Məhkəmə qərarları › İş №1(071)-32/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-32/2025

27.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-32/2025 27.01.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 20 sentyabr 2024-cü il tarixdə, saat 18 radələrində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində adsız kafedə olan zaman tanışı Şahid1 "Tik-tok" sosial şəbəkəsində olan hesabının pin kodunu dəyişə biləcəyini bildirib, ondan istifadə etdiyi mobil telefonu aldıqdan sonra həmin telefonda quraşdırılmış "Birbank" mobil tətbiqinə 1106 manat pul vəsaitinin köçürüldüyünü görmüş, həmin vaxt pulun köçürülməsi barədə məlumatı sonuncudan gizlədərək özgəsinə məxsus əmlakı informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcılarından tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə "Birbank" mobil tətbiqinin öncədən ona məlum olan 1987 mühafizə kodunu yazmaqla Qənbərova Susanǝ Mecid qızının adına rəsmiləşdirilmiş "xxxx" ASC-nə məxsus olan 416974******7595 nömrəli kart hesabına daxil olmuş, 20 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində 416974******7595 nömrəli kart hesabından 1106 manat pul vəsaitini Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş "xxxx" ASC-nə məxsus olan və həmin tətbiqdə qeydiyyatda olduğu üçün rahat istifadə etdiyi 523915******2135 nömrəli kart hesabına köçürmüş, 20 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində 1106 manat pul vəsaitini nağdlaşdırmaq məqsədilə cinayətə aidiyyəti olmayan tanışı Şahid2 özü üçün pul göndəriləcəyini deyib cinayəti gizlətməklə sonuncuya məxsus 523915******4015 nömrəli kart hesabına göndərmiş, həmin tarixdə, istintaqa məlum olmayan vaxtda Şahid2 istintaqa məlum olmayan kart hesabını təqdim edərək onun hesabına köçürülən 1106 manat pul vəsaitindən 100 manat pul vəsaitinin təqdim etdiyi hesaba göndərilməsinə nail olmuş və qalan pul vəsaitinin isə Şahid2 nağdlaşdırıb ona verməsini xahiş etmiş, cinayətə aidiyyəti olmayan Şahid3 Şahid2 523915******4015 nömrəli kart hesabında olan 1006 manat pul vəsaitini nağdlaşdırması barədə istəyini yerinə yetirərək, həmin tarixdə, saat 21 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən "xxxx" MMC-nin filial binasına quraşdırılmış Kapital Bank ASC-nə məxsus bankomatdan 1006 manat pul vəsaitini nağdlaşdıraraq sonuncuya təqdim etmiş, Şahid2 21 sentyabr 2024-cü il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda 1006 manat pul vəsaitindən 5 manat məbləğini borc qismində götürdükdən sonra 1001 manat pul vəsaitini onlayn qaydada ona göndərmək üçün 701 və 300 manat olmaqla 523915******4015 nömrəli kart hesabına təkrar köçürmüş, həmin tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda Şahid2 adına rəsmiləşdirilmiş Kapital Bank ASC-nə məxsus olan 523915******4015 nömrəli plastik kartı sonuncudan əldə etdikdən sonra qalan 1001 manat pul vəsaitininin 1000 manat məbləğini istintaqla müəyən edilməyən ərazidə quraşdırılmış bankomatdan nağdlaşdırıb qalan 1 manat məbləğini bəxşiş qismində Şahid2 kart hesabında saxlamaqla zərərçəkmiş şəxsə məxsus ümumilikdə 1106 manat pul vəsaitini informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcısına daxil olub oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2024-cü ilin iyul ayından etibarən Hacıqabul şəhəri İsmət Qayıbov küçəsinə yerləşən adsız kafeyə tanışlarla həmsöhbət olmaq üçün gedib-gəlmişdir. Şahid1 həmin kafeyə gedib-gəldiyi üçün tanımış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Şahid1 bir neçə dəfə kafeyə gələn zaman ondan istifadəsində olan mobil telefona quraşdırılmış birbank mobil tətbiqindən digər şəxslərə pul köçürməsini xahiş etmişdir. O, bir neçə dəfə Şahid1 istifadəsində olan mobil telefona quraşdırılmış birbank mobil tətbiqindən istifadə etmişdir. Buna görə də, həmin proqrama daxil olan zaman tətbiqin tələb etdiyi dörd rəqəmli 1987 saylı mühafizə kodunu əvvəlcədən bilmişdir. 20 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində kafedə olan zaman Farizin gəldiyini görmüşdür. O, kafedə tək olduğu üçün Farizin tək əyləşdiyi masaya yaxınlaşaraq əyləşmişdir. Bir neçə dəqiqə əyləşdikdən sonra Fariz istifadəsində olan mobil telefona quraşdırılmış tik-tok sosial şəbəkəsinin pin kodunu dəyişmək istədiyini, lakin başı çıxmadığını ona bildirib, istifadəsində olan “Redmi” markalı mobil telefonu ona təqdim etmişdir. O, Farizin istifadəsində olan mobil telefona quraşdırılmış tik-tok proqramına daxil olaraq pin kodu dəyişən zaman, ekranın yuxarı hissəsinə birbank mobil tətbiqindən 1106 manat pulun son dörd rəqəmi 7595 olan kart hesabına köçürülməsinin yazıldığını görmüşdür. Həmin vaxt pula ehtiyacı olduğundan Farizin istifadəsində olan mobil telefona quraşdırılmış birbank mobil tətbiqinə daxil olaraq 1106 manat pulu oğurlamaq qərarına gəlmişdir. O, Farizin başının qarışmasından istifadə edərək tik-tok proqramından çıxaraq birbank mobil tətbiqinə daxil olmuşdur. Həmin vaxt birbank mobil tətbiqində son dörd rəqəmi 7595 olan və son dörd rəqəmi 2135 olan iki hesabların olduğunu görmüşdür. Bu zaman son dörd rəqəmi 7595 olan hesabın Farizə məxsus olmadığını bilmişdir. Daha sonra əvvəllər bir neçə dəfə Farizin xahişi ilə pul köçürdüyündən son dörd rəqəmi 2135 olan kart hesabının Farizə məxsus olduğunu zən etmişdir. Buna görə də, 1106 manat pulun köçdüyü son dörd rəqəmi 7595 olan hesabdan Farizə məxsus olduğunu zənn etdiyi son dörd rəqəmi 2135 olan hesaba 1106 manat pulu köçürmüşdür. Bundan sonra istifadəsində olan mobil telefona quraşdırılmış vatsap ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə əvvəldən tanıdığı, bərbər işləyən Emil adlı şəxsə mesaj yazaraq ona pul göndəriləcəyini, lakin kartının olmadığını, ona kart hesabını göndərməsini, həmin karta onun üçün pul köçürüləcəyini bildirmişdir. Emil onu əvvəldən tanıdığı üçün inanıb, özünə məxsus Kapital Bank ASC-nə məxsus son dörd rəqəmi 4015 olan plastik kartın şəklini göndərmişdir. Bundan sonra o, dərhal Farizin olduğunu zənn etdiyi son dörd rəqəmi 2135 olan hesabdan 1106 manat pulu Emilə məxsus olan son dörd rəqəmi 4015 olan hesaba göndərmişdir. Daha sonra heçnə olmamış kimi mobil telefonu Farizə qaytararaq pin kodu dəyişdiyini bildirib, telefonu əyləşdikləri masanın üzərinə qoymuşdur. Bir müddət əyləşdikdən sonra Fariz mobil telefonunu masadan götürərək, kafeni tərk edib getmişdir. Təxminən 1 saat sonra Fariz yenidən kafeyə gələrək, kartından anası Zərərçəkmiş şəxs məxsus 1106 manat pulun çəkildiyini, bu hadisədən məlumatının olub-olmamasını soruşmuşdur. O, həmin vaxt bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. Fariz ona inanıb kafeni tərk edib getmişdir. Həmin vaxt anlamışdır ki, pul və kart hesabı Farizin yox anası Susanəyə məxsusdur. Daha sonra öyrənmişdir ki, Şahid1 DİN-nin 102 xidmətinə kartdan 1106 manat pulun oğurlanmasına görə müraciət edib. O, həmin gün saat təxminən saat 21 radələrində, Emilə vatsap vasitəsi ilə mesaj yazaraq hazırda xatırlamadığı bank hesabı göndərib, 1106 manat pul vəsaitindən 100 manat pul vəsaitini həmin hesaba göndərməsini xahiş etmişdir. Çünki, həmin hesab Bakı şəhərində yerləşən geyim mağazasına məxsus olmuş və onun həmin mağazaya 100 manat borcu olmuşdur. Hazırda həmin hesabı xatırlamır. Emil onun dediklərini edib, göndərdiyi bank hesabına son dörd rəqəmi 4015 olan hesabdan 100 manat pul göndərmişdir. Daha sonra Emilə vatsap vasitəsi ilə zəng edərək, hesabında olan pulu bankomatdan nağdlaşdırmağını, bir neçə saatdan sonra gəlib götürəcəyimi bildirmişdir. Bir neçə dəqiqədən sonra Emil onunla əlaqə saxlayaraq pulu nağdlaşdırdığını bildirmişdir. O, Emilə pulu gəlib götürəcəyini bildirmişdir. Lakin, pulu həmin gün yox, ertəsi gün götürmək qərarına gəlmiş və Emilin işlədiyi salona pulu götürməyə getməmişdir. 1006 manat pul isə Emildə qalmışdır. Ertəsi gün, yəni 21 sentyabr 2024-cü il tarixdə Emillə əlaqə saxlayaraq 1006 manat pulu göndərəcəyi hesaba onlayn qaydada köçürməsini xahiş etmişdir. Emil 1006 manat puldan 5 manat pulu borc kimi ondan istəmişdir. O, razılıq verərək 5 manat pulu borc götürə biləcəyini bildirmişdir. Bundan sonra Emil ona öz kart hesabına 1001 manat pul atacağını, göndərəcəyi hesaba isə köçürmə haqqı çıxıldıqdan sonra bütöv 1000 manat köçürəcəyini bildirmişdir. O, Emillə razılaşmışdır. Emil, buna görə sön dörd rəqəmi 4015 olan hesaba 21 sentyabr 2024-cü il tarixdə 701 və 300 manat olmaqla ümumilikdə 1001 manat pul vəsaitini köçürmüşdür. Həmin gün, yəni 21 sentyabr 2024-cü il tarixdə o, Emilin işlədiyi salona gələrək, kart tapa bilmədiyini demiş və Emildən son dörd rəqəmi 4015 olan plastik kartı alıb özünə məxsus pulu nağdlaşdıracağını bildirmişdir. O, həmin vaxt yaxınlıqda yerləşən bakomata gedərək 1000 manat pulu nağdlaşdırmışdır. Daha sonra Emilin işlədiyi salona daxil olaraq plastik kartını geri qaytarıb təşəkkür etmiş və Emilə kart hesabındakı 1001 manat puldan 1000 manat pulu nağdlaşdırdığını, 1 manat pulu isə saxladığını bildirmişdir. Emildə pulun ona məxsus olduğunu zənn edib öz təşəkkürünü bildirmişdir. Bundan sonra o, Emillə sağollaşıb salondan çıxıb getmişdir. Daha sonra nağdlaşdırdığı 1000 manat pulu Bakı şəhərinə gedərək, bir neçə restoranlarda yemək yeyib, otellərdə gecələmiş, qalan pulları isə yol pulu, siqaret və su alaraq xərcləmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənildiyini, onunla barışdığını, əvvəllər məhkum olunmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, Şahid1 onun oğludur, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, ailə başçısını itirməyinə görə vəfat edən hərbiçi olmuş əri Sərdarın təqaüdünü alır. Hər ayın 20-25-i aralığında Kapital Bank tərəfindən ona verilən 4169-7416- 1816-7595 nömrəli hesaba 1106 manat pul vəsaiti köçürülür. Bundan başqa o, Kapital Bankdan istifadə etmək məqsədi ilə 4169-7416-1816-7595 nömrəli Birkart Kəşbek kartı almışdır. Hər ay köçürülən 1106 manat pulun hesabda olmasından tez xəbərdar olmaq üçün kart hesabını oğlu Şahid1 verərək istifadəsində olan mobil telefona quraşdırdığı Birbank mobil tətbiqinə yükləməsini xahiş etmişdir. Təqaüd məbləği köçdükdə oğlu Fariz ona məlumat verir və o, bundan sonra həmin təqaüdünü nağdlaşdırır. Bundan başqa mobil telefonu smartfon olmadığından oğlu Farizdən 5239-1517-1396-2135 nömrəli kart hesabını da, Birbank mobil tətbiqinə köçürməsini xahiş etmişdir. Hər iki kart hesabı oğlu Farizin istifadəsində olan mobil telefona quraşdırılmış Birbank mobil tətbiqinə daxil edilmişdir. 20 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində oğlu Fariz yaşadığı evə gələrək, 1106 manat təqaüdünün 4169-7416-1816-7595 nömrəli hesaba köçdüyünü, lakin həmin hesabdan son dörd rəqəmi 4015 nömrəli hesaba köçürülərək oğurlandığını bildirmişdir. O, Farizə 102 xidmətinə müraciət etməsini bildirmişdir. Bundan sonra Fariz istifadəsində olan mobil nömrə ilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək, kart hesabından 1106 manat pulu çıxarılaraq oğurlandığını bildirmişdir. Daha sonra kart hesabı və 1106 manat pul ona məxsus olduğu üçün o, Hacıqabul rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Bundan sonra məlum olmuşdur ki, 1106 manat pul vəsaiti 4169- 7416-1816-7595 nömrəli hesabından 5239-1517-1396-2135 nömrəli hesabına köçürüldükdən sonra, son dörd rəqəmi 4015 nömrəli hesaba köçürülərək oğurlanmışdır. Hal-hazırda baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1106 manat maddi ziyan dəymişdir. Bundan başqa bildirmək istəyir ki, oğlu Fariz mobil telefonunun qısa müddət ərzində əvvəldən tanıdığı Təqsirləndirilən şəxs olduğunu, mobil telefonunu həmin şəxsdən aldıqdan bir qədər sonra pulun oğurlanmasını aşkar etdiyini bildirmişdir. O, və oğlu Fariz 1106 manat pulunun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasından şübhələnmişlər. Sonradan həmin məbləğin Təqsirləndirilən şəxs tərəfindən oğurlanması öz təsdiqini tapmışdır. İfadəsinin sonunda zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Hacıqabul şəhəri S.Almazov küçəsi ev 67-də qeydiyyatda olmaqla yaşayır. Zərərçəkmiş şəxs əvvəldən tanıyır, onun anasıdır, Təqsirləndirilən şəxs isə əvvəldən tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, işsiz olduğu üçün arabir tanışları ilə həmsöhbət olmaq məqsədi ilə Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində yerləşən adsız kafeyə gedir. Bir neçə dəfə həmin kafeyə gedən zaman Təqsirləndirilən şəxs kafedə görüb tanış olmuşdur. Eminlə söhbətləri yaxşı alındığından arabir eyni masada əyləşib çay içib söhbətləşmişlər. Hətta istifadəsində olan mobil telefona quraşdırdığı birbank mobil tətbiqindən yaxşı istifadə edə bilmədiyi üçün Emindən kiməsə pul köçürməyi xahiş etmişdir. Bu səbəbdən Emin bir neçə dəfə onun istifadəsində olan mobil telefona quraşdırılmış birbank mobil tətbiqindən istifadə etmişdir. Buna görə də, həmin proqrama daxil olan zaman tətbiqin tələb etdiyi dörd rəqəmli onun tərəfindən qoyulan 1987 saylı mühafizə kodunu bilirdi. 20 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsində yerləşən adsız kafeyə gəlib boş masaların birinə əyləşmişdir. Bir qədər vaxtdan sonra Eminin əyləşdiyi masaya tərəf gəldiyini görmüşdür. Emin tək olub-olmayacağını ondan soruşmuş və masada əyləşmək istədiyini bildirmişdir. O, tək olacağını bildirib əyləşə biləcəyini bildirmişdir. Bir neçə dəqiqə əyləşdikdən sonra o, istifadəsində olan mobil telefona quraşdırılmış tik-tok sosial şəbəkəsinin pin kodunu dəyişmək istədiyini, lakin başının çıxmadığını Eminə bildirib, istifadəsində olan Redmi markalı mobil telefonu Eminə təqdim etmişdir. Emin narahat olmamağı kodu dəyişdirəcəyini bildirmiş və mobil telefonunu ondan almışdır. Bir qədər keçdikdən sonra Emin mobil telefonunu ona qaytararaq pin kodun təvəllüdü yəni, 1987 olduğunu bildirib telefonu əyləşdikləri masanın üzərinə qoymuşdur. Bir müddət masada əyləşdikdən sonra o, mobil telefonunu masadan götürərək, kafeni tərk edib getmişdir. Kafedən çıxıb yaşadığı evə doğru hərəkətdə olan zaman mobil telefonuna Birbank mobil tətbiqindən bildiriş daxil olduğunu görmüşdür. Həmin vaxt bildirişə nəzər yetirdikdə anası Zərərçəkmiş şəxs məxsus 4169-7414-1816-7595 saylı hesaba 1106 manat pul vəsaitinin köçürüldüyünü görmüşdür. Birbank mobil tətbiqinə daxil olan zaman hesabda həmin vəsaitin olmadığını aşkar etmişdir. Daha sonra həmin hesaba daxil olduqda, 1106 manat pul vəsaitinin anasına məxsus bir digər 5239-1517-1396-2135 saylı kart hesabına köçürüldüyünü, həmin hesabdan isə son dörd rəqəmi 4015 olan hesaba köçürülərək oğurlandığını aşkar etmişdir. Həmin vaxt mobil telefonu qısa müddət ərzində Təqsirləndirilən şəxs olduğundan, kafeyə geri qayıdaraq Emindən anası Zərərçəkmiş şəxs məxsus 1106 manat pulun çəkildiyini, bu hadisədən məlumatının olub-olmamasını soruşmuşdur. Emin, həmin vaxt bu barədə heç bir məlumatının olmadığını bildirmişdir. O, bundan sonra kafeni tərk edib getmişdir. Daha sonra yaşadığı evə gəlib anası Zərərçəkmiş şəxs bu barədə məlumat vermişdir, Zərərçəkmiş şəxs ondan 102 xidmətinə müraciət etməyini xahiş etmişdir. O, həyəcanlı olduğu üçün 102 xidmətinə kart hesabından 1106 manat pul vəsaitinin çıxarıldığını bildirmişdir. Daha sonra anası Zərərçəkmiş şəxs Hacıqabul RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, anasına məxsus 1106 manat pul vəsaiti Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, Şirvan şəhəri, Naxçıvan küçəsi 3-də qeydiyyatda olmaqla yaşayır. Təqsirləndirilən şəxs əvvəldən tanıyır, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, uzun müddətdir ki, Şirvan şəhəri, Energetika küçəsində icarə əsasında kişi salonunda bərbər kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs bir neçə ildir ki, saçını onda kəsdirdiyi üçün tanıyır və münasibətləri yaxşı olmuşdur. Bundan başqa öz adına rəsmiləşdirdiyi Birbank CashBack növlü **********534015 nömrəli plastik kartı vardır. Həmin kartı almaqda məqsədi müştərilərin üzərlərində nağd pul vəsaiti olmadığı təqdirdə saç kəsiminə görə ödənişi həmin kart hesabına daha rahat ödəmələri olmuşdur. Bir neçə dəfə Təqsirləndirilən şəxs saç kəsiminə görə ödənişi **********534015 nömrəli plastik kart hesabına göndərmiş, bu səbəbdən onun plastik kartı olmasından məlumatı olmuşdur. 20 sentyabr 2024-cü il tarixdə saat 18 radələrində Şirvan şəhərində bərbər işlədiyi salonda olan zaman Təqsirləndirilən şəxs ona vatsap vasitəsi ilə mesaj yazıb istifadəsində olan **********534015 nömrəli plastik kartının foto şəklini ondan istəmişdir. O, nə üçün istədiyini Emindən soruşduqda, Emin ona özü üçün pul göndəriləcəyini, lakin kartının olmadığını, buna görə də, onun kart hesabına göndəriləcəyini bildirmişdir. O, Emini əvvəldən tanıdığı üçün inanıb, istifadəsində olan Kapital Bank ASC-nə məxsus 5239 1517 4953 4015 saylı plastik kartın foto şəklini göndərmişdir. Bu zaman hesaba 1106 manat pul vəsaitinin gəlməsini birbank mobil tətbiqindən görmüş və Eminə mesaj yazaraq 1106 manat pul vəsatinin onun hesabına gəldiyini bildirmişdir. Emin ona mesaj yazaraq xəbər edəcəyini bildirmişdir. O, bundan sonra öz işini görməyə davam etmişdir. Təxminən saat 21 radələrində Emin ona vatsap vasitəsi ilə mesaj yazaraq hazırda xatırlamadığı bank hesabı göndərərək, 1106 manat pul vəsaitindən 100 manat pul vəsaitini həmin hesaba göndərməyini xahiş etmişdir. O, Eminin ona göndərdiyi bank hesabına 5239 1517 4953 4015 saylı hesabına göndərilən 1106 manat pul vəsaitindən 100 manat pul göndərmiş və ona məxsus hesabda 1006 manat pul vəsaiti qalmışdır. Daha sonra Emin ona vatsap vasitəsi ilə zəng edərək, hesabında olan pulu bankomatdan nağdlaşdırmağını, bir neçə saatdan sonra gəlib ondan götürəcəyini bildirmişdir. O, Eminin bu xahişi yerə salmamış və onun yanında bərbər peşəsini öyrənən Nihat adlı şəxsə 5239 1517 4953 4015 saylı plastik kartını verərək, yaxınlıqda quraşdırılmış bankomatdan 1006 manat pul vəsaitini nağdlaşdırıb ona gətirməyini xahiş etmişdir. Nihat onun dediklərini edib, yaxınlıqda yerləşən bankomata gedərək, 1006 manat pul vəsaitini nağdlaşdırıb ona gətirmişdir. O, Eminlə əlaqə saxlayaraq pulun onda olduğunu bildirmişdir. Emin ona pulu gəlib götürəcəyini bildirmişdir. Lakin, həmin gün Emin 1006 manat pul vəsaitini ondan gəlib götürməmişdir. Ertəsi gün, yəni 21 sentyabr 2024-cü il tarixdə Emin onunla əlaqə saxlayaraq 1006 manat pulu ona göndərəcəyi hesaba onlayın qaydada göndərməyini xahiş etmişdir. O, Eminlə razılaşmış və bildirmişdir ki, 1006 manatdan 5 manat pulu borc kimi götürüb kart hesabına 1001 manat atacaq və göndərəcəyi hesaba isə köçürmə haqqı çıxıldıqdan sonra bütöv 1000 manat göndərəcəkdir. Emin onunla razılaşmış və 1006 manat puldan 5 manat pulu borc götürə biləcəyini bildirmişdir. O, buna görə 5239 1517 4953 4015 saylı hesabına 21 sentyabr 2024-cü il tarixdə 701 və 300 manat olmaqla ümumilikdə 1001 manat pul vəsaitini köçürmüşdür. Həmin gün, yəni 21 sentyabr 2024-cü il tarixdə Emin işlədiyi salona gələrək, kart tapa bilmədiyini demiş və ondan 5239 1517 4953 4015 saylı plastik kartı alıb özünə məxsus pulu nağdlaşdıracağını bildirmişdir. Belədə olmuşdur, Emin həmin vaxt yaxınlıqda yerləşən bakomata gedərək, 1000 manat pulu nağdlaşdırmışdır. O, mobil telefonuna quraşdırdığı birbank mobil tətbiqindən gələn bildirişə baxan zaman görmüşdür ki, Emin kart hesabından 1000 manat pul nağdlaşdırmışdır. Bu zaman Emin salona daxil olaraq plastik kartını ona verib təşəkkür etmişdir. Bundan sonra Emin onunla sağollaşıb salondan çıxıb getmişdir. 24 sentyabr 2024-cü il tarixdə öyrənmişdir ki, Eminin onun hesabına göndərdiyi 1106 manat pul X1 məxsusdur, Emin Zərərçəkmiş şəxs oğlu Şahid1 mobil telefonuna quraşdırılmış birbank mobil tətbiqindən gizli formada Zərərçəkmiş şəxs məxsus bank hesabından 1106 manat pulu ondan yalan danışaraq aldığı 5239 1517 4953 4015 saylı hesabına göndərmiş və onun hesabından oğurladığı pulu nağdlaşdırmışdır. Təqsirləndirilən şəxs tərəfindən onun kart hesabına göndərilmiş məbləğin oğurluq olmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, Şirvan şəhəri Xanlar küçəsi döngə 3 ev 5-də qeydiyyatda olmaqla yaşayır. Şahid2 əvvəldən tanıyır, onun bərbəridir, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. O, saçını kəsdirmək üçün Şirvan şəhərində bərbər fəaliyyəti ilə məşğul olan Şahid2 yanına gedir. Təxminən 5 ay bundan əvvəl bərbər sənətinə həvəsi yaranmış və həmin sənəti öyrənmək qərarına gəlmişdir. Buna görə də, saçını kəsdirdiyi Şahid2 ona bərbər sənətini öyrətməsini xahiş etmişdir. Şahid2 onun istəyini yerə salmamış və boş vaxtlarında işlədiyi salona gəlib öyrənə biləcəyini bildirmişdir. O, dərsdən sonra boş vaxtlarında Emilin işlədiyi kişi salonuna gedib bərbər sənətini öyrənir. 20 sentyabr 2024-cü il tarixdə saat təxminən 21 radələrində Şahid2 işlədiyi kişi salonunda olan zaman Emil ona nömrəsi yadımda qalmayan plastik kartını verərək, həmin karta 1106 manat pul vəsaitinin köçdüyünü, həmin pulu bütövlükdə nağdlaşdıraraq ona gətirməyini xahiş etmişdir. O, Emilin xahişini yerinə gətirmiş və salonun yaxınlığında yerləşən "xxxx" adlı obyektə quraşdırılmış bankomatdan 1106 manat pulu nağdlaşdırmışdır. Daha sonra salona geri qayıdaraq plastik kartı və 1106 manat pulu Emilə qaytarmışdır. Bundan sonra Emilin mobil telefonda kiminləsə əlaqə saxladığını və kartına köçən 1106 manat pulun özündə olduğunu bildirməsinin şahidi olmuşdur. O, həmin vaxt və ondan sonrakı vaxtlarda pulun kim tərəfindən hansı formada əldə olunaraq Emilə məxsus kart hesabına göndərilməsindən məlumatı olmamışdır. Bundan başqa həmin puldan hər hansı şəxs ona hər hansı məbləğdə pul verməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2024-cü il saat 18:30-dan olmaqla, saat 19:10-da Hacıqabul RPŞ-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında daimi qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs öz adına rəsmiləşdirilmiş ödəniş kartları üzrə çıxarışları könüllü olaraq təqdim etmişdir. “Götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-yə məxsus ödəniş kartı üzrə xx.xx.2024-cü il tarixli çıxarış ondan götürülmüşdür. Cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tamamilə ödənilmiş, onunla barışmış və təqsirləndirilən şəxsən heç bir şikayət və tələbi yoxdur. “Şahidin qanuni nümayəndəsinin təyin edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Şahid3 qanuni nümayəndəsi qismində atası X2 təyin olunmuşdur. “Əşyanın maddi sübut kimi tanınması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 2024/111/32210 nömrəli məktuba əlavə edilmiş Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş MC Birbank CashBack növlü 53915******2135 nömrəli hesab üzrə çıxarış və bir ədəd CD formalı disk maddi sübut kimi tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin oğurluq cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. 60.1. Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. (59.1.12, 59.1.13, 59.2). Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə ilk dəfə cinayət əməli törətməsini, əvvəllər məhkum olumamasını cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı göründüyünü, onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alınmaqla, onun barəsində azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirmədən saxlanılsın. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan "xxxx" ASC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 2024/111/32210 nömrəli məktuba əlavə edilmiş Zərərçəkmiş şəxs adına rəsmiləşdirilmiş MC Birbank CashBack növlü 53915******2135 nömrəli hesab üzrə çıxarış və bir ədəd CD formalı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 10 (on) saata görə 60 (altımış) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar