Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-39/2024 08.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Hacıqabul rayonu Qubalıbaloğlan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, zərərçəkmiş şəxsin çantasından 1001,87 manat nağd pul vəsaitini çıxarmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs 28 dekabr 2023-cü il tarixdə saat 15 radələrində günəmuzd xadimə kimi işlədiyi Hacıqabul rayonu Navahi qəsəbəsində magistral yolun kənarında yerləşən “Nur” adlı restoranın sanitar qovşağında təmizlik işləri aparan zaman sanitar qovşaqda bir ədəd əl çantasının olduğunu görüb özgəsinə məxsus əmlakı tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq qərarına gələrək ətrafda onu heç kimin görmədiyinə tam əmin olduqdan sonra iş üzrə zərərçəkmiş X3 məxsus qadın əl çantasının içərisində olan pul kisəsindən sonuncuya məxsus 1000 manat və 1,87 manat ekvivalentində 100 rus rublu olmaqla, 1001,87 manat nağd pul vəsaitini zərərçəkmiş şəxsin çantasından çıxarmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu Qubalıbaloğlan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, müxtəlif yerlərdə xadimə işləyib ailəsini dolandırmışdır. 2023-cü ilin aprel ayından etibarən Hacıqabul rayonu Navahi qəsəbəsində magistral yolun kənarında yerləşən “Nur” adlı restoranda xadimə işləməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 08 radələrində işlədiyi “Nur” restoranına getmiş və orada təmizlik işləri ilə məşğul olmağa başlamışdır. Həmin gün saat 15 radələrində restoran ərazisində yerləşən sanitar qovşağı təmizləmək istəyərkən orada olan kabinələrin birinin giriş qapısının qarşısında qadın əl çantasının olduğunu görmüşdür. O, sanitar qovşaqda heç kimin olmadığına əmin olduqdan sonra həmin qadın çantasını götürüb restoran ərazisində olan namaz otağına keçmiş, orada çantanı divardan asmış və heç kimin görməməsi üçün üzərini örtmüşdür. O, bu barədə heç kimə məlumat vermədən çantanın sahibinin gəlib-gəlməməsini gözləmişdir. Bir müddət sonra çantanın sahibinin gəlmədiyinə əmin olduqdan sonra yenidən namaz otağına qayıtmış və çantanın içərisinə nəzər salmışdır. O, çantada olan pul kisəsinin içərisində 5 ədəd 50 manatlıq əskinazın, 3 ədəd 20 manatlıq əskinazın, 1 ədəd 5 manatlıq əskinazın, 6 ədəd 1 manatlıq əskinazın və 1 ədəd Rusiya Federasiyasına aid 100 rubl əskinazın olduğunu görmüş və həmin pulları götürüb cibinə qoymuşdur. Bir qədər sonra o, çantanı namaz otağından götürüb restoranın kassasında işləyən Cavid adlı şəxsə vermiş və çantanı sanitar qovşaqdan tapdığını bildirmişdir. Bundan bir neçə saat sonra Cavid adlı əməkdaş çantanın sahibinin gəldiyini bildirərək onu çağırmışdır. Adını sonradan bildiyi X5 restoranda işləyən Cavid adlı şəxsə çantanın ona məxsus olduğunu bildirib, çantanın içərisində olan pul kisəsində 1000 manat pulun olduğunu qeyd etmişdir. O, çantanı sanitar qovşaqdan tapdığını, içərisinə baxmadan və heç nə götürmədən Cavid adlı şəxsə verdiyini bildirmişdir. Bundan sonra X5 polis şöbəsinə məlumat vermiş, polis əməkdaşları restorana gəlib onu və Zərərçəkmiş şəxs polis şöbəsinə dəvət etmişlər. O, səhv etdiyini anlayıb polis şöbəsində Zərnitac Cümşüdovanın çantasından oğurluq etdiyini bildirmiş və götürdüyü 321 manat və bir ədəd 100 rubl pul vəsaitini polis əməkdaşlarına təhvil vermişdir. Təqsirləndirilən şəxs əlavə olaraq onu da bildirdi ki, Zərnitac Cümşüdovaya məxsus çantadan 1000 manat deyil, cəmi 321 manat və 100 rubl pul götürmüş, həmin pulları çantadan götürdükdən sonra orada pul qalmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. X11 onun qohumudur. O, xx.xx.2023-cü il tarixdə Hüsaməddin Əliyevə Bakı şəhərində işlərinin olmasını bildirərək onu Bakı şəhərinə aparmasını xahiş etmişdir. Hüsaməddin Əliyev onunla razılaşmış və onlar xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Şahid2 idarə etdiyi “Reno Meqan” markalı **-YK-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərinə gedərkən o, Hüsaməddin Əliyevə üzərində 1000 manat pul olduğunu, həmin pulu onun tanıdığı valyuta dəyişmə məntəqələrində 500 ABŞ dollarına dəyişmək istədiyini bildirmiş, Şahid2 bu məsələ ilə bağlı ona kömək edəcəyini bildirmişdir. Onlar Bakı şəhərinə gedən zaman Ucar rayonu ərazisində yolun kənarında olan mağazanın qarşısında saxlamış və birlikdə mağazaya daxil olaraq oradan alış-veriş etmişlər. Saat təxminən 15 radələrində Hacıqabul rayonu Navahi qəsəbəsi ərazisində yolun kənarında yerləşən “Nur” adlı restoranın yaxınlığında olarkən Şahid2 orada çay içməyi təklif etmiş, o, razılaşmış və onlar restoranın həyətinə daxil olmuşlar. Onlar çay içib getməyə hazırlaşarkən o, sanitar qovşağa getmiş və əl çantasını sanitar qovşağın giriş qapısının qarşısına qoymuşdur. Həmin vaxt Hüsaməddin Əliyev avtomobildə onu gözləmişdir. Bir qədər sonra o, sanitar qovşaqdan çıxmış və onlar Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərinə çatmağa az qalmış o, əl çantasının yanında olmadığını görmüş və çantanı “Nur” retoranında sanitar qovşaqda unutduğunu xatırlamışdır. Hüsaməddin Əliyev “Nur” restoranının mobil nömrəsini tapıb əlaqə saxlamış və məlum olmuşdur ki, çanta orada xadimə işləyən qadın tərəfindən tapılaraq administratora təhvil verilmişdir. Həmin gün saat 19 radələrində o, Hüsaməddin Əliyevlə birlikdə Tərtər rayonuna qayıdan zaman təkrarən Hacıqabul rayonu Navahi qəsəbəsi ərazisində yerləşən “Nur” adlı restorana gəlmişlər. Orada özünü Şahid1 kimi təqdim edən restoranın əməkdaşı çantanı onlara təhvil vermişdir. O, əl çantasına nəzər saldıqda çantanın içərisindəki pul kisəsində olan 1000 manat pulun və 1 ədəd 100 rus rublunun olmadığını görmüş və bu barədə Şahid1 məlumat vermişdir. Şahid1 çantanı taparaq ona təhvil verən restoranda xadimə işləyən sonradan adını bildiyi Təqsirləndirilən şəxs çağırmışdır. O, Təqsirləndirilən şəxs çantanın içərisində olan pul kisəsindəki 1000 manat pulun və 100 rus rublunun olmadığını bildirəndə Təqsirləndirilən şəxs ona bu barədə heç bir məlumatının olmadığını və çantadan pul götürmədiyini bildirmişdir. Bundan sonra o, baş vermiş oğurluq hadisəsi barədə Hacıqabul rayon polis şöbəsinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları restorana gəlib onu, Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Hacıqabul rayon polis şöbəsində Təqsirləndirilən şəxs onun əl çantasının içərisində olan pul kisəsindən 321 AZN və 1 ədəd 100 rus rublu oğurladığını etiraf etmiş və yalan olaraq pul kisəsinin içərisindən oğurladığı pullardan başqa pul olmadığını bildirmişdir. Onun əl çantasında olan pul kisəsinin içərisində 1000 manat pul və bir ədəd 100 rus rublu olmuşdur. Hacıqabul rayon polis şöbəsində Təqsirləndirilən şəxs oğurladığı pullardan 321 AZN və bir ədəd 100 rus rublu olan pul vəsaitini qaytarmışdır. Oğurlanmış pulların yerdə qalan hissəsi ona qaytarılmamış və ona maddi ziyan dəymişdir. Sonda zərərçəkmiş şəxs cinayət nəticəsində onlara dəymiş zərərin tam ödənilmədiyini və buna görə də, hazır ki, cinayət işi üzrə mülki iddia verdiyini bildirərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. X5 onun qohumudur. Zərnitac Cümşüdova ona Bakı şəhərində Səhiyyə Nazirliyində işlərinin olduğunu bildirib xx.xx.2023-cü il tarixdə saat 11 radələrində onun idarə etdiyi “Reno Meqan” markalı **-YK- *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərinə gedərkən Zərnitac Cümşüdova ona üzərində 1000 manat pul olduğunu, həmin pulu onun tanıdığı valyuta dəyişmə məntəqələrində 500 ABŞ dollarına dəyişmək istədiyini bildirmiş, o, bu məsələ ilə bağlı Zərərçəkmiş şəxs kömək edəcəyini bildirmişdir. Onlar Bakı şəhərinə gedən zaman Ucar rayonu ərazisində yolun kənarında olan mağazaya daxil olaraq oradan alış-veriş etmişlər. Saat təxminən 15 radələrində Hacıqabul rayonu Navahi qəsəbəsi ərazisində yolun kənarında yerləşən “Nur” adlı restoranın yaxınlığında olarkən o, orada çay içməyi təklif etmiş, Zərnitac Cümşüdova onunla razılaşmış və onlar restoranın həyətinə daxil olmuşlar. Onlar çay içib getməyə hazırlaşarkən Zərnitac Cümşüdova sanitar qovşağa getmiş, o, isə avtomobildə gözləmişdir. Bir qədər sonra Zərərçəkmiş şəxs sanitar qovşaqdan çıxmış və onlar Bakı şəhərinə yola düşmüşlər. Bakı şəhərinə çatmağa az qalmış Zərərçəkmiş şəxs əl çantasını “Nur” restoranında sanitar qovşaqda unutduğunu bildirmişdir. O, “Nur” restoranının mobil nömrəsini tapıb əlaqə saxlamış və məlum olmuşdur ki, çanta orada xadimə işləyən qadın tərəfindən tapılaraq administratora təhvil verilmişdir. Həmin gün saat 19 radələrində o, Zərnitac Cümşüdova ilə birlikdə Tərtər rayonuna qayıdan zaman təkrarən Hacıqabul rayonu Navahi qəsəbəsi ərazisində yerləşən “Nur” adlı restorana gəlmişlər. Orada özünü Şahid1 kimi təqdim edən restoranın əməkdaşı çantanı onlara təhvil vermişdir. Zərnitac Cümşüdova əl çantasına nəzər saldıqda çantanın içərisindəki pul kisəsində olan 1000 manat pulun və 1 ədəd 100 rus rublunun olmadığını Şahid1 bildirmişdir. Şahid1 çantanı taparaq ona təhvil verən restoranda xadimə işləyən sonradan adını bildiyi Təqsirləndirilən şəxs çağırmışdır. X12 Qasımovaya çantanın içərisində olan pul kisəsindəki 1000 manat pulun və 100 rus rublunun olmadığını bildirəndə Təqsirləndirilən şəxs onun bu barədə heç bir məlumatının olmadığını və çantadan pul götürmədiyini bildirmişdir. Bundan sonra Zərnitac Cümşüdova baş vermiş oğurluq hadisəsi barədə Hacıqabul rayon polis şöbəsinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları restorana gəlib onu, Zərnitac Cümşüdovanı və Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Hacıqabul rayon polis şöbəsində Təqsirləndirilən şəxs əl çantasının içərisində olan pul kisəsindən 321 AZN və 1 ədəd 100 rus rublu oğurladığını etiraf etmiş və yalan olaraq pul kisəsinin içərisindən oğurladığı pullardan başqa pul olmadığını bildirmişdir. Hacıqabul rayon polis şöbəsində Təqsirləndirilən şəxs oğurladığı pullardan 321 AZN və bir ədəd 100 rus rublu olan pul vəsaitini qaytarmışdır. O, özü Ucar rayonunda yerləşən mağazada Zərnitac Cümşüdovanın pul kisəsində miqdarını dəqiq bilməsə də, 100 manatlıq əskinasların olduğunu görmüşdür. Eyni zamanda, Zərnitac Cümşüdova hadisə baş verməmişdən əvvəl ona üzərində 1000 manat pulunun olduğunu və Bakı şəhərində həmin pulu ABŞ dollarına dəyişmək istədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Hacıqabul rayonu Navahi kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 24 ilə yaxındır ki, Hacıqabul rayonu Navahi qəsəbəsində yerləşən “Nur” adlı restoranda administrator işləyir. Təqsirləndirilən şəxs onun işlədiyi “Nur” restoranında 2023-cü ilin aprel ayından xadimə işləyir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində işlədiyi “Nur” restoranında öz işləri ilə məşğul olan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb restoranın ərazisində yerləşən sanitar qovşaqdan bir ədəd qadın əl çantası tapdığını bildirib həmin çantanı ona vermişdir. O, həmin çantanı götürüb əvvəlcə içərisinə nəzər salmış və çantanın içərisində X3 məxsus şəxsiyyət vəsiqəsinin, bir ədəd qadın ətrinin və bir ədəd pul kisəsinin olduğunu görmüşdür. O, həmin pul kisəsinə baxdıqda orada bir neçə qəpik olmuşdur. O, həmin pul kisəsini bağlayıb çantaya qoymuş, çantanı isə bağlayıb kassanın yanında yerləşən masanın alt hissəsinə qoymuşdur. Təxminən 1 saat sonra restoranda istifadədə olan mobil nömrəyə zəng olunmuş, zəng edən şəxs ona özünü təqdim etməmiş, yalnız restoranın sanitar qovşağında qadın çantasının unudulduğunu bildirmişdir. O, həmin şəxsə narahat olmamasını və çantanın onda olduğunu bildirmişdir. Bu mobil danışığından təxminən 1 saat sonra adını sonradan bildiyi X5 restorana gəlmiş və sanitar qovşaqda özünə məxsus çantanı unutduğunu bildirmişdir. O, həmin çantanı Zərnitac Cümşüdovaya təqdim etmiş və ona çantaya nəzərə salmağını bildirmişdir. Zərərçəkmiş şəxs çantada olan pul kisəsinə nəzər saldıqda orada 1000 manat pulun olmadığını bildirmişdir. O, dərhal Təqsirləndirilən şəxs yanına çağırmış, ondan çantanı haradan tapdığını və oradan pul götürübgötürmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs çantanı sanitar qovşaqdan tapdığını və içərisindən pul götürmədiyini bildirmişdir. Bundan sonra Zərnitac Cümşüdova baş vermiş oğurluq hadisəsi barədə Hacıqabul rayon polis şöbəsinə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları restorana gəlib Zərnitac Cümşüdovanı və Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus çantadan pul oğurlamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X3 məxsus çantadakı pul kisəsindən pulun oğurlanması faktı ilə əlaqədar Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Hacıqabul rayonu Navahi qəsəbəsində Bakı-Qazax magistral yolunun sağ hissəsində yerləşən “Nur” restoranının ərazisidir. “Götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 5 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 6 ədəd 1 manatlıq AZN pul əskinasları və 1 ədəd 100 rus rublu götürülmüş və zərərçəkmiş şəxs X3 təhvil verilmişdir. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Qubalıbaloğlan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 10 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs əri X9 və qızı X7 ilə birlikdə yaşayır. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Qubalıbaloğlan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X5 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, X5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Qasımova X4 rayonu Navahi qəsəbəsində magistral yolun kənarında yerləşən “Nur” adlı restoranın sanitar qovşağında X3 məxsus çantanın olduğu yeri göstərərək çantanı oradan götürərək namaz otağında gizlətdiyini və həmin otaqda çantanın içərisində olan pul kisəsindən 5 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 6 ədəd 1 manatlıq AZN pul əskinasları və 1 ədəd 100 rus rublunu oğurlamasını əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsiləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. “Qətimkan tədbirinin seçilməsinə dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. “Əşyanın maddi sübut kimi tanınmasına dair” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 5 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 6 ədəd 1 manatlıq AZN pul əskinasları və 1 ədəd 100 rus rublunu maddi sübit qismində tanınmışdır və zərərçəkmiş şəxs X3 qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 177.2.5-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, zərərçəkmiş şəxs X3 məxsus çantadan 1001,87 manat nağd pul vəsaitini çıxarmaqla özgənin əmlakını gizli olaraq talamışdır, buna görə də, onun oğurluq əməli zərərçəkmiş şəxsin çantasından çıxarılmaqla törədilməsi kimi qiymətləndirilmişdir. Lakin, məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu qənaətlə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin oğurluq cinayətinin tövsifedici əlaməti olan zərərçəkmiş şəxsin çantasından çıxarılmaqla törədilməsi kimi qiymətləndirilməsi əsassızdır. Belə ki, 06 may 2016-cı il tarixli 230-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni məzmunda verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsinin dispozisiyasında özgəyə məxsus əmlakın zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsi qeyd edilmişdir. Oğurluğun zərərçəkmiş şəxsin üzərindən əmlakın götürülməsi ilə törədilməsi əlaməti zərərçəkmiş şəxsin əlində, çiynində və bədəninin hər hansı başqa hissəsində olan əmlakın ələ keçirilməsini əhatə edir. Qeyd edilməlidir ki, əməl o halda Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxsin çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsi kimi tövsif edilə bilər ki, zərərçəkmiş şəxs çanta və digər əl yükü üzərində nəzarəti itirməsin, həmin əmlak faktiki olaraq onun nəzarətində olsun. Qeyd edilən məsələ ilə əlaqədar beynəlxalq təcrübəyə müraciət etdikdə də, oğurluq cinayətinin zərərçəkmiş şəxsin çantasından və ya digər əl yükündən çıxarılmaqla törədilməsi kimi qiymətləndirilməsi məsələsinin analoji qaydada həll edildiyi məlum olur. Məsələn Rusiya Federasiyasının Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli Qərarının 23-cü bəndinə əsasən əməl o halda zərərçəkmiş şəxsin çantasından və ya digər əl yükündən oğurlama kimi tövsif edilə bilər ki, çanta və ya digər əl yükü zərərçəkmiş şəxsdə olsun, onun əlində olsun və yaxud zərərçəkmiş şəxs tərəfindən nəzarət edilə biləcək məsafədə onun yaxınlığında olsun, digər sözlə çanta və ya əl yükü zərərçəkmişin faktiki sahibliyində və yaxud hər hansı bir şəkildə onun nəzarətindən çıxmamış vəziyyətdə olsun. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli o halda Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində qeyd edilmiş cinayət əməli kimi tövsif edilə bilər ki, zərərçəkmiş şəxsə məxsus oğurlanmış əmlak zərərçəkmiş şəxsin üzərində, əlində və yaxud hər hansı şəkildə onun nəzarətində olsun, əks halda, yəni zərərçəkmiş şəxs tərəfindən unudulmuş əşyanın oğurlanması zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla oğurluq cinayətinin törədilməsi kimi qiymətləndirilə bilməz. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iş üzrə zərərçəkmiş şəxs X5 xx.xx.2023-cü il tarixdə qohumu X8 idarə etdiyi avtomobillə yaşadığı Tərtər rayonundan Bakı şəhərinə gedərkən Hacıqabul rayonu Navahi qəsəbəsində yerləşən “Nur” restoranında çay içdikdən sonra sanitar qovşağa getmiş, əlində olan əl çantasını qovşaqda yerləşən kabinənin qapısının qarşısına qoymuş, sanitar qovşaqdan çıxdıqdan sonra çantanı götürməyi unutmuş və Bakı şəhərinə getmiş, təxminən 1 saat yol getdikdən sonra çantanı “Nur” restoranında sanitar qovşaqda unutduğunu bilmişdir. İş üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində xadimə kimi işlədiyi “Nur” restoranında təmizlik işləri apararkən sanitar qovşaqda qadın əl çantası taparaq onu namaz otağında gizlətmiş, sonra isə çantanın içərisindən 1000 AZN və 100 rus rublu məbləğində pul vəsaitini oğurladıqdan sonra həmin çantanı restoranın administratoru Şahid1 vermiş, polis şöbəsində olarkən oğurladığı pul vəsaitindən 321 AZN və 100 rus rublu məbləğində vəsaiti zərərçəkmişə qaytarmışdır. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X2 üzərində, əlində və ya onun tərəfindən nəzarət edilə biləcək məsafədə qoyulmuş, yəni onun faktiki sahibliyində olan qadın çantasından deyil, zərərçəkmiş şəxs tərəfindən unudulmuş qadın çantasında olan pul kisəsindən oğurluq etmişdir. Odur ki, iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli zərər çəkmiş şəxsə ümumilikdə vurulmuş zərərin miqdarına uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının 1ci və 2-ci bəndlərində qeyd edilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək zərərçəkmiş şəxsə məxsus çantada olan pul kisəsindən 1000 AZN və 100 rus rublu deyil, cəmi 321 AZN və 100 rus rublu oğurladığını və həmin məbləği zərərçəkmiş şəxsə qaytararaq ona vurulmuş maddi ziyanı tam ödədiyini bildirsə də, onun bu ifadəsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan ibtidai istintaq zamanı toplanmış və məhkəmə istintaqı zamanı ətraflı tədqiq edilmiş sübutlarla təkzib edildiyindən, məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X11 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə oğruluq hadisəsindən əvvəl zərərçəkmiş şəxslə birlikdə Ucar rayonu ərazisində yerləşən mağazada alış-veriş edərkən zərəçəkmiş şəxsin pul kisəsində olan pul məbləğini dəqiq bilməsə də, orada bir neçə ədəd 100 manatlıq əskinasların olduğunu görmüşdür. Bundan başqa, şahid Hüsaməddin Əliyev ifadəsində bildirmişdir ki, o, və iş üzrə zərərçəkmiş X5 ilə birlikdə Tərtər rayonundan Bakı şəhəri istiqamətində yola düşərkən sonuncu üzərində 1000 AZN pulun olduğunu bildirərək Bakı şəhəri ərazisində həmin pul məbləğinin ABŞ dollarına dəyişmək istədiyini bildirmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, əvvəllər məhkum olunmamasını və yaşayış yerində müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM 59.1.14, 59.2). Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsinin sanksiyasında üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X1 Eyzangül Qalamirzə qızına qarşı mülki iddia ərizəsi verərək, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş 679 manat məbləğində maddi ziyanın onun xeyrinə tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş oğurluq cinayət əməli nəticəsində zərər çəkmiş (mülki iddiaçı) şəxs X3 679 manat məbləğində maddi zərər vurulması iş üzrə toplanmış mötəbər sübutlarla təsdiq edildiyindən, verilmiş mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs 679 (altı yüz yetmiş doqquz) manat pul vəsaiti alınaraq X3 ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 679 (altı yüz yetmiş doqquz) manat pul vəsaiti alınaraq X3 ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) . Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-39/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-39/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver