişdir. Şəxsi axtarış və götürmə barədə 20.11.2021-ci il tarixdə saat 15:45-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 01 ədəd lüləsi və qundağı kustar usulu ilə kəsilmiş ov tüfəngi aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs 20.11.2021-ci il tarixdə saat 15:45-də üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar lüləsi və qundağı kustar usulu ilə kəsilmiş ov tüfənginin aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk iş materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 20.11.2021-ci il tarixli 21/663R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd H-03424 nömrəli silah, keçmiş SSRİ dövlətində zavod üsulu ilə 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-K modelli, çaxmaqlı, hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar usulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir (obrezdir). Qeyd: DİN-in, KTİ-nin “güllə-giliz” kartotekasında yalnız “yivli” odlu silahlardan atılmış güllə və gilizlərin qeydiyyatı aparıldığından, qərarda göstərilən “V) Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd üzərində P70533 nömrəsi olan lüləsi və qundağı kəsilmiş ov silahından (abrez) əvvəllər hər hansı bir cinayətdə istifadə edilib-edilməməsi müəyyən edilsin?” sualına cavab vermək mümkün olmadı. (iş v. 110-111). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 29.11.2021-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin 26.04.2018-ci il tarixli 1(071)-41/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 26.01.2018-ci il tarixdən 28.01.2018-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cazəsına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cazəsı 01 il il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 25.10.2018-ci il tarixli 1(071)-90/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Hacıqabu rayon məhkəməsinin 26.04.2018-ci il tarili hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına bir il sınaq müddəti ilə şərti məhkum etmə CM-nin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş və CM-nin 67.1-ci maddəsinə müvafiq olaraq həmin cəza hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə, ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəza çəkmə müddətinin əvvəli 02.08.2018-ci il tarixdən hesablanmışdır. 02.08.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 26.04.2018-ci və 25.10.2018-ci il tarixli hökmləri ilə yaranmış məhkumluqları ödənilməmiş və götürülməmişdir. (iş v. 64-65, 68-76) Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq texniki cəhətdən saz və atəşə yararlı olan bir ədəd H-03424 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibirli, İJ-K modelli, çaxmaqlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş (obrez), hamar lüləli ov tüfəngini əldə etmə, saxlama və gəzdirmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, himayəsində bir azyaşlı uşağı olmasını cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, cinayətlərin residivi təhlükəli sayılır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 20.11.2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut - Hacıqabul rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd H-03424 nömrəli silah, keçmiş SSRİ dövlətində zavod üsulu ilə 1960cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-K modelli, çaxmaqlı, hamar lüləli ov tüfəngi, odlu yivsiz silah, texniki cəhətdən saz və atəş üçün yararlı olan, lüləsi və qundağı kustar usulu ilə kəsilmiş və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi (obrez) Azərbaycan Respublikası DİN-nin X2 Baş İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 20.11.2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Hacıqabul rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan 01 ədəd H-03424 nömrəli silah, keçmiş SSRİ dövlətində zavod üsulu ilə 1960cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, 16 kalibrli İJ-K modelli, çaxmaqlı, hamar lüləli ov tüfəngi, odlu yivsiz silah, texniki cəhətdən saz və atəş üçün yararlı olan, lüləsi və qundağı kustar usulu ilə kəsilmiş və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyi (obrez) Azərbaycan Respublikası DİN-nin X2 Baş İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 (yüz səksən) manat məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 (üç yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-24/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-24/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver