Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-37/2022 30.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1966-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, 10.01.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 12.01.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Abdulla oğlunun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,980 qram olan heroini 1 ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan qara rəngli qış gödəkçəsinin sol cibində daşıyaraq saxlamış, 10.01.2022-ci il tarixdə saat 15:10 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri M.Müşviq küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Abdulla oğlu məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. 10.01.2022-ci il tarixdə günorta saat 14-15 radələrində Hacıqabul şəhəri M.Müşviq küçəsində yolun kənarından siqaretin kağızına bükülmüş narkotik maddə olan heroini tapmış və götürüb cibinə qoymuşdur. Bundan sonra yaşadığı evə gedərkən, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, Hacıqabul rayon PŞ-yə gətirildikdən sonra dərhal Müdafiəçi ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı ondan üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamaması soruşulmuşdur. O, əynində olan qara qış gödəkçəmin qabaq sol cibindən 01 ədəd siqaretin kağızı kəsəyində saxladığı heroini polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa üzərindən hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Polis şöbəsində ona qarşı heç bir fiziki və ya psixi zorakılıq edilməyib. Əməlindən peşman olmuşdur. Evli, öhdəsində bir azyaşlı ölvadı olmasını, xəstəliyini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Hacıqabul rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 10.01.2022-ci il tarixdə ünvan 1-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. O, həmin məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və 10.01.2022-ci il tarixdə saat 15 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri M.Müşviq küçəsi ilə yaşadığı ev istiqamətində hərəkət edərkən saxlamış, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Hacıqabul rayon Polis şöbəsində TB-nin təhqiqatçısı, polis mayoru Natiq Ağayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuş və bundan sonra video çəkilişdən istifadə edilməklə Natiq Ağayev tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol cibində saxladığı 1 ədəd kağız kəsiyində narkotik maddə heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik maddə heroin olduğunu, həmin narkotik maddəni 10.01.2022-ci ildə Hacıqabul şəhəri M.Müşviq küçəsində olarkən yerdən tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə bənzər maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmiş, TB-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunduqdan sonra o, həmin protokolun məzmunu ilə tanış olmuş və protokolu imzalamışdır. Şahid Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə 10.01.2022-ci il tarixdə saat 15:35-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd kağız kəsiyi aşkar edilmiş, həmin kağız kəsiyinə baxış keçirilən zaman içərsində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 10.01.2021-ci il tarixli 18/33 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...imza Təqsirləndirilən şəxs ....” sözləri yazılmış kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,980 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (Siyahı İ). (iş v. 32-35). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 27.01.2022-ci il tarixli 335 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 99-100). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 12.01.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon xalq məhkəməsinin 09.09.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 93-5 maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib 12 il müddətində azadlıqdaq məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ rayon Məhkəməsinin 15.07.2016cı il tarixli 1(002)-151/2016 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətində azadlıqdaq məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 05.04.2017-ci il tarixli 1(103)-418/2017 nömrəli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, apelyasiya protesi təmin olunmuş, hökm dəyişdirilib və cəzası 2 il müddətinə azadlıqdan məhrum etmənin müddəti artılaraq 2 il müəyyən olunmuşdur. Hacıqabul rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli 1(071)-106/2021 nömrəli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 69.3-cü maddəsi tətbiq edilməklə qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli 7(071)-17/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən X2 Hacıqabul rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli 1(071)-106/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05.11.2021-ci il tarixə çəkilməmiş qalan 02 il 04 ay 12 gün hissəsi 01 (bir) il azaldılmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. (iş v. 70-72, 79-92). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş narkotik vasitə olan 0,980 qram olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını, evli, öhdəsində bir azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli 1(071)-106/2021 nömrəli hökmü ilə yaranmış məhkumluğu Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli 1(071)-106/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 10.01.2022-ci il tarixə çəkilməmiş qalan hissəsi, yəni 01 il 02 ay 07 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 07 ay 03 gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və ona qəti cəza azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cəza çəkmə müddətinin əvvəli 10.01.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,930 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Abdulla oğlu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli 1(071)-106/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Abdulla oğluna Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən təyin olunmuş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının (Hacıqabul rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli 7(071)-17/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən X2 Hacıqabul rayon Məhkəməsinin 19.08.2021-ci il tarixli 1(071)- 106/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05.11.2021-ci il tarixə çəkilməmiş qalan 02 il 04 ay 12 gün hissəsi 01 (bir) il azaldılmışdır) 10.01.2022-ci il tarixə çəkilməmiş qalan hissəsi, yəni 01 il 02 ay 07 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 07 (yeddi) ay 03 (üç) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin. Qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəza çəkmə müddətinin əvvəli 10.01.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,930 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 manat, məhkəmə baxışı zamanı iştirak etdi 20 saata görə 120 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-37/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-37/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver