Məhkəmə qərarları › İş №1(071)-34/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-34/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-34/2024 05.09.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – X4, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri M.F.Axundov küçəsi ev 17 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X9, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri M.F.Axundov küçəsinə daşımış, 04 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri M.F.Axundov küçəsində saxlanılaraq Hacıqabul RPŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,610 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan qara rəngli şalvarın sağ ön cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qeyd edilən cinayətdə özünü təqsirli bilməyərək etirafedici olmayan ifadə verməsinə baxmayaraq, göstərilən xüsusatlar şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X9 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, əvvəllər dəfələrlə məhkum olunmuşdur. O, 03 oktyabr 2023-cü il tarixdə taksi ilə Şirvan şəhərindən Hacıqabul şəhərinə gəlmişdir. Hacıqabul şəhərinə çatdıqdan sonra “Anar” marketin qarşısında dostları Məmmədov Fazil və Əsgərov İntiqamla birlikdə olarkən Hacıqabul RPŞ-nin əməkdaşları Şahid1 və Şahid3 onlara yaxınlaşaraq polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olarkən Şahid1 ona hədə-qorxu gələrək təklif edilən narkotik vasitənin ona məxsus olduğunu etiraf etməyəcəyi təqdirdə ona şər-böhtan atacağını bildirmişdir. O, bundan qorxaraq polis əməkdaşları tərəfindən ona verilmiş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. O, “Anar” marketin qarşısında olarkən üzərində narkotik vasitə olmamışdır. Həmin vaxt onunla birlikdə olan Fazil Məmmədovun da, üzərindən narkotik vasitə aşkar edilmiş, lakin İntiqam Əsgərovun üzərindən narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs X9 məhkəmə iclası zamanı ibtidai araşdırma müddətində verdiyi yazılı ifadə ilə ziddiyyət təşkil edən ifadə verdiyi üçün onun ibtidai araşdırma zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. İbtidai araşdırma zamanı təqsirləndirilən şəxs X9 qeyd edilən cinayətdə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, ünvan 1 ünvanda yaşayır. Uzun illərdir narkotik vasitədən istifadə edir. Əvvəllər Cinayət Məcəlləsinin 177.2.3, 234.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. 03 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhərindən Hacıqabul rayonuna gəlib “Bakı dairəsi” adlanan ərazidə avtomobildən düşmüşdür. Küçə ilə gedən zaman diqqətini yerdə bir ədəd selofan büküm cəlb etmişdir. Həmin bükümü götürüb baxan zaman içərisində narkotik vasitə heroin olmasını görüb və ətrafda heç kimin olmadığını görüb tapdığı heroini istifadə etmək məqsədilə şalvarının cibinə qoymuşdur. Sonra yaşadığı evə gedib tapdığı narkotik vasitə heroinin bir hissəsini istifadə edib qalan hissəsini cibinə qoymuşdur. 04 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində Hacıqabul şəhəri M.F.Axundov küçəsində dayanıb tanışları X16 və İntiqam ilə söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşmışdır. Polislər onun və X10 qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərlərində daşımaqda şübhəli olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərlərində şəxsi axtarış keçirilməsi üçün polislərlə birlikdə polis şöbəsinə gəlməklərini bildirmişlər. Polis şöbəsinə gəldikdən sonra onu xidmətə otağa gətirmişlər. Polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin təhqiqatçısı Taryel Səfərov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona izah edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. X13 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərinə aparılacaq şəxsi axtarış zamanı videçəkilişdən istifadə olunacağını bildirmişdir. Təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, əşya varsa təqdim etməsini ona təklif etmişdir. O, əynində olan qara rəngli şalvarın sağ ön cibində saxladığı bir ədəd sellofan bükülüdə ola narkotik vasitə heroini təqdim etmişdir. Təhqiqatçı tərəfindən onun təqdim etdiyi bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 0,66 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və o, imzası ilə həmin protokolu təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 oktyabr 2023-cü il tarixdə Hacıqabul şəhər sakinləri X4 və X10 Hacıqabul rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə saxlamaları və daşımaları ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Famil Məmmədovun və Rəşad Ağamalıyevin şübhəli şəxs qismində saxlanılması və daşımaları ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Famil Məmmədovun və Rəşad Ağamalıyevin şübhəli şəxs qismində saxlanılması, Hacıqabul rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onların üzərinə baxış keçirilməsi ilə əlaqədar təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qərar qəbul edilmişdir. Hacıqabul rayon polis şöbəsinin rəhbərliyinin əmri əsasında ondan, CAB-nin əməliyyat müvəkkili Şahid2 və PPXB-nin polis nəfəri Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 04 oktyabr 2023-cü il tarixdə saat 00:15 radələrində Famil Məmmədovu və X12 şəhəri M.F.Axundov küçəsində saxlayaraq Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını, Famil və Rəşadın narkotik vasitələrin qanunsuz istifadəsində və üzərlərində saxlamalarında şübhəli olduqlarını bildirmişlər. Famil Məmmədovdan və Rəşad Ağamalıyevdən şifahi olaraq üzərlərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olubolmamasını soruşan zaman Famil və Rəşad onlarda davranışları ilə daha da, şübhə yaratmış və bu səbəbdən və onların üzərində şəxsi axtarış aparılması üçün əlverişli şəraitin olmadığından Famil Məmmədovun və Rəşad Ağamalıyevin üzərlərində şəxsi axtarış aparmaq üçün onları Hacıqabul RPŞ-nə dəvət etmişlər. Onlar Hacıqabul RPŞ-nə gəlmiş və o, bu barədə şöbə rəhbərliyinə məlumat vermişdir. Sonra onlar təhqiqatçı Tarıyel Səfərovun xidməti otağına daxil olmuşlar. X17 üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmişdir. Famil Məmmədovun üzərində şəxsi axtarış yekunlaşdıqdan sonra Rəşad Ağamalıyevin üzərinə şəxsi axtarış aparılmasına başlanılmışdır. X15 tərəfindən şübhəli şəxsə hüquq və vəzifələri barədə bildiriş verildikdən sonra Rəşad Ağamalıyev ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Müdafiəçi qismində Şirvan Regional Vəkil Bürosunun vəkili X13 dəvət olunduqdan sonra təhqiqatçı R.Ağamalıyevin üzərinə şəxsi axtarış keçirilən zaman video çəkilişdən istifadə olunacağı barədə iştirakçılara bildirmişdir. Bundan sonra təhqiqatçı X6 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etmiş, R.Ağamalıyev əynində olan qara rəngli şalvarın sağ ön cibində saxladığı bir ədəd selofan bükümü çıxararaq təhvil vermişdir. Təhqiqatçı həmin bükümü açdıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmiş, həmin bükümdə aşkar olunan maddənin nə olmasını R.Ağamalıyevdən soruşduqda, o, həmin maddənin narkotik vasitə heroin olmasını, həmin maddəni Hacıqabul şəhəri H.Həmidov küçəsində yerləşən “Bakı dairəsinin” yaxınlığında yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra onun üzərinə axtarış davam etdirilmiş, lakin əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,66 qram olduğu müəyyən edilmişdir. Rəşad Ağamalıyevin üzərindən aşkar olunan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq möhürlə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ilə onlayn qaydada görüntülü şəkildə mobil telefon vasitəsi ilə əlaqə yaradılmış və o, şahidlər Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 oktyabr 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, X4 əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd selofan bükümdə narkotik vasitə heroin bənzər maddə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/972 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...X4 üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi - 0,610 qram olan maddə kustar üsulla hazırlanmış narkoik vasitə heroindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarının həddinin 0,15 qram, külli miqdarın həddinin 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7038 nömrəli rəyindən görünür ki, müayinə zamanı X5 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3633 nömrəli rəyindən görünür ki, müayinə zamanı X9 cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, X4 üzərindən aşkar edilmiş narkotik vasitə heroini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Onun narkotik vasitə heroini öz istifadəsi üçün üzərində saxlaması müəyyən edilmişdir. X1 zaman yanında olan İntiqam adlı şəxsin R.Ağamalıyevin üzərindən narkotik vasitənin olmasından xəbəri olmamış və İntiqam adlı şəxsin şəxsiyyətini müəyyən edərək istintaqa cəlb edilməsi mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,560 qram qalan narkotik vasitə hesab edilən heroin maddi sübut kimi tanınmışdır. Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Taryel Səfərov tərəfindən tərtib edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 00:15-dən etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 01:35-də Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Tutulmuş şəxsin azad edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə saat 16:45 radələrində MSY-dən azad edilmişdir. “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 şəhəri M.F.Axundov küçəsi ev 17 ünvanında yaşayır. Hacıqabul rayonu Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X9 yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Hacıqabul rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X9 barəsində axtarış elan edilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 14 saylı TSEK tərəfindən verilmiş 905548 saylı arayışdan görünür ki, X9 ikinci qrup əlildir. Lakin, elektron sistemdən çıxarışdan görünür ki, X9 ailə başçısını itirməyə görə (ABİ) 330.22 manat pensiya alır. Onun, əlilllik dərəcəsi ilə əlaqədar elektron sistemdə heç bir məlumat mövcud deyil. Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3-16-17/42/2-1810 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X9 xx.xx.2024-cü il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən tutulmuş və xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına keçirilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmlərinin və qərarının surətindən görünür ki, X9 ümumilikdə səkkiz dəfə cinayət məsuliyyətinə cəlb edilmişdir. O, Şirvan şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar cəzadan azad edilmişdir. Bundan başqa, o, Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 14 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, X9 barəsində Şirvan şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına münasibətdə məhkumluq cəzadan azad edildikdən 2 il sonra, yəni xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş, Hacıqabul rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilinmiş cinayətə münasibətdə məhkumluq şəxsin cəzadan azad edildiyi vaxtdan 2 il sonra, yəni xx.xx.2025ci il tarixdə ödəniləcəkdir. Təqsirləndirilən şəxs X9 hazırki cinayət əməlini xx.xx.2023-cü il tarixdə, yəni qeyd olunan hər iki hökmlə təqsirli bilinmiş cinayətlərə münasibətdə məhkumluqlar ödənilməmiş halda törətmişdir. Qeyd olunanlara əsasən, məhkəmə təqsirləndirilən şəxs X4 əməlində cinayətlərin təhlükəli residivinin olmasını qeyd edir. Təqsirləndirilən şəxs X9 xx.xx.2024-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, ibtidai araşdırma orqanları tərəfindən prosessual pozuntulara yol verilmiş, nəticədə o, əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X4 məhkəmə istintaqı zamanı ifadə verərkən təqsirini etiraf etməyərək aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını, həmin narkotik vasitənin Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən ona verildiyini və polis əməkdaları tərəfindən ona hədə-qorxu gəlindiyini bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, X9 ibtidai araşdırma zamanı qeyd edilən hallarla əlaqədar hər hansı bir dövlət orqanına bununla əlaqədar müraciət etməmiş, bundan başqa üzərində şəxsi axtarış aparılarkən tədbirin keçirilməsində iştirak edən müdafiəçiyə bu barədə heç bir məlumat verməmişdir. Baxmayaraq ki, ibtidai araşdırma orqanı tərəfindən X9 barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Yəni, onun müxtəlif dövlət orqanlarına şikayət etmək üçün kifayət qədər imkanı olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bundan başqa, təqsirləndirilən şəxs X4 vəsatəti ilə onun istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsinə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olmuş zənglərin, habelə anten dairəsi barədə məlumatların götürülməsi məqsədilə "xxxx" MMC-yə sorğu göndərilmişdir. "xxxx" MMC-dən daxil olmuş məktuba və əlavə edilmiş CD diskdə olan məlumatlara əsasən məlum olur ki, təqsirləndirilən şəxs X9 xx.xx.2023-cü il saat 20:28-dən saat 23:21-dək Hacıqabul şəhərində Bayram İbrahimov və Ziya Bünyadov küçələrində olmuşdur. Saat 23:30-dən etibarən X14 şəhərində “hərbi şəhərcik” deyilən ərazidə olmuşdur. İş üzrə şahid qismində ifadə vermiş Hacıqabul RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid1 ifadə verərək bildirmişlər ki, onlar yaradılmış əməliyyat qrupunun tərkibində xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində X12 şəhəri M.F.Axundov küçəsində saxlayaraq Hacıqabul RPŞ-nə dəvət etmişlər. Məhkəmə təqsirləndirilən şəxs X4 istifadəsində olan mobil telefon nömrəsinin anten məlumatları ilə iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3 və Şahid1 ifadələri arasında mövcud olan ziddiyyətlə əlaqədar qeyd edir ki, polis əməkdaşları təqsirləndirilən şəxs X7 xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində Hacıqabul şəhəri M.F.Axundov küçəsində saxladıqlarını bildirmiş, lakin anten məlumatlarına əsasən məlum olur ki, təqsirləndirilən şəxs X9 xx.xx.2023-cü il saat 20:28-dən saat 23:21-dək Hacıqabul şəhərində Bayram İbrahimov və Ziya Bünyadov küçələrində, saat 23:30-dən etibarən isə Hacıqabul şəhərində “hərbi şəhərcik” deyilən ərazidə olmuşdur. Yuxarıda qeyd edilən ziddiyyətlərlə əlaqədar qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Rəşad Ağamalıyevin tutulmasında iştirak edən polis əməkdaşları tərəfindən verilən ifadələr zamanı onun tutulduğu küçənin anten məlumatlarında aşkar edilmiş məkanla üstüstə düşməməsi cinayət işinin baxılmasında müəyyən şübhələrin yaranmasına səbəb olmasına baxmayaraq, bu hal nəticə etibarı ilə təqsirləndirilən şəxs X4 qeyd edilən cinayətin törədilməsində təqsirini hər hansı şəkildə şübhə altına almır. Belə ki, təqsirləndirilən şəxs X4 şübhəli şəxs qismində harada tutulmasından asılı olmayaraq onun üzərində şəxsi axtarış Hacıqabul RPŞ-nin inzibati binasında xidməti otaqda müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Həmin istintaq hərəkəti Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun aparılmış və nəticədə təqsirləndirilən şəxs X4 üzərindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər. Həmin Məcəllənin 134.3-cü maddəsinə əsasən cinayət barədə şifahi ərizənin qəbulu, təqsirini boynuna almaqla könüllü gəlmə, tutulma, şəxslərə hüquq və vəzifələrini izah etmə protokolları faktı təsdiq edən sübut növü kimi istifadə oluna bilər. Göründüyü kimi, cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol yalnız həmin faktı təsdiq edən sübut növü hesab edilir. Bundan başqa, qeyd edilməlidir ki, anten məlumatlarına əsasən təqsirləndirilən şəxs X9 xx.xx.2023-cü il saat 23:30-dən etibarən Hacıqabul şəhərində “hərbi şəhərcik” deyilən ərazidə olmuşdur. Hacıqabul şəhərində “hərbi şəhərcik” deyilən ərazi kifayət qədər geniş ərazi olmaqla şəhərin bir neçə küçəsini, habelə həmin küçələrin kəsiçməsini əhatə edən ərazidir. Anten məlumatlarında isə təqsirləndirilən şəxsin tutulma anından bir neçə dəqiqə əvvəl konkret olaraq Hacıqabul şəhərinin hansı küçəsində olması qeyd edilməmişdir. Bununla əlaqədar, məhkəmə təqsirləndirilən şəxs X4 şübhəli şəxs qismində tutulması protokolunu faktı təsdiq edən sübut kimi qəbul edərək onun xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində Hacıqabul şəhərində M.F.Axundov küçəsində tutulması faktını qəbul edir. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. X4 bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxs X4 əməlində cinayətin təhlükəli residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X4 əməlində cəzanı yüngülləşdirən hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər dəfələrlə analoji cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, şübhəli şəxs qismində tutulduğu 2 gün müddət təyin edilmiş cəzadan çıxılmalı, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan X4 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,560 qram olan narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul X3 tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X4 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X9 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 03 may 2024-cü il tarixdən hesablansın. X9 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,560 qram olan narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul X3 tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X8, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar