Məhkəmə qərarları › İş №1(071)-39/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-39/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-39/2022 01.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, 10.01.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 12.01.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 1,184 qram olan heroini 1 ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan qara rəngli qış gödəkçəsinin sol cibində daşıyaraq saxlamış, 10.01.2022-ci il tarixdə saat 16:30 radələrində Hacıqabul rayon Polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən dairənin yaxınlığıda saxlanılaraq, polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, 10.01.2022-ci il tarixdə səhər saat 11 radələrində yaşadığı Hacıqabul şəhəri D.Ağamaliyev küçəsində yerdən kağızı bükümündə narkotik maddə olan heroin tapmış və cibinə qoymuşdur ki, günorta vaxtında münasib bir yerdə istifadə edər. Bundan sonra o, yoluna davam edərək yaşadığı ünvan getmişdir. Həmin günü saat 16 radələrində yaşadığı evdən çıxıb tapdığı heroini istifadə etmək üçün Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən dairə istiqamətində gedərkən, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, Hacıqabul rayon PŞ-yə gətirildikdən sonra dərhal Müdafiəçi ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edilmişdir. Sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı ondan üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmamaması soruşulmuşdur. O, əynində olan qara rəngli qış gödəkçəsinin qabaq sol cibindən 01 ədəd siqaretin kağız kəsəyində saxladığı heroini polis əməkdaşlarına təqdim etmiş və yerdən tapdığını, öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan başqa üzərindən hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O, protokolu imzalamışdır. Polis şöbəsində ona qarşı heç bir fiziki və ya psixi zorakılıq edilməyib. Əməlindən peşman olmuşdur. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 10.01.2022-ci il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar 10.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən dairənin yaxınlığında saxlayaraq, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı, polis mayoru Natiq Ağayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Natiq Ağayev tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol cibindən 1 ədəd kağız kəsiyində narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olduğunu, həmin narkotik vasitəni 10.01.2022-ci ildə yaşadığı Hacıqabul şəhəri D.Ağamaliyev küçəsində yolun kənarında yerdən tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan heroinə oxşar maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmiş, TB-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. Onlar protokolu imzalamışlar. Şahid Hacıqabul rayon PŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Cinayət işində olan 10.01.2022-ci il tarixdə saat 16:50-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd kağız kəsiyi aşkar edilmiş, həmin kağız kəsiyinə baxış keçirilən zaman içərsində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Ona görə də Təqsirləndirilən şəxs 10.01.2022-ci il tarixdə saat 16:50-də üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar narkotik vasitə aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 10.01.2021-ci il tarixli 18/35 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən ....” sözləri yazılmış kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi - 1,184qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin - 28 noyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (Siyahı İ) . (iş v. 33-36). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsi Ambulator məcburinarkolorji tibbi yoxlamanın 17.02.2022-ci il tarixli 768 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 110-111). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 12.01.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin 22.08.2017-ci il tarixli 1(071)-85/2017 nömrəli hökmü ilə Azərbaycan espublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31.08.2020-ci il tarixli 1(099)-223/2020 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 30.11.2020-ci il tarixli 1(106)-630/2020 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 31.08.2020-ci il tarixli hökm dəyişdirilmiş, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən CM-nin 234.1-ci maddəsinə tövsif edilərək, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05.11.2021-ci tarixli 7(011)- 458/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 30.11.2020-ci il tarixli 1(106)-630/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 21 (iyirmi bir) gün hissəsindən Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. E.X2 Məhkəməsinin 30.11.2020-ci il tarixli qərarı ilə yaranmış məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş narkotik vasitə olan 1,184 qram olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05.11.2021-ci tarixli 7(011)-458/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 30.11.2020-ci il tarixli 1(106)-630/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 21 (iyirmi bir) gün hissəsindən Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 30.11.2020-ci il tarixli 1(106)-630/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 21 (iyirmi bir) gün hissəsi, yeni hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cəza çəkmə müddətinin əvvəli 10.01.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz 1,134 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 05.11.2021-ci tarixli 7(011)-458/2021 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 30.11.2020-ci il tarixli 1(106)-630/2020 nömrəli qərarı ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 21 (iyirmi bir) gün hissəsindən Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən şərti olaraq vaxtından əvvəl azad edilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Şirvan Apellyasiya Məhkəməsinin 30.11.2020-ci il tarixli 1(106)-630/2020 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 (üç) ay 21 (iyirmi bir) gün hissəsi, yeni hökm üzrə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin. Qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəza çəkmə müddətinin əvvəli 10.01.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz 1,134 qram olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar