Məhkəmə qərarları › İş №1(071)-35/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-35/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-35/2024 06.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Salyan rayonu, Qubalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq, xeyli miqdarda narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu, Qubalıbaloğlan kəndinə daşımış, 23 oktyabr 2023-cü il tarixdə saat 18:20-də Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 38,210 qram xeyli miqdarda xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryək əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Uzun müddət narkotik vasitələrdən istifadə etmişdir. 23 oktyabr 2023-cü il tarixdə saat 15 radələrində Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində yol ilə gedən zaman yerdə bir ədəd büküm olduğunu görmüş və həmin bükümü götürüb içərisinə baxdıqda, orada tiryək olduğunu görmüşdür. O, əvvəllər də tiryəkdən istifadə etdiyinə görə həmin maddəni dərhal tanımışdır. Sonra tapdığı narkotik vasitəni şalvarının cibinə qoymuşdur. Həmin gün saat 18 radələrində Qubalıbaloğlan kəndində yolda gedən zaman iki nəfər şəxs ona yaxınlaşaraq Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirib üzərinə şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində onun üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan cins şalvarın qabaq sağ yan cibində saxladığı bir ədəd bükümü təqdim edərək içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Həmin maddə zərfə qoyularaq möhürlənmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ya polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən ona qarşı hər hansı formada zorakılıq olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirdi ki, 23 oktyabr 2023-cü il tarixdə Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs Hacıqabul rayonu ərazisində qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması, Hacıqabul rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərəfindən qərar qəbul edilmişdir. Həmin gün əməliyyat qrupu yaradılmış və saat 18:20 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, Qubalıbaloğlan kəndində saxlayaraq, ona Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Onlar Hacıqabul rayon polis şöbəsinə gəldikdən sonra onlar birlikdə təhqiqatçının xidməti otağına gəlmişlər. Təhqiqatçı tərəfindən müdafiəçi dəvət olunmuş və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ cibində olan bir ədəd bükümü çıxararaq təhqiqatçıya vermişdir. Təhqiqatçı həmin bükümü açdıqda içərisində narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən olunmuş, həmin bükümdən aşkar olunan maddənin nə olmasını Təqsirləndirilən şəxs soruşduqda o, həmin maddənin tiryək olduğunu, Qubalıbaloğlan kəndində yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin kütlə elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan göy rəngli cins şalvarın qabaq sağ cibində gizlətdiyi bir ədəd sellofan kəsiyi bükümü təqdim edərək həmin bükümün içərisində narkotik vasitə tiryək olduğunu bildirmişdir. Həmin sellofan kəsiyi bükümü açdıqda içərisində narkotik vasitə tiryəkə bənzər maddə götülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilmiş həmin maddəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində küçədə yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş tiryəkə bənzər maddə elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisinin 38,37 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə iştirakçıların iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/1006 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs......” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 38,210 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 0,10 qramı tədqiqata sərf edilmiş, faktiki olaraq təmiz çəkisi 38,110 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 19-cu bəndində tiryək adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,5 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 50 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 7940 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan asılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyyacı yoxdur. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə tiryəki haradan və kimdən əldə etməsini, Hacıqabul rayon ərazisində və ya Respublika daxilində kimlərə narkotik vasitə satıb-satmamasını müəyyən etmək mümkün olmamışdır. “Əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” xx.xx.2023cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 38,110 qram qalmış narkotik vasitə tiryək və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə tiryək saxlanması üçün Hacıqabul rayon polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş, şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntüləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər beş dəfə cinayət məsuliyyətinə cəlb edilmiş və onun bütün məhkumluqları ödənilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. Hacıqabul şəhər İcra Hakimiyyəti başçısının İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 345 saylı arayışdan görünür ki, Hüseynov X1 rayonu, Qubalıbaloğlan kəndində qeydiyyat olmaqla, həmin kənddə yerləşən evində tək yaşayır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə tiryəki əldə etməsi və üzərində saxlamaqla daşıması tam sübuta yetirilir. Təqsirləndirilən şəxsin bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (külli miqdara yaxın həddə) narkotik vasitə olan tiryəki əldə edib saxlayaraq daşıması, məhkumluqları ödənilmiş olsa belə əvvəllər dəfələrlə cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum olunması, bundan nəticə çıxarmayaraq yenidən cinayət törətməsinin onun şəxsiyyətini mənfi xarakterizə etməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 38,110 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin, onun ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Həmçinin qeyd edilməlidir ki, məhkəmə araşdırmasının əvvəlində təqsirləndirilən şəxsin hüquqlarının müdafiə edilməsi üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Daha sonra təqsirləndirilən şəxs digər müdafiəçi ilə müqavilə bağlamasına baxmayaraq, dövlət hesabına təyin edilmiş müdafiəçidən imtina etməmişdir və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi dövlət büdcəsi hesabına Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 5 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 38,110 qram olan narkotik vasitə tiryək məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat, doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan, təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar