Məhkəmə qərarları › İş №1(071)-32/2023

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-32/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-32/2023 18.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı1, zərər çəkmiş Zərərçəkmiş şəxs1, zərər çəkmiş və mülki iddiaçı Zərərçəkmiş şəxs2, zərər çəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi Müdafiəçi2, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs, müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Laçın rayonunun Tığık kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi fəaliyyətlə məşğul olan, Laçın rayonunun Tığık kəndində qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi Füzuli küçəsi ev 120-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 09 noyabr 2022-ci il tarixdə saat 08:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanının) tələblərinə riayət etməyərək 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 100 km/saat sürətlə etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «KİA Ceed» markalı **-CX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən 144-cü kilometrliyində Qazax istiqamətində hərəkət etdirərkən, həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin etməli, hər hansı səbəbdən avtomobilin idarə olunmasında çətinlik olduğu vəziyyətdə (yuxusuzluq, yorğunluq və sair) onu idarə etməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib sükan arxasında yuxuladığından avtomobil əks istiqamətli hərəkət hissələrini ayıran ayırıcı zolağın beton konstruksiyasına dəymiş və daha sonra sağa doğru istiqamətlənərək sağ zolaqda 80 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Nissan Almera” markalı **-VN-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin arxa hissəsinə çırpılmış, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan «KİA Ceed» markalı minik avtomobilinin sərnişini Zərərçəkmiş şəxs1 sirkə kasasının arxa divarının bitişməkdə olan sınığı xəsarəti almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, “Nissan Almera” markalı minik avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs2 sol Xİ qabırğa posteriorunda yerdəyişməmiş sınığı xəsarəti almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, həmin avtomobilin sərnişini Zərərçəkmiş şəxs3 sol dirsək sümüyünün çıxıntısının yerdəyişmiş sınığı xəsarəti almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun «BC» kateqoriyalı sürücülük vəsiqəsi vardır. “KİA CEED” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil arvadının adına qeydiyyatdadır və həmin avtomobili o, etibarnamə ilə idarə edir. 09 noyabr 2022-ci il tarixdə saat 07 radələrində idarə etdiyi “KİA CEED” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Abşeron rayonundan çıxıb, Bərdə rayonuna yola düşmüşdür. Avtomobilini özü idarə etmiş, avtomobildə sağ qabaq sərnişin oturacağında anası Zərərçəkmiş şəxs1 əyləşmişdir. O, Abşeron rayonundan hərəkət edib Bakı-Qazax-Gürcüstan yoluna daxil olmuş və Bərdə rayonuna getmək üçün Qazax istiqamətinə hərəkətə başlamışdır. Avtomobili ilə hərəkət edib saat 08:30 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsinə çatmışdır. Hava gündüz, yol quru olmaqla avtomobili də texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Yolun sağ zolağı ilə üzü Qazax istiqamətinə 90-100 km/saat surətlə düzünə hərəkətdə olan zaman sükan arxasında yuxulayıb yatmışdır. Buna görə avtomobili yolun sol kənarında olan beton səddə dəymiş və bu zaman yuxudan ayılmışdır. Görmüşdür ki, avtomobili beton səddə dəyib o, tez sükanı sağa qaytarmış və avtomobilini saxlamağa çalışmışdır. Lakin, avtomobil üzərində idarə etməni itirmiş və avtomobili dayandıra bilməmişdir. Buna görədə avtomobil sağa istiqamətlənərək qarşıda yolun hərəkət hissəsində düzünə hərəkətdə olan sonradan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Nissan Almera” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə avtomobilinin qabaq qarşı hissəsi ilə çırpılmışdır. Zərbənin təsirindən avtomobili də, yolun sağ kənarında olan çökəkliyə düşüb dayanmışdır. Hadisə zamanı yanında olan anası Zərərçəkmiş şəxs1 və toqquşduğu avtomobilin sürücüsü, eləcədə həmin avtomobildə olan sərnişinlərdən iki nəfər xəsarət almışlar. Təcili tibbi yardımda gəlib onları Şirvan şəhər Mərkəzi xəstəxanasına aparmışdır. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş zərəri ödədiyini bildirərək, onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. 09 noyabr 2022-ci il tarixdə saat 07 radələrində o, oğlu Təqsirləndirilən şəxsla birlikdə oğlunun idarə etdiyi avtomobillə Abşeron rayonundan çıxıb, Bərdə rayonuna yola düşmüşlər. Avtomobili Pərviz idarə etmiş və o, sağ qabaq sərnişin oturacağında əyləşmişdir. Pərviz avtomobili bir qədər sürəndən sonra yolda o, hiss etmişdir ki, Pərvizin sükan arxasında yuxusu gəlir. O da Pərvizə sükan arxasında yuxuladığını bildirmişdir. Pərviz də, özü tərəfdən şüşəni aşağı salıb yolunu davam etdirmişdir. Bir qədər yol gedəndən sonra Pərviz avtomobili yolun sol kənarında yerləşən betona vurmuş, bundan sonra avtomobili idarə etməni itirmiş və yolda gedən başqa bir avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə zamanı o da xəsarət almışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, “Nissan Almera” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobildə onun özünə məxsusdur. 09 noyabr 2022-ci il tarixdə saat 06:30 radələrində o, idarə etdiyi avtomobil ilə Bakı şəhərindən çıxıb Ağcabədi rayonuna yola düşmüşdür. Avtomobilini özü idarə etmişdir. Sağ qabaqda sərnişin oturacağında qızı Aidə, arxada tanışları Nuray və Elmar əyləşmişlər. O, Bakı- Qazax-Gürcüstan yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsinə çatmışdır. Saat təxminən 08:30 radələrində yolun sağ zolağında üzü Qazax istiqamətinə 80 km/saat sürətlə düzünə hərəkətdə olmuşdur. Bu vaxt Təqsirləndirilən şəxs idarə etdiyi “KİA CEED” markalı, **-CX- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə arxadan sürətlə gəlib yolun sol kənarında yerləşən beton səddə dəymişdir. Bundan sonra sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq qarşı tərəfi ilə onun avtomobilinin arxa hissəsinə çırpılmışdır. Hadisə zamanı o və avtomobilidə olan sərnişinlərdən Nuray ilə Elmar xəsarət almışlar. Digər sərnişinlər - qızı Aidə ilə Nihad isə xəsarət almamışdır. Hadisəyə görə oradan keçən tanımadığı yol adamları toplaşmışlar. Onlara köməklik etmişlər. Təcili yardım çağırmışlar və Təcili yardım gəlib hadisə yerindən onları götürüb Şirvan şəhər Mərkəzi xəstəxanasına aparmışdılar. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş zərərin ödənildiyini bildirdiyi və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsi elan edilməklə tədqiq edilmişdir. Zərər çəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. 09 noyabr 2022-ci il tarixdə saat 06:30 radələrində o, əvvəldən tanıdığı Zərərçəkmiş şəxs2 idarə etdiyi “Nissan Almera” markalı, **-VN-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində Bakı şəhərindən Ağcabədi rayonuna toy şənliyinə gedirmiş, avtomobili Şahnaz özü sürmüş, avtomobildə sağ qabaqda sərnişin oturacağında Şahnazın qızı Aidə, arxa solda qardaşı Nihad, ortada onun özü, sağ arxada isə Elmar əyləşmişlər. Onlar Bakı şəhərindən çıxıb Bakı-Qazax- Gürcüstan yoluna daxil olmuşlar. Həmin yol ilə hərəkət edib Bakı-Qazax-Gürcüstan yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsinə çatmışlar. Saat 08:30 radələrində sürücü Şahnaz yolun sağ zolaqı ilə üzü Qazax istiqamətinə düzünə hərəkətdə olmuşdur. Bu vaxt sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “KİA CEED” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə arxadan sürətlə gəlib yolun sol kənarında yerləşən beton səddə dəymiş və bundan sonra sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq qarşı tərəfi ilə onların əyləşdiyi Şahnazın avtomobilinin arxa hissəsinə çırpılmışdır. Hadisə zamanı o, Elmar və sürücü Şahnaz xəsarətlər almışlar. Digər sərnişinlər Aidə ilə Nihad isə xəsarət almamışdır. Xəsarət aldıqları üçündə təcili yardım gəlib hadisə yerindən onu və digər xəsarət alan şəxsləri götürüb aparmışmışdır. Hadisə zamanı sol qolu sınmışdır. Bundan sonra o “NB Lazur” hospitalında müalcəsini davam etdirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 09 noyabr 2022-ci il tarixdə saat 06:30 radələrində əvvəldən tanıdığı Zərərçəkmiş şəxs2 idarə etdiyi Nissan Almera markalı, ** VN *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində Bakı şəhərindən Ağcabədi rayonuna tələbə yoldaşlarının toy şənliyinə getmək üçün yola düşmüşlər. Avtomobili Şahnaz özü sürmüş, sağ qabaqda sərnişin oturacaqında Şahnazın qızı Aidə, arxa solda tanıdığı Nihad, ortada onun bacısı Nuray və sağ arxada isə onun özü əyləşmişdir. Onlar Bakı şəhərindən çıxıb Bakı-Qazax-Gürcüstan yoluna daxil olmuşlar. Həmin yol ilə hərəkət edib Bakı-Qazax-Gürcüstan yolunun Hacıqabul rayonu Qarasu kəndi ərazisindən keçən hissəsinə çatmışlar. Saat 08:30 radələrində sürücü Şahnaz yolun sağ zolaqı ilə üzü Qazax istiqamətinə düzünə hərəkətdə olmuşdur. Bu vaxt sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi KİA ceed markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə arxadan sürətlə gəlib yolun sol kənarında yerləşən beton səddə dəymiş və bundan sonra sürücü Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin qabaq qarşı tərəfi ilə onların əyləşdiyi Şahnazın avtomobilinin arxa hissəsinə çırpılmışdır. Hadisə zamanı o, Nuray və sürücü Şahnaz xəsarət almışdır. Digər sərnişinlər Aidə ilə Nihad isə xəsarət almamışdır. Xəsarət aldıqları üçün təcili yardım gəlib hadisə yerindən onu və digər xəsarət alan şəxsləri götürüb Şirvan şəhər Mərkəzi xəstəxanasına aparmışdır. Orada həkimlər onlara yardım etmişlər. Hadisə zamanı onun burun sümüyü sınmışdır və buna görə o, bir neçə gün müalicə olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Pərvizin idarə etdiyi KİA CEED markalı, **-CX- *** dövlət qeydiyyat nişanlı avtomobildə ona məxsusdur. Həmin avtomobili onun anası Pərviz üçün almışdır və buna görə onun adına sənədləşdirmişdir. Bu səbəbdən də, Pərviz həmin avtomobili etibarnamə ilə idarə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, zərər çəkmiş Zərərçəkmiş şəxs2 onun anasıdır. 09 noyabr 2022-ci il tarixdə anasının idarə etdiyi Nissan markalı avtomobil ilə Bakı şəhərindən Ağcabədi rayonuna tələbə yoldaşının toy şənliyində iştirak etmək üçün gedirdilər. Avtomobildə o, qabaq sağ oturacaqda əyləşmişdir. Onlar Bakı şəhərindən çıxıb yol ilə gedərkən saat 08:30 radələrində Hacıqabul rayonunun ərazisində onların avtomobilinin arxa hissəsindən möhkəm səs gəldi və avtomobil yolun ortasında fırlanaraq dayanmışdır. Yerə düşəndən sonra görmüşdür ki, Kia Ceed markalı avtomobil onun anası Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilə arxadan çırpılmışdır. Hadisə zamanı Elmar, Nuray və anası Şahnaz xəsarət almışdır. O və avtomobildə olan digər sərnişin Nihad xəsarət almamışdır. Hadisədən sonra ətrafda toplanmış insanlar onlara köməklik etmiş, təcili yardım çağırmışlar. Təcili yardım avtomobili gəlib xəsarət alanları X2 aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 344 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol dirsək sümüyünün çıxıntısının yerdəyişmiş sınığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2022-ci il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 345 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol 11-ci qabırğa posteriorunda yerdəyişməmiş sınığı. Yuxarıda qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2022-ci il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 354 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sirkə kasasının arxa divarının bitişməkdə olan sınığı.Yuxarıda qeyd olunan xəsarət küt əşyanın qüvvətli təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2022-ci il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 29 noyabr 2022-ci il tarixli, 8/3173 nömrəli rəyindən məlum olur ki, Kia Ceed markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqnda» Azərbaycan Respublikası Qanununun 36- cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində avtomobili 90 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 maksimum sürətin məhdudlaşdırılması yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, Kia Ceed markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil Şahid3 mülkiyyətindədir. xx.xx.2021-ci il tarixli, AR İİ 608392 nömrəli etibarnamədən görünür ki, Şahid3 ona məxsus bütün əmlakları idarə etmək və digər səlahiyyətləri Təqsirləndirilən şəxs vermişdir. “Sübutların qiymətləndirilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Kia Ceed markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmışdır xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq vəziyyətdə olması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı ilə Zərərçəkmiş şəxs2 hadisə vaxtı ayıq vəziyyətdə olması müəyyən edilmişdir BDYPİ Qİİ-dən alınmış xx.xx.2022-ci il tarixli 016-153753-1222 №-li məktubdan görünür ki, DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AC 237490 nömrəli «BC» katoqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Adı çəkilən şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 hər biri ayrı-ayrılıqda ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, sonuncunun onlara dəymiş zərəri ödədiklərini, ona qarşı heç bir şikayətləri və tələblərinin olmadığını bildirmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin 1-ci hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışdığından və onlara dəymiş ziyanı tam şəkildə ödədiyindən o, cinayət məsuliyyətindən azad olunmalı, barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 175-ci maddəsinə müvafiq olaraq ləğv edilməli, ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 mülki cavabdehlər Təqsirləndirilən şəxs və Şahid3 qarşı “maddi və mənəvi zərərin ödənilməsi”nə dair mülki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin, sonradan zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışıq əldə etdiyinə görə zərər çəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək mülki iddiasından imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllləsinin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Odur ki, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs2 mülki iddiadan imtinası qəbul edilməli və onun tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 39, 43, 186, 321, 346-347, 356, 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263cü maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndi tətbiq edilməklə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci mаddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs əməlinin inzibati məsuliyyətə səbəb olması məsələsinin araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəyə mindikdən sonra aidiyyəti üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinə göndərilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia üzrə icraata xitam verilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Kia Ceed” markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X1, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA**********0944325691, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar