Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-4/2023 10.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Müdafiəçi1 iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Sabirabad rayonu, Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Hacıqabul rayonu, Meyniman kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında olan pul mübahisəsi səbəbindən onun əmlakını yandırmaqla məhv etmə və zədələmə qərarına gələrək bu məqsədlə xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs məxsus Hacıqabul rayonu Meyniman kəndində yerləşən fərdi yaşayış sahəsinin yaxınlığına gələrək həmin yaşayış sahəsində yerləşən və heyvanların saxlanması üçün nəzərdə tutulan 146 kvadrat metr sahəsi olan tövlənin üstündə yerləşdirilmiş ot bağlamalarını alışqanla yandıraraq 1800 manat dəyərində 4 kub metr taxtanı, 720 manat dəyərində 480 metr reykanı, 1200 manat dəyərində 120 ədəd şiferi, 60 manat dəyərində 20 kiloqram mismarı, 219 manat dəyərində 73 kvadrat metr taxta atmaları, 150 manat dəyərində 0,6 kub metr meşə ağacı, 202 manat dəyərində 0,45 kub metr taxtanı, 1 bağlamanın orta bazar qiyməti 4 manat dəyərində olan 500 bağlama yoncanı qəsdən məhv edərək, həmçinin qeyd olunan əmlakın daşınması üçün 100 manat əlavə xərclər və damın yığılması üçün 1022 manat məbləği nəzərə alaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdar təşkil edən ümumilikdə 7473 manat məbləğində ziyan vurmuşdur. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. 2021-ci ilin may ayında fərdi yaşayış evini 12000 manata satarkən Əli ona bildirmişdir ki onun evinə 10000 manat verir, o da onunla razılaşmışdır. Lakin, Əli bildirmişdir ki, evin pulunu hər ay 500 manat verəcək, o da razılaşmışdır. Həmin ayda Əli ona 400 manat pul beh vermiş, lakin o, Əliyə bildirmişdir ki, fikrini dəyişsə beh batacaq Əli də buna razılaşmışdır. Lakin, 2021-ci ilin dekabr ayında Əli ona bildirmişdir ki, “evini almalı olmadım maddi imkanım çatmır səndə olan pulumu sil”. Bundan sonra Əli ona bir atı olduğunu və həmin atı həyətində otlatmaq istədiyini bildirmişdir. Əlinin atı 7 ay onun həyətində otladığından xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Əlinin evinə gedib küçəyə çağırmış, pula ehtiyacı olduğunu və atını onu həyətində otlatdığına görə borcunu verməsini istəmişdir. Əli səs-küy salaraq borcu olmadığını əksinə onun Əliyə borcu olduğunu deyərək onu söyüb təhqir etmişdir. Həmin vaxt Əlinin yanında həyat yoldaşı Samirə olduğundan bir söz deməmişdir. Bundan sonra onların arasında sözlə mübahisə olmuşdur. Əli onun ünvanına nalayiq ifadələr işlətdiyindən və həmin mübahisədən 2 saat öncə yaşadığı evdə sipirtli içki qəbul etdiyindən, Əlinin sözləri ona pis təsir etmişdir. Bundan sonra o, Əlinin evə getməsini gözləmiş və cibində olan alışqanı çıxarıb Əlinin evinin həyətində olan tövlənin üzərinə yığılmış ot bağlamasını sol tərəfindən yandırmışdır. Bir neçə saat ərzində Əliyə məxsus ot bağlamaları və heyvan tövləsi tam yandığını görmüşdür. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, azadlıqda olarsa zərər çəkmiş şəxsə dəymiş zərəri ödəmək niyyətində olduğunu bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur və Rəcəb ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 2021-ci ilin may ayında Rəcəb ona yaşadığı evi 10000 manata satmaq istədiyini demişdir. O da hər ay kredit formasında onun evini almağı ilə bağlı ailə üzvləri ilə məsləhətləşdikdən sonra Rəcəblə evi 10000 manat pula almağa razılaşmış və beh olaraq Rəcəbə 2021-ci ilin may ayında 500 manat pul vermişdir. Qalan 9500 manat pulu 2021-ci ilin sentyabr ayında ödəyəcəyini bildirmişdir. Həmin vaxt Rəcəb ona həyətinin ot basdığını bildirib onun həyətində olan bir ədəd atı həyətinə buraxmağını bildirdi ki, at orada olan otu yesin. O, Rəcəbin bu sözündən sonra atını Rəcəbin həyətinə buraxmışdır. Atı təxminən 2-3 ay Rəcəbin həyətində otlamışdır. Bundan sonra onlar arasında evin alqı-satqısı baş tutmamış və o da Rəcəbə 500 manat beh kimi verdiyi pulu qaytarıb-qaytara bilməyəcəyini soruşduqda Rəcəb ona behin batdığını bildirmişdir. Bundan sonra o, Rəcəbə baş qoşmamış, lakin Rəcəb təxminən 2022-cilin iyun ayına qədər 3-4 dəfə onun yaşadığı ünvana gəlib ona demişdir ki, “sənin atın mənim həyətimdə otlayıb sənin mənə 400 manat borcun var”. O, Rəcəbə “sənin mənə 500 manat borcun var hələ qaytarmamısan üstəlik borcumun olduğunuda deyirsən” demişdir. xx.xx.2022-ci il tarixdə axşam saat 20 radələrində Rəcəb təkrarən onun yaşadığı həyətə gəlib onu hədələyərək pulu vermədiyi halda evinin qarşı hissəsində yerləşən tövləni və ot bağlamalarını yandıracağı bildirmişdir. O isə Rəcəbin sözlərinə məhəl qoymamışdır. Evdə çay içən zaman həyat yoldaşı Samirə qışqıraraq Rəcəbin ot bağlamalarını yandırdığını demişdir. Buna görə küçəyə qaçmış və ot bağlamalarının yandığını görüb həyat yoldaşı ilə köməkli olaraq ot bağlamalarının alt hissəsində olan heyvanları tövlədən çıxarmışdır. O, dərhal FHN-in 112 zəng mərkəzinə zəng vurub bu barədə məlumat vermişdir. Yanğın davam edən zaman Təqsirləndirilən şəxs kənarda dayanıb hadisəyə tamaşa etmişdir. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxsin ona dəymiş zərəri ödəmədiyini, zərəri ödəmiş olsa belə törətdiyi əmələ görə onu bağışlamadığını bildirdi və təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli 10/5041 nömrəli rəyindən görünür ki, Hacıqabul rayon Meyniman kəndində Zərərçəkmiş şəxs məxsus tövlədə baş vermiş yanğın nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmir tikinti işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 5473 manat məbləğində müəyyən olunur. Tədqiqat nəticəsində, Respublika ərazisində yerləşən yem satışı bazarlarında (o cümlədən Hacıqabul rayonunda) yerli internet saytlarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, ekspertiza təyin haqqında qərarda qeyd edilən 1 bağlama yoncanın 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 4,00 manat müəyyən olunur. İş materiallarında olan Meyniman kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənd əhalisi və yoldaşları arasında həmişə narazılıq salır, dava-dalaş salır, içki aludəçisidir. Sərxoş vəziyyətdə əhali arasında lazımsız hərəkətləri ilə böyük nifrət sahibinə malikdir. Kənddə olan qohumları arasında həmişə küsülü olmuşdur. Qeyd edilənlər nəzərə alınaraq, Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnaməyə cavabdan və məhkəmə aktlarının surətlərindən görünür ki, Həsənov X2 rayon Məhkəməsinin xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli məhkəmə hökmləri ilə Azərbaycan Respublikası CM-in 128 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, CM-in 71.4 və 67.1-ci maddələri tətbiq edilməklə 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Hacıqabul rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1 maddəsi ilə təqsirli bilinərək 1 il azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Onun hazırda ödənilməmiş məhkumluğu yoxdur. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-132/2022 saylı xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni zərər çəkmiş şəxsə məxsus xeyli miqdarda əmlakı yandırmaqla məhv etməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinin sanksiyasında yalnız bir növ cəza, yəni üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəza nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəza növünün təyin edilməsini və ya Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti olaraq tətbiq edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yaşadığı yer üzrə şəxsiyyətinin mənfi xarakterizə olunması, eyni zamanda şəxsiyyətini səciyyələndirən hal kimi əvvəllər dəfələrlə qəsdən cinayət törətməyə görə cinayət məsuliyyətinə cəlb olunması nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs X1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlnılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 132 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla 132 manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №1(071)-4/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-4/2023
10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver