Məhkəmə qərarları › İş №1(071)-38/2022

Hacıqabul Rayon Məhkəməsi Qərar — İş №1(071)-38/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Hacıqabul rayonu İş № 1(071)-38/2022 01.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1996-cı ildə Balakən rayonu Hənifə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Balakən rayonu Hənifə kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri Əlibəyli küçəsi ev 13-də yaşamış, 22.12.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 23.12.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1, 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 210240161 nömrəli cinayət işi 23.12.2021-ci il tarixdə Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Ayxan İsgəndərli tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə başlanmış və icraatına qəbul edilərək ibtidai istintaq aparılmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb - Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Forte» markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda və yük yerində qanunsuz olaraq odlu silah və soyuq silah saxlaması faktı əsasında Hacıqabul RPŞ-nin Təhqiqat bölməsində toplanmış material olmuşdur. Təqsirləndirilən şəxs 22.12.2021-ci il tarixdə saat 12:00-da Hacıqabul RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Zahid Salahov tərəfindən şübhəli şəxs qismində tutulmuş və 23.12.2021ci il tarixdə Hacıqabul rayon PŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Ayxan İsgəndərli tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ittiham elan olunmuşdur. Hacıqabul rayon Məhkəməsinin 23.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 25.02.2022-ci il tarixdə Təqsirləndirilən şəxs əməli CM-nin 228.1-ci maddəsindən həmin Məcəllənin 228.1 və 228.4-cü maddələrinə tövsüf edilmiş və 26.02.2022-ci il tarixdə Təqsirləndirilən şəxs həmin maddələrlə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1, 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham aktı Hacıqabul rayon prokuroru, ədliyyə müşaviri Lalə Hüseynova tərəfindən 04.03.2022-ci il tarixdə təsdiq edilərək, cinayət işi baxılması üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilmişdir. İttiham aktına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd “P-51173” nömrəli, 16 kalibrli olmaqla keçmiş SSRİ dövlətində, 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, “İJK” modelli, çaxmaqlı, tək hamar lüləli, odlu yivsiz texniki cəhətdən saz və atəşə yararlı olan lüləsi kəsilmiş ov tüfəngini, həmçinin milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan soyuq silah hesab edilməklə istifadəyə yararlı, əldə düzəltmə üsulu ilə kastet tipində hazırlanmış vurucu-əzici xassəyə malik beşbarmağı və soyuq silah hesab edilməklə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını əldə edib, idarə etdiyi “Kia Forte” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində və salonunda saxlayaraq daşımış, 22 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Hacıqabul rayon polis şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının Yol Patrul xidmətinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Nəvahi kəndi ərazisində yerləşən 720 saylı Yol Patrul Xidməti Postunda saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib idarə etdiyi “Kia Forte” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən 01 ədəd odlu yivsiz texniki cəhətdən saz və atəşə yararlı olan lüləsi kəsilmiş ov tüfəngi, avtomobilin salonundan isə soyuq silah hesab edilən 01 ədəd beşbarmaq və 01 ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə ittiham olunmasına dair cinayət işinin məhkəmə hazırlıq iclası 18.03.2022-ci il tarixə saat 12:15-ə təyin edilmişdir. Dövlət ittihamçısı vəsatət verərək cinayət işinin materialları öyrənməsi üçün ona vaxt verilməsini və məhkəmənin hazırlıq iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 18.03.2022-ci il tarixli 1(071)-38/2022 nömrəli qərarı ilə dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı vəsatəti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclası 01.04.2022-cü il tarixə saat 09:30-a təxirə salınmış, təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin 22.03.2022-ci il tarixdə başa çatacağı nəzərə alınaraq, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı məhkəmənin hazırlıq iclasında yazılı vəsatət verərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini, həmçinin Hacıqabul RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X1 barəsində xüsusi qərar çıxarılmasını xahiş etdi. Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısının vəsatətinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə ittiham və müdafiə tərəfi dinləyib, iş materiallarını araşdırıb, dövlət ittihamçısının vəsatətinin dəlilləri ilə razılaşır və hesab edir ki, vəsatət təmin edilməli, cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Belə ki, məhkəmə dövlət ittihamçısı vəsatətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. CPM-in 303.3.1-ci maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması(bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) kimi kobud pozuntulara yol verildikdə çıxarılır. CPM-in 303.3.6-cı maddəsinə əsasən cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması kimi kobud pozuntulara yol verildikdə çıxarılır. CPM-in qeyd edilən maddəsində sadalanan kobud prosessual pozuntular elə pozuntular hesab olunur ki, məhkəməyədək icraat zamanı yol verilmiş həmin pozuntuların başqa cür aradan qaldırılması və həmin pozuntular aradan qaldırılmadan təqsirləndirilən şəxsin məhkəməyə verilməklə müvafiq olaraq cinayət işinin məhkəmə baxışına təyin edilməsi barədə qərarın qəbul olunması qeyri-mümkündür. Belə ki, CPM-in 91.1-ci maddəsinə əsasən müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı fiziki şəxs təqsirləndirilən şəxs kimi tanınır. CPM-in 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu - verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi), ittiham elan edildikdə, habelə həbsə alındıqdan və ya barəsində qətimkan tədbiri seçilməsi haqqında qərar elan olunduqdan dərhal sonra müvafiq qərarın surətini almaq hüququna malikdir. CPM-in 223.1-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi üçün əsas cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusudur. CPM-in 223.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 223.1-ci maddəsində nəzərdə tutulmuş sübutlar olduqda müstəntiq şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında əsaslandırılmış qərar çıxarır. CPM-in 223.3-cü maddəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində qərarı qəbul etmək səlahiyyətində olan prosessual şəxs tərəfindən nələrin əks etdiriməli olması göstərilmişdir. Həmin məlumatların içərisində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyətinin mütləq şəkildə əks etdirilməsi də nəzərdə tutulmuşdur. Habelə CPM-in 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Cinayət prosessual qanunvericiliyin qeyd edilən normalarından görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərar elə bir prosessual sənəddir ki, bu qərar yalnız cinayətin həmin şəxs tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutlar mövcud olduqda qəbul edilir və mütləq şəkildə bu qərarı qəbul edən şəxs tərəfindən əsaslandırılır. Çünki özü-özlüyündə bu qərarın qəbul edilməsi ilə təqsirləndirilən şəxsin bir sıra konstitusion hüquq və azadlıqları məhdudlaşdırlır (məs: sərbəst hərəkət etmək və s.) Odur ki, qanunverici bu qərarın qəbul edilməsini bir sıra şərtlərdən asılı edir. O cümlədən də nəzərdə tutulur ki, qəbul edilən bu qərarda Cinayət Prosessual Məcəllənin 223.3-cü maddəsində göstərilən digər məlumatlarla yanaşı cinayətin baş vermə mexanizmi (cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər və s.) ətraflı şəkildə göstərilsin. Qanunvericinin sözügedən qərarda bu tələbləri nəzərdə tutmaqda məqsədi istintaq orqanına barəsində cinayət təqibi aparılan, həmçinin bu və ya başqa formada cinayət təqibinin aparılmasında iştirak edən istənilən şəxsin konstitusion hüquq və azadlıqlarının hər hansı formal əsaslara görə məhdudlaşdırılması üçün deyil, məhz konkret araşdırma aparılmaqla əsaslandırılmış formada irəli sürülmüş ittihamla bağlı məhdudlaşdırılması üçün qərar qəbul etmək səlahiyyətinin verilməsini göstərməkdr. Belə ki, bu barədə qərar qəbul edilməklə cinayət təqibində artıq həmin şəxsin təqsirləndirilən şəxs qismində prosessual statusu müəyyən edilir, ona cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən ittiham irəli sürülür. Bu hal isə artıq onun müəyyən hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Ona görə də sözügedən tələblərin qeyd edilən qərarda əks etdirilməsi yolu ilə qanunverici bir növ hüquqları məhdudlaşdırılan həmin şəxsə nəyə görə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarın qəbul edilməsinin labüdlüyünü izah edir, eyni zamanda həmin şəxsə hansı əməli törətməsi, nədə təqsirləndirildiyini dərk etməsi və ona qarşı irəli sürülən ittihamın mahiyyətinin ona tam aydın olması üçün imkan yaradır. Bunun da nəticəsində təqsirləndirilən şəxs müdafiə hüququnun təmin edilməsi üçün lazımi tədbirlər görür, öz müdafiəsini istədiyi formada qurması üçün kifayət qədər vaxta və şəraitə malik olur. Hazırkı cinayət işi üzrə ibtidai istintaqı aparan müstəntiq tərəfindən qəbul edilən 26.02.2022ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin həmin qərara diqqət yetirəndə görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsə də, qərar qanunvericiliyin tələbləri nəzərə alınmaqla əsaslandırılmamışdır. Bundan başqa, müstəntiq tərəfindən yol verilən pozuntular bununla bitməmiş, qəbul edilən qərara səthi yanaşılmış, qanunvericiliyin tələblərinin nəzərə alınmaması ilə yanaşı, qərarda təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittiham işin faktiki halları ilə ziddiyyət yaratmış, Təqsirləndirilən şəxs tərəfindən törədilməsində israr edilən cinayət əməlinin tövsifedici əlaməti konkret olaraq ittihamda öz əksini tapmamışdır. Belə ki, 26.02.2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərarda göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd “P-51173” nömrəli, 16 kalibrli olmaqla keçmiş SSRİ dövlətində, 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, “İJK” modelli, çaxmaqlı, tək hamar lüləli, odlu yivsiz texniki cəhətdən saz və atəşə yararlı olan lüləsi kəsilmiş ov tüfəngini, həmçinin milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan soyuq silah hesab edilməklə istifadəyə yararlı, əldə düzəltmə üsulu ilə kastet tipində hazırlanmış vurucu-əzici xassəyə malik beşbarmağı və soyuq silah hesab edilməklə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını əldə edib, idarə etdiyi “Kia Forte” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində və salonunda saxlayaraq daşımış, 22 dekabr 2021-ci il tarixdə saat 11 radələrində Hacıqabul rayon polis şöbəsinin və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 7-ci tağımının Yol Patrul xidmətinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Nəvahi kəndi ərazisində yerləşən 720 saylı Yol Patrul Xidməti Postunda saxlanılaraq Hacıqabul rayon polis şöbəsinə gətirilib idarə etdiyi “Kia Forte” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin yük yerindən 01 ədəd odlu yivsiz texniki cəhətdən saz və atəşə yararlı olan lüləsi kəsilmiş ov tüfəngi, avtomobilin salonundan isə soyuq silah hesab edilən 01 ədəd beşbarmaq və 01 ədəd ov bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilmiş ittihamın məzmunundan görünür ki, o, “istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq soyuq silah hesab edilməklə istifadəyə yararlı, əldə düzəltmə üsulu ilə kastet tipində hazırlanmış vurucu-əzici xassəyə malik beşbarmaq əldə edərək üzərində daşımışdır.” Belə ki, Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, qeyd edilən “beşbarmağı” özü düzəltmiş və özünə məxsusdur. İstintaq zamanı onun bu ifadəsi dəqiqləşdirilməmiş və ona hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.4-cü maddəsinə göstərilmişdir ki, “qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı hazırlama” cinayət məsuliyyəti yaradır. Lakin qeyd olunan qərara diqqət yetirəndə görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd “P-51173” nömrəli, 16 kalibrli olmaqla keçmiş SSRİ dövlətində, 1960-cı ildə İjevsk silah zavodunda istehsal olunmuş, “İJK” modelli, çaxmaqlı, tək hamar lüləli, odlu yivsiz texniki cəhətdən saz və atəşə yararlı olan lüləsi kəsilmiş ov tüfəngini, həmçinin milli geyim ləvazimatı və ovçuluq peşəsi ilə bağlı olmayan soyuq silah hesab edilməklə istifadəyə yararlı, özü tərəfindən əldə düzəltmə üsulu ilə kastet tipində hazırlanmış vurucu-əzici xassəyə malik beşbarmağı və soyuq silah hesab edilməklə zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağını əldə edib, idarə etdiyi “Kia Forte” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində və salonunda saxlayaraq daşıma cinayət əməllərini törətməsinə baxmayaraq, soyuq silah hesab edilməklə istifadəyə yararlı, özü tərəfindən əldə düzəltmə üsulu ilə kastet tipində hazırlanmış vurucu-əzici xassəyə malik beşbarmaq epizodu üzrə ibtidai istintaq orqanı tərəfindən həmin epizod üzrə ona qanunsuz olaraq soyuq silahı hazırlamasına görə məsuliyyət nəzədə tutan CM-nin 229.4-cü maddəsi ilə ittiham irəli sürülməmişdir. Bütün bu qeyd edilənlərə baxmayaraq, müstəntiq tərəfindən həmin xüsusat üzrə araşdırma aparılmamış və aparılmış araşdırma isə formal xarakter daşımaqla, ittihamın tam, hər tərəfli və obyektiv aparılması üçün kifayət etməmişdir. Bundan başqa hazırkı halda cinayət prosessual qanunvericiliyin tələbləri baxımından bunlara kifayət qədər hərtərəfli diqqət yetirilməli olduğu halda, belə bir diqqət yetirilməmiş, nəticədə yarımçıq ittiham irəli sürülməklə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Bu isə bariz şəkildə təqsirləndirilən şəxsin müdafiə hüqunun pozulması ilə nəticələnmişdir ki, şəxs nədə ittiham olunduğunu dərk etməmiş, ittihamın mahiyyəti ona aydın olmamışdır. Odur ki, qeyd edilən bu pozuntu bütövlükdə kobud prosessual pozuntu olmaqla nəticədə CPM-nin 303.3.1-ci maddəsinin tələblərinin pozulmasına gətirib çıxarmışdır. Lakin nöqsanlar bununla da bitməmiş, həmin yarımçıq ittiham cinayət təqibinin gedişində dəyişdirilməmiş, müstəntiq tərəfindən dəqiqləşdirilməmiş və yekunda ittiham aktı tərtib olunanda da bu məsələ diqqətdən kənar qalmaqla, cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq CPM-in 289 və 290.3.2-ci maddələri və ya 296.2-ci maddəsində göstərilənlər nəzərə alınmaqla tərtib edilməsinə dair prosessual tələblər pozulmuşdur ki, bu da kobud prosessual pozuntu olmaqla, yekunda CPMnin 303.3.6-cı maddəsinin tələblərinin pozulması ilə nəticələnmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, ibtidai istintaq zamanı işin faktiki hallarının müəyyən edilməsi üçün zəruri araşdırma aparılmamış, nəticədə cinayətin tövsifedici əlamətləri ilə bağlı zəruri hallar göstərilməsi təmin edilməyərək ittihamın mahiyyəti dəqiqləşdirilməmişdir. CPM-in 223.3.2-ci maddəsinə əsasən şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti göstərilməlidir. CPM-in 289.3.1-ci maddəsinə əsasən cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar ittiham aktının təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir. CPM-in 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumatlar və cinayət qanununun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar olub, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mattoçia İtaliyaya qarşı” işi üzrə 25 iyul 2000-ci il tarixli qərarının 59-cu paraqrafına əsasən 6-cı maddənin 3 (a) yarımbəndi təqsirləndirilən şəxsə yalnız ittihamın “əsasları”, yəni törətməkdə şübhəli bilindiyi və ittihamın əsaslandığı hərəkətlər haqqında deyil, həm də ittihamın “xarakteri”, yəni bu hərəkətlərin hüquqi xarakteristikası haqqında məlumat təmin edir. Məlumatın “ətraflılıq” dərəcəsi hər işin xüsusi hallarından asılıdır, lakin təqsirləndirilən şəxs adekvat müdafiə hazırlamaq üçün ən azı özünə qarşı yönəldilmiş ittihamları başa düşmək üçün yetərli məlumatla təmin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham kifayət qədər aydın olmamış, onun törətdiyi cinayət əməli əsaslandırılmamış, bununla da CPM-in 223.3.2-ci maddələrinin tələbləri və Təqsirləndirilən şəxs müdafiə hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, hazırkı cinayət işinin öyrənilməsi zamanı isə iş üzrə ibtidai istintaq zamanı CPM-in sübutların toplanılması, yoxlanılması və qiymətləndirilməsinə dair tələblərinin pozulması müəyyən olunmuşdur ki, həmin pozuntular məhkəmənin hazırlıq iclasının nəticələrinə dair iş üzrə məhkəmə baxışının təyin edilməsini qeyri-mümkün edir. Belə ki, CPM-in 85.2.1-ci maddəsinə əsasən cinayətin açılması, işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün zəruri tədbirlər görmək, səlahiyyəti daxilində bütün istintaq və ya digər prosessual hərəkətləri həyata keçirmək, həmin Məcəllənin 85.2.14-cü maddəsinə əsasən isə bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək müstəntiqin vəzifəsidir. CPM-in 144-cü maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Göründüyü kimi, cinayət-prosessual qanunvericilik cinayət işi üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasını, toplanmış sübutların eyni qaydada yoxlanılmasını, bir-biri ilə müqayisə edilib təhlil olunmasını və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün sübutların qanunu rəhbər tutub öz daxili inamına uyğun düzgün qiymətləndirilməsinin həyata keçirilməsini müstəntiqin vəzifəsi kimi müəyyən etmişdir. Bu vəzifə törədilmiş və ya hazırlanan cinayətlərə dair daxil olmuş ərizə və digər məlumatlara baxılması və cinayət işi üzrə ilkin araşdırmanın başlamasından iş üzrə yekun qərarın qəbul edilməsi, ittiham aktının tərtib edilib işin aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməsinədək olan müddətdə müstəntiqin əsas tutmalı olduğu qanuni tələbdir. Lakin hazırkı cinayət işinin öyrənilməsi zamanı iş üzrə ibtidai istintaq aparan müstəntiq tərəfindən qeyd edilən tələblərə tam riayət olunmadığı müəyyən olunmuşdur. Bu isə CPM-in 303-cü maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini zəruri edir. CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edir. CPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı və onun həbsdə saxlama müddəti 02 (iki) ay müəyyən edilməklə 01.06.2022-ci il tarixədək uzadılmalıdır. Azərbaycan Respublikası CPM-in 159.10-cu maddəsinə əsasən bu Məcəllənin 303 və ya 318.2-ci maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış cinayət işləri üzrə təqsirləndirilən şəxsin bu Məcəllənin 159.7-159.9-cu maddələrində göstərilən həbsdə saxlanılma müddətləri başa çatdıqda, məhkəmə tərəfindən həbsdə saxlanılma müddəti bu Məcəllənin 159.2-ci maddəsinin tələblərinə riayət etməklə uzadıla bilər. Azərbaycan Respublikası CPM-in 306.1.3-cü maddəsinə əsasən Məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 159.10, 299, 300, 300.1.5, 303, 303.3.1, 303.3.6, 306 və 307-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 228.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və qərarda qeyd olunan nöqsanların aradan qaldırılması və hüquqi qiymət verilməsi üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın və onun həbsdə saxlama müddəti 02 (iki) ay müəyyən edilməklə 01.04.2022-ci il tarixədək uzadılsın. Qətimkan tədbiri ilə bağlı hissədə qərarın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Qərardan apelyasiya şikayəti və ya protesti verilə bilməz. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar