Məhkəmə qərarları › İş №1(071)-4/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-4/2025

17.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-4/2025 17.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçilər – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1, İmişli rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri Ə.Vahid küçəsinə daşımış, 04 yanvar 2024-cü il tarixdə saat 21:50 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri Ə.Vahid küçəsində saxlanılaraq Hacıqabul RPŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən təmiz çəkisi 01 ədəd bükülüdə təmiz çəkisi 0,432 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan qara rəngli şalvarın sol ön cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı göstərilən xüsusatlar şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, əvvəllər psixotrop maddələrdən, əsasən isə metamfetamindən istifadə etmişdir. Həmin maddələri müxtəlif şəxslərdən almışdır. Qanunsuz olaraq narkotik vasitələr əldə edərək üzərində saxladığına görə Hacıqabul rayon məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hazırda cəza çəkir. 04 yanvar 2024-cü il tarixdə günorta saatlarında öz yaşadığı evin yaxınlığında qardaşı ilə mobil telefonla danışarkən yanında avtomobilin dayandığını görmüşdür. Avtomobildə olan şəxslər ona yaxınlaşaraq Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. O, həmin vaxt ona yaxınlaşan şəxsləri tanımış və onların adlarının Fariz, Cavid və Abdulla olduğunu bilmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirib Hacıqabul RPŞ-nə dəvət etmişlər. O, polis şöbəsində olarkən CAB-nin əməliyyat müvəkkili Şahid1 onu aldadaraq qardaşı ilə razılaşdığını və ona verilmiş narkotik vasitəni cibinə qoymasını bildirmişdir. O, həmin vaxt cəza çəkməsindən və daha ağır cəza veriləcəyindən qorxaraq Şahid1la razılaşmış və ona verilmiş içərisindən psixotrop maddə olan bükülünü şalvarının cibinə qoymuşdur. Bundan sonra videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılan zaman içərisində psixotrop maddə olan bükülünü əynində olan şalvarın cibindən çıxardaraq təqdim etmişdir. Bununla əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, lakin protokolun ikinci səhifəsi onun tərəfindən deyil digər şəxs tərəfindən imzalanmışdır. Həmin gün onun üzərində narkotik vasitə olmamış, lakin həmin gün o, adını bilmədiyi şəxslə mobil telefonunda olan vatsap yazışma sistemi vasitəsilə yazışmış və həmin şəxsdən narkotik vasitə almaq niyyətində olmuşdur. Polis əməkdaşları tərəfindən tutulmamışdan bir neçə gün əvvəl narkotik vasitə istifadə etmişdir. Sonda təqsirləndirilən şəxs qeyd edilən cinayət hadisəsinə aidiyyatı olmadığını bildirərək barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 yanvar 2024-cü il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, psixotrop maddələr saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 21:50 radələrində Kərimov X3 şəhəri Ə.Vahid küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılması məqsədilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində TB-nin təhqiqatçısı Natiq Ağayev tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs kimi tutulmuşdur. Bundan sonra videoçəkilişdən istifadə edilməklə Natiq Ağayev tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol ön cibindən 01 ədəd kağız bükülüdə içərisində psixotrop maddə metamfetaminə bənzər maddəni, 01 ədəd narkotik vasitə istifadə etmək üçün şüşə borucuğu və şalvarının sağ cibində olan 01 ədəd mobil telefonu təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan götürülmüş maddənin psixotrop maddə metamfetamin olduğunu, Eynar adlı şəxsdən 10 manat pul qarşılığında aldığını və özünün istifadə etməsi məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş metamfetaminə bənzər kütlə elektron tərəzidə çəkilən zaman 0,21 qram olduğu müəyyən edilmişdir. Bu barədə tərtib edilmiş protokolun məzmunu ilə tanış olduqdan sonra protokol tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun övladıdır. xx.xx.2024-cü il tarixdə günorta saat 15-16 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən özünə məxsus evin həyətində olmuş, Təqsirləndirilən şəxs isə həmin vaxt həyətin çöl hissəsində dayanaraq qardaşı ilə mobil telefonla danışmışdır. O, həyətdə olarkən yaşca böyük övladı mobil telefon vasitəsilə ona zəng edərək Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən polis şöbəsinə aparıldığını bildirmişdir. O, dərhal küçəyə çıxmış, lakin küçədə polis əməkdaşlarını və Təqsirləndirilən şəxs görməmişdir. Şahid Z.Kərimova əlavə olaraq bildirdi ki, övladı Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etmiş, lakin müalicə aldıqdan sonra zərərli vərdişdən uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 04 yanvar 2024-cü il tarixdə gunorta saatlarında o, mobil telefon vasitəsilə Təqsirləndirilən şəxs zəng etmişdir. Təqsirləndirilən şəxs onunla mobil telefonla danışan zaman o, orada səs-küy eşitmiş və ondan nə baş verdiyini soruşduqda Təqsirləndirilən şəxs polis əməkdaşı olan Fariz adlı şəxsin və digər polis əməkdaşlarının onu tutmağa gəldiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs mobil telefonu sönmüş, o, bir neçə dəfə Təqsirləndirilən şəxs zəng etməyə çalışsa da, mobil telefona zəng çatmamışdır. Bundan təxminən 10-15 dəqiqə sonra o, Hacıqabul RPŞ-nə gəlmişdir. Orada Fariz adlı polis əməkdaşı axşam saatlarında qardaşı Təqsirləndirilən şəxs sərbəst buraxılacağını bildirmişdir. Həmin gün saat 22 radələrində o, Fariz adlı polis əməkdaşına mobil telefon vasitəsilə zəng edərək qardaşı Təqsirləndirilən şəxs sərbəst buraxılıb-buraxılmamasını soruşmuş, Fariz adlı şəxs ona narahat olmamasını, bir azdan qardaşının sərbəst buraxılacağını bildirmişdir. Lakin, qardaşı Təqsirləndirilən şəxs 3 gündən sonra azad edilmişdir. Qardaşı Təqsirləndirilən şəxs evə gəldikdən sonra polis şöbəsində olarkən Şahid1 tərəfindən aldadıldığını və nəticədə polis əməkdaşları tərəfindən verilmiş psixotrop maddənin ona məxsus olmasını etiraf etməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin İTB-nin əməkdaşıdır. Təxminən 16 ilə yaxındır ki, daxili işlər orqanlarında xidmət edir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyinə görə Hacıqabul rayon məhkəməsinin hökmü ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması ona məlumdur. O, Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılması prosesində iştirak etməmişdir. Son vaxtlar Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsi ona məlum deyil. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin İTB-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyinə görə Hacıqabul rayon məhkəməsinin hökmü ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması ona məlumdur. O, Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılması prosesində iştirak etməmişdir. Son vaxtlar Təqsirləndirilən şəxs narkotik vasitələr istifadə etməsi ona məlum deyil. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs onun qonşusudur. Polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olmasından şübhələndikləri üçün onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Bununla əlaqədar tərtib edilmiş protokolu Təqsirləndirilən şəxs şəxsən özü imzalamışdır.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən Şahid1 orada olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 yanvar 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol ön cibindən 1 ədəd kağız bükülüdə psixotrop maddə metamfetaminə bənzər maddə, narkotik vasitə istifadə etmək üçün şüşə borucuq aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər maddəni xx.xx.2024-cü il tarixdə gunorta saatlarında Hacıqabul şəhəri xalça sexinin yanında Eynar adlı şəxsdən 10 manata aldığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/08 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi - 0,432 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd əşya daşıyıcısının içərisində psixotrop maddə metamfetaminin izləri vardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 380 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Onun psixotrop maddəni aldığını bildirdiyi “Eynar” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,382 qram qalan psixotrop maddə hesab edilə metamfetamin maddi sübut kimi tanınmışdır. Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq Ağayev tərəfindən tərtib edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21:50-dən etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 22:00-da Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Röyal Məmmədov tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Tutulmuş şəxsin azad edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:15-də müvəqqəti saxlama yerindən azad edilmişdir. Qətimkan tədbirinin tətbiq edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Kərimov X3 şəhəri Ə.Vahid küçəsi ev 77 ünvanında yaşayır. Hacıqabul rayonu Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Hacıqabul Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş 18-1-41/2-33/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən konsultativ-polilinika şöbəsinin narkoloji kabinetində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün və qərarının surətindən görünür ki, Kərimov X3 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkir. Hacıqabul rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2025-ci il tarixinə Təqsirləndirilən şəxs tərəfindən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 06 ay 10 gün təşkil edir, lakin Təqsirləndirilən şəxs Hacıqabul rayon məkhəməsinin qərarı ilə inzibati məsuliyyətə cəlb edilərək barəsində 10 gün inzibati həbs tənbeh tədbiri tətbiq edilmiş və həbsin müddətinin azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinə hesablanmaması nəzərə alınmaqla, onun tərəfindən azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi faktiki olaraq 06 ay 20 gün təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya Xidmətindən daxil olmuş 3- 16/2-11153/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tətbiq edilmiş elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsini yerinə yetirmədiyindən hərəkət trayektoriyasını müəyyən etmək mümkün olmamışdır. Müdafiə tərəfinin vəsatəti ilə məhkəmə tərəfindən təyin edilmiş məhkəmə xəttşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1549 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun 2-ci vərəqində “imzalar” hissəsində “Şübhəli şəxs:” və “Təqsirləndirilən şəxs” yazıları arasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Hacıqabul RPŞ-dən daxil olmuş 3-13-78/2-883/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, “polis şöbəsinə gətirilən şəxslərin qeydiyyatı kitabında” Təqsirləndirilən şəxs Şahid1 və Şahid2 tərəfindən xx.xx.2024-cü il tarixdə saat 21:05-də Hacıqabul RPŞ-nə gətirilməsi qeyd edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı qeyd edilən cinayətdə təqsirli olmasını etiraf etsə də, məhkəmə istintaqı zamanı aşkar edilmiş psixotrop maddənin ona məxsus olmamasını, polis əməkdaşları tərəfindən aldadıldığını və həmin psixotrop maddənin polis əməkdaşları tərəfindən ona verildiyini bildirmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadə verərkən təqsirini etiraf etməyərək aşkar edilmiş psixotrop maddənin ona məxsus olmamasını, həmin psixotrop maddənin Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən ona verildiyini bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı qeyd edilən hallarla əlaqədar hər hansı bir dövlət orqanına bununla əlaqədar müraciət etməmiş, bundan başqa üzərində şəxsi axtarış aparılarkən tədbirin keçirilməsində iştirak edən müdafiəçiyə bu barədə heç bir məlumat verməmişdir. Baxmayaraq ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmişdir. Yəni, onun müxtəlif dövlət orqanlarına şikayət etmək üçün kifayət qədər imkanı olmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Bundan başqa, Təqsirləndirilən şəxs müdafiçəsinin vəsatəti ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək daxil olmuş zənglərin, habelə anten dairəsi barədə məlumatların götürülməsi məqsədilə "xxxx" MMC-yə sorğu göndərilmişdir. "xxxx" MMC-dən daxil olmuş məktuba və əlavə edilmiş CD diskdə olan məlumatlara əsasən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 15:31-dən saat 16:16-dək Hacıqabul şəhərində Bayram İbrahimov küçəsində olmuşdur. Saat 16:16-dan etibarən Təqsirləndirilən şəxs Hacıqabul şəhəri ərazisində olmuşdur. İş üzrə şahid qismində ifadə vermiş Hacıqabul RPŞ-nin əməkdaş Şahid1 ifadə verərək bildirmişlər ki, o, Səməd Mürsəlovla birlikdə xx.xx.2024-cü il tarixdə saat 21:50 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri Ə.Vahid küçəsində saxlayaraq Hacıqabul RPŞ-nə dəvət etmişlər. Göründüyü kimi anten məlumatlarında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il saat 21:50-də konkret olaraq Hacıqabul şəhərinin hansı küçəsində olması qeyd edilməmişdir. Qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs tutulmasında iştirak edən polis əməkdaşları tərəfindən verilən ifadələr zamanı onun tutulduğu məkanın müəyyən edilməsində müəyyən şübhələrin yaranmasına baxmayaraq, bu hal nəticə etibarı ilə Təqsirləndirilən şəxs qeyd edilən cinayətin törədilməsində təqsirini hər hansı şəkildə şübhə altına almır. Belə ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində harada tutulmasından asılı olmayaraq onun üzərində şəxsi axtarış Hacıqabul RPŞ-nin inzibati binasında xidməti otaqda müdafiəçinin iştirakı və videoçəkiliş aparılmaqla həyata keçirilmişdir. Həmin istintaq hərəkəti Cinayət Prosessual Məcəllənin tələblərinə uyğun aparılmış və nəticədə Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları, digər sənədlər. Həmin Məcəllənin 134.3-cü maddəsinə əsasən cinayət barədə şifahi ərizənin qəbulu, təqsirini boynuna almaqla könüllü gəlmə, tutulma, şəxslərə hüquq və vəzifələrini izah etmə protokolları faktı təsdiq edən sübut növü kimi istifadə oluna bilər. Göründüyü kimi, cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokol yalnız həmin faktı təsdiq edən sübut növü hesab edilir. Qeyd eilənləri ümumiləşdirərək məhkəmə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması protokolunu faktı təsdiq edən sübut kimi qəbul edərək onun xx.xx.2024-cü il tarixdə saat 21:50 radələrində Hacıqabul şəhərində Ə.Vahid küçəsində tutulması faktını qəbul edir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə məhkəmə tərəfindən məhkəmə-xəttşünaslıq ekspertizasının keçirilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1549 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolunun 2-ci vərəqində “imzalar” hissəsində “Şübhəli şəxs:” və “Təqsirləndirilən şəxs” yazıları arasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bununla əlaqədar məhkəmə qeyd edir ki, şəxsi axtarış və götürmə protokolunun 1-ci səhifəsi Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Həmin protokol təqsirləndirilən şəxs tərəfindən imzalanarkən artıq onun üzərində şəxsi axtarış aparılmış və o, üzərində olan psixotrop maddə - metamfetamini könüllü şəkildə təqdim etmişdir. Tədbirin gedişatı zamanı və ya bundan sonra təqsirləndirilən şəxs könüllü şəkildə təqdim etdiyi psixotrop maddənin ona məxsus olmamasını müdafiəçiyə habelə, videoçəkiliş zamanı kameraya bildirməmişdir. Bundan başqa, “təqsirləndirilən şəxs və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə birlikdə cinayət işinin materialları ilə tanış olmuş və cinayət işinin məhkəməyə göndərilməsinə heç bir etirazının olmadığını bildirmiş, həmin vaxt şəxsi axtarış və götürmə protokolunun 2-ci səhifəsinin imzalar qrafasında olan imzanın ona məxsus olmamasını bildirməmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində istintaq hərəkətlərinin protokolu sübut kimi qəbul olunur. Həmin Məcəllənin 246-cı maddəsinə əsasən müstəntiq iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək, barəsində istintaq hərəkəti aparılan şəxsin paltarında, əşyalarında və ya bədənində ola bilən əşya və sənədləri, bir qayda olaraq, məhkəmənin qərarı əsasında götürə bilər. Məhkəmənin qərarı alınmadan şəxsi axtarış aşağıdakı hallarda aparıla bilər: şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə; təqsirləndirilən şəxs barəsində həbsə alma qətimkan tədbiri tətbiq edildikdə; axtarış və ya götürmənin aparıldığı binada olan şəxsin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədləri gizlətməsini güman etməyə kifayət qədər əsaslar olduqda. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Qeyd edilənlərə əsasən məhkəmə xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokolu sübut növü kimi təsdiq edir və aşkar edilmiş psixotrop maddənin (metamfetaminin) təqsirləndirilən şəxsin üzərindən aşkar edilməsi faktını qəbul edir. Lakin, qeyd edilməlidir ki, həmin protokolu tərtib etmiş Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X9 tərəfindən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokol tərtib edilərkən prosessual pozuntuya yol verilmiş protokolun 2-ci səhifəsi naməlum şəxs tərəfindən imzalanmışdır. Qeyd edilən hala münasibətdə məhkəmə hesab edir ki, Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X9 barəsində xüsusi qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: - böyük ictimai təhlükə törətməyən cinayətlər; - yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; - bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək cəzanın icrası zamanı hazırki cinayət əməlini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaratmasa da, onun şəxsiyyətinin mənfi xarakterizə edilən hal kimi nəzərə alınır və təqsirləndirilən şəxs barəsində əvvəllər tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzasının islahedici təsirinin şəxsin islah olunması üçün yetərli olmaması və nəticə etibarı ilə cəzanın məqsədlərinə nail olunmadığı qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları aşkar etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları aşkar etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər törətdiyi analoji cinayətə görə barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə baxmayaraq, islah olunmadan cəza çəkdiyi müddət ərzində yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Eyni zamanda, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma və məhkəmə istintaqı zamanı həbslə bağlı olmayan, yəni polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildiyi üçün onun tərəfindən Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası davam etdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cəzanın çəkilməmiş hissəsi yeni hökmün çıxarılmasından sonra qalan hissəsi hesab ediləcəkdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət təyin olunacaq cəzadan çıxılmalı, Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 06 ay 20 gün azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablamaqla cəzanın çəkilməmiş hissəsi olan 03 ay 10 gün Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli, hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə zalında dərhal həbs edilməli, cəza çəkmə müddətinin əvvəli hökmün elan edildiyi gündən, yəni xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,382 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatlarının (məhkəmə-kimyəvi və məhkəmə-xətşünaslıq) dəyəri 156,95 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi, lakin müalicəyə ehtiyacının olmaması müəyyən olunduğundan, barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmamalı, ərazi narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi olan 06 ay 20 gün Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablamaqla 03 ay 10 gün müddət Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmənin bir gününə bir gün hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 17 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, hökm qanuni qüvvəyə minənədək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə zalından həbs edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,382 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 156,95 manat (yüz əlli altı manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar