Məhkəmə qərarları › İş №1(071)-25/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-25/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-25/2024 17.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Ucar rayonu Yuxarı Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, Fövqəladə Hallar Nazirliyinin X5 Xidmətinin Ucar rayon X5 Hissəsinin daxili xidmət baş çavuşu – sürücüsü vəzifəsində işlədiyi zaman tamah niyyəti ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək qərarına gələrək, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək və öz qulluq mövqeyindən istifadə etməklə onun oğlu Şahid1 Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyi barədə yalan vədlər verib onu aldadaraq xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Hacıqabul rayonunda yerləşən X5 hissəsinin qarşısında onun xeyli miqdar təşkil edən 12000 (on iki min) manat pulunu ələ keçirməklə dələzuluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, 2013-cü ildən Fövqəladə Hallar Nazirliyinin Ucar rayon X5 hissəsində yanğınsöndürən və sürücü işləmiş, 2022-ci ildə öz istəyi ilə işdən çıxmışdır. O, Şahid1 qardaşı ilə birlikdə 2010-cu ildə hərbi xidmətdə olmuş, daha sonra onun toy məclisində iştirak etmiş və Şahid1 qardaşının toyunda tanımışdır. Bundan sonra onun Şahid1lə yaxın dostluq münasibətləri olmuş və onunla mütəmadi olaraq mobil telefon vasitəsilə əlaqə saxlamışdır. 2020-ci ilin əvvəllərində Şahid1 onunla mobil telefon vasitəsilə əlaqə saxlayan zaman söhbət əsnasında iş axtardığını demiş, ona bu məsələdə kömək edəcəyini demişdir. O, bu söhbətdən sonra pula ehtiyacı olduğu üçün Şahid1 Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyi barədə barədə yalan vəd verib ondan 12000 (on iki min) manat pul almaq qərarına gəlmiş, həmin pulu öz məsrəfləri üçün xərcləyib bir müddət sonra isə Şahid1 işinin düzəlmədiyini bildirib pulu ona qaytaracağını deyəcəyini fikirləşmişdir. Şahid1 onunla işlə bağlı söhbətindən bir neçə gün sonra ona Fövəqəladə Hallar Nazirliyinə işə düzəldə biləcəyini bildirmiş, bir qədər sonra Şahid1 atası Zərərçəkmiş şəxs ona zəng edib oğlu Şahid1 işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, ona oğlu Şahid1 FHN-nə işə düzəldə biləcəyini yalan olaraq demişdir. 2020-ci ilin mart ayının 10-da Zərərçəkmiş şəxs onunla FHN-nin Hacıqabul rayonunda yerləşən X5 hissəsinin qarşısında görüşmüş, həmin vaxt ondan oğlu Şahid1 işə düzəldə bilibbilməyəcəyini soruşmuş, ona oğlu Şahid1 işə düzəldə biləcəyini və bunun üçün 12000 (on iki min) manat pul lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs onunla razılaşmış və xx.xx.2020-ci il tarixdə saat 20 radələrində yenə də, onunla Hacıqabul rayonunda yerləşən X5 hissəsinin qarşısında görüşmüşdür. O, görüşə dostuna məxsus “Hyundai” markalı avtomobillə gəlmiş, Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobilə əyləşmiş və ona 12000 (on iki min) manat pul vermişdir. O, Zərərçəkmiş şəxs narahat olmamasını, yaxın vaxtlarda oğlunu işə düzəldəcəyini demiş, bundan sonra Zərərçəkmiş şəxs avtomobildən düşüb getmiş, o da, öz işləri ilə əlaqədar getmişdir. O, Zərərçəkmiş şəxs aldığı 12000 (on iki min) manat pulu öz məsrəfləri üçün xərcləməyə başlamış, təxminən üç aydan sonra Zərərçəkmiş şəxs onu aldatmasından şübhlənməməsi üçün oğlu Şahid1 Bakı şəhərinə FHN-nin Biləcəri qəsəbəsində yerləşən hospitalına gəlməsini bilmişdir. Şahid1 Bakı şəhərinə FHN-nin Biləcəri qəsəbəsində yerləşən hospitalına gəlmiş, onunla orada görüşmüş və birlikdə hospitalın binasına daxil olmuşlar. O, hospitalın içərisində Şahid1lə birlikdə gəzib onu həkim komissiyasından keçirəcəyi kimi görünüş yaratmış, bir qədər hospitalın içərisində gəzdikdən sonra Şahid1 evə qayıtmasını bildirmişdir. Həmin gündən bir neçə gün sonra Zərərçəkmiş şəxs ona zəng edib oğlu Şahid1 işinin alınmadığını başa düşdüyünü və ondan aldığı 12000 (on iki min) manat pulu geri qaytarmasını tələb etmişdir. O, həmin vaxtdan müxtəlif bəhanələr gətirərək Zərərçəkmiş şəxs pulunun qaytaracağını yalan olaraq bildirmiş, lakin maddi imkanı olmadığı üçün həmin pulu qaytara bilməmişdir. O, qeyd etmişdir ki, həqiqətən də, Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib onun oğlu Şahid1 FHN-nə işə düzəldəcəyi barədə aldadıb 12000 (on iki min) mant pul almış, həmin pulu Zərərçəkmiş şəxs ona Hacıqabul rayonunda FHN-nin X5 hissəsinin qarşısında onun idarə etdiyi “Hyundai” markalı avtomobildə vermişdir. O, Zərərçəkmiş şəxs ona pulu verən zaman orada Zərərçəkmiş şəxs və özünün olduğunu, başqa heç kimin olmadığını, törətdiyi əməldan peşman olduğunu, Zərərçəkmiş şəxs vurduğu 12000 (on iki min) manat maddi ziyanı tamamilə ödədiyini və onunla barışdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, DİN-nin əməkdaşı olmuş, 2011-ci ildə pensiyaya çıxmışdır. O, Təqsirləndirilən şəxs 2020-ci ildə oğlu Şahid1 vasitəsilə tanımış, Təqsirləndirilən şəxs ilə oğlu Şahid1 dost kimi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs 2020-ci ildə Ucar rayonunda FHN-nin X5 hissəsində işləmiş, onun oğlu Şahid1 həmin vaxt işsiz olduğundan bu barədə Fərminlə danışdıqdan sonra Təqsirləndirilən şəxs onu Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxslə əvvəl mobil telefon vasitəsilə əlaqə saxlayıb oğlu Şahid1 işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, Təqsirləndirilən şəxs ona narahat olmamasını və oğlunu FHN-nə işə düzəldə biləcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxslə 2020-ci ilin mart ayının təxminən 10-da Hacıqabul rayonunda yerləşən FHN-nin X5 hissəsinin qarşısında görüşmüşdür. Onunla söhbət edən zaman Fərmin ona Şahid1 FHN-nin Hacıqabul rayonunda yerləşən yanğından mühafizə idarəsinə işə düzəldə biləcəyini bildirmiş, bunun müqabilində 12000 (on iki min) manat pul istəmişdir. O, Təqsirləndirilən şəxs özünün FHN-nin əməkdaşı olduğu üçün ona inanmış və xx.xx.2020-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxslə yenə də, Hacıqabul rayonunda yerləşən X5 hissəsinin qarşısında görüşüb ona 12000 (on iki min) manat nağd pul vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona yaxın vaxtlarda oğlunu işə düzəldəcəyini bildirmişdir. Təxminən 3 ay sonra Təqsirləndirilən şəxs Şahid1 Bakı şəhərinə FHN-nə çağırmış, oğlu qayıdandan sonra ona FHN-də heç bir diqqət göstərilmədiyini və ondan heç bir söz soruşulmadığını bildirmişdir. Şahid1 bu sözlərindən sonra, həmçinin Təqsirləndirilən şəxs ondan oğlunu işə düzəltmək üçün heç bir sənəd istəmədiyindən onda şübhə yaranmış, bundan sonra o, Təqsirləndirilən şəxs ona verdiyi 12000 (on iki min) manat pulu qaytarmasını tələb etmişdir. Həmin vaxtdan Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək işin düzəlmədiyini bildirmiş və ona pulu qaytaracağı barədə vədlər verməyə başlamışdır. O, əvvəl Təqsirləndirilən şəxs ondan aldığı 12000 (on iki min) manat pulu qaytaracağına inanmış və bu barədə şikayət etməmişdir. Lakin həmin vaxtdan uzun müddət keçmiş və Təqsirləndirilən şəxs onun 12000 manat pulunu geri qaytarmadığı üçün o, artıq Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək oğlu Şahid1 FHN-nə işə düzəlddəcəyi adı ilə aldığı 12000 manat pulu ələ keçirməsi barədə Hacıqabul rayon polis şöbəsinə şikayət etmək qərarına gəlmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanmışdır. O, bildirmişdir ki, artıq Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı, yəni 12000 (on iki min) manat pulu ona geri qaytarmış, buna görə də onunla barışmış və ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus ümumilikdə xeyli miqdar təşkil edən 12000 (on iki min) manat nağd pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə sonuncu barəsində Hacıqabul rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi İbrahim Qəhrəmanov tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:50-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-97/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittihama dəyişiklik edilərək o, Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Ucar Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, xx.xx.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 73-1.2-ci və Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Ucar rayon İHB-nin Ucar şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında arvadı X1 və qızı 2018ci il təvəllüdlü X2 ilə bir yerdə yaşayır. Ucar rayon İHB-nin Ucar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş 3-18/2- 5103/2023 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Fövqəladə Hallar Nazirliyi X7 Xidməti Ucar rayon X5 hissəsində yanğınsöndürən və sürücü vəzifələrində xidmət etmişdir. Zərərçəkmiş şəxs tərəfindən Hacıqabul rayon Prokurorluğuna ünvanlanmış notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş zərəri, yəni 12000 (on iki min) manat pulu tam şəkildə ödəmiş, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir tələbi yoxdur. Hacıqabul rayon məhkəməsinin 4(071)-115/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisi X8 tərəfindən verilmiş vəsatət təmin edilərək Təqsirləndirilən şəxs barəsində seçilmiş üç ay müddətinə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə zalında həbsdən azad edilmişdir. Ev dustaqlığı qətimkan tədbirinin müddəti Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə seçilmiş həbs qətimkan tədbirinin müddəti ilə məhdudlaşdırılmışdır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı olan məbləğ başa düşülür. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı Qərarının 23-cü bəndinə əsasən dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə qulluq mövqeyindən istifadə edərək zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 12000 (on iki min) manat ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Ucar Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış, xx.xx.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 73-1.2-ci və Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddələrinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq dəymiş ziyanı ödədiyinə görə əvvəllər bir dəfə cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1ci bəndinə əsasən şəxs Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödədiyinə görə əvvələr bir dəfə cinayət məsuliyyətindən azad edilməsi nəzərə alınaraq, hazırki iş üzrə məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsini Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi. 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. 60.1. Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan şəxsin olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu, qətimkan tədbiri qismində həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ucar rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 18 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 108 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 7 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən şübhəli şəxs qismində tutulduğu, habelə qətimkan tədbiri qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 03 ay 07 (yeddi) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 06 ay 14 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Ucar rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Ucar rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 108 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar