Məhkəmə qərarları › İş №1(071)-26/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-26/2023

27.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-26/2023 27.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsi, Eduard İmanov küçəsi ev 21, mənzil 47də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,837 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini bir ədəd kağız kəsiyi bükümündə qablaşdırılmış halda əynində olan boz rəngli cins şalvarın arxa sol cibində daşıyaraq saxlamış, 06 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində Bakı dairəsi adlanan yerdə saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, 06 noyabr 2022-ci il tarixdə səhər saatlarında Bakı şəhərində Nizami rayonunda küçədə piyada gedərkən yerdə olan bir ədəd kağız kəsiyi bükümünü gördüyündən açıb içərisinə baxmış və içərisində heroin olduğunu görmüşdür. Bundan sonra, həmin bükümü istifadə etmək məqsədi ilə əynində olan cins şalvarın cibinə qoymuşdur. Tapdığı narkotik vasitənin bir hissəsini istifadə edib qalan hissəsini cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə Ələt qəsəbəsinə getmək məqsədilə Lökbatan dairəsində Qazax avtobusuna minmişdir. Onu yolda yuxu tutduğundan yatıb qalmışdır. O, yuxudan oyananda Hacıqabul şəhərində olduğunu görmüşdür. Bundan sonra avtobusdan düşərək küçədə piyada gəzərkən Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. Həmin vaxt o əynində olan boz rəngli cins şalvarının arxa sol cibində olan kağız bükümü təqdim edərək həmin bükümün içərisində heroin olduğunu bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. 06 noyabr 2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat qrupu yaradılmış və 06 noyabr 2022-ci il tarixdə saat 14 radələrində Hacəliyev X2 rayonu İ.Qayıbov küçəsində yerləşən Bakı dairəsi adlanan yerdə saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində TB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncunun əynində olan boz rəngli cins şalvarın arxa sol cibində bir ədəd siqaretin gümüşü rəngli kağız bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitə olan heroini 06 noyabr 2022-ci l tarixdə səhər saatlarında Bakı şəhərində piyada yol gedərkən yerdən tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə oxşar maddə poçt zərfinə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 06 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun əynində olan boz rəngli cins şalvarın arxa sol cibində 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1203 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,837 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 7624 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sinromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoliji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsəni müəyyən etmək mümkün olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin alqı-satqısı ilə məşğul olması və narkotik vasitəni satış məqsədi ilə üzərində saxlaması təsdiqini tamamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,787 qram qalan narkotik vasitə hesab edilən heroin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə ki, Qaradağ rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən o, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 1 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.3.3 və 83.4-1-ci maddəsinin tələblərinə əsasən cəzadan vaxtından əvvəl azad edildiyi gündən iki ildən artıq müddət keçdiyindən, onun həmin hökm üzrə məhkumluğu ödənilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(071)-146/2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videoçəkilişi əks etdirən disk tədqiq edilərkən, həmin diskdə olan görüntülərin açılmadığı müəyyən edilmişdir. Bununla belə, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs səmimi ifadə verərək, üzərində qanunsuz olaraq narkotik vasitə heroin gəzdirdiyini, həmin narkotik vasitənin polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən aşkar edildiyini, şəxsi axtarış aparılmasına dair protokolda olan imzanın özünə məxsus olduğunu və həmin protokolun düzgün tərtib edildiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videoçəkilişi əks etdirən diskin tədqiq edilə bilməməsi, özlüyündə həmin protokolun sübut kimi nəzərə alınmamasına əsas versə də, məhkəmə istintaqında tədqiq edilmiş digər sübutlar – təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyi və s. həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, həmin sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (beş dəfədən artıq miqdarda) narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlaması, məhkumluğu ödənilmiş olsa da şəxsiyyətini səciyyələndirən hal kimi onun əvvəllər də analoji cinayət törətməyə görə məhkum olunması nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,787 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM 132). Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunduğundan, ona narkomaniyadan məcburi müalicə təyin olunmalı, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 06 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 0,787 qram olan narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat, yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 60 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar