Məhkəmə qərarları › İş №1(071)-3/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-3/2023

11.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-3/2023 11.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X12 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – X3, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Salyan rayonu, Nəvahi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul rayonu Nəvahı qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 1,001 qram narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 10 sentyabr 2022-ci il tarixdə saat 16 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Nəvahi qəsəbəsində yaşadığı fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilib, üzərində şəxsi axtarış və götürmə aparılan zaman yuxarıda qeyd edilən narkotik vasitə olan heroin üzərindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X7 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, xeyli müddətdir ki, narkotik vasitə qəbul edir. Əvvəllər narkotik vasitə istifadə etdiyinə görə bir dəfə məhkum olunmuşdur. Məhkum olunmazdan əvvəl dəqiq xatırlamadığı tarixdə narkotik vasitə heroin əldə etmiş və yaşadığı evdə gizlədərək saxlamışdır. Cəzasını çəkib qurtardıqdan sonra isə evdə gizlətdiyi heroini çıxararaq bir qismini istifadə etmiş, qalanını isə ailə üzvləri bilməsinlər deyə üzərində saxlamışdır. 10 sentyabr 2022-ci il tarixdə saat 16:30 radələrində Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşadığı evin yaxınlığında piyada gəzərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra ona narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçisini iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilən zaman üzərində narkotik vasitə olub-olmaması soruşulmuşdur. Həmin vaxt o, üzərində gəzdirdiyi bükümü təqdim etmiş və həmin bükümün içərisində heroin olduğunu bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və ailə vəziyyətinin nəzərə alınaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. 10 sentyabr 2022-ci il tarixdə Hacıqabul rayonu Nəvahi qəsəbəsində qeydiyyatda olmaqla yaşayan X3 üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və X3 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid2 Əlseyran oğlunun iştirakları ilə əməliyyat qrupu yaradılmış və 10 sentyabr 2022-ci il tarixdə saat 16:30 radələrində X1 rayonu Nəvahi qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində TB-nin təhqiqatçısı tərəfindən X7 müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə X3 üzərində şəxsi axtarış aparılmış və onun əynində olan qara rəngli şalvarın qabaq sağ cibində 1 ədəd siqaretin gümüşü rəngli kağız bükümün içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı X7 ondan aşkar edilərək götürülmüş maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitə olan heroini Hacıqabul rayonu Nəvahi qəsəbəsində piyada yol gedərkən tapdığını bildirmişdir. X2 aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə oxşar maddə poçt zərfinə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Əlseyran oğlu Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 sentyabr 2022-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, X3 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd kağız bükümündə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 18/1001 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...X3 üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi-1,001 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 6387 nömrəli rəyindən görünür ki, müayinə zamanı X4 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoliji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, X3 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X3 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,951 qram qalan narkotik vasitə hesab edilən heroin maddi sübut kimi tanınmışdır. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-120/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, X7 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X7 evli olmaqla, himayəsində 2010 və 2012-ci il təvəllüdlü olmaqla iki azyaşlı uşağı vardır. X11 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, X7 yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün və qərarının surətindən görünür ki, X1 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(071)-114/2021 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(023)-769/2021 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmışdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, X6 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş, daha sonra Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azaldılmış cəzasının müddəti başa çatdıqdan qısa müddət sonra hazırki cinayət əməlini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. X3 bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxs X3 himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi (CM 59.1.4), əməlində cinayətin residivinin olmasını isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər analoji cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, X10 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlnılmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan X3 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,951 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X7 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 10 sentyabr 2022-ci il tarixdən hesablansın. X7 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,951 qram olan narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul X2 tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X9, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar