Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-36/2024 13.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, "xxxx" MMC-də sürücü işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Hacıqabul rayonu Meyniman kəndi ərazisində yerləşən meşə massivində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncunu qəsdən döyərək ona – alın nahiyyəsinin cırılmış yarası, sağ almacıq nahiyyəsinin sıyrığı, üst dodağının iç səthinin qançırı, bel nahiyyəsinin sıyrığı kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Hacıqabul rayonu, Meyniman kəndində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Ramil bir neçə il əvvəl onun vəfat etmiş qızının ünvanına söyüş işlətdiyi üçün onunla münasibətləri yaxşı olmamışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində yaşadığı Meyniman kəndi ərazisində yerləşən meşəyə göbələk yığmaq üçün getmişdir. Həmin vaxt Ramili də həmin ərazidə təsadüfən görmüşdür. Onunla rastlaşan vaxt Ramilin bir əlində bıçaq, digər əlində isə sellofan torba olmuşdur. Həmin vaxt Ramil onun ünvanına heç bir səbəb olmadan nalayiq söyüşlər söyməyə başlamışdır. O, Ramilə yaxınlaşan zaman Ramil əlindəki bıçaqla onu vurmaq istəmişdir. Lakin, o, Ramilin əlindən bıçağı almış və ona bir neçə şillə vurmuşdur. Sonda təqsirləndirilən şəxs törətdiyi bu cür hadisənin baş verməsini istəmədiyini, Ramili illər əvvəl onun qızına söyüş söydüyünə görə bağışlaya bilmədiyini, lakin bununla belə onunla barışmaq istədiyini bildirdi və ailə vəziyyətinin nəzərə alınaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Hacıqabul rayonu, Meyniman kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. xx.xx.2024-cü il tarixdə saat təxminən 11 radələrində yaşadığı Meyniman kəndi ərazisində yerləşən meşəyə göbələk yığmaq üçün getmişdir. Həmin vaxt Şamili də orada görmüşdür. Şamil heç bir səbəb olmadan onun arxasından yaxınlaşaraq onu onu yumruq və təpiklə döyməyə başlamışdır. Həmin vaxt onun əlində bıçaq olmamış, Şamilə qarşı heç bir müqavimət göstərməmişdir. Analoji hadisə son illər ərzində iki dəfə də olmuş, lakin Şamilin qohumlarının xətrinə və qonşuluqda yaşadıqlarına görə heç bir orqana müraciət etməmişdir. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlamadığını və onunla barışmadığını qeyd edərək, təqsirləndirilən şəxsin ən ağır şəkildə cəzalandırılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə Hacıqabul rayonu, Meyniman kəndi ərazisində yerləşən meşə massivində hadisənin baş verdiyi yerə baxış keçirilmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya şöbəsinin xx.xx.2024-cü il tarixli, 19 nömrəli «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-alın nahiyyəsinin əzilmiş-cırılmış yarası. Sağ almacıq nahiiyəsinin sıyrığı. Üst dodağın iç səthinin qançırı. Bel nahiyyəsinin sıyrığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2024-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "yüngül" zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Meyniman kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 49 saylı arayışdan görünür ki, Muradov X1 rayonu Meyniman kəndində qeydiyyatda olmaqla, həyat yoldaşı X4, 2009-cu il təvəllüdlü oğlu X2 və 2010-cü il təvəllüdlü oğlu X3 ilə birlikdə yaşayır. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Meyniman kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində hadisə vaxtı Zərərçəkmiş şəxs əlində bıçaq olduğunu, Ramilin bıçaqla onu vurmaq istədiyini, lakin bıçağı onun əlindən aldığını və sonra ona bir neçə şillə vurduğunu bildirsə də, iş materiallarında olan sübutlarla təqsirləndirilən şəxsin həmin ifadəsi təkzib olunur. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı verdiyi ifadələrindən müəyyən olunur ki, o, hadisə vaxtı zərər çəkmiş şəxsin əlində bıçaq olması barədə məlumat verməmiş, iş materiallarında da hadisə vaxtı zərər çəkmiş şəxsin əlində bıçaq olması və ya onun bıçaqla təqsirləndirilən şəxsə hücum etməsi barədə məlumat (sübut) yoxdur. Zərər çəkmiş şəxs isə məhkəmə iclasında verdiyi ifadəsində təqsirləndirilən şəxsin yalan danışdığını, hadisə vaxtı onun əlində bıçaq olmadığını və təqsirləndirilən şəxsə hücum etmədiyini bildirmişdir. Bundan başqa, məhkəmə-tibbi ekspertizasının rəyində göstərilən xəsarətlərin sayı və lokalizasiyası nəzərə alındıqda müəyyən edilir ki, hadisə vaxtı təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə bir-iki şillə vurmamış, əl və ayaq zərbələri ilə bir neçə dəfə vurmaqla zərər çəkmiş şəxsin bədəninin müxtəlif nahiyyələrinə xəsarət yetirmişdir. Belə olan vəziyyətdə məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini qeyri-səmimi və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırması dövründə təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş zərəri ödəməmiş, zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmamış, törətdiyi əmələ görə onu bağışlamamışdır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.1.4, 59.2). Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən аzadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, eləcə də tərəflər arasında gələcəkdə yarana biləcək münaqişənin olmaması üçün onun üzərinə zərər çəkmiş şəxs və onun ailə üzvləri ilə ünsiyyətdə olmamaq vəzifəsi qoyulmalıdır. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 17 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 102 manat pul köçürülməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 06:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində yaşayış yerini saat 23:00-dan saat 06:00-dək və Hacıqabul rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, eləcə də zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və onun ailə üzvləri ilə ünsiyyətdə olmamaq vəzifələri qoyulsun. Cəzanın icrası Hacıqabul rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 102 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(071)-36/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-36/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver