Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-30/2024 30.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Ağsu şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, Tovuz rayonu Cırdaxanılı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarında narkotik vasitə qurudulmuş marixuananı və xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla törədilmiş cinayətə aidiyyəti olmayan Şahid4 etibarnamə əsasında idarə etdiyi “Changan” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Padar qəsəbəsinə daşımış, 31 oktyabr 2023-cü il tarixdə saat 01 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Padar qəsəbəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,196 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, dörd ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,39 qram, 0,33 qram, 0,39 qram, 0,38 qram olmaqla ümumilikdə çəkisi 1,49 qram şəxsi istehlak miqdarında tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,693 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin onun əynində olan gödəkcənin sol yan cibində gizlətdiyi bir ədəd polietilen torbacığın içərisindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, əvvəllər narkotik vasitədən istifadə etmişdir. Təxminən 6-7 ay bundan əvvəl Kürdəmir rayon sakini olan “Mişa” ləqəbli şəxslə tanış olmuşdur. Həmin vaxtdan sonra “Mişa” ləqəbli şəxslə 2-3 dəfə görüşmüş və ondan narkotik vasitə qurudulmuş marixuana almışdır. 30 oktyabr 2023-cü il tarixində Bakı şəhərində yaşayan qohumları ilə görüşmək üçün tanışı Tovuz rayonu Qovlar qəsəbə sakini Fəridin idarə etdiyi “Changan” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğu üçün onu Bakı şəhərinə aparmasını xahiş etmişdir. Fərid onu Bakı şəhərinə 70 manat pul müqabilində aparacağını bildirmiş o, Fəridlə razılaşmışdır. Onlar saat 22:30 radələrində Tovuz rayonundan Bakı şəhərinə yola düşmüşlər. O, yola düşməmişdən əvvəl “Mişa” ləqəbli şəxslə telefonla əlaqə saxlayaraq ona bir qutu nar və narkotik vasitə qurudulmuş marixuana verməsini xahiş etmişdir. Aralarındakı razılaşmaya əsasən “Mişa” ləqəbli şəxs bir qutu narı və narkotik vasitə olan qurudulmuş marixuananı Kürdəmir rayonu ərazisində olan adını bilmədiyi kafeyə qoymalı imiş. O, Fəridin idarə etdiyi “Changan” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu ərazisindən keçərkən həmin kafedə saxlamasını Fəriddən xahiş etmişdir. O, kafeyə daxil olaraq bir qutu narı götürərək avtomobilə əyləşmişdir. Təxminən gecə saat 01 radələrində Hacıqabul rayonu Padar qəsəbəsi ərazisində tualetə getmək üçün Fəriddən avtomobili saxlamasını xahiş etmişdir. Fərid avtomobili saxlamış və o, tualetə getmişdir. Həmin vaxt Hacıqabul RPŞ-nin əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişdir. Polis əməkdaşları onları Hacıqabul RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində olarkən təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı ondan üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşyanın olub-olmadığını soruşmuş, o, əynində olan boz rəngli gödəkcənin sol cibində saxladığı selofan torbanı təqdim edərək həmin selofan torbanın içərisində 4 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd selofan bükülüdə narkotik vasitə heroin, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin narkotik vasitələrdən yalnız qurudulmuş marixuana ona məxsusdur, heroin və metamfetamin ona məxsus deyil. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı fərqli ifadə verdiyi üçün onun məhkəməyədək verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2020-ci ildən narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Təxminən 6-7 ay bundan əvvəl Kürdəmir rayon sakini “Mişa” ləqəbli şəxslə tanış olmuşdur. Həmin vaxt o, “Mişa” ləqəbli şəxslə söhbət edərkən narkotik vasitə qəbul etdiyini bildirərək ondan narkotik vasitə tələb etmiş, “Mişa” ləqəbli şəxs ona narkotik vasitə olan qurudulmuş marixuana vermişdir. Həmin vaxtdan sonra o, “Mişa” ləqəbli şəxslə 2-3 dəfə görüşmüşdür. 30 oktyabr 2023-cü il tarixdə Bakı şəhərində yaşayan qohumlarına dəymək məqsədilə tanışı Tovuz rayonu Qovlaq qəsəbə sakini Fəridin idarə etdiyi “Changan” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğu üçün Fəridə onu Bakı şəhərinə aparmağı xahiş etmişdir. Fərid onu Bakı şəhərinə 70 manat pul müqabilində aparacağını bildirmiş, o, Fəridlə razılaşmışdır. Onlar saat 22:30 radələrində Fəridin idarə etdiyi avtomobillə Bakı şəhəri istiqamətində yola düşmüşlər. Ucar rayonu ərazisində çayxanaların birində çay içib yollarına davam etmişlər. Yolda olarkən Kürdərmir rayonu ərazisində “Asan xidmətin” yaxınlığında yerləşən “Uğur” adlı kafenin yaxınlığında Fəridə avtomobili saxlatdırıb siqaret alacağını bildirmişdir. Fərid avtomobili yolun kənarında saxlayaraq avtomobildə gözləmişdir.O, kafeyə yaxınlaşıb siqaret alıb çölə çıxan zaman “Mişa” ləqəbli şəxsi görmüşdür. Onunla salamlaşdıqdan sonra ondan narkotik vasitə olub-olmadığını soruşmuşdur. “Mişa” ləqəbli şəxs 4 ədəd kağız kəsikləri bükümlərinin içərisində narkotik olan qurudulmuş marixuana, 1 ədəd selofan kəsiyi bükümündə narkotik vasitə heroin və 1 ədəd selofan bükümdə psixotrop maddə metamfetamini ona vermiş, o, bunun müqabilində “Mişa” adlı şəxsə 90 manat pul vermişdir. O, qeyd olunan narkotik vasitələri və psixotrop maddəni 1 ədəd selofan torbaya qoyub əynində olan göy və boz rəngli gödəkcənin çöl sol yan cibinə qoymuşdur. Bundan başqa, kafenin yanından bir qutu nar alıb avtomobilin yük yerinə qoymuşdur. Avtomobilə əyləşdikdən sonra Fəridə evi üçün bir qutu nar aldığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Hacıqabul rayonu Padar qəsəbəsi ərazisində tualetə getmək istədiyi üçün Fəriddən avtomobili saxlamasını xahiş etmişdir. Avtomobildən yerə düşüb tualetə gedərkən polis əməkdaşları avtomobilə yaxınlaşmışlar. Polis əməkdaşları onlara özlərini təqdim edərək üzərlərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduqlarını bildirib onları Hacıqabul RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində olan zaman onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı qadağan olunmuş əşya və predmetin olması ondan soruşulmuşdur. O, həmin vaxt əynində olan göy və boz rəngli gödəkcənin sol yan cibində gizlətdiyi 1 ədəd sellofan torbanı təqdim edərək içərisindən 4 ədəd kağız bükümlərdə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd selofan bükümün içərisində narkotik vasitə heroin və 1 ədəd selofan bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümləri 90 manat pul müqabilində “Mişa” adlı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və o, protokolu imzalamışdır. İfadəsinin sonunda təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlərin edilmədiyini, aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin ona məxsus olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid4 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat zamanı Şahid4 şahid qismində ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, münasibəti normaldır. Etibarnamə ilə idarə etdiyi “Changan” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 30 oktyabr 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlayaraq Bakı şəhərinə getmək istədiyini bildirmişdir. O, Bakı şəhərinə getmək müqabilində 70 manat pul istəmiş, Təqsirləndirilən şəxs onunla razılaşmışdır. Həmin gün saat 20 radələrində Şahinlə birlikdə Tovuz rayonunda Bakı şəhərinə getmək məqsədilə yola düşmüşlər. Kürdəmir rayonunda “ASAN” xidmətin yaxınlığımda olan kafenin qarşısında Təqsirləndirilən şəxs ona siqaret almaq məqsədilə avtomobili saxlamasını xahiş etmişdir. Təqsirləndirilən şəxs avtomobildən düşdükdən bir neçə dəqiqə sonra avtomobilə qayıtmış və əlində olan qutunu avtomobilin arxa yük yerinə qoymuşdur. O, həmin qutuda nə olduğunu Təqsirləndirilən şəxs soruşduqda, sonuncu qutuda nar olduğunu bildirmişdir. Bundan sonra onlar yollarına davam etmişlər. xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində Hacıqabul rayonu Padar qəsəbəsinə çatdıqda Təqsirləndirilən şəxs tualetə getmək üçün avtomobili saxlamasını ondan xahiş etmişdir. O, avtomobili saxlamış, Təqsirləndirilən şəxs avtomobildən düşüb tualetə getdikdən sonra polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasında şübhəli olduğu üçün onları Hacıqabul RPŞ-nə dəvət etmişlər. Polis şöbəsində video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmış, lakin heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra onun razılığı ilə idarə etdiyi “Changan” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin avtomobildən heç bir qanunsuz əşya aşkar edilməmişdir. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 oktyabr 2023-cü il tarixdə Bakı şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, Hacıqabul rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul RPŞ-nin rəisinin əmri əsasında onun rəhbərliyi ilə qrup üzvü kimi PPXT-nin manqa komandiri X3 və PPXT-nin polis nəfəri Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 31 oktyabr 2023-cü il tarixdə saat 01:40 radələrində Hacıqabul rayonu Padar qəsəbəsində avtomobil körpüsünün yaxınlığında dayanmış Şahid4 idarə etdiyi “Changan” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq özlərini təqdim edib Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğundan şübhələnərək RPŞ-nə dəvət edilmişdir. RPŞ-də Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün müdafiəçi dəvət edilmiş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sol yan cibində gizlətdiyi 1 ədəd selofan torbanın içərisində 4 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana, 1 ədəd selofan bükümdə narkotik vasitə heroin, 1 ədəd selofan bükümdə psixotrop maddə metamfetamin çıxararaq təhvil vermişdir. Aşkar olunan maddələrin nə olması Təqsirləndirilən şəxs soruşulduqda o, həmin əşyaları 90 manat pul müqabilində Kürdəmir rayonunda “Mişa” ləqəbli şəxsdən aldığını bildirdi. Aşkar edilmiş maddələr elektron tərəzidə çəkilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş X1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid1 və Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd selofan torbacıqda içərisində 4 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 1 ədəd selofan selofan bükümdə narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/10xx-xx/1026 №-li rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 1 ədəd torbacıqda: - 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 1,196 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir - 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 0,693 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir - 4 ədəd kağız kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,39 qram, 0,33 qram, 0,39 qram, 0,38 qram, ümumi çəkisi – 1,49 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadır, bu marixuanalar orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Ekspertiza tədqiqatına narkotik vasitə olan heroinin 0,05 qramı, marixuananın 0,08 qramı, psixotrop maddə olan metamfetaminin 0,05 qramı sərf edildikdən sonra 1,1496 qram heroin, 0,643 qram metamfetamin, 1,41 qram marixuana qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddinin 0,15 qram, külli miqdarı daxil olmaqla aşağı həddi isə 2 qram, 12-ci bəndində marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarı 5 qram, külli miqdarı 500 qram, Qanunun İİ siyahısının 67-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram, külli miqdarı 2 qram olması göstərilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın çəkisi qanunun tələblərinə əsasən şəxsi istehlak miqdarındadır. Odur ki, aşkar edilmiş narkotik vasitə olan marixuana şəxsin əməlinə hüquqi qiymət verilərkən nəzərə alınmayacaqdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdə saat 01:40-dan məhdudlaşdırılmış, xx.xx.2023-cü il tarixdə saat 02:30-da Hacıqabul RPŞ-nin inzibati binasında tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini, marixuana, psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs narkotik vasitəni, psixotrop maddəni şəxsi istifadə üçün əldə etməsi, həmin narkotik vasitənin və psixotrop maddənin satmaq məqsədinin olmadığı müəyyən olunmuşdur. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Xocəsən qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2021-ci il təvəllüdlü X4 adlı övladı var. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin Xocəsən qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7821 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 1,146 qram qalan narkotik vasitə heroin, təmiz çəkisi 1,41 qram olan qurudulmuş marixuana, təmiz çəkisi 0,693 qram qalan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən təqsirini qismən etiraf edərək onun üzərindən aşkar edilmiş ümumi çəkisi 1,196 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təmiz çəkisi 0,693 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, həmin narkotik vasitə və psixotrop maddənin polis əməkdaşları tərəfindən onun cibinə qoyulmasını, yalnız narkotik vasitə hesab edilən qurudulmuş marixuananın ona məxsus olmasını bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 25 və 26-cı bəndlərinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. 26. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə, həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsinə, yəni Təqsirləndirilən şəxs tərəfindən polis orqanları tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verilməsi ilə əlaqədar müxtəlif dövlət orqanlarına şikayət etməyə kifayət qədər imkanlara malik olmasına baxmayaraq, o, bununla əlaqədar heç bir dövlət orqanına şikayətlə müraciət etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (səkkiz dəfəyə yaxın miqdarda) narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlaması nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 1,146 qram qalan narkotik vasitə heroin, 1,41 qram olan qurudulmuş marixuana, 0,693 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 99,48 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunduğundan Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 1,146 qram qalan narkotik vasitə heroin, 1,41 qram olan qurudulmuş marixuana, 0,693 qram qalan psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 99,48 manat (doxsan doqquz manat qırx səkkiz qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-30/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-30/2024
30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver