Məhkəmə qərarları › İş №1(071)-35/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-35/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-35/2023 28.03.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul şəhəri, H.Həmidov küçəsi ev 35-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib saxladığı texniki cəhətdən saz və atəşə yararlı olan bir ədəd 58178 №-li, Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş, 16 kalibirli, TOZ-B modelli, çaxmağlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş (obrez), hamar qoşa lüləli odlu yivsiz silah olan ov tüfəngini üzərində daşıyaraq gəzdirmiş, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlanılaraq Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman həmin odlu silah aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolu ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, maddi ehtiyacını ödəmək üçün metal yığıb satmaqla məşğuldur. Təxminən bir neçə gün öncə yaşadığı Hacıqabul şəhərindən Muğan qəsəbəsi istiqamətinə gedən zaman yolun solunda yerləşən köhnə Qaya restoranının yaxınlığında yerləşən zibillik yığılan ərazidə metal axtararkən yoldan bir neçə metr kənarda bir ədəd sellofan torba görmüş, həmin torbanı götürüb içərsinə baxan zaman içərisində qundağı və lüləsi kəsilmiş silaha bənzər əşyanın olmasını görmüşdür. Bundan sonra o, həmin əşyanı özü ilə götürüb yaşadığı Hacıqabul şəhəri, H.Həmidov küçəsində yerləşən keçmiş dəmiryolu anbarının yanındakı yulğun kollarının yanında gizlətmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o, gizlətdiyi əşyanı yulğun kollarının yanından götürüb əynində olan gödəkcəsinin sol içəri döş cibində gizlədib yaşadığı evə aparmaq istəmişdir. Hacıqabul şəhəri, H.Həmidov küçəsi ilə yaşadığı ev istiqamətində gedərkən, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə Hacıqabul rayon polis şöbəsinə getmişdir. O, polis şöbəsində olarkən onun üzərində şəxsi axtarış aparılan zaman o, üzərində olan sellofan torbadakı silahı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, həmin vaxt o, tapdığı əşyanın silah olmasını dəqiq bilməmiş, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin əşyanın silah olduğunu bilmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, H.Həmidov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və polis şöbəsində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, əynində olan gödəkçəsinin sol içəri döş cibində saxladığı lüləsi və qundağı kəsilmiş ov silahını təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş lüləsi və qundağı kəsilmiş ov silahını təxminən bir neçə gün öncə tapdığını və silaha marağı olduğu üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş silah sellofan torbaya qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxs axtarış aparılan zaman o, əynində olan qara rəngli qış gödəkçəsinin sol içəri döş cibindən 1 ədəd sellofanda qundağı və lüləsi kəsilmiş qoşalüləli ov tüfəngini təqdim etmişdir. Həmin odlu silaha baxış keçirən zaman onun 1958-ci il buraxılışlı, nömrəsinin isə N58178 olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin silahı bir neçə gün əvvəl Hacıqabul şəhərinin çıxışında olan Qaya restoranının yaxınlığında olan zibillikdən tapmış, götürüb yaşadığı evin yaxınlığında gizlətmiş və xx.xx.2023-cü il tarixdə oradan götürüb evinə aparmaq istədikdə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə-ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/37 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 58178 №-li, Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin, həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir və hal-hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir (obrezdir), texniki cəhətdən sazdır və sağ lülə ilə atəş üçün yararlıdır. Silah sol lülə ilə atəşə yararsızdır. xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş odlu silahı (obrezi) haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs əvəllər odlu silahın alqı-satqısı ilə məşğul olması və odlu silah satış məqsədi ilə üzərində saxlaması ilə bağlı hər hansı bir məlumat daxil olmamışdır. “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X4 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6-41/2-26/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən konsultativ poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatdadır, ruhi-əsəb kabinetində qeydiyyatda deyildir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib qablaşdırılmış bir ədəd 58178 №-li, Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş, 16 kalibirli, TOZ-B modelli, çaxmağlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş (obrez), hamar qoşa lüləli odlu yivsiz silah olan ov tüfəngi kəsiyi (obrez) silah maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən və məhkəmə aktlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Binəqədi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır. Müəyyən edilir ki, o, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə yaranmış məhkumluğu ödənilmiş olsa da, həmin məhkəmənin xx.xx.2021-ci il tarixli hökmü üzrə yaranmış məhkumluğu ödənilmədən o, yenidən qəsdən cinayət törətdiyindən, bu hal onun əməlində cinayətin residivini yaradır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X2 ifadəsində tapdığı əşyanın silah olmasını dəqiq bilmədiyini, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra həmin əşyanın silah olduğunu bildiyini desə də, məhkəmə istintaqında tədqiq edilmiş özünün şəxsi axtarış zamanı verdiyi izahatı və şahidlərin ifadələri, eləcə ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadədən görünür ki, o, cinayətin predmeti olan əşyanı əldə edərkən onun məhz silah olduğunu dəqiq bilmiş və silaha marağı olduğuna görə üzərində saxlamışdır. İşin qeyd edilən hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsinin həmin hissəsi məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirilməlidir. “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 27 may 2005-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində qeyd olunur ki, Cinayət Məcəlləsinin 228.1-ci maddəsində silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz əldə edilməsi dedikdə, onların satın alınması, başqa əmlakla və ya əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, habelə, tapılmış qeyd olunan predmetlərin mənimsənilməsi və s. hərəkətlər başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, mülki dövriyyədən çıxarılmayan yivsiz lüləli ov tüfənginin qanunsuz hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaratmır. Lakin qadağan edilmiş, uzunluğu 800 mm-dən az olan, habelə konstruksiyası onu qatlamaq, sökmək və ya yığmaq imkanı verən və bu zaman atəş imkanının aradan qaldırmayan odlu ov silahının qanunsuz dövriyyəsi CM-nin yuxarıda qeyd edilən maddələrinin tərkibini yaradır. Bununla belə ov tüfənglərinin, o cümlədən yivsiz lüləli ov tüfənglərindən təyinatını itirən kəsilmiş tüfəngin hazırlanması, əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması, gəzdirilməsi və ya talanması müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 228, 229 və 232-ci maddələrinin tərkibini yaradır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs lüləsi və qundağı kustar üsulla kəsilmiş, öz təyinatını itirmiş 16 kalibrli ov tüfəngini qanunsuz olaraq əldə etməsi və üzərində saxlayaraq gəzdirməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolu və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halları müəyyən etmədi. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. (CM 61.1.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətinin mənfi xarakterizə olunması, əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin 4(071)-09/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlnılmalıdır. Bundan əlavə məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və Hacıqabul şəhər Polis şöbəsində saxlanılan bir ədəd 58178 №-li, Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş, 16 kalibirli, TOZ-B modelli, çaxmağlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş (obrez), hamar qoşa lüləli odlu yivsiz silah olan ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. (CPM 132.1.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat 30 dəqiqə vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 75 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan bir ədəd 58178 nömrəli, Tula silah zavodunda 1958-ci ildə istehsal olunmuş, 16 kalibirli, TOZ-B modelli, çaxmağlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş (obrez), hamar qoşa lüləli odlu yivsiz silah olan ov tüfəngi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 75 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar