Məhkəmə qərarları › İş №1(071)-33/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-33/2024

04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-33/2024 04.11.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama görə, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 0,245 qram narkotik vasitə olan heroini əldə edib daşımış, üzərində saxlamış, 30 sentyabr 2023cü il tarixdə saat 16 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri Füzuli küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli uzunqol köynəyin sağ döş cibindən ümumi təmiz çəkisi 0,245 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlar, təqsirləndirilən şəxsin özünün məhkəmə istintaqı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ziddiyyətli ifadələri, cinayətprosessual qanunvericiliyin tələblərinin kobud pozulması əsasında Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib daşıyaraq saxlama cinayətini törətməsi sübuta yetirilmir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, 10 ilə yaxındır narkotik vasitələrdən istifadə edir. Əsasən heroin qəbul edir. 29 sentyabr 2023-cü il tarixdə yaşadığı evdə olarkən onunla birlikdə yaşayan bacısı Şahid4 ilə aralarında münaqişə yaranmış və sonuncu Daxili İşlər Nazirliyinin 102 xidmətinə özünə məxsus mobil telefonla zəng edərək onun evdə narkotik vasitələr qəbul etməsi və ölümlə hədələməsi barədə məlumat vermişdir. 29 sentyabr 2023-cü il tarixdə saat 22 radələrində evdə olarkən Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 onun yaşadığı evə gələrək bacısı G.X5 Nazirliyinin 102 xidmətinə zəng etməsi ilə bağlı ərizə almışdır. Bundan sonra həmin evə Hacıqabul RPŞ-nin digər əməkdaşları Şahid3 və Şahid2 gəlmişlər. Polis əməkdaşları onu Hacıqabul RPŞ-nin inzibati binasına aparmışlar. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları onu 6 saat polis şöbəsində saxlayaraq üzərində narkotik vasitə gəzdirməsini etiraf etməyəcəyi təqdirdə onu döyəcəkləri ilə hədə-qorxu gəlmişlər. O, polis əməkdaşları ilə razılaşmamış və üzərində narkotik vasitə olmasını etiraf etməyəcəyini bildirmişdir. Bundan sonra polis əməkdaşları onu döymüş və içərisində narkotik vasitə olan bükülünü məcburi şəkildə onun əynində olan boz rəngli uzunqol köynəyin cibinə qoymuşlar. Sonra polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilərkən o, baxışın keçirilməsinə etirazını bildirərək yerə oturmuş və üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Baxışın sonunda protokol tərtib edilmiş, o, həmin protokolu imzalamaqdan imtina etmişdir. Polis şöbəsində döyülməsi ilə əlaqədar prokurorluğa və məhkəməyə müraciət etməmişdir. xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və onun məhkəmə zalından dərhal azad edilməsi qət edilmişdir. Lakin məhkəmənin qərarına baxmayaraq, o, bundan sonra 4 gün ərzində qanunsuz olaraq Hacıqabul RPŞ-də saxlanılmış və ona məlum olmayan inzibati məsuliyyətə cəlb edilərək 50 AZN cərimə edildikdən sonra azad edilmişdir. Məhkəmədə verilən əlavə suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirdi ki, polis əməkdaşları tərəfindən polis şöbəsinə aparılarkən üzərində heç bir narkotik vasitə olmamış, polis şöbəsində olarkən ona fiziki təzyiqlər göstərilmiş və iradəsinə zidd olaraq içərisində narkotik vasitə olan bükülü əynindəki boz rəngli uzunqol köynəyin cibinə qoyulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 sentybar 2023-cü il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində narkotik vasitələt saxlaması ilə əlaqədar ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Bundan sonra o, və əməliyyat qrupunun digər üzvləri verilən məlumata əsasən Hacıqabul şəhəri Fizulu küçəsində əməliyyat tədbirini qurmuşdurlar. 30 sentyabr 2023-cü il tarixdə saat 15:10 radələrində Təqsirləndirilən şəxs yaxınlaşıb Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotk vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərində axtarış aparılması üçün əlverişli şərait olmadığından onu Hacıqabul RPŞ-nin inzibati binasına dəvət etmişlər. Daha sonra birlikdə təhqiqatçı Zahid Salahovun xidməti otağına daxil olmuşlar.Təhqiqatçı ilkin olaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxsə hüquq və vəzifələri barədə bildiriş verilmişdir. Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi qismində Hacıqabul rayonunda fərdi qaydada fəaliyyət göstərən X6, hal şahidləri Şahid6 Bayraməli oğlu və Şahid5 Urfalı oğlu dəvət olunduqdan sonra təhqiqatçı Zahid Salahov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanıldığını və şəxsi axtarış aparılan zaman foto-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet olmadığını bildirib qışqıraraq yerə çökmüş və şəxsi axtarış aparılmasına maneçilik törətməyə cəhd etmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli uzunqol köynəyin sağ döş cibindən bir ədəd kağız kəsiyi bükümü aşkar edilərək götürülmüşdür. Həmin bir ədəd büküm açıldıqdan sonra içərisində heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Tədqim olunan kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,45 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırılıb möhürlənmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəyə bənzər maddəni haradan əldə etməsi və nə məqsədlə üzərində saxlaması soruşulmuş, lakin o, verilən suallara cavab verməkdən imtina etmişdir. Sonda təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və onlar protokolu imzalamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. O, qardaşı Təqsirləndirilən şəxsla birlikdə ünvan 2 ünvanında yaşayır. xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində qardaşı Təqsirləndirilən şəxsla mübahisə etmiş və onu qorxutmaq üçün bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, DİN-nin 102 xidməti ilə telefonla əlaqə saxlayıb qardaşı Təqsirləndirilən şəxs onunla mübahisə edərək dalaşmasını bildirmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 və adını bilmədiyi bir neçə polis əmkdaşı onun yaşadığı evin həyətinə gəlmişlər. Yaşadığı evin həyətində polislər ondan yazılı şəkildə izahat almışlar. Yazılı izahat yazdıqdan sonra polis əməkdaşları evin həyətini tərk etmişlər. Həmin vaxt Şahid1 axşam saatlarında onun yaşadığı evdə axtarış aparacaqlarını bildirərək onun buna etiraz etməməsini tapşırmışdır. Həmin gün təxminən saat 16-17 radələrində Şahid1, digər polis əməkdaşları və hal şahidləri ilə yaşadığı evə gələrək evdə axtarış aparacaqlarını bildirmişlər. O, buna etiraz etməmişdir. Axtarış zamanı qardaşı Təqsirləndirilən şəxs yaşadığı otaqda çarpayının altından narkotik vasitəyə bənzər maddələr aşkar edilmişdir. Qardaşına məxsus otaqda axtarış aparılmamışdan əvvəl Şahid1 həmin otağa daxil olaraq ora baxıb çıxmışdır. Bundan başqa, o, axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs otağını təmizləmiş, təmizləyərkən orada hər hansı narkotik vasitəyə bənzər əşyalar görməmişdir. O, qardaşı Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsini bilsə də, yaşadığı evdə qardaşının narkotik vasitələr istifadə etməsini heç vaxt görməmiş və dəfələrlə qardaşına məxsus otaqda təmizlik işləri aparmış, lakin heç vaxt orada narkotik vasitələrə bənzər maddələr görməmişdir. xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon məhkəməsinin qərarı ilə qardaşı Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, lakin bundan sonra polis əməkdaşları qardaşını buraxmayaraq rayon polis şöbəsinə aparmışlar. O, bu barədə öz atasına məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, atası Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi məqsədilə Hacıqabul rayon polis şöbəsinə getmişdir. İki gündən sonra polis əməkdaşları qardaşını buraxmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Hacıqabul şəhərindən yaşadığı Şirvan şəhəri istiqamətinə hərəkət etmişdir. Həmin vaxt mülki geyimdə olan bir nəfət tanımadığı şəxs ona yaxınlaşıb özünü təqdim edərək Hacıqabul RPŞ-nin əməkdaşı olduğunu. Hacıqabul şəhərində yaşayan onun əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasında, yaşadığı ünvanda və üzərində narkotik vasitələrin daşımasında və saxlamasında şübhəli olduğunu, bu səbəbdən həmin şəxsin üzərində şəxsi axtarış və yaşadığı evə baxış aparılan zaman hal şahidi qismində iştirak etməsini təklif etmişdir. O, təkliflə razılaşmış və polis əməkdaşı ilə birlikdə Hacıqabul RPŞ-nə gəlmişdir. Orada polis geyimində olan bir nəfər şəxs ona və onunla birlikdə hal şahidi qismində dəvət olunan adını sonradan bildiyi Şahid6 Bayram oğluna yaxınlaşıb onların hal şahidi qismində dəvət olunduqlarını bildirmişdir. Onlara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs adlı şəxsin şübhəli şəxs qismində tutulduğu onlara məlum olmuşdur. Şübhəli şəxsə hüquq və vəzifələri barədə bildiriş verildikdən və müdafiəçi ilə təmin edildikdən sonra təhqiqatçı Zahid Salahov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə, predmet olmadığını bildirib, qışqıraraq yerə çökmüş və şəxsi axtarışın aparılmasına maneçilik törətməyə çalışmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli uzunqol köynəyin sağ döş cibindən bir ədəd kağız kəsiyi bükümü aşkar edilərək götürülmüşdür. Həmin bir ədəd büküm açıldıqdan sonra içərisindən heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Təqdim olunan kütlə çəkildikdən sonra çəkisinin 0,245 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Hacıqabul şəhərindən yaşadığı Şirvan şəhəri istiqamətinə hərəkət etmişdir. Həmin vaxt mülki geyimdə olan bir nəfət tanımadığı şəxs ona yaxınlaşıb özünü təqdim edərək Hacıqabul RPŞ-nin əməkdaşı olduğunu. Hacıqabul şəhərində yaşayan onun əvvəllər tanımadığı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasında, yaşadığı ünvanda və üzərində narkotik vasitələrin daşımasında və saxlamasında şübhəli olduğunu, bu səbəbdən həmin şəxsin üzərində şəxsi axtarış və yaşadığı evə baxış aparılan zaman hal şahidi qismində iştirak etməsini təklif etmişdir. O, təkliflə razılaşmış və polis əməkdaşı ilə birlikdə Hacıqabul RPŞ-nə gəlmişdir. Orada polis geyimində olan bir nəfər şəxs ona və onunla birlikdə hal şahidi qismində dəvət olunan adını sonradan bildiyi Şahid5 yaxınlaşıb onların hal şahidi qismində dəvət olunduqlarını bildirmişdir. Onlara hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs adlı şəxsin şübhəli şəxs qismində tutulduğu onlara məlum olmuşdur. Şübhəli şəxsə hüquq və vəzifələri barədə bildiriş verildikdən və müdafiəçi ilə təmin edildikdən sonra təhqiqatçı Zahid Salahov şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə, predmet olmadığını bildirib, qışqıraraq yerə çökmüş və şəxsi axtarışın aparılmasına maneçilik törətməyə çalışmışdır. Buna baxmayaraq Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli uzunqol köynəyin sağ döş cibindən bir ədəd kağız kəsiyi bükümü aşkar edilərək götürülmüşdür. Həmin bir ədəd büküm açıldıqdan sonra içərisindən heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Təqdim olunan kütlə çəkildikdən sonra çəkisinin 0,245 qram olduğu müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun övladıdır. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etmiş, lakin son vaxtlar istifadə etmir. Hadisə baş verən günü o, iş yerində olmuşdur. Övladları Təqsirləndirilən şəxslə Şahid4 evdə mübahisə etmişlər. Yəqinki mübahisə zamanı Şahid4 əsəbləşərək polisə məlumat verərək Q.İsmayılovun evdə narkotik vasitələr istifadə etdiyini bildirmişdir. M.İsmayılovun sözlərinə görə övladı Q.İsmayılov heç vaxt yaşadığı evdə narkotik vasitələrdən istifadə etməyib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 sentyabr 2023-cü il tarixli protokoldan görünür və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs qışqıraraq yerə çökməklə şəxsi axtarışın aparılmasına maneçilik törətməyə cəhd etmiş, lakin buna baxmayaraq onun əynində olan boz rəngli uzunqol köynəyin qabaq sağ sinə hissəsində olan cibindən 1 ədəd kağız kəsiyi bükümünün içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/961 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,245 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7298 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına cavab kimi verilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsinin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Zahid Salahov tərəfindən tərtib edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:10-dan etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 15:30-da Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Hacıqabul rayon məhkəməsinin 4(071)-94/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. “Tutulmuş şəxsin azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul RPŞ-nin MSY-dən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Qarayev X2 şəhəri Fizuli küçəsi ev 8 ünvanında qeydiyyatda olmaqla yaşayır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu yaşayış yerində mənfi xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmlərinin və qərarlarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin müxtəlif müddələri ilə təqsirli bilinərək 4 dəfə cinayət məsuliyyətinə cəlb edilərək müxtəlif cəzalara məhkum edilmişdir. Sonuncu dəfə Hacıqabul rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2021ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddətinin sona çatması ilə azad edilmişdir. İbtidai istintaq materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən yeganə sübut şəxsi axtarışın keçirilməsinə dair xx.xx.2023-cü il tarixli protokol olmuşdur. Həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış keçirilərkən onun əynində olan boz rəngli uzunqol köynəyin sağ döş cibindən narkotik vasitə heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində axtarış hal şahidlərinin iştirakı ilə keçirilmiş, şəxsi axtarışın hansı səbəbdən videoçəkiliş aparılmadan keçirilməsinin səbəbləri cinayət işinin materiallarından görünmür. Təqsirləndirilən şəxs isə məhkəmə iclasında üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən ona verildiyini, lakin buna etiraz etdiyini, bu səbəbdən şəxsi axtarışın videoçəkiliş aparılmadan keçirildiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsinə əsasən şəxsi axtarış və götürmə kimi istintaq hərəkətləri azı 2 hal şahidinin iştirakı ilə aparılır. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən baxış və şəxsi axtarış zamanı azı 2 hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 94.1-ci maddəsinə əsasən cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin baxış, axtarış (şəxsi axtarış) və götürmə kimi istintaq hərəkətlərinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Hal şahidlərinin iştirakı ilə keçirilməli olan istintaq hərəkətlərinin hal şahidinin iştirakı olmadan keçirilməsi cinayət-prosessual qanunvericiliyin kobud pozuntusu sayılır və bu yolla əldə edilmiş sübutlar mümkün olmayan sübutlar kimi qiymətləndirilir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən həmin Məcəllənin 109.1.3-109.1.8-ci maddələrində nəzərdə tutlmuş hallardan hər hansı biri mövcud olduqda, habelə şəxs bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz. Azərbaycan Respublikası CPM-nin 115.2-ci maddəsinə əsasən hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.4-cü maddəsinə görə, bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd olaraq hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etibarsız hesab edilməsinə əsas ola bilər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış hal şahidləri – xx.xx.1958-ci il təvəllüdlü Sabirabad rayonu Qarağac kəndində anadan olmuş, ünvan 4 ünvanında yaşayan Şahid6 Bayraməli oğlu və xx.xx.1960-cı il təvəllüdlü Əli-Bayramlı şəhərində anadan olmuş, ünvan 5 ünvanında yaşayan Şahid5 Urfalı oğlunun iştirakları ilə aparılmışdır. İş materiallarına əlavə olunmuş məhkəmənin öz təşəbbüsü ilə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş 2018-2022-ci illərə aid məlumatlardan, habelə məhkəmə hökmündən görünür ki, Şahid6 Bayraməli oğlu və Şahid5 Urfalı oğlu bir sıra cinayət işlərində mütəmadi olaraq hal şahidi qismində iştirak etmişlər. Belə ki, Şahid6 Bayraməli oğlu 1(005)-277/2018 (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi – ittihamedici hökm çıxarılıb), 1(099)-255/2022 (Lənkəran Ağır Cinayətlər Məhkəməsi – ittihamedici hökm çıxarılıb), 1(099)-653/2022 (Lənkəran Ağır Cinayətlər Məhkəməsi – ittihamedici hökm çıxarılıb) saylı cinayət işlərində, Şahid5 Urfalı oğlu isə 1(005)-277/2018 (Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi – ittihamedici hökm çıxarılıb), 1(099)-83/2022 (Lənkəran Ağır Cinayətlər Məhkəməsi – ittihamedici hökm çıxarılıb), 1(099)-336/2021 (Lənkəran Ağır Cinayətlər Məhkəməsi – ittihamedici hökm çıxarılıb), 1(099)-127/2021 (Lənkəran Ağır Cinayətlər Məhkəməsi – ittihamedici hökm çıxarılıb), 1(099)-152/2022 (Lənkəran Ağır Cinayətlər Məhkəməsi – ittihamedici hökm çıxarılıb), 1(099)-255/2022 (Lənkəran Ağır Cinayətlər Məhkəməsi – ittihamedici hökm çıxarılıb), 1(099)-533/2021 (Lənkəran Ağır Cinayətlər Məhkəməsi – ittihamedici hökm çıxarılıb), 1(099)-77/2022 (Lənkəran Ağır Cinayətlər Məhkəməsi – ittihamedici hökm çıxarılıb), 1(099)-379/2021 (Lənkəran Ağır Cinayətlər Məhkəməsi – ittihamedici hökm çıxarılıb), 1(099)-193/2021 (Lənkəran Ağır Cinayətlər Məhkəməsi – ittihamedici hökm çıxarılıb), 1(099)-346/2022 (Lənkəran Ağır Cinayətlər Məhkəməsi – ittihamedici hökm çıxarılıb) işlərdə (cəmi 12 dəfə) hal şahidi qismində iştirak etmişdir. Yuxarıda qeyd edilənlər onu təsdiq edir ki, hal şahidi kimi mütəmadi iştirakı istisna edən qanunun müddəalarının kobud pozulmasına yol verilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Hacıqabul rayon məhkəməsinin 1(071)-133/2010 saylı xx.xx.2010-cu il tarixli hökmündən görünür ki, həmin hökmdə qeyd edilən Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi zamanı hal şahidi qismində yenə də, Şahid6 Bayraməli oğlu iştirak etmişdir. Lakin, Şahid6 Bayraməli oğlu məhkəmə iclasında şahid qismində ifadə verərkən əvvəllər Təqsirləndirilən şəxs tanımadığını və onun tərəfindən hər hansı cinayət əməlinin törədilməsi ilə əlaqədar keçirilən istintaq hərəkətlərində hal şahidi qismində iştirak etmədiyini bildirmişdir. Bundan başqa, Şahid5 Urfalı oğlu məhkəmə iclasında şahid qismində ifadə verərkən onun əvvəllər istintaq hərəkətlərinin keçirilməsi zamanı hal şahidi qismində iştirak etməsi ilə bağlı verilən suallara hər hansı bir tutarlı cavab verə bilməmiş, yaddaşının zəif olmasını bəhanə edərək əvvəllər hal şahidi qismində iştirak etməsini xatırlamadığını bildirmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Şahid6 Bayraməli oğlunun və Şahid5 Urfalı oğlunun məhkəmə icraatında hal şahidi kimi iştirakları mütəmadi xarakter daşıdığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 115.4-cü maddəsinə əsasən hazırkı cinayət işi üzrə onların iştirak etdiyi şəxsi axtarış tədbiri etibarsızdır. Qeyd edilən hallardan başqa, xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, şəxsi axtarış və götürmə - təxirəsalınmaz əməliyyataxtarış tədbiri formasında həyata keçirilmişdir. İş materiallarında olan “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin saxlaması ilə əlaqədar daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilməsi, tutulduqdan sonra zərurət olduqda üzərinin yoxlanılması, polis orqanına gətirilməsi, üzərində şəxsi axtarış, ondan aşkar edilmiş əşyalara və nəqliyyat vasitəsinə baxış keçirilməsi, müvafiq tədbirlərin həyata keçirilməsindən 48 saat sonra qərarın məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi qərara alınmışdır. Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(071)-50/2023 saylı qərarı ilə Hacıqabul rayon polis şöbəsindən daxil olmuş Təqsirləndirilən şəxs barəsində «Əməliyyat – axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 30 sentyabr 2023-cü il tarixli qərarın qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, “Əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında» 30 sentyabr 2023-cü il tarixli qərarda göstərilən “şəxsi axtarış” tədbiri nəinki CPM-in 445.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında həyata keçirilməli olan əməliyyat-axtarış tədbiri deyil, ümumiyyətlə əməliyyat-axtarış tədbiri hesab olunmur. Əməliyyat-axtarış fəaliyyətinin subyektləri tərəfindən həyata keçirilə bilən əməliyyat-axtarış tədbirlərinin dəqiq siyahısı “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilmişdir və həmin maddədə “şəxsi axtarış” növündə əməliyyat-axtarış tədbiri nəzərdə tutulmamışdır. Qeyd edilən hallarla əlaqədar Təqsirləndirilən şəxs barəsində «Əməliyyat – axtarış tədbirlərinin həyata keçirilməsi haqqında» 30 sentyabr 2023-cü il tarixli qərarın qanuniliyinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasından imtina edilmişdir. Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri “Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublukasının qanunu tənzimləyir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin İ hissəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin İ hissəsində əməliyyat-axtarış fəaliyyətinin subyektlərinin tətbiq edə biləcəyi əməliyyat-axtarış tədbirlərinin tam siyahısı verilmişdir. Siyahıda göstərilən tədbirlərin arasında “vətəndaşın üzərinə şəxsi axtarış keçirilməsi” əməliyyat-axtarış tədbiri nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunan “Əməliyyat tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokolun mahiyyətindən görünür ki, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə faktiki olaraq şəxsi axtarışı istintaq hərəkəti şəklində həyata keçirmişlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.1-ci maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Həmin Məcəllənin 246.2.1-246.2.3-cü maddələri əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə, təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə, axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda aparıla bilər. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti CPM-nin 246.2.1-246.2.3-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edilmədən, məhkəmə qərarı alınmadan keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydalarının kobud pozuntularla aparılması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 125.2.6-cı maddəsinə əsasən cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə iş materiallarına əsaslanaraq belə nəticəyə gəlir ki, qanunun tələblərinin kobud surətdə pozulması ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” adlı protokol mümkün olmayan sübut kimi qiymətləndirilərək CPM-nin 125.2-ci maddəsinin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz və əhəmiyyətsiz hesab edilməlidir. Sübut kimi qəbul edilə bilməyən və əhəmiyyətsiz hesab edilən xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə barədə” adlı protokoldan başqa ittiham tərəfindən Təqsirləndirilən şəxs üzərindən 0,245 qram çəkidə narkotik vasitə heroinin aşkar edilməsini təsdiq edən hər hansı digər sübutlar təqdim edilməmişdir. Məhkəmə istintaqı zamanı baxılan cinayət işində aşkar edilmiş ziddiyyətli məqamlardan biri ondan ibarət olmuşdur ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olarkən onunla birlikdə yaşayan qardaşı Təqsirləndirilən şəxs ilə aralarında mübahisə yaranmış və o, Q.İsmayılovu qorxutmaq məqsədilə DİN-nin 102 xidmətilə telefon vasitəsilə əlaqə yaradaraq baş vermiş mübahisə barədə məlumat vermişdir. Şahid4 sözlərinə görə o, DİNnin 102 xidməti ilə telefon əlaqəsi saxlayarkən qardaşı Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi barədə deyil, yalnız aralarında baş vermiş mübahisə barədə məlumat vermişdir. İş materiallarına əlavə edilmiş Hacıqabul RPŞ-nin NH-nin məsul növbətçisi polis mayoru S.Kərimov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan isə görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:18 radələrində Şahid4 ***-***-**- ** nömrəli mobil telefondan DİN-nin 102 xidmətinə zəng edərək qardaşı İsmayılın yaşadığı ünvanda narkotik vasitə qəbul etməsini və onu ölümlə hədələdiyini bildirmişdir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Azərbaycan Respublikası CPM-nin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş məhkəmənin digər vəzifəsi şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaqdan ibarətdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutların mümkünlüyünü müəyyən edən 125-ci maddəsində təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət-prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Cinayət-Prosessual Məcəlləsinin 125ci maddəsində məlumatların, sənədlərin və digər əşyaların cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. Həmin maddədə göstərilən məlumatlar, sənədlər və digər əşyalar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa Məhkəməsi “Radçikov Rusiya Federasiyasına qarşı” qərarında istintaqın natamamlığı və birtərəfli aparılmasına istinad edərək təqsirləndirilən şəxs haqqında çıxarılmış bəraət hökmünün yuxarı məhkəmə instansiyasında ləğv edilməsinə nail olan prokurorluq orqanlarının hərəkətləri ilə bağlı bildirmişdir ki, şikayətçinin işi üzrə “istintaqın natamam və birtərəfli olması və səhvən bəraətə gətirib çıxarması” haqqında bəyanat mahiyyət etibarilə – məhkəmə səhvləri olmadığı, səlahiyyətlərdən sui-istifadə edilmədiyi, maddi hüququn tətbiqində səhvlər olmadığı təqdirdə - məhkəmə araşdırmasında əhəmiyyətli pozuntunun mövcudluğunu göstərmir (“Bratyakin Rusiya Federasiyasına qarşı” şikayətlə bağlı qərar). Əks təqdirdə istintaq orqanları tərəfindən ibtidai istintaqınlazımi səviyyədə keçirilməməsinin nəticələrinin yükü tamamilə şikayətçinin üzərinə qoyulardı və ən əhəmiyyətlisi odur ki, yalnız istintaq prosedurunda qüsurların və ya səhvlərin olması ilə bağlı təkcə mülahizə, onların kiçik və əhəmiyyətsiz olduğundan asılı olmayaraq, ittiham orqanları üçün artıq baxılmış və yekun qərar çıxarılmış işlər üzrə icraatın təzələnməsi haqqında vəsatətlər verməklə səlahiyyətlərindən sui-istifadə üçün sərhədsiz imkanlar yaradardı. Bu prosedurdan sui-istifadə imkanının təhlükəli olması hazırkı şikayətə əsas olan işlər kimi işlərdə xüsusilə ciddidir, çünki ittiham tərəfi istintaqın qüsurlarını görərək və məhkəmədən həmin işin əlavə istintaq edilməsi üçün qaytarılması haqqında vəsatət vermək imkanına malik olduqları halda bu imkandan istifadə etməməyə üstünlük vermiş, bunun əvəzinə (kassasiya) nəzarət qaydasında hüquqi müdafiə vasitəsinə müraciət etmişlər. Bu işlə bağlı Avropa Məhkəməsi hesab etmişdir ki, dövlət hakimiyyət orqanlarının səhvləri və ya qüsurları təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Başqa sözlə, istintaq orqanlarının və ya hətta məhkəmələrin səhvləri ilə bağlı riskləri dövlət daşımalıdır və belə səhvlər maraqlı şəxsin (təqsirləndirilən şəxsin) hesabına aradan qaldırıla bilməz. Beləliklə, bu işdə Avropa Məhkəməsi hesab etmişdir ki, şikayətçinin işi üzrə bəraət hökmünün ləğv edilməsi məhkəmə səhvinin və ya ədalət mühakiməsinin həyata keçirilməsi zamanı yol verilən səhvin aradan qaldırılması məqsədini daşımamış, sadəcə, təkrar məhkəmə araşdırması və işin yenidən baxılması məqsədi üçün istifadə edilmişdir. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroinin aşkar edilib götürülməsi ilə bağlı əməliyyat-axtarış tədbiri qanunun tələblərinin kobud surətdə pozulması ilə aparılmış, həmin tədbirin qanuniliyi məhkəmə tərəfindən yoxlanılmamışdır. Həmçinin şahid ifadələrində aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğu, hal şahidlərinin iştirakının mütəmadiliyi və onların cinayət prosesində şəxsi maraqlarının olması müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən əldə edib daşıyaraq saxlama cinayətini törətməsi sübuta yetirilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr olsa da, onun təqsirli bilinməsinə yol verilmir. Cinayət Prosessual Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Yuxarıda qeyd edilənləri məcmu halda nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 əməllərində Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmiş, ibtidai istintaq orqanı tərəfindən sübutlar qanunun tələblərinin pozulması ilə toplanılmış, şəxsə əsassız olaraq ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələbinə görə cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, təqsirləndirilən şəxsin baş vermiş cinayət hadisəsinə aidiyyəti sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxs barəsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.2 və 42-ci maddələrini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilməlidir. İşdə olan protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə azad edilmiş, həmin vaxtdan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verilməli olduğu üçün onun haqqında seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv olunmalıdır. İşdə olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7298 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannbinoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Qeyd olunan bu ekspertiza rəyi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, Hacıqabul RPŞ-nin maddi sübutlar saxlancı anbarında saxlanılan cinayət işi üzrə maddi sübutlar – ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,195 qram narkotik vasitə heroin həmin materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxsə bəraət verildiyi üçün iş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə əlaqədar 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs aid edilməməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi fərdi fəaliyyət göstərən Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 40 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi 240 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 42, 55, 344-350, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsiri sübuta yetirilmədiyinə görə ona bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra baxılmış cinayət işi üzrə materiallar narkotik vasitəyə və psixotrop maddəyə dair cinayət təqibi məsələsinin həll edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və Hacıqabul RPŞ-nin maddi sübutlar saxlancı anbarında saxlanılan cinayət işi üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,195 qram narkotik vasitə heroin həmin materiallara əlavə edilsin. Maddi sübut olan bir ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli, 18/961 saylı məhkəmə-kimyəvi ekspertizası tədqiqatının dəyəri olan 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 40 saata görə 240 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar