Məhkəmə qərarları › İş №1(071)-26/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-26/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-26/2024 21.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Salyan rayonu Qubalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu Qubalıbalaoğlan kəndinə daşımış, 12 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 1 ədəd selofan bükümdə təmiz çəkisi 0,482 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynindəki qara rəngli qış gödəkcəsinin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, sonuncu dəfə 2020-ci ildə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. 2022-ci ilin may ayında cəzasının sonu ilə azad edilmişdir. Cəzaçəkmə müəssisəsindən azad edildikdən sonra bədənində güclü ağrılar yaranmağa başlamışdır. Bu səbəbdən ağrılarını azaltmaq məqsədilə 7 ilə yaxındır ki, müxtəlif vaxtlarda narkotik vasitə olan heroin istifadə etməyə başlamışdır. Həmin narkotik vasitəni əvvəllər tanımadığı şəxslərdən müxtəlif qiymətlərə almışdır. Sonuncu dəfə 12 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində siqaret almaq məqsədilə Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində yerləşən yaşadığı evdən çıxıb kəndin mərkəzindəki mağazaya getmişdir. Mağazadan siqaret alıb geri qayıdan zaman yaşadığı küçədə yolun kənarında yerdə selofan kəsiyini görmüşdür. Həmin selofan kəsiyi diqqətini cəlb etmiş və selofan kəsiyini götürmüşdür. Selofan kəsiyinin içərisinə baxan zaman orada narkotik vasitə “kakos” kimi tanıdığı heroin olduğunu görmüş və özü narkotik vasitələrin istifadəçisi olduğu üçün narkotik vasitəni dərhal tanımışdır. O, ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra narkotik vasitəni əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibinə qoyub yaşadığı evə piyada şəkildə hərəkət etməyə başlamışdır. Bu zaman iki nəfər şəxs ona yaxınlaşaraq Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları olduğunu bildirərək özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildmişlər. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Hacıqabul Rayon Polis X2 təhqiqatçısı Tural Namazov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil X5 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış zamanı video çəkilişdən istifadə olunacağını bildirmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa təqdim etməyini bildirmiş, o, əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibində saxladığı bir ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Bundan sonra təhqiqatçı Tural Namazov tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,65 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi sual vermiş, o, həmin kütlənin narkotik vasitə - heroin olduğunu, yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra onun üzərinə axtarış barədə protokol tərtib edilmiş və imzalarla həmin protokolu təsdiq etmişdir. Şəxsi axtarış aparılan zaman, habelə polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 12 oktyabr 2023-cü il tarixdə Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin əmri ilə ondan və qrup üzvü kimi Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar verilən məlumata əsasən Hacıqabul rayonu Qubalıbalaoğlan kəndi ərazisində əməliyyat tədbirini qurmuşdurlar. 12 oktyabr 2023-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində yerləşən yaşadığı evin yaxınlığında ayaqla hərəkət etdiyini görmüşdürlər. Həmin vaxt onlar birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotk vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman davranışları ilə onlarda bir daha şübhə yaratmış və bu səbəbdən həmin vaxt üzərində axtarış aparılması üçün əlverişli şərait olmadığından onu Hacıqabul RPŞ-nə dəvət etdikdən sonra birlikdə təhqiqatçı Tural Namazovun xidməti otağına gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X5 dəvət olunduqdan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibində olan bir ədəd selofan kəsiyinə bükülmüş narkotik vasitə heroini təhvil vermişdir. Təhqiqatçı həmin selofan kəsiyini açdıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuş, həmin selofan kəsiyində aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda, o, həmin maddənin narkotik vasitə - heroin olmasını, həmin maddəni Hacıqabul rayonu Qubalıbalaoğlan kəndində yerləşən yaşadığı evin yaxınlığında yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı Tural Namazov tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,65 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq möhürlə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 oktyabr 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 1 ədəd selofan kəsiyinin içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/987 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd selofan torbacıqda təmiz çəkisi - 0,482 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7556 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına cavab kimi verilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,432 qram qalan narkotik vasitə hesab edilən heroin maddi sübut kimi tanınmışdır. Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Tural Namazov tərəfindən tərtib edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 18:30-dan etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 19:10-da Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Hacıqabul rayon məhkəməsinin 4(071)-98/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Rəhimov X1 rayonu Qubalıbalaoğlan kəndində qeydiyyatda olmaqla yaşayır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs dörd azyaşlı övladı ilə birlikdə Qubalıbalaoğlan kəndində yaşayır. Qubalıbalaoğlan kəndində yaşadığı müddət ərzində Təqsirləndirilən şəxs barəsində hər hansı şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün və qərarının surətindən görünür ki, Rəhimov X1 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(071)-104/2020 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1, 237.1, 66.2, 69.3-cü maddələrilə təqsirli bilinərək 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 1 il 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, daha sonra Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 6 ay azaldılmış və Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə azad edilmişdir. Təqsirləndirilən şəxs cəza müddətini çəkib qurtardıqdan qısa müddət sonra hazırki cinayət əməlini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını və yaşayış yerində müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər analoji cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli barəsində tutulma tətbiq edildiyi gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,432 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 12 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,432 qram olan narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar