Məhkəmə qərarları › İş №1(071)-36/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-36/2025

27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-36/2025 27.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyytda olmaqla, Bakı şəhəri Yasamal rayonu ünvanı olmayan evdə kirayə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün tanışları X7 və Şahid ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 29 dekabr 2023-cü il tarixdə saat 03 radələrində X3 etibarnamə əsasında idarə etdiyi “DAEWOO Centra” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus həmin ünvanda yerləşən həyətyanı sahəsinin yanına gəlib, aralarında olan razılaşmaya uyğun olaraq X1 şəxslər gəldiyi halda ona və Şahid xəbər vermək məqsədilə avtomobildə gözləmiş o, isə Şahidla həyatyanı sahəyə yaxınlaşıb tövlənin qapısını açmaqla saxlanc yeri hesab olunan ətrafı hasarla əhatələnmiş Zərərçəkmiş şəxs məxsus həyətyanı sahəyə, daha sonra həyətdə olan tövləyə qanunsuz daxil olub cəmi 3200 manat dəyərində 2 yaşlı, erkək cinsindən, diri çəkisi təxminən 40 kq olan 1 baş yerli cins qoç, 2 yaşlı sarımtıl və qırmızı rəngli, dişi cinsindən, boğaz, hər birinin diri çəkisi təxminən 35 kq olan 4 baş yerli cins qoyun, 2 yaşlı sarımtıl və qırmızı rəngli, dişi cinsindən, hər birinin diri çəkisi təxminən 35 kq olan 2 baş yerli cins qoyun və 1 yaşlı ağ rəngli, dişi cinsindən, diri çəkisi təxminən 35 kq olan 1 baş yerli cins qoyun olmaqla, ümumilikdə 8 (səkkiz) baş xırda buynuzlu heyvanları gizli yolla talayıb, yəni oğurlayaraq X3 etibarnamə əsasında idarə etdiyi “DAEWOO Centra” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanına gətirdikdən sonra birlikdə oğurladıqları heyvanları avtomobilin yük yerinə və salonuna yükləyib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs məxsus 3200 manat məbləğində yuxarıda qeyd olunan 8 (səkkiz) baş xırda buynuzlu heyvanları saxlanc yerinə qanunsuz daxil olmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamış, yəni gizli yolla talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, ünvan 1-də qeydiyyatda olsa da, Bakı şəhəri Yasamal rayonunda ünvanını bilmədiyi evdə kirayə yaşayır. Şahid və X5 tanıyır. Onlarla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi yoxdur. Şahid onun dayısı qızının həyat yoldaşıdır. Onların qohumluq münasibəti var və onunla münasibətləri normaldır. Elşən Zamanovu isə o, uzun müddədir ki, Kürdəmir rayon sakini kimi tanıyır, münasibəti vardır. Şahid adı Xidmət olsa da, ona çox adam “Cəbrayıl” və ya “Cəbi” kimi müraciət edir və həmin adlarla tanıyırlar. 28 dekabr 2023-cü il tarixdə o, Şahidla Bakı şəhəri, Yasamal rayonunda rastlaşmış və onunla birlikdə Şahid yaşadığı evə getmişdir. O, Şahid yaşadığı mənzilin kirayəsini ödəmək üçün pulunun olmadığını öyrənəndə qohumu olduğu üçün ona yazığı gəlmiş və o, Şahid bu məsələdə ona kömək edə biləcəyini qeyd edib X8nın yaşadığı Kürdəmir rayonunda yerləşən evinə gedib bacısından ucuz qiymətə saxladığı hind quşlarını alıb Bakı şəhərində satıb əldə etdiyi pulu isə Şahid verə biləcəyini bildirmişdir. O, Şahid onunla Kürdəmir rayonuna getməsini təklif etmiş, Şahid onunla razılaşandan sonra o, tanıdığı Elşən Zamanova zəng edərək onu Yasamal rayonuna çağırmışdır. Elşən Zamanov idarə etdiyi “DAEWOO Centra” markalı **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yasamal rayonuna Şahid yaşadığı ünvanın yaxınlığına gəlmiş, 28 dekabr 2023-cü il tarixdə saat təxmini 17 radələrində onlar Elşən Zamanovdan onları Kürdəmir rayonuna aparmasını xahiş etmiş və buna görə Elşən Zamanov onlardan 70 manat pul istəmiş, o, isə ona yalnız 60 manat pul verəcəyini bildirmişdir. Elşən Zamanov onunla razılaşmış və onlar Kürdəmir rayonuna getməyə hazırlaşmışlar. Şahid avtomobilin ön sərnişin oturacağında, o, isə arxada əyləşmişdir. X9 idarə etdiyi avtomobillə Kürdəmir rayonu istiqamətində hərəkət etməyə başlamış və həmin günü saat 20 radələrində Kürdəmir rayonu Əzimli kəndində yaşayan X8nın yaşadığı ünvana gəlmişlər. Orada Şahid və Elşən Zamanov onu avtomobildə gözləmiş, o, isə bacısının yaşadığı evə getmişdir. O, X8ya fərdi yaşayış evinin həyətində saxladığı hind quşlarından bir neçəsini ona ucuz qiymətə satmasını xahiş etmiş və həmin hind quşlarını Bakı şəhərində satacağını bildirmişdir. O, X8ya hal-hazırda pulunun olmadığını, satacağı hind quşlarını Bakı şəhərində satdıqdan sonra gətirib onun pulunu verəcəyini bildirmişdir. X4 inanmamış, bacısının həyat yoldaşı Rəşad Əzizov isə ona yalnız 2-3 ədəd hind quşunu verə biləcəyini bildirmişdir. O, Rəşad Əzizovla razılaşmamış və bacısının yaşadığı evi tərk edib Bakı şəhərinə qayıtmaq qərarına gəlmişdir. O, Elşən Zamanovun idarə etdiyi avtomobilə əyləşmiş və Elşən Zamanova Bakı şəhərinə geriyə qayıtmaq istədiyini bildirmişdir. Elşən Zamanov idarə etdiyi avtomobili Kürdəmir rayonunda “dörd yol” adlanan əraziyə sürüb bir qədər orada Bakı şəhərinə gedən sərnişin gəlməsini gözləmişdir. Onlar təxmini 20-30 dəqiqə orada gözləmiş, lakin sərnişin olmadığını görmüşlər. Bundan sonra onlar birlikdə Kürdəmir rayonu ərazisində kafedə oturub yemək yemiş və 29 dekabr 2023-cü il tarixdə saat 01 radələrində Kürdəmir rayonundan Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Yolda hərəkətdə olan zaman avtomobilə benzin vurmaq və mağazadan su, siqaret almaq üçün onlar bir neçə dəfə yolda dayanmışlar. 29 dekabr 2023-cü il tarixdə saat təxmini 03 radələrində Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman o, Elşən Zamanova və Şahid Bakı şəhərinə boş qayıtmaq lazım olmadığını, onlara pul lazım olduğunu bildirmişdir. Həmin vaxt Şahid və Elşən Zamanov onunla razılaşmış və onlar yolüstü kəndlərə girib heyvan oğurlamaq barədə razılığa gəlmişlər. Bundan sonra o, Elşən Zamanova avtomobili yolun sağ tərəfi istiqamətdə kəndin içinə tərəf sürməsini bildirmişdir. Elşən Zamanov idarə etdiyi avtomobili Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində mağazanın yanından sağa tərəf kəndin içinə doğru sürmüş və bir qədər irəli getdikdən sonra avtomobili saxlamışdır. O, avtomobildən düşüb yaxınlıqda olan fərdi yaşayış evlərinin olduğu yerə tərəf getmişdir. Orada o, adını sonradan bildiyi Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyət yanı sahəsinin çəpərinə yaxınlaşmış və həyətyanı sahədə xırda buynuzlu heyvanların (qoyunların) səsini eşidib həyətyanı sahədə qoyunların olduğunu başa düşmüşdür. Sonra o, avtomobildə onu gözləyən Elşən Zamanovun və Şahid yanına getmişdir. O, Elşən Zamanova və Şahid yaxınlıqda olan fərdi yaşayış evin həyətyanı sahəsində xırda buynuzlu heyvanların olduğunu bildirib Elşən Zamanova avtomobili ora yaxın sürməsini bildirmişdir. Elşən Zamanov avtomobili Zərərçəkmiş şəxs fərdi yaşayış evinin yaxınlığına sürmüş, Elşən Zamanov avtomobilin yanında onları gözləmiş, o, Şahidla birlikdə Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətyanı sahəsinə tərəf getmişdir. Orada o, daş hasardan tullanaraq həyətə daxil olmuş və tövlənin dəmir qapısının keçəcəyini içəridən açmışdır. Bundan sonra təxmini 10-12 baş qoyunu tövlədən küçəyə çıxarmış, Şahid köməkliyi ilə onlar heyvanları avtomobilə tərəf gətirmişlər. Bundan sonra Elşən Zamanov, o, və Şahid hər biri 2 baş qoyun tutub, avtomobilin yük yerinə 4 baş qoyun, avtomobilin salonuna, arxa sərnişin oturacaqlarının olduğu yerə isə 2 baş qoyun qoymuşlar. Onlar yük yerinə qoyduqları qoyunların ayaqlarını Şahid üzərində olan qış şərfini kəsərək bağlamışlar. Digər qoyunları isə tövləyə tərəf yola salıb geri qayıtmışlar. Bundan sonra o, avtomobilin ön sərnişin oturacağına, Şahid isə arxa sərnişin oturacağına qoyunların yanında əyləşmişdir. Onlar kəndə daxil olduğu istiqamətdən deyil, gəldikləri yolla düzünə hərəkət edərək kəndin ərazisini tərk edib Bakı şəhərinə yola düşmüşlər. Bundan sonra onlar Bakı şəhəri Zabrat qəsəbəsi yaxınlığında yerləşən “Məhəmmədi” adlanan heyvan bazarına getmişlər və təxmini saat 07 radələrində ora çatmışlar. X11, o, və Şahid qoyunların hər birini 200 manata satmaqla ümumilikdə 1200 manat pul əldə etmişlər. O, qoyunların satışından əldə etdikləri pulun ona düşən hissəsinin evinin kirayəsini ödəməsi üçün Şahid vermiş, bundan sonra Elşən Zamanov onları Yasamal rayonunda avtomobildən düşürtmüş və onlar sağollaşmışlar. Sonradan ona məlum olmuşdur ki, Elşən Zamanov və Şahid Hacıqabul rayon polis şöbəsi əməkdaşları tərəfindən tutulmuş və barələrində istintaq başa çataraq cinayət işi məhkəməyə baxılması üçün verilmişdir. Həmin vaxt o, Elşən Zamanovun və Şahid istintaq zamanı oğurluq hadisəsində onun da, iştirak etdiyini bildirdiklərini və Hacıqabul rayon polis şöbəsinin əməkdaşlarının onu tapa bilmədikləri üçün barəsində axtarış elan etdiklərini bilməmişdir. O, bunu yalnız Hacıqabul rayon polis şöbəsinin əməkdaşlarının xx.xx.2024-cü il tarixdə onu Bakı şəhəri, Yasamal rayonunda saxladıqdan sonra bilmişdir. O, Hacıqabul rayon polis şöbəsinin əməkdaşlarının onu axtardıqlarını bilsəydi, o, özü polis şöbəsinə gələrdi. O, hesab etmişdir ki, Elşən Zamanov və Şahid oğurluq etdiklərini bildirib onun adını istintaqda bildirməmişlər. X12, Şahid və o, həqiqətən də, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Hacıqabul rayonu, Atbulaq kəndində Zərərçəkmiş şəxs məxsus 6 baş qoyun oğurlamışlar. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki və ya psixi zorakılıq olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Hacıqabul rayonu, Atbulaq kəndində qeydiyyatda olmaqla yaşayır. O şəxsi təsərrüfatında birbaş iri buynuzlu və 23 baş xırdabuynuzlu heyvanlar saxlayır. Həmin heyvanları yaşadığı evin giriş qapısı darvazasının sol hissəsində yerləşən tövlədə saxlayır. 28 dekabr 2023-cü il tarixdə saat 21 radələrində həmin heyvanları tövləyə salıb tövlənin qapısını bağlamışdır. 29 dekabr 2023cü il tarixdə saat 07:30- da həyətə düşən zaman tövlənin həyətə olan qapısının və tövlənin küçəyə olan qapılarının açıq olmasını görmüşdür. O, heyvanları saymış və məlum olmuşdur ki, 8 baş xırdabuynuzlu heyvanları əskikdir. Heyvanları nə qədər axtarsa da, tapa bilməmiş və ona məlum olmuşdur ki, həmin heyvanlar oğurlanmışdır. Ona görə də, bu barədə polis şöbəsinə müraciət etmişdir. Heyvanların hər biri təxmini 400 manat dəyərində idi. 8 baş xırdabuynuzlu heyvanların (qoyunların) oğurlanması nəticəsində ona 3200 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək şahid qismində dindirilmiş Şahid ifadələri elan edilmişdir. Şahid məhkəməyəək icraat zamanı ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs və X5 tanıyır. Onlarla heç bir şəxsi ədavəti və ya düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs onun həyat yoldaşının bibisi oğludur. Onların qohumluq münasibətləri var və onunla münasibətləri normaldır. Elşən Zamanovu isə o, əvvəldən tanımamışdır, onunla Təqsirləndirilən şəxs vasitəsi ilə hadisə günü tanış olmuşdur. Onun adı Xidmət olsa da, ona çox adam ‘"Cəbrayıl” və ya “Cəbi” kimi müraciət edir və həmin adlarla tanıyırlar. 28 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs onun Yasamal rayonunda yaşadığı ünvanda olan zaman ona bacısıgilə gedib hind quşu almaq istədiyini bildirmiş və Elşən Zamanova zəng edərək onu Yasamal rayonuna çağırmışdır. Elşən Zamanov idarə etdiyi “DAEWOO Centra” markalı **-PL-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobili ilə Yasamal rayonuna onun yaşadığı ünvanın yaxınlığına gəlmişdir. 28 dekabr 2023-cü il tarixdə saat təxmini 17 radələrində onlar Elşən Zamanovdan onları Kürdəmir rayonuna aparmasını xahiş etmiş və buna görə Elşən Zamanov onlardan 70 manat pul istəmişdir. Lakin onlar Elşən Zamanova 60 manat verə biləcəklərini bildirmiş, Elşən Zamanov da onlarla razılaşmışlar. O, avtomobilin ön sərnişin oturacağında, Təqsirləndirilən şəxs isə arxada əyləşmişdir. Onlar Kürdəmir rayonu istiqamətində hərəkətə başlamış, saat təxmini 20 radələrində onlar Kürdəmir rayonu, Əzimli kəndində Təqsirləndirilən şəxs bacısıgilin yaşadığı ünvana çatmışlar. Təqsirləndirilən şəxs bacısının yaşadığı evə getmiş və orada bacısı və bacısının əri ilə bir qədər sözlə mübahisə edib oradan çıxmışdır. O, isə məhəllədə dayanıb Təqsirləndirilən şəxs gəlməsini gözləmiş və Təqsirləndirilən şəxs yeznəsi ilə mübahisə etdiyini eşitmişdir. Elşən Zamanov isə avtomobildə gözləmişdir. 10- 15 dəqiqə keçdikdən sonra Təqsirləndirilən şəxs geri qayıtmış və hind quşlarını ala bilmədiyini demişdir. Onlar avtomobilə əyləşmiş və Elşən Zamanova Bakı şəhərinə geriyə qayıtmaq istədiklərini bildirmişlər. Elşən Zamanov idarə etdiyi avtomobili Kürdəmir rayonunda “dörd yol” adlanan əraziyə sürərək orada Bakı şəhərinə gedən sərnişin olmasını bir qədər gözləmiş, onlar təxmini 20-30 dəqiqə orada gözləmiş, lakin sərnişin olmadığını görmüş və bundan sonra birlikdə Kürdəmir rayonu ərazisində kafedə oturub yemək yemişlər. 29 dekabr 2023-cü il tarixdə saat 01 radələrində Kürdəmir rayonundan Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar. Yolda hərəkətdə olan zaman avtomobilə benzin vurmaq və mağazadan su, siqaret almaq üçün onlar bir neçə dəfə yolda dayanmışlar. 29 dekabr 2023-cü il tarixdə saat təxmini 03 radələrində Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs Bakı şəhərinə boş qayıtmaq lazım olmadığını, ona pul lazım olduğunu, bu səbəbdən də kəndlərə girib heyvan oğurlamaq lazım olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Elşən Zamanova avtomobilini yolun sağ tərəfi istiqamətdə kəndin içinə tərəf sürməyini demiş, Elşən Zamanov da idarə etdiyi avtomobili Hacıqabul rayonu, Atbulaq kəndi ərazisində mağazanın yanından sağa tərəf kəndin içinə doğru sürmüş və bir qədər irəli getdikdən sonra avtomobili saxlamışdır. O, və Elşən Zamanov avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs isə piyada düşüb heyvan axtarmağa başlamışdır. Təxmini 30-40 dəqiqədən sonra Təqsirləndirilən şəxs geri qayıtmış və yaxın evlərin birinin həyətində qoyunların olduğunu bildirmiş və Elşən Zamanova avtomobili ora yaxın sürməsini demişdir. O, Təqsirləndirilən şəxslə birlikdə onun göstərdiyi evə tərəf getmiş, Elşən Zamanov isə avtomobilin yanında dayanıb onları gözləmişdir. Təqsirləndirilən şəxs ona həyətə daxil olub qapını açmasını bir neçə dəfə desə də, o, onunla razılaşmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs həyətə daş hasardan tullanaraq daxil olmuş və tövlənin dəmir qapısının keçəcəyini içəridən açaraq təxmini 10-12 baş qoyunu qarşısına qatıb tövlədən çıxarmışdır. O, Təqsirləndirilən şəxs kömək etmiş və heyvanları avtomobilə tərəf gətirmişlər. Bundan sonra Elşən Zamanov, o, və Təqsirləndirilən şəxs hər biri 2 baş qoyun tutub, avtomobilin yük yerinə 4 baş qoyun, avtomobilin salonuna arxa sərnişin oturacaqlarının olduğu yerə isə 2 baş qoyun qoymuşlar. Onlar yük yerinə qoyduqları qoyunların ayaqlarını onun üzərində olan qış şərfini kəsərək bağlamışlar. Digər qoyunları isə tövləyə tərəf yola salıb geri qayıtmışlar. Bundan sonra Təqsirləndirilən şəxs avtomobilin ön sərnişin oturacağında, o, isə arxa sərnişin oturacağında qoyunların yanına əyləşmiş və Elşən Zamanov avtomobili idarə edərək oradan uzaqlaşmışlar. Onlar kəndə daxil olduqları istiqamətdən deyil, gəldikləri yolla düzünə hərəkət edərək kəndin ərazisini tərk edib Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərində Elşən Zamanov onları Yasamal rayonunda düşürtmüş, özü isə avtomobilində olan qoyunlarla birlikdə yaşadığı evə getmişdir. Belə ki, nə onun, nə də ki Təqsirləndirilən şəxs oğurladıqları 6 baş qoyunları saxlamağa yerləri olmadığı üçün həmin qoyunları Elşən Zamanov yaşadığı evə aparıb sonra isə satacaqları barədə razılığa gəlmişlər. Bir gün sonra Elşən Zamanov ona zəng edərək oğurladıqları heyvanları satmaq lazım olduğunu bildirib bazara getmək üçün onların arxası ilə gələcəyini qeyd etmişdir. Bir qədər sonra Elşən Zamanov gəlib onu və Təqsirləndirilən şəxs Yasamal rayonundan götürüb öz yaşadığı evə aparmışdır. Orada onlara məlum olmuşdur ki, Elşən Zamanov oğurladıqları qoyunların birini satmışdır. Sonra onlar yerdə qalan 5 baş qoyunu Elşən Zamanovun idarə etdiyi avtomobilə yığıb heyvan bazarına getmiş və Bakı şəhəri, Zabrat qəsəbəsi yaxınlığında yerləşən “Məhəmmədi” adlanan heyvan bazarına gələrək saat təxmini 10 radələrində ora çatmışlar. X11 və o, qoyunların hər birini 200 manata satmaqla ümumilikdə 1000 manat pul əldə etmişlər. Təqsirləndirilən şəxs həmin vaxt onları heyvan bazarından bir qədər kənarda gözləmişdir. Təqsirləndirilən şəxs həmin heyvanların satışında iştirak etməmişdir. Bundan sonra Elşən Zamanovun onlardan xəbərsiz satdığı bir baş qoyundan əldə etdiyi pulla birlikdə onlar 6 baş oğurladıqları qoyunların satışından əldə etdikləri ümumilikdə 1200 mant pulu aralarında hərəsinə 400 manat olmaqla bölüşmüşlər. Bundan sonra Elşən Zamanov gətirib onları Yasamal rayonunda avtomobildən düşürtmüş və sağollaşmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hadisə yeri Hacıqabul rayonu Kürçili kəndində yerləşir. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 5 dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Hazırki cinayət əməli törədilərkən Təqsirləndirilən şəxs əvvələki cinayət əməlinə görə məhkumluğu ödənilmişdir. Kürdəmir Rayon MİS-nin rəisi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 07.03.202-cü il tarixli 9/1097 saylı rəyindən görünür ki, qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin dekabr ayına olan orta bazar qiyməti təxminən 2430 manat müəyyən edilir. “Cinayət işi üzrə icraatın dayandırılması və şəxsin barəsində axtarış elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-64/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə, yəni xx.xx.2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, oğurlanmış əmlakın zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən qeyd edilmiş dəyəri ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən dəyəri arasında ziddiyyət mövcuddur. Belə ki, Zərərçəkmiş şəxs münasibətdə oğurlanmış əmlakın dəyəri ekspert rəyində 2430 manat göstərilsə də, zərər çəkmiş şəxs tərəfindən həmin əmlakın dəyəri 3200 manat göstərilmişdir. Məhkəmə hesab edir ki, ekspertiza rəyində oğurlanmış xırdabuynuzlu heyvanların qiyməti müəyyən edilərkən birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan və reklam mənbələrindən istifadə edildiyinə, zərər çəkmiş şəxs isə oğurlanmış əşyanın dəyərini hər hansı rəsmi mənbələrdən istifadə etmədən təxmini qiymətləndirdiyindən, oğurlanmış xırdabuynuzlu heyvanların dəyəri müəyyən edilərkən ekspertiza rəyində göstərilən ümumi qiymət, yəni 2430 manat əsas götürülməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin oğurluq cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında müxtəlif vətəndaşlara məxsus saxlanc yerlərinə daxil olmaqla oradan iri və xırda buynuzlu heyvanları oğurlaması, əvvəllər dəfələrlə müxtəlif xarakterli cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq yenidən qəsdən cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət etməsi və şəxsiyyətini mənfi səciyyələndirməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, bundan sonra məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.2.3. məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. 158.2.4. Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan dörd ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan dörd ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat (əlli) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 15 (on beş) saata görə 90 (doxsan) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar