Məhkəmə qərarları › İş №1(071)-27/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-27/2025

01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-27/2025 01.09.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi - X7 və onun nümayəndəsi- vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1974-cü ildə Tərtər rayonu, Cəmilli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olmamış, Tərtər rayonu 703 saylı Hərbi Hissədə qeydiyyatda olmaqla Tərtər rayonu, Cəmilli kəndində yaşayan hal-hazırda barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdə saat 02:45 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən 97-ci kilometrində idarə etdiyi “DAF FT XF 105.460” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, “Baryval” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə yolun sağdan birinci hərəkət zolağı ilə Qazax rayonu istiqamətində 70 km/saat sürətlə hərəkətdə olarkən diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşısında yolun sağ hissəsində “Hyundai Elantra” markalı avtomobil və həmin avtomobilin sol hissəsində piyadanın dayanmasını nəzərə almalı, vaxtında tədbir görməklə onlardan təhlükəsiz yan məsafə seçərək keçib getməli və ya bu mümkün olmadıqda onlara çatmadan idarə etdiyi avtomobili dayandırmalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da, ala bilməyib qarşıda yolun sağ hissəsində sürücü Şahid1 tərəfindən dayandırılmış “Hyundai Elantra” minik markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilin sol hissəsində dayanmış piyada X4 avtomobillə vurmuş, nəticədə ehtiyatsızlıqdan Nahid Səfərova insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran baş beyin əzilməsi, baş beyinin nüfuz travması, alın, beyinəsası və üz skeleti sümüklərinin sınıqları, alının mərkəzi hissəsində əzilmiş-cırılmış yara, burunda, sağ bazu qurşağında, sağ bazunun aşağı 1/3-dən sağ saidin orta 1/3-dək davam olunan, belin sol tış hissəsində, hər iki dizdə və sol topuqda sıyrılmış yaralar xəsarətlərini yetirməklə həmin gün Şirvan şəhər xəstəxanasında ölümünə səbəb olmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi vardır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti ona aydın olduğunu və özünü həmin cinayət əməlinin törədilməsində təqsirli bilmədiyini göstərmişdir. Həmçinin verilən suallara olaraq bildirmişdir ki, mövcud qəza şəraiti qarşıda gedən yük avtomobili və yolun hərəkət hissəsinin sağ tərəfindən dayanmış avtomobil tərəfindən yaradılmışdır. Əlavə olaraq göstərmişdir ki, xx.xx.2024-cü il saat 02:40 radələrində Nəvahi kəndinə çatdıqda, əvvəl 85- 90 km/saat, daha sonra 70 km/saat sürətlə hərəkətdə olduğu vaxt ondan qarşıda eyni istiqamətdə digər yük avtomobili hərəkətdə olmuşdur. Həmin yük avtomobili ilə araməsafəsini dəqiq xatırlamasa da, onlar çox yaxın məsafədə olmuşlar. Bu vaxt qəflətən qarşıdakı yük avtomobili sola istiqamətlənərək sol zolağa keçmişdir. Qarşıdakı yük avtomobili sola keçən vaxt təxminən 50-60 metr məsafədən yolun hərəkət hissəsinin sağ tərəfində minik avtomobilinin dayanmasını, piyadanın isə minik avtomobilinin sürücü tərəfdən, yəni sol tərəfdə avtomobilin qapısı açıq vəziyyətdə olmaqla ayaqüstə dayanmasını görmüşdür. O, piyadanı gördükdə idarə etdiyi yük avtomobilini sola meyilləndirsə də, onun idarə etdiyi yük avtomobilinin sağ tərəfi dayanmış minik avtomobilinin sol tərəfi ilə toqquşmuşdur. Yük avtomobilləri hündür olmaqla, 2 metrə yaxın məsafəni görmə məhdudiyyəti olduğundan birinci avtomobilə və ya piyadaya dəyməsini görə bilməmişdir. Lakin o, piyadanı görən kimi əyləcə basaraq avtomobili sola doğru meyilləndirmişdir. Əlavə olaraq bildirmişdir ki, yük avtomobilindəki sement yükü 26 ton olmuş, yük avtomobilinin sementlə birlikdə təxminən çəkisi 40 ton təşkil etmişdir. Toqquşmadan sonra minik avtomobili yolun sağ kənarına düşmüş, piyada oğlan isə yolun sol hissəsinə düşmüşdür. O, avtomobili dərhal yolun sağ kənarında saxlamışdır. Təqsirləndirilən şəxs son sözündə verilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini, ifadəsində göstərdiyi hallara əsasən ona bəraət verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də onun təqsiri zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, 12 avqust 2024-cü il tarixdə saat 02:45 radələrində Bakı-Qazax- Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən 97-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş şəxs X9 onun oğlu olmaqla, xx.xx.1998-ci ildə anadan olmuşdur. xx.xx.2024-cü ildə oğlu evdən çıxıb Şahid1la birlikdə Bakı şəhərinə gedəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Orxan onlara zəng vuraraq Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi keçirdiklərini demişdir. Qohumları dərhal evdən çıxıb Hacıqabul rayonuna getmişlər. Sonradan məlum olmuşdur ki, oğlu Nahid aldığı xəsarətlərdən ölmüşdür. Oğlunu Şirvan şəhər morqunda müayinə etdikdən sonra təhvil vermişlər və onu Ağcabədi rayonunda yerləşən qəbiristanlıqda dəfn etmişlər. Sonradan məlum olmuşdur ki, oğlu Nahid Bakı şəhərindən Orxanla birlikdə gələrkən Hacıqabul rayonu ərazisində avtomobildə yaranmış nasazlıqla bağlı yolun sağ hissəsində dayanan zaman yük avtomobili onu vurmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Əlavə olaraq bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı cinayət işi üzrə şikayətçidir. Təqsirləndirilən şəxs ilə onun arasında barışıq əldə olunmamışdır. Odur ki, Təqsirləndirilən şəxs barəsində qanunamüvafiq qaydada azadlıqdan məhrumetmə cəzasının yuxarı həddində təyin edilməsini xahiş etmişdir. O, həmçinin bildirmişdir ki, mülki iddia tələbi yoxdur. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, idarə etdiyi “Hyundai Elantra” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobildə nasazlıq yarandığı üçün yolun hərəkət hissəsinin sağ tərəfində saxlamışdır. Həmin vaxt avtomobilin iki təkəri yolun sağ kənarındakı sarı xəttdən yolun hərəkət hissəsinə, iki təkəri isə sarı xəttdən sağda yolun ehtiyat hissəsində olmuşdur. O, yalnız qəza işıqlarını yandırmış və 30 metr məsafədən kənarda qəza nişanını qoymamışdır. O, sərnişin Nahidlə birlikdə əvvəlcə avtomobilin təkərini dəyişməyə cəhd göstərmiş, lakin bacarmayacaqlarını anlayıb köməklik üçün yoldan keçən maşınlara əl edərək saxlamağa çalışmışlar. Həmin vaxt yoldan keçən və eyni istiqamətdə hərəkət edən tanımadığı “Vaz 2107” markalı minik avtomobili 120 metr qarşıda saxlamış, o, həmin avtomobilə doğru yolun ehtiyyat hissəsi ilə təxminən 1 metr məsafə hərəkət edərkən ondan arxada hadisə baş vermişdir. Hadisədən sonra onun etibarnamə əsasında idarə etdiyi minik avtomobili sağ tərəfdəki dərəyə, yəni yaşıllıq sahəyə düşmüş, zərərçəkmiş şəxs Nahid isə sol tərəfə doğru yolun hərəkət hissəsinin ikinci zolağına düşmüşdür. Hadisədən əvvəl o, təhlükəsizlik tədbiri olaraq yük avtomobilinin siqnal verməsini və təkərlərin tormoz səsini eşitməmişdir. Hadisədən sonra isə tormozlama səsini eşitmiş və tormozlamadan sonra sürücü yük avtomobilini 15-20 metr kənarda sağ tərəfdə dayandırmışdır. Lakin o, digər yük avtomobilinin qarşıda dayanmasını, eləcə də digər yük avtomobilinin ötmə manevri edərək keçməsini görməmişdir. Tormoz izləri toqquşmadan sonra yaranmışdır. Məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, o, idarə etdiyi avtomobillə Nəvahi kəndi ərazisindən keçərkən hadisə baş verməsini və ətrafda xeyli sayda insanların toplaşmasını görüb hadisə yerinə diqqət etdikdə həmyerlisi kimi tanıdığı Nahidin Nəvahi postunu keçdikdən sonra geriyə dönmək üçün nəzərdə tutulmuş sahənin yaxınlığında, yəni yolun hərəkət hissəsinin ortasında uzanıqlı vəziyyətdə olmasını, eyni zamanda Orxanı görüb dərhal avtomobilini saxlamış və onlara yaxınlaşmışdır. Şahid, zərərçəkmiş şəxsin uzanıqlı vəziyyətdə aşkar olunduğu yeri sxem üzərində qeyd edərək məhkəməyə təqdim etmişdir. O, həmin vaxt ətrafa nəzər saldıqda hadisənin iştirakçısı olmuş yük avtomobilinin sürücüsünü görməsə də, Orxanın sözlərindən öyrənmişdir ki, sürücü qarşıda dayanmış yük avtomobillərinin arxasında dayanmışdır. Eyni vaxtda o, sementlə yüklü olan və yolun hərəkət hissəsinin sağ zolağında dayanmış yük avtomobilinin qarşısında digər yük avtomobilinin də dayanmasını görmüş, lakin həmin nəqliyyat vasitəsinin əlamətlərini xatırlamır. Həmin vaxt öyrənmişdir ki, hadisəni törədən sementlə yüklü avtomobilin sürücüsüdür, digər yük avtomobili ondan qabaqda dayanmışdır. Şahid1 avtomobili isə qəzadan sonra dərəyə düşmüşdür. Məhkəmə iclasında Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, 12 avqust 2024-cü il tarixdə saat 02:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən 97-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsilə bağlı başlanmış cinayət işi üzrə “DAF FT XF” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ona məxsus olan "xxxx" MMC-yə, “Baryval” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu özünə məxsus olmaqla həmin avtomobili və yarımqoşqunu etibarnamə əsasında tanışı Təqsirləndirilən şəxs vermişdir. Hadisə nəticəsində “DAF FT XF” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə 4025 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanla bağlı hal hazırki cinayət üzrə heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək verilmiş suallara əsasən əlavə olaraq bildirmişdir ki, 12 avqust 2024-cü ildə saat 02:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən 97-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsilə bağlı başlanmış cinayət işi üzrə “Hyundai Elantra” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini müqavilə əsasında götürərək gündəlik icarəyə vermişdir. Hadisə nəticəsində özünə məxsus olan “Hyundai Elantra” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə 20.500 manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanla bağlı hal hazırki cinayət üzrə heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ tərəfindən verilmiş “sərxoşluq hallarının bütün növlərinin təyini məqsəd ilə aparılan tibbi müayinə” dair xx.xx.2024-cü il tarixli protokoldan müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti aşkar olunmamışdır. İş materiallarında olan və iş üzrə ibtidai istintaq zamanı təyin edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 20 nömrəli rəyinə əsasən, X3 meyitində baş beyin əzilməsi, baş beyinin nüfuz travması, alın, beyinəsası və üz skeleti sümüklərinin sınıqları, almın mərkəzi hissəsində əzilmiş- cırılmış yara, burunda, sağ bazu qurşağında, sağ bazunun aşağı 1/3-dən sağ saidin orta 1/3-dək davam olunan, belin sol tış hissəsində, hər iki dizdə və sol topuqda sıyrılmış yaralar xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər xx.xx.2024-cü ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X3 ölümünə səbəb qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. Ölüm meyit müayinə olunandan 6-10 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanda spirtli içki və narkotik maddə aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ağcabədi Avtoservis və Ticarət MMC tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 09 nömrəli rəydən müəyyən edilir ki, Laçın rayon Qarıqışlaq kənd sakini, hal-hazırda Ağcabədi rayon Taxta körpü ərazisində “Qayğı” qəsəbəsində müvəqqəti məskunlaşan X10 etibarnamə ilə məxsus olan, Şahid1 idarə etdiyi “Hyundai Elantra” minik markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2024-cü il tarixdə Bakı-Qazax yolunun 97-ci km-də baş vermiş yol nəqliyyat hadisəsi zamanı maddi zərər dəymişdir. Avtomobilə dəymiş maddi zərəri hesablamaq üçün Ağcabədi Avtoservis və Ticarət müəssisəsi MMC avtomobilə baxış keçirmiş və müəyyən edilmişdir ki, avtomobil istismara tamamilə yararsız vəziyyətdədir. Avtomobilin təmiri üçün çəkilən xərclər onun bazar pərakəndə satış qiymətindən yüksək məbləğ təşkil etdiyi üçün avtomobilin bazar pərakəndə satış qiyməti ilə dəyərləndirilir. Hal-hazırda avtomobilin bazar pərakəndə satış qiyməti 20.500 (iyirmi min beş yüz) manat təşkil edir. Nəqliyyat hadisəsi zamanı avtomobilin sahibinə 20.500 (iyirmi min beş yüz) manat maddi zərər dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, mövcud hadisə xx.xx.2024-cü il tarixdə saat 06:45 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Hacıqabul rayon ərazisindən keçən 97-ci kilometrliyində baş vermişdir. “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokol və ona əlavə edilmiş sxemə əsasən hadisə yerinin yol şəraiti aşağıdakı kimi təsvir edilmişdir: “Hadisə baş verən yerdə yol quru, üfüqi, asfalt örtüklü olmaqla ikitərəflidir və əks istiqamətli nəqliyyat axınları ayrıcı zolaq ilə ayrılır. Qazax istiqamətində yolun hərəkət hissəsinin eni 7,4 metr olmaqla üç hərəkət zolağından ibarətdir və yolun torpaq örtüklü çiyninin eni 3 metrdir. Yol örtüyünün hər iki istiqamət üçün ümumi eni 11,1 metr, ayrıcı zolağın eni isə 3,7 metrdir. Yolun işlək hissəsində aşkar edilmiş nişan xəttləri ağ qırıq -qırıq və sarı düz xəttdir. Ehtiyat hissəsindən sağda çınqıllıq və yaşıllıq sahədir, soldan isə dəmir çəpərdir. Yol işıqlandırılmamışdır. Müayinə zamanı “Hyundai Elantra” markalı minik avtomobil yolun sağ kənarındakı yaşıllıq zolağında, qoşqulu “DAF FT XF” markalı yük avtomobili isə toqquşma yerindən qarşıda yolun sağ ehtiyyat hissəsində dayanmışdır. Toqquşma yerindən sola doğru istiqamətlənən 22 m sol təkərdən tək, sonra cüt şin izləri vardır. Tormozlama izləri yoxdur. Həmçinin müayinə zamanı meyit morqda olduğundan onun yerini müəyyən etmək mümkün olmamışdır. Ətrafda digər izlər aşkar edilməmişdir. Hadisə yeri yaşayış məntəqəsindən kənarda olmaqla icazə verilən maksimum sürət həddi 110 km/saatdır. Sürücü Təqsirləndirilən şəxs “DAF FT XF” markalı yük avtomobili Qazax istiqamətində idarə edərkən yolun sağ hissəsində sürücü Şahid1 dayandırmış olduğu “Hyundai Elantra” markalı minik avtomobil ilə toqquşaraq həmin avtomobilin sol yan hissəsində dayanmış piyada N.Səfərovu vurmuşdur. Toqquşma yeri “DAF FT XF” markalı yük avtomobilin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ kənarını bildirən sarı xəttdən sola doğru 1,5 metr məsafədir.” Protokol un doğruluğu hadisənin iştirakçıları və hal şahidləri tərəfindən imzalanaraq təsdiqlənmiş, sxem və fotoşəkillər protokola əlavə edilmişdir. Protokolda aparılmış qeydiyyata əsasən hadisə yerində müşahidə kameraları yoxdur. İş materiallarında olan BD505113 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “DAF” markalı, FT XF 105.406 yük modelli, yəhərli dartıcı tipli, maksimal kütləsi 18.000 kq, yüksüz kütləsi 8.006 kq olan, 09AC511 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin adına reyestrdə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan BB341197 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”ndən görünür ki, “BARYVAL” markalı, CB/3AL-32N yarım qoşqu modelli, “sement daşıyan çən” tipli, maksimal kütləsi 38000 kq, yüksüz kütləsi 4750 kq olan, 99ZG685 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid3 adına reyestrdə mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İş materiallarında olan etibarnamələrdən görünür ki, “DAF” markalı, 09AC511 dövlət qeydiyyat nişanlı yük avtomobili və “BARYVAL” markalı 99ZG685 dövlət qeydiyyat nişanlı yarım qoşqu nəqliyyat vasitəsi sürücü Təqsirləndirilən şəxs idarə etmək hüququ ilə etibar edilmişdir. İş materiallarında olan ibtidai istintaq zamanı qəbul edilmiş “Məhkəmə yol nəqliyyat hadisəsi ekspertizası təyin edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hadisənin baş vermə mexanizmi aşağıdakı kimi göstərilmişdir:- “«DAF FT XF» markalı, **- AC-*** dövlət qeydiyyat nişanlı, “Baryval” markalı, 99- ZG-685 dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobilinin sürücüsü Təqsirləndirilən şəxs Qazax rayonu istiqamətində yolun sağdan birinci hərəkət zolağı ilə hərəkətdə olan zaman idarə etdiyi yük avtomobilinin qabaq sağ hissəsilə həmin istiqamətdə yolun sağ hissəsindəki, sarı düz xəttin üzərində dayanmış Şahid1 idarə etdiyi “Hyundai Elantra” markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsindən və həmin avtomobilin sol yanında dayanmış pi yada X4 vurmuşdur. Avtomobillər arasında toqquşma yolun sağ hissəsindəki sarı xəttən mərkəzə doğru 1,5 metr məsafədə baş vermişdir.” Qeyd olunan ekspertiza təyin edilməsi haqqında qərarda həmçinin göstərilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə baxış keçirilmiş və baxış zamanı hadisənin Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisindən keçən 97-ci kilometrliyində Qazax rayonu istiqamətində olan hərəkət hissəsində baş verməsi müəyyən edilmişdir. Hadisə yeri yaşayış məntəqəsi ərazisi deyil. Həmin yerdə maksimum sürət həddi 110 km/saata qədər məhdudlaşdırılmışdır. Həmin yerdə yol quru, düz, hamar və asfaltbeton örtüklüdür. Yol bir tərəfli hərəkət istiqamətlidir. Hərəkət hissəsində 3 hərəkət zolağı vardır və hərəkət zolaqlarını bir-birindən qırıq-qırıq ağ xətt ayırır. Ümumi hərəkət hissəsinin eni 11,1 metr olmaqla 3 hərəkət zolağı vardır. Həmin istiqamətdə sağdan sarı düz xətt, sonra 0,5 m asfalt hissə, sonra 3 metr enində çınqıllıq ehtiyyat hissə, daha sonra yaşıllıq zolağı vardır, soldan sarı düz xətt, sonra 0,5 metr asfalt hissə, daha sonra metal çəpər birləşir. Hadisə Qazax rayonu istiqamətində yolun sağdan birinci hərəkət zolağının sağ kənarındakı sarı düz xəttən mərkəzə doğru 1,5 metr məsafədə baş vermişdir. Hadisə yerində tormoz izi aşkar olunmasa da toqquşmadan sonra asfalt üzərində zədələr aşkar olunmuş, toqquşma yerindən sonra sola doğru istiqamətlənən «DAF FT XF» markalı yük avtomobilinin qoşqusuna məxsus sol təkərdən qalma 22 metr, sağ təkərdən qalma 10 metr şin izi mövcud olmuşdur. Hadisə yerində toqquşma izi aşkar olunmamışdır. Bundan başqa hadisə vaxtı «DAF FT XF» markalı,**-AC-*** dövlət qeydiyyat nişanlı,“Baryval” markalı, **- ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, sərnişin olmamış, yük yerində 26 ton yük olmuşdur. Həmin qərar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 8/2787 nömrəli rəydən görünür ki, ekspert tərəfindən tədqiqatlar məhz istintaq orqanının xx.xx.2024-cü il tarixli qərarında göstərilən hadisə mexanizminə uyğun olaraq aparılmışdır. Rəyin təsviriəsaslandırma hissəsindən görünür ki, istintaq orqanının “Daf -FT XF” markalı 09AC511 qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə nə kimi uyğunsuzluq olması və onun hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması ilə bağlı birinci sualı üzrə nəticəyə gələrkən qərarda göstərilən hadisə vəziyyətinə istinad etmişdir. Belə ki, 1-ci sual üzrə ekspert gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki: “İstintaq tərəfindən müəyyən edilərək qərarda göstərilmişdir ki, sürücü Binnətov “Daf- FT XF” markalı avtomobili Qazax istiqamətində idarə ödərkən yolun sağ hissəsində sürücü Həsənovun dayandırmış olduğu “Hyundai Elantra” markalı avtomobil ilə toqquşaraq həmin avtomobilin sol yan hissəsində dayanmış piyada N.Səfərovu vurmuşdur. Toqquşma yeri “Daf- FT XF” markalı avtomobilin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ kənarını bildirən sarı xəttdən sola doğru 1,5 metr məsafədədir. Qeyd olunan vəziyyətdə “Daf FT XF” markalı avtomobilin sürücüsü Binnətov «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Göstərilən vəziyyətdə sürücü Binnətov diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşısında yolun sağ hissəsində “Hyundai Elantra” markalı avtomobil və həmin avtomobilin sol hissəsində piyadanın dayanmasını nəzərə almalı, vaxtında tədbir görməklə onlardan təhlükəsiz yan məsafə seçərək keçib getməli və ya bu mümkün olmadıqda onlara çatmadan idarə etdiyi avtomobili dayandırmalı idi. Lakin istintaq tərəfindən qərarda göstərildiyi kimi, sürücü Binnətov “Daf FT XF” markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən yolun sağ hissəsində dayanmış “Hyundai Elantra” markalı avtomobil ilə toqquşaraq dayanmış piyadanı vurması faktları onu izah edir ki, mövcud şəraitdə hadisənin baş verməsi sürücü Binnətovun hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri ilə (diqqətini avtomobilin idarə olunmasından ayırması, avtomobilin təhlükəsiz idarə olunması üçün lazımı əməliyyatları vaxtında, düzgün yerinə yetirilməməsi və sair) əlaqədar olmuşdur. Ona görə “Daf FT XF” markalı avtomobilin sürücüsü Binnətovun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.” Rəyin təsviri-əsaslandırma hissəsindən həmçinin görünür ki, ekspert istintaq orqanının qərarındakı ekspertiza qarşısında qoyulmuş “Hyundai Elantra” markalı 77LY785 qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə nə kimi uyğunsuzluq olması və onun hadisənin qarşısını almağa texniki imkanının olub- olmaması barədə sualı üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki: - “Qərardan və hadisə yerinin sxemindən məlum olduğu kimi yolun sağ tərəfində eni 3 metr olan torpaq-çınqıl örtüklü yolun sağ çiyini vardır. Toqquşma yerinin isə “Daf FT XF” markalı avtomobilin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ kənarını bildirən sarı xəttdən sola doğru 1,5 metr məsafədə “Daf FT XF” markalı avtomobilin qabaq hissəsi ilə “Hyundai Elnatra” markalı avtomobilin arxa hissəsi arasında baş verməsi nəzər ə alınmaqla qeyd edilir ki, sürücü Həsənovun “Hyundai Elantra” markalı avtomobili yolun hərəkət hissəsində dayandırmışdır. Sürücü Həsənovun “Hyundai Elantra” markalı avtomobili yolun sağ çiyninə çıxartmadan yolun hərəkət hissəsində dayandırdığından, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitəsinin yolun sağ tərəfində - yol çiyinində bir cərgədə dayanmasına və durmasına icazə verilir. Lakin hadisə zamanı “Hyundai Elantra” markalı avtomobil dayanmış vəziyyətdə olduğundan sürücü Həsənovun hərəkətlərində «Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilməlidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən ibtidai istintaq zamanı əldə edilmiş ilkin rəylə belə nəticəyə gəlinmişdir ki: 1)İstintaq orqanı tərəfindən təqdim olunan məlumatlara əsasən, “Daf FT XF” markalı 09AC511 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; 2) İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Hyundai Elantra” markalı 77LY785 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı “Hyundai Elantra” markalı 77LY785 dövlət qeydiyyat nişanlı avtomobil dayanmış vəziyyətdə olduğundan sürücü Şahid1 hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilməlidir. İbtidai istintaq zamanı toplanmış materiallardan, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair tərtib edilmiş ittiham aktından və iş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında qərardan müəyyən edilir ki, ona verilmiş ittihamın əsasını təqsirləndirilən şəxsin ifadəsi, məhkəmə-tibb və məhkəmə-yol nəqliyyat ekspertizalarının rəyləri təşkil edir. Dolayısı ilə məhkəmə yol nəqliyyat hadisələri ekspertizası iş üzrə mühüm sübut növü olmaqla ittihamın əsasını təşkil edir ki, qeyd olunan rəy mötəbər məlumatlara əsaslanmaqla hər hansı şübhə doğurmamalıdır, əks halda şübhələr cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsin xeyrinə həll edilməklə ittihamın əsasını təşkil edə bilməz. Hazırkı halda, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs şahid statusunda ilkin ifadəsində, daha sonra təqsirləndirilən şəxs qismində verdiyi eyni məzmunlu ifadəsində, eləcə də məhkəmə istintaqında verdiyi ifadəsində hadisədən əvvəl onunla eyni istiqamətdə qarşıdan digər yük avtomobilinin hərəkətdə olmasını, həmin avtomobilin qəflətən sol zolağa yönəlməsini və yalnız bundan sonra onun təxminən 50-60 metr məsafədən yolun hərəkət hissəsinin sağ tərəfində dayanmış “Hyundai Elantra” markalı 77LY785 dövlət qeydiyyat nişanlı avtomobili və onun sol tərəfində dayanmış piyada Nahid Səfərovu gördüyünü, onun idarə etdiyi yarım qoşqulu yük avtomobilinin qabaq hissəsinin sağda dayanmış minik avtomobilinin arxa sol hissəsinə dəydikdən sonra avtomobili yolun soluna istiqamətləndirdikdə minik avtomobilinin sol yanında dayanmış piyada oğlana dəyməsini, bununla da hadisənin qarşısını almağa texniki imkanının olmadığını bildirmişdir. Lakin ibtidai istintaq zamanı qeyd olunan xüsusat qərarda göstərilmədiyindən təyin edilmiş ekspert rəyində də nəzərə alınmamışdır. Hətta istintaq orqanı sübutların qiymətləndirilməsi haqqında qərarında bu ziddiyyətə hüquqi qiymət verməmişdir. Odur ki, məhkəmə baxışı zamanı yaranmış zərurətlə bağlı ibtidai istintaqı zamanı rəy vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Sahib Qədirovun ifadəsi alınmışdır. O, ifadəsində bildirmişdir ki, tədqiqata istintaq orqanı tərəfindən təqdim edilmiş hadisə yerinin mexanizminə görə, sürücü Binnətov “Daf- FT XF” markalı avtomobili Qazax istiqamətində idarə edərkən yolun sağ hissəsində sürücü Həsənovun dayandırmış olduğu “Hyundai Elantra” markalı avtomobil ilə toqquşaraq həmin avtomobilin sol yan hissəsində dayanmış piyada N.Səfərovu vurmuş, sürücü 5060 metr məsafədən tormoz vermiş və hadisənin qarşısını ala bilməmişdir. Qeyd olunan mexanizmdə dayanmış minik avtomobili və piyada “Daf- FT XF” markalı yük avtomobilin sürücüsü üçün bir maneə kimi qiymətləndirilir. Maneə olduğu təqdirdə sürücü təhlükəsizlik tədbirlərini görməli, təhlükəsiz yan məsafə saxlamaqla ötmə manevri etməli, bu mümkün olmadıqda nəqliyyat vasitəsini dayandırmalıdır. Bu halda sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Verilmiş suallara əsasən ekspert əlavə olaraq bildirmişdir ki, o, yalnız müstəntiqin ekspertiza təyin edilməsi haqqında qərarındakı hadisə mexanizminə uyğun olaraq tədqiqat aparmış və təqsirləndirilən şəxsin iş materiallarında olan ifadəsini nəzərə almamışdır. Çünki hadisənin baş vermə mexanizmini müəyyən edərək qiymətləndirmək ekspertin səlahiyyəti deyildir. Bu səbəbdən sürücüdən öncə digər yük avtomobilin olması, hadisənin iştirakçısı olmuş nəqliyyat vasitəsinin yükü, sürəti və s hallar nəzərə alınmada tədqiqat aparılmışdır. Belə ki, istintaq orqanının təqdim etdiyi hadisə mexanizminə görə qeyd olunan məlumatlar üzrə hesablamalar aparılması zərurəti olmamışdır. Əgər sürücüdən öncə digər yük avtomobilin olması və həmin avtomobil manevr etdikdən sonra onun piyadanı görməsi ilə bağlı xüsusat məhkəmə tərəfindən qəbul edilərsə qeyd olunan məlumatlar əsasında tədqiqat aparılıb yeni texniki hesablamalar aparılmalıdır. Əvvəlki tədqiqat zamanı bu xüsusatlar nəzərə alınmadan rəy verildiyi üçün, gələcəkdə həmin məlumatlar əsasında hadisənin texniki səbəblərinin qiymətləndirilməsi dəyişə bilər. Hazırkı halda nəqliyyat vasitəsinin dayanmış vəziyyətdə olan piyadanı vurması hadisə mexanizmi üzrə tədqiqat aparılmışdır. Məhkəmədə elan edilmiş təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilən hadisə mexanizmi tamamilə başqa haldır və sürücüyə münasibətdə görünüşü məhdudlaşdıran amil var, əvvəlki tədqiqatda hər hansı görünüşə məhdudiyyət yaradan obyektdən söhbət getmirdi. Ekspert verilmiş suallara əsasən əlavə olaraq qeyd etmişdir ki, istintaq orqanı tərəfindən göstəriş olmadığından təqsirləndirilən şəxsin ilkin ifadəsini nəzərə almadan konkret olaraq qərarda göstərilən hadisə mexanizminə uyğun olaraq tədqiqat aparıb rəy vermişdir. Hazırda aşkar edilən məlumata əsasən sürücünün görünüşünü məhdudlaşdıran hal aşkar edildiyindən başqa tədqiqat aparılmalıdır. Həmçinin dindirmə zamanı ekspert Sahib Qədirov müdafiə tərəfin suallarına əsasən bildirmişdir ki, hazırkı mexanizmdə dayanmış avtomobilin sürücüsünün və dayanmış piyadanın hərəkətlərinin tədqiqatı, onların hadisənin qarşısına almağa texniki imkanının olub-olmaması yol nəqliyyat hadisələri ekspertizasının predmeti deyildir. Çünki iş materiallarından görünür ki, piyada sürücünün qarşısına qaçmamış, o, dayanmış avtomobilin yanında dayanmış vəziyyətdə olmuşdur. Belə olan halda ümumi qayda olaraq qəbul edilmişdir ki, “Daf FT XF” markalı avtomobilin sürücüsü zəruri təhlükəsizlik tədbirlərini görməli idi. Ekspert dindirildikdən sonra, zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş suallara əsasən təqsirləndirilən şəxs ifadəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, əvvəlki ifadəsində qeyd etdiyi kimi hadisə vaxtı ondan qarşıda hərəkətdə olan yük avtomibili ilə onun arasındakı məsafəni dəqiq xatırlamır, həmin avtomobil onun qarşısından sola yönəldikdən sonra 50-60 metr məsafədən tormoz vermədən idarə etdiyi yük avtomobilini sola döndərmiş, çünki sola döndərmək üçün maneə olmamış, həmin vaxt onun sürəti 85-90 km/saat olmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, hazırkı cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin onun qarşısında digər yük avtomobilin qəflətən sol zolağa keçdikdən sonra 50-60 metr məsafədən dayanmış piyada və minik avtomobilini görməsi ilə bağlı ifadəsində göstərilən xüsusat nəzərə alınmadan ekspertiza tədqiqatı aparılmışdır. Hansı ki, həmin xüsusat rəyi vermiş ekspertin ifadəsindən də göründüyü kimi iş üzrə mühüm əhəmiyyət kəsb edən hal olaraq qiymətləndirilir. Eyni zamanda məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hadisə yeri mexanizmini əks etdirən hadisə yerinə baxış protokolunda və ona əlavə edilmiş sxemdə qeyd olunan məlumatlar şübhə doğurmur. Beləliklə, məhkəmə müdafiə tərəfin məhkəmə baxışı zamanı irəli sürdüyü dəlillər əsasında verdiyi vəsatəti nəzərdən keçirib, cinayət işi materiallarını, iş materiallarında olan hadisə yeri mexanizmini əks etdirən hadisə yerinə baxış protokolunda və ona əlavə edilmiş sxemdə qeyd olunan məlumatları; təqsirləndirilən şəxsin və şahidlərin ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı zamanı verdikləri ifadələrini; ekspert rəyini və rəyi vermiş ekspertin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini müqayisəli şəkildə təhlil edib, sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısına almağa texniki imkanının olub olmamasını müəyyən etmək məqsədilə aşağıdakı hadisə mexanizmi və hadisənin baş vermə şəraiti üzrə kompleks əlavə məhkəmə yol nəqliyyat hadisələri ekspertizası və nəqliyyat vasitələrinin izlərinin (trasoloji) ekspertiza tədqiqatının aparılması barədə xx.xx.2025-ci il tarixli qərar qəbul edilmişdir. Belə ki, xx.xx.2025-ci il tarixli əlavə ekspertizanın təyin edilməsi haqqında qərarla hadisə yerinin təsviri və hadisənin baş vermə şəraiti məhkəmə tərəfindən aşağıdakı kimi qəbul edilmişdir: -Hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul rayonu Nəvahi qəsəbəsi ərazisindən keçən 97-ci kilometrliyində Qazax rayonu istiqamətinə olan hərəkət hissəsində baş vermiş, hadisə yeri yaşayış məntəqəsi ərazisi deyil və maksimum sürət həddi 110 km/saata qədər məhdudlaşdırılmışdır. Hadisə havanın qaranlıq saatında baş verməklə işıqlandırılmayan yolun hərəkət hissəsində baş vermişdir. Həmin yerdə yol quru, üfüqi, hamar və asfaltbeton örtüklü olmaqla birtərəflidir və əks istiqamətli nəqliyyat axınları ayrıcı zolaq ilə ayrılır. Hərəkət hissəsində 3 hərəkət zolağı vardır və hərəkət zolaqlarını birbirindən qırıq-qırıq ağ xətt ayırır. Ümumi hərəkət hissəsinin eni 11,1 metr olmaqla ayrıcı zolağın eni 3,7 metr, yolun hərəkət hissəsinin eni isə 7,4 metrdir. Həmin istiqamətdə sağdan sarı düz xətt, sonra 0,5 m asfalt hissə, sonra 3 metr enində çınqıllıq ehtiyyat (yol çiyni) hissə, daha sonra yaşıllıq sahə vardır, soldan sarı düz xətt, sonra 0,5 metr asfalt hissə, daha sonra metal çəpər birləşir. Hadisə Qazax rayonu istiqamətində yolun sağdan birinci hərəkət zolağının sağ kənarındakı sarı düz xəttən mərkəzə doğru 1,5 metr məsafədə baş vermişdir. Hadisə yerində tormoz izi aşkar olunmamış, toqquşmadan sonra asfalt üzərində zədələr aşkar olunmuş, toqquşma yerindən sonra sola doğru istiqamətlənən «DAF FT XF» markalı yük avtomobilinin qoşqusuna məxsus 22 metr sol təkərdən qalma tək,10 metr sağ təkərdən qalma cüt şin izi mövcud olmuşdur. (Sxemə əlavə edilmiş fotoşəkillər). Hadisə yerində həmçinin toqquşma izi aşkar olunmamışdır. Bundan başqa, hadisə vaxtı «dAf FT XF» markalı,**-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və “Baryval” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu texniki cəhətdən saz vəziyyətdə olmuş, sərnişin olmamış, yük yerində 26 ton yük olmuşdur. - Hadisə yerinin müayinəsi zamanı “Hyundai Elantra” markalı minik avtomobil yolun sağ kənarındakı yaşıllıq zolağında, qoşqulu “DAF FT XF” markalı yük avtomobili isə toqquşma yerindən qarşıda yolun sağ ehtiyyat hissəsində dayanmışdır. Həmçinin müayinə zamanı meyit morqda olduğundan onun yerini müəyyən etmək mümkün olmamışdır. -Məhkəmə istintaqı zamanı Şahid2 İslam oğlu piyada Nahid Səfərovu aşkar etdiyi yeri məhkəməyə əlyazısı ilə tərtib etdiyi sxemdə göstərmişdir. Hadisənin baş vermə şəraiti: - Təqsirləndirilən şəxs 12 avqust 2024-cü il tarixdə saat 02:45 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən 97-ci kilometrində idarə etdiyi “DAF FT XF” 105.460 yük markalı, 09AC511 dövlət qeydiyyat nişanlı, Baryval markalı, 99ZG685 dövlət qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə yolun sağdan birinci hərəkət zolağı ilə Qazax rayonu istiqamətində 85-90 km/saat sürətlə hərəkətdə olarkən ondan irəlidə eyni istiqamətdə həkətdə olan digər naməlum yük avtomobili manevr edərək sol zolağa keçdikdən sonra təxminən 50-60 metr məsafədən qarşıda yolun sağ hissəsində sürücü Şahid1 tərəfindən dayandırılmış “Hyundai Elantra” minik markalı 77LY785 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilin sol hissəsində dayanmış piyada X4 avtomobillə vurmuş, nəticədə ehtiyatsızlıqdan Nahid Səfərova insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə onun həmin gün Şirvan şəhər xəstəxanasında ölümünə səbəb olmuşdur. - Verilmiş ifadələrə əsasən “DAF FT XF” markalı yük avtomobilin sürücü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə anı qarşıda hərəkət edən digər naməlum yük avtomobilinin sol zolağa keçməklə 50-60 metr məsafədə yolun sağ hissəsində sürücü Şahid1 dayandırmış olduğu “Hyundai Elantra” markalı minik avtomobil ilə və həmin avtomobilin sol yan hissəsində dayanmış piyada N.Səfərovu gördüyü anda yaranmışdır. - Toqquşma yeri “DAF FT XF” markalı yük avtomobilin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ kənarını bildirən sarı xəttdən sola doğru 1,5 metr məsafədir. Toqquşma yerinin “Daf FT XF” markalı avtomobilin hərəkəti istiqamətində yolun hərəkət hissəsinin sağ kənarını bildirən sarı xəttdən sola doğru 1,5 metr məsafədə “Daf FT XF” markalı avtomobilin qabaq hissəsi ilə “Hyundai Elantra” markalı avtomobilin arxa hissəsi arasında baş verməsi nəzərə alınmaqla müəyyən edilir ki, sürücü Həsənov “Hyundai Elantra” markalı avtomobili yolun hərəkət hissəsində dayandırmışdır. - məhkəmə-tibb ekspertizası rəyinə əsasən hadisə vaxtı zərərçəkmiş şəxs N.Səfərovun əynində qara rəngli köynək və göy rəngli cins şalvar olmuşdur. - sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, FT XF 105.406 yük modelli, yəhərli dartıcı tipli, nəqliyyat vasitəsinin yüksüz kütləsi 8.006 kq, “BARYvAl” markalı, CB/3AL-32N yarım qoşqunun yüksüz kütləsi 4750 kq təşkil edir. İş materiallarına əsasən nəqliyyat vasitəsinin yük yerində 26 ton sement mövcud olmuşdur. Göstərilənlərlə yanaşı hadisə yerinə baxış protokoluna əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol nəqliyyat hadisəsinin iştirakçısı olmuş hər iki nəqliyyat vasitəsində zədələr və asfalt üzərində toqquşma yerindən sonra sola doğru istiqamətlənən «DAF FT XF» markalı yük avtomobilinin qoşqusuna məxsus 22 metr sol təkərdən qalma tək, 10 metr sağ təkərdən qalma cüt şin izləri mövcud olmuşdur. Məhkəmə baxışı zamanı təyin edilmiş əlavə ekspertiza əsasında Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən daxil olmuş 14 iyul 2025-ci il tarixli 8/1218 nömrəli rəy tədqiq edilərkən müəyyən edildi ki, məhkəmə tərəfindən müəyyən edilmiş mexanizm üzrə aparılmış əlavə “toqquşmanın “Hyundai Elantra” markalı avtomobilin arxa sol hissəsi ilə (arxa sol tininə yaxın) hərəkət hissəsinin sağ kənarından sola doğru 1,5 metr məsafədə baş verməsi, “Hyundai Elantra” markalı avtomobilin qabarit eninin 1,8 metr olması, yəni dayanmış vəziyyətdə olan “Hyundai Elantra” markalı avtomobilin sağ hissəsinin yolun sağ çiyinində yerləşməsi nəzərə alınmaqla qarşıda hərəkət edən yük avtomobili sola manevr edərək sol zolağa çıxdıqdan sonra deyil sol zolağa çıxmamışdan əvvəl dayanmış vəziyyətdə olan “Hyundai Elantra” markalı avtomobil “DAF FT XF” markalı avtomobilin sürücüsünün görünüş dairəsinə düşür. Müdafiə tərəfinin göstərməsinə əsasən qarşıdakı yük avtomobili sol zolağa çıxdığdan sonra “DAF FT XF” markalı avtomobilin sürücüsünün qarşıda hərəkət hissəsinin sağ tərəfində dayanmış vəziyyətdə olan “Hyundai Elantra” markalı avtomobili 50-60 metr məsafədən görməsi onu izah edir ki, “Hyundai Elantra” markalı avtomobil “DAF FT XF” markalı avtomobilin sürücüsünün görünüşünə düşməyə başlayan anda “Hyundai Elantra” markalı avtomobil ilə “DAF FT XF” markalı avtomobil arasında 50-60 metr məsafədən kifayət qədər böyük məsafə olmuşdur. Həmçinin bu faktı sürücünün məhkəmədə ifadəsi zamanı göstərdiyi kimi qarşıda hərəkətdə olan yük avtomobili sola doğru manevrə başlayan zaman həmin avtomobil ilə “DAF FT XF” markalı avtomobil arasında 100 metr məsafənin olması bir daha izah edir. Belə vəziyyətdə isə sürücünün lazımı təhlükəsizlik tədbirlərini (sürətini azaldaraq sola doğru manevr aparması) vaxtında yerinə yetirməklə dayanmış “Hyundai Elantra” markalı avtomobil ilə və onun sol yan tərəfində dayanmış piyada ilə təhlükəsiz yan ara məsafəsi saxlamaqla keçib getməyə texniki cəhətdən imkanı olur. Qeyd olunan vəziyyətdə “DAF FT XF” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndini rəhbər tutmalı idi. Göstərilən vəziyyətdə sürücü Binnətov diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşısında eyni istiqamətdə hərəkətdə olan yük avtomobilinin sola doğru manevrə başlamasını nəzərə alaraq qarşıda hərəkət hissəsinin sağ kənarında dayanmış “Hyundai Elantra” markalı avtomobilin onun görünüş dairəsinə düşməyə başladığı andan tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı sola doğru təhlükəsiz manevr aparmaqla yolun sağ hissəsində dayanmış vəziyyətdə olan “Hyundai Elantra” markalı avtomobil ilə və həmin avtomobilin sol hissəsində dayanmış piyada ilə təhlükəsiz yan məsafə saxlamaqla keçib getməli idi. Lakin məhkəmə tərəfindən qərarda göstərildiyi kimi, sürücü Binnətov “DAF FT XF” markalı avtomobili qeyd olunan yol şəraitində hərəkət etdirərkən yolun sağ hissəsində dayanmış “Hyundai Elantra” markalı avtomobil ilə toqquşaraq dayanmış piyadanı vurması faktları onu izah edir ki, mövcud şəraitdə hadisənin baş verməsi sürücü Binnətovun hərəkətin təhlükəsizliyini təmin etməyən öz idarəetmə hərəkətləri ilə (diqqətini avtomobilin idarə olunmasından ayırması, avtomobilin təhlükəsiz idarə olunması üçün lazımı əməliyyatları vaxtında, düzgün yerinə yetirilməməsi və sair) əlaqədar olmuşdur. Ona görə, “DAF FT XF” markalı avtomobilin sürücüsü Binnətovun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.” Həmçinin qeyd olunan rəylə belə nəticəyə gəlinmişdir ki, “istintaq tərəfindən göstərilmişdir ki, sürücü Binnətov “DAF FT XF” markalı avtomobili Qazax istiqamətində idarə edərkən yolun sağ hissəsində sürücü Həsənovun dayandırmış olduğu “Hyundai Elantra” markalı avtomobil ilə toqquşaraq həmin avtomobilin sol yan hissəsində dayanmış piyada N.Səfərovu vurmuşdur. Müdafiə tərəfinin göstərdiyinə əsasən sürücü Təqsirləndirilən şəxs 12 avqust 2024-cü tarixdə saat 02:45 radələrində Bakı-Qazax- Gürcüstan sərhəddi avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən 97-ci km-də idarə etdiyi və texniki cəhətdən saz vəziyətdə olan “DAF FT XF” markalı **- AC-*** qeydiyyat nişanlı yarımqoşqulu avtomobillə yolun sağdan birinci hərəkət zolağı ilə Qazax rayonu istiqamətində 85-90 km/saat sürətlə hərəkətdə olarkən ondan irəlidə eyni istiqamətdə hərəkətdə olan digər naməlum yük avtomobilinin manevr edərək sol zolağa keçdikdən sonra təxminən 50-60 metr məsafədən qarşıda yolun sağ hissəsində sürücü Şahid1 tərəfindən dayandırılmış “Hyundai Elantra” markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və həmin avtomobilin sol hissəsində dayanmış piyada X5 vurmuşdur. Toqquşma yeri “DAF FT XF” markalı avtomobilin hərərkəti istiqamətində yolun hərəkət hissəsinin sağ kənarını bildirən sarı xəttdən sola doğru 1,5 metr məsafədədir. Toqquşma “DAF FT XF” markalı avtomobilin qabaq sağ hissəsi ilə “Hyundai Elantra” markalı avtomobilin arxa sol hissəsi arasında baş vermişdir. Asfalt üzərində toqquşma yerindən sonra sola doğru istiqamətlənən “DAF FT XF” markalı yük avtomobilinin qoşqusuna məxsus 22 metr sol təkərdən qalma tək, 10 metr sağ təkərdən qalma cüt şin izləri vardır. Əlavə edilmiş fotoşəkillərdən belə məlum olur ki, “DAF FT XF” markalı avtomobilin qabaq sağ hissəsi əzilmiş və arxaya doğru deformasiya olmuş, “Hyundai Elantra” markalı avtomobilin isə arxa sol hissəsi əzilmiş və qabağa doğru deformasiya olunmuşdur. Qeyd edilir ki, toqquşmanın hərəkət hissəsinin sağ kənarından sola doğru 1,5 metr məsafədə yerləşməsi, toqquşmanın “DAF FT XF” markalı avtomobilin qabaq sağ hissəsi ilə “Hyundai Elantra” markalı avtomobilin arxa sol hissəsi arasında baş verməsi və toqquşmadan sonra sola doğru istiqamətlənən “DAF FT XF” markalı yük avtomobilinin qoşqusuna məxsus 22 metr sol təkərdən qalma tək, 10 metr sağ təkərdən qalma cüt şin izlərinin qalması istintaq tərəfindən müəyyən edilən və həmçinin müdafiə tərəfindən göstərilən mexanizm ilə, yəni “Hyundai Elantra” markalı avtomobilin hərəkət hissəsinin sağ kənarında dayanmış vəziyyətdə olarkən arxadan eyni istiqamətdə hərəkətdə olan “DAF FT XF” markalı avtomobilin qabaq sağ hissəsinin “Hyundai Elantra” markalı avtomobilin arxa sol hissəsi ilə toqquşması və həmin avtomobilin sol ya tərəfində dayanmış piyadanı vurması ilə ziddiyyət təşkil etmir.” Beləliklə, aparılmış tədqiqat nəticəsində əlavə ekspert rəyi ilə belə nəticəyə gəlinmişdir ki, təqdim olunmuş məlumatlara əsasən “DAF FT XF” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Qeyd olunan rəy məhkəmə baxışı tədqiq edilərkən müdafiə tərəfin şifahi vəsatətinə əsasən rəyi verən ekspert X2 ifadəsində əlavə olaraq bildirmişdir ki, məhkəmə tərəfindən təqdim edilən hadisə mexanizminə uyğun olaraq aparılmış tədqiqat nəticəsində müəyyən edilir ki, sürücü Təqsirləndirilən şəxs mövcud situasiyada yana doğru manevr edərək hadisənin baş verməsinin qarşısını almağa kifayət qədər texniki imkanı olmuşdur. Digər sürücünün hansı səbəbdən yol kənarında dayanması ilə hadisənin baş verməsinin səbəbləri baxımından əhəmiyyət kəsb etmir. Bu situasiyada istintaq eksperimentinin aparılmasına zərurət qalmır. Həmçinin yük avtomobilində yükün çəkisi əhəmiyyət kəsb etmir. Belə ki, 90km/saat sürətlə hərəkətdə olan avtomobilin sürücüsünün 3-4 saniyə ərzində 100 metr məsafədə manevr etmək imkanı vardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarın 23-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nin 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-nin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qərarın 8-9 bəndlərində qeyd edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyrimümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. Həmçinin CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Qərarın 33-cü bəndinə görə hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Odur ki, göstərilənlər nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi mötəbər sübut olaraq qəbul edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ilkin araşdırma zamanı verdiyi izahatdan və onun şahid qismində dindirmə protokolundan görünür ki, o, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Qaradağ rayon ərazisində yerləşən “Holcium” sement zavodundan sement yükləyib Ağdam şəhərinə getmək üçün yola çıxmışdır. Etibarnamə əsasında idarə etdiyi “DAF” markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və “Baryval” markalı **- ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə Bakı-Qazax-Gürcüstan avtomobil yoluna daxil olub Qazax istiqamətində hərəkətini davam etdirmişdir. Avtomobili yolun sağdan birinci hərəkət zolağı ilə saatda təxminən 85-90 km/saat sürətlə idarə etmiş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmaqla, yük yerində 26 ton sement olmuşdur. Daha sonra o, xx.xx.2024-cü il saat 02:40 radələrində Nəvahi kəndinə çatmışdır. Yolun sağ hərəkət zolağı ilə saatda təxminən 70 km/saat sürətlə hərəkətdə olduğu vaxt ondan qarşıda digər yük avtomobili hərəkətdə olmuşdur. Bir qədər gedib həmin yük avtomobilinə çatmış və onun arxası ilə hərəkətdə olmuşdur. Bu vaxt qəflətən qarşıdakı yük avtomobili sola istiqamətlənərək sol zolağa keçmişdir. Qarşıdakı yük avtomobili sola keçən vaxt yolun sağ hissəsində minik avtomobilinin dayanmasını görmüşdür. O, avtomobilini sol istiqamətləndirmək istəsə də, gec olmuş və onun idarə etdiyi qoşqulu yük avtomobilinin qabaq hissəsi sağda dayanmış minik avtomobilinin arxa sol hissəsindən dəymişdir. Həmin vaxt minik avtomobilinin yanında bir nəfər sol tərəfində, bir nəfər isə sağ tərəfində dayanmışdır. O, minik avtomobilini vurduqdan sonra idarə etdiyi “DAF FT XF” markalı yük avtomobili yolun soluna istiqamətlənən vaxt minik avtomobilinin sol yanında dayanmış piyada oğlana dəymişdir. Toqquşmadan sonra minik avtomobili yolun sağ kənarına düşmüş, piyada oğlan isə yolun sol hissəsinə düşmüşdür. O, avtomobili dərhal yolun sağ kənarında saxlamışdır. Dolayısı ilə, Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələr arasında kəskin ziddiyyət mövcud olmamış və məhkəmə baxışı zamanı onun verdiyi hadisə mexanizmi üzrə əlavə tədqiqat aparılıb rəy alınmışdır. Həmin rəylə isə onun hadisənin qarşısını almağa texniki imkanının olması müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Həmin Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-İi Qərarının 19-cu maddəsinin 3-cü abzasının tələblərinə əsasən: məhkəmələrin diqqətinin ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilməsi tələb edilmişdir. Göründüyü kimi, məhkəmə tərəfindən aparılmış tədqiqat nəticəsində əldə edilmiş 14 iyul 2025-ci il tarixli 8/1218 nömrəli ekspertiza rəyinin sübut kimi mötəbərliliyi yoxlanılarkən müəyyən edilmişdir ki, işin faktiki hallarına, yəni real hadisə mexanizminə uyğun olmaqla digər sübutlarla ziddiyyət təşkil etmir və mötəbər sübut olaraq qiymətləndirilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin hüquqi varisini və şahidləri dinləyib, rəyləri və cinayət işinin digər materiallarını tədqiq edərək hesab edir ki, təqsirləndirilən şəxsin özünü təqsirli bilməyərək ifadəsində qeyd etdiyi məlumatlar özünü müdafiə xarakterli məlumatlar olaraq qiymətləndirilməlidir. Belə ki, onun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və ifadələri, baxış protokolları və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi vardır, onun əməlində cinayət olmasını aradan qaldıran hallar, habelə şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər (Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində qeyd edilir ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanununun 50-ci maddəsinin 1-ci hissəsində qeyd edilir ki, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarın 21-ci bəndinə əsasən müəyyən edilir ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28 və 145-ci maddələrinin tələblərinə görə məhkəmə cinayət işinə və cinayət təqibi ilə bağlı digər materiallara qərəzsiz və ədalətlə baxmalı, cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları nəzərə almalı, təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmalıdır. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına əsasən sübutları qiymətləndirməlidir. «Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 may 2009-cu il tarixli Plenum qərarında isə qeyd edilir ki, cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 27 dekabr 1996-cı tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Fuad Şirinov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra həmin müstəntiq tərəfindən qəbul edilmiş eyni tarixli qərarla CM-nin 263.2-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus medalların, eyni zamanda Fəxri Fərmanların surətindən görünür ki, o, uzun müddət Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmiş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında (“1-ci Vətən Müharibəsi”də) iştirak etmiş, müharibə veteranı statusu almış, hərbi sahədə göstərdiyi xidmətlərə görə təltif edilmişdir. İş materiallarından müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-140/2024 saylı hazırlıq iclasının qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq orqanı tərəfindən seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, Tərtər rayon İH-nin Başçısının Cəmilli kənd İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 317 saylı arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Tərtər rayon Cəmilli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Himayəsində azyaşlı uşağı yoxdur. İş materiallarına əlavə edilmiş Tərtər rayon İH-nin Başçısının Cəmilli kənd İƏD-üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 19 avqust 2024-cü il tarixli tələbnaməyə əsasən, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş İstintaq və Təhqiqat İdarəsinin Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi Fuad Şirinov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “DAF FT XF 105.460” yük markalı, **-AC-*** dövlət qeydiyyat nişanlı, “Baryval” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili və Şahid1 idarə etdiyi “Hyundai Elantra” minik markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkumluğunun olmamasını və “Vətən Müharibəsi” iştirakçısı olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, onun şəxsiyyətini xarakterizə edən hallar, törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmiş şəxsin hüquqi varisi ilə aralarında barışıq əldə olunmaması, məhkəmədə səmimi peşmançılığını ifadə etməməsi, əksinə olaraq zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edilməsi üçün səy göstərməməsi nəzərə alınmaqla, cəzanın məqsədləri baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin ediləcək cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalı və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbs qətimkan tədbiri ilə bağlı hissədə hökmün icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Eyni zamanda Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmçinin, maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş materiallarına əsasən “DAF FT XF 105.460” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı, “Baryval” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobilinin və Şahid1 idarə etdiyi “Hyundai Elantra” minik markalı **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa, iş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri, 256 (iki yüz əlli altı) manat təşkil edir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 256 (iki yüz əlli altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Eyni zamanda «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01 sentyabr 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “DAF FT XF 105.460” yük markalı **-AC-*** dövlət qeydiyyat nişanlı, “Baryval” markalı, **-ZG-*** dövlət qeydiyyat nişanlı yarımqoşqulu yük avtomobili və Şahid1 idarə etdiyi “Hyundai Elantra” minik markalı **-LY- *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 256 (iki yüz əlli altı) manat pul Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar