Məhkəmə qərarları › İş №1(071)-28/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-28/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-28/2025 13.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum edilməmiş, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri M.Hüseynzadə küçəsindən keçən Hacıqabul-Muğan yolunun kənarında olan fəaliyyətini dayandırmış “Qaya” adlı yeməkxananın qarşısına daşımış, 28 sentyabr 2024-cü il tarixdə saat 10:40 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri M.Hüseynzadə küçəsindən keçən Hacıqabul-Muğan yolunun kənarında olan fəaliyyətini dayandırmış “Qaya” adlı yeməkxananın qarşısında saxlanılaraq üzərində yoxlama və götürmə aparılan zaman 01 ədəd selofan kəsiyi bükümündə təmiz çəkisi 31,7 qram xeyli miqdarda xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək onun əynində olan boz rəngli şalvarın ön sağ cibində gizlətdiyi bir ədəd selofan bükümün içərisindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, idarə etdiyi «Mersedes-Benz» markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 28 sentyabr 2024-cü il tarixdə saat 10 radələrində yaşadığı Hacıqabul şəhəri, H.Əliyev prospekti 23 nömrəli evdən çıxıb piyada gedərkən yerdə diqqətini 1 ədəd sellofan bükülü cəlb etmiş, sellofan bükülünü götürüb açıb içərisinə baxdıqda orada qəhvəyimtil rəngli narkotik vasitə tiryəkin olmasını görmüş, qəbul etmək məqsədi ilə narkotik vasitə tiryək olan 1 ədəd büklünü büküb əynindəki boz rəngli şalvarının ön sağ cibinə qoymuşdur. Həmin günü saat 10:35 radələrində Hacıqabul şəhəri, H.Əliyev prospektində sərnişin gözləyən zaman bir nəfər tanımadığı sərnişin yaxınlaşıb onu «Gilan Seramik» zavoduna aparmasını xahiş etmişdir. Sərnişin avtomobilin qabaq sağ tərəfində əyləşmiş və yola davam etmişlər. Həmin günü saat 10:40-da Hacıqabul şəhəri, M.Hüseynzadə küçəsindən keçən Hacıqabul-Muğan avtomobil yolunun kənarında olan «Qaya» adlı yeməkxananın yaxınlığında polis əməkdaşları onun idarə etdiyi avtomobili işarə ilə saxlatdırıb ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib video çəkilişdən istifadə edilməklə üzərində yoxlama aparacaqlarını bildirmişlər. O, buna etiraz etməmişdir. Polis əməkdaşları tərəfindən hüquq və vəzifələri izah olunandan sonra video çəkilişdən istifadə edilməklə üzərində yoxlama aparılmış, yoxlama zamanı əynində olan boz rəngli şalvarının ön sağ cibində gizlətdiyi 1 ədəd sellofan bükümün içərsində narkotik vasitə tiryək aşkar olunub götürülmüşdür. Aşkar olunub götürülmüş narkotik vasitə tiryək sellofan ilə birlikdə elektron tərəzidə çəkilərkən 31,59 qram olduğu müəyyən edilmişdir. Narkotik vasitə tiryək poçt zərfinə qoyularaq qablaşdırılmışdır. Polis əməkdaşları tərəfindən rayon polis şöbəsinə dəvət olunmuş, polis şöbəsində olan zaman hüquqlarının müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş,üzərindən aşkar edib götürülmüş narkotik vasitə tiryək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə poçt zərfi açılıb baxış keçirilərək başqa bir poçt zərfinə qablaşdırlaraq möhürlənmişdir. Poçt zərfinin üzərinə imza etmişir. Üzərində yoxlama aparılıb narkotik vasitənin aşkar olunması barədə tərtib olunmuş protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 25 avqust 2024cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin günü saat 10:40-da Hacıqabul rayon PŞ-nin CAB-nin baş əməliyat müvəkkili, polis mayoru Şahid2 və Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyat müvəkkili, polis kiçik-leytenantı Şahid3 ilə məlumatın göstərildiyi, yəni Hacıqabul şəhəri, M.Hüseynzadə küçəsindən keçən Hacıqabul-Muğan avtomobil yolunun kənarında olan «Qaya» adlı yeməkxananın qarşısına getmişdir. Orada olarkən Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes-Benz» markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olmasını görüb əl işarəsi verib avtomobili saxlatdırıb ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib video çəkilişdən istifadə edilməklə üzərində yoxlama aparılacağı ona bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunandan sonra üzərində yoxlama aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub- olmamasını soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zaman onun əynində olan boz rəngli şalvarının ön sağ cibindən 1 ədəd sellofan bükümün içərsində narkotik vasitə tiryək aşkar olunub götürüldmüşdür. Aşkar olunub götürülmüş narkotik vasitə tiryək sellofanla birlikdə elektron tərəzidə çəkilərkən çəkisinin 31,59 qram olduğu məlum olmuş, narkotik vasitə tiryək poçt zərfinə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs rayon Polis Şöbəsinə dəvət edilmiş, rayon PŞ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmiş, Hacıqabul şəhəri, M.Hüseynzadə küçəsindən keçən Hacıqabul-Muğan avtomobil yolunun kənarında olan «Qaya» adlı yeməkxananın qarşısında Təqsirləndirilən şəxs üzərindən aşkar edib götürülmüş narkotik vasitə tiryək müdafiəçinin yanında və videoçəklişdən istifadə edilməklə poçt zərfi açılaraq götürülərək başqa bir poçt zərfinə qablaşdırlaraq möhürlənmişdir. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 ilə eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şəbhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 28 sentyabr 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın qabaq sağ cibindən 1 ədəd selofan bükümdə içərisində narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın qabaq sağ cibindən 1 ədəd selofan bağlamanın içərisində 31,59 qram olan narkotik vasitə tiryəkə bənzər kütlənin qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan tiryəkə bənzər kütləyə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/836 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd bükümdə təmiz çəkisi - 31,7 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Ekspertiza tədqiqatına narkotik vasitə tiryəkin 0,1 qramı sərf edildikdən sonra 31,6 qram tiryək qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 19-cu bəndində tiryək adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarı 0,5 qram, külli miqdarı 50 qram olması göstərilmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 10:40-dan məhdudlaşdırılmış, xx.xx.2024-cü il tarixdə saat 12:45-də Hacıqabul RPŞ-nin inzibati binasında tutulmuşdur. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə MSY-dən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə tiryəki haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadə üçün əldə etməsi, həmin psixotrop maddənin satmaq məqsədinin olmadığı müəyyən olunmuşdur. Hacıqabul rayon İHB-nın Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Əliyev X2 şəhəri H.Əliyev küçəsi ev 23 ünvanında həyat yoldaşı X3 və övladı 2013-cü il təvəllüdlü X5 ilə birlikdə yaşayır. Hacıqabul rayon İHB-nın Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6586 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 31,6 qram qalan narkotik vasitə tiryək maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin səmimi etirafını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (altmış dəfədən çox miqdarda) narkotik vasitə tiryəki əldə edib daşıyaraq saxlaması nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən təqsirləndirilən şəxs X4 şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 31,6 qram qalan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsinin müəyyən olunması nəzərə alınmaqla, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 13 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 31,6 qram qalan narkotik vasitə tiryək məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs oğlundan tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 15 (on beş) saata görə 90 (doxsan) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar