Məhkəmə qərarları › İş №1(071)-40/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-40/2022

01.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-40/2022 01.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində üç azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 71-də daimi qeydiyyatda olmaqla yaşayan, 05.12.2021-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 07.12.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gəlib, bu məqsədlə 2021-ci ilin oktyabr ayının əvvəllərində tarixi istintaqa və məhkəməyə məlum olmayan vaxt gecə saat 02 radələrində evdə yaşayış olmadığından əmin olmaqla Zərərçəkmiş şəxs məxsus Hacıqabul şəhəri H.Həmidov küçəsindəki 128 nömrəli fərdi yaşayış evinin həyətinə, oradan isə yaşayış sahəsi hesab edilən evin qapısının kilidini qırmaqla qanunsuz evə daxil olaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs qiymətləndirdiyi evin otaqlarında bir ədəd 100 manat dəyərində «Hitachi» markalı televizoru, bir ədəd 40 manat dəyərində «Supermax» markalı peyk qəbul edicisini, 300 manat dəyərində bir dəst «madonna» servisini, hər birinin dəyəri 120 manat olmaqla cəmi 240 manat dəyərində iki komplekt «bagema» markalı şirə qabını, hər birinin dəyəri 125 manat olmaqla 250 manat dəyərində iki ədəd 100 ml ölçülü “Jivanşe” “Si” “Malkula-2” və “Dolce-Qabana” ətirlərini, hər birinin dəyəri 30 manat olmaqla 120 manat dəyərində dörd ədəd xrustal vaz qablarını, 150 manat dəyərində bir dəst içərisində altı ədəd “Tefal” markalı qazan olan qutunu, hər birinin dəyəri 5 manat olmaqla cəmi 100 manat dəyərində iyirmi ədəd əl-üz dəsmalını, bir ədəd 80 manat dəyərində “Braun” markalı şirə çəkən maşını, bir ədəd 150 manat dəyərində “Braun” markalı ət çəkən maşını, bir ədəd 50 manat dəyərində su nasosunu, bir ədəd 70 manat dəyərində az işlənmiş tozsoranı, bir ədəd 150 manat dəyərində “Tefal” markalı ütünü, iki ədəd hər birinin dəyəri 50 manat olmaqla cəmi 100 manat dəyərində qadın hamam geyim paltarını, hər metrinin dəyəri 1 manat olmaqla cəmi 50 manat dəyərində əlli metr uzunluğunda 1,5x2 mm diametrli elektrik naqilini, içərisində ümumilikdə dəyəri 50 manat təşkil edən üç ədəd çaynik, doqquz ədəd külqabı, dörd ədəd böyük, otuz üç ədəd kiçik boşqablar, iyirmi altı ədəd böyük, on doqquz ədəd balaca nəlbəki, on beş ədəd şüşə limon qabı, səkkiz ədəd masqura, iki ədəd qab, iki ədəd duzqabı, üç ədəd kiçik qədəh olan qutunu gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 2000 (iki min) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,352 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini bir ədəd kağız kəsiyi bükümündə qablaşdırılmış halda üzərində daşıyaraq saxlamış və 03.11.2021-ci il tarixdə saat 10:30-da Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yerləşən evinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən qeyd olunan çəkidə psixotrop maddə metamfetamin onun əynində olan göy rəngli qış gödəkcəsinin sağ cibindən bir ədəd kağız kəsiyi bükümündə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, 03.11.2021-ci il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilərkən üzərindən psixotrop maddə metamfetamin aşkar olunduğu üçün barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və o, həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək azadlığa buraxılmışdır. Tutulmamışdan əvvəl təxminən 2021-ci ilin oktyabr ayının əvvəllərində borcu olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs məxsus Hacıqabul şəhəri H.Həmidov küçəsindəki 128 nömrəli fərdi yaşayış evində yaşayış olmadığını bildiyi üçün oradan oğurluq etmək qərarına gəlmişdir. Zərərçəkmiş şəxs RF-da yaşayırdı, evə onun bacısı oğlu nəzərət edirdi. O, Zərərçəkmiş şəxs bacısı oğlu ilə bir dəfə həmin evdə olmuşdu. Bu səbəbdən evdə heç kimin yaşamadığını və oradan məişət əşyalarını oğurlayaraq satıb borcunu ödəyə biləcəyini güman etmişdir. Bu məqsədlə Zərərçəkmiş şəxs məxsus Hacıqabul şəhəri H.Həmidov küçəsindəki 128 nömrəli fərdi yaşayış evinin işıqlarının yanmadığını və evdə yaşayış olmadığından əmin olaraq, gecə saat 02 radələrində həmin evə oğurluq üçün daxil olmuşdur. Belə ki, evin hasarından həyətə tullanmış və evin giriş qapısına yaxınlaşmışdır. Evin giriş qapısı kiçik kilidlə bağlanmışdır. O, həmin kilidi möhkəm dartaraq yerindən çıxarmış və evə daxil olmuşdur. Evin otaqları iç-içə olmuşdur. O, evdə axtarış aparıb həmin evdən bir ədəd köhnə balaca televizor, bir ədəd peyk qəbul edici, içərisində müxtəlif əşyalar, yəni çaynik, boşqab, nəlbəki, duz qabı və sair əşyalar olan bir ədəd qutu, təxminən 50 metr uzunluğunda elektrik naqillərini oğurlamışdır. Həmin əşyaları o, evin hasarın yanına gətirmiş və yavaş-yavaş əşyaları çölə çıxarmışdır. Sonra həmin əşyaları yaşadığı evə daşımışdır. Evdə həmin əşyaları yaşayış olmayan otağa yığmışdır. Fikirləşmişdir ki, həmin əşyaları sonra satar. Lakin alıcı tapa bilmədiyindən əşyalar yaşadığı evin yaşayış olmayan otağında qalmışdır. 2021-ci ilin dekabr ayının 03-də polis əməkdaşları tərəfindən polis şöbəsinə dəvət olunduqda, o, Zərərçəkmiş şəxs evindən oğurluq etdiyini etiraf etmiş və əşyaları polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa, 02.11.2021-ci il tarixdə saat təxminən 18-19 radələri olardı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yerləşən yaşayış evindən çıxıb şəhər mərkəzi istiqamətinə gedən zaman, yolun kənarında yerdən 1 ədəd kağız bükümündə psixotrop maddə olan metamfetamin tapmışdır. Metamfetamini öz istifadəsi üçün əynində olan göy rəngli qış gödəkçəsinin sağ cibinə qoymuşdur. 03.11.2021-ci il tarixdə saat 10:30 radələrində yaşadığı evdən çıxıb gedən zaman polis əməkdaşları ona yaxınlaşmış və ona üzərində narkotik vasitə olmasında şübhəli olduğunu bildirib, onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. O, polis əməkdaşları ilə razılaşmış və onlarla birlikdə Hacıqabul RPŞ-yə gəlmişdir. O, Hacıqabul rayon PŞ-yə gətirildikdən sonra müdafiəçi İlqar Tapdıqov ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edilmişdir. Bundan sonra müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması soruşulmuşdur. O, polis əməkdaşlarına əynində olan göy rəngli qış gödəkçəsinin sağ cibində saxladığı bir ədəd kağız kəsiyini təqdim edərək, içərsində psixotrop maddə olan metamfetamin olduğunu və həmin metamfetamini Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsində yolun kənarından tapdığını bildirmişdir. Bundan başqa üzərindən hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. O, Zərərçəkmiş şəxs evindən oğurladığı əşyaları qaytarmış və dəymiş maddi zərəri tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs ona qarşı heç bir şikayəti və iddia tələbi yoxdur. Bu barədə Zərərçəkmiş şəxs polis şöbəsinə yazılı ərizə təqdim etmişdir. Törətdiyi əməlindən peşman olmuşdur, evlidir, öhdəsində 2012, 2015 və 2019-cu il təvəllüdlü üç azyaşlı övladı və 67 yaşlı atası, 65 yaşlı anası vardır. Ailənin maddi təminatını fərdi qaydada alver etməklə təmin etmişdir. Hazırda həbsdə olduğuna görə ailəsinin maddi vəziyyəti çox ağırdır. Bütün bunları nəzərə alaraq ona yüngün cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia tələbi və şikayəti olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, o, məhkəməyə gəlməmişdir. Məhkəmə Zərərçəkmiş şəxs zərərin əvəzinin ödənilməsinə dair ərizəsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, Bakı şəhəri Səbail rayonu A.Abbaszadə küçəsində qeydiyyatda olmaqla, Bakı şəhəri Yeni Yasamal yaşayış massivi Şərifzadə küçəsi ev 51/78-də yaşayır. Onun Hacıqabul şəhəri H.Həmidov küçəsində 128 nömrəli fərdi yaşayış evi var. Təxminən 1 ilə yaxın müddətdir ki, həmin ünvana getmir. 03.12.2021-ci il tarixdə yaşadığı evə gedərkən baxmışdır ki, evin qapısı açıqdır. Evə daxil olduqda görmüşdür ki, mətbəxdə qab-qacaq yerdədir, sonra yataq otağına girmiş və orada görmüşdür ki, oradan 1 ədəd dəyəri 100 manat olan “Xitaci” markalı televizor, dəyəri 40 manat olan 1 ədəd krosnu aparatı oğurlanmışdır. Bundan sonra o, öz otağına girmiş və görmüşdür ki, orada olan sandıqça sındırılmış vəziyyətdədir, içərisinə baxdıqda ona məlum olmuşdur ki, oradan ümumi dəyəri 300 manat olan 1 dəst madonna servis, hər birinin dəyəri 120 manat olan 2 komplekt bagema şirə qabı, hər birinin dəyəri 125 manat olan 2 ədəd 100 ml qramlıq “Jivanşe” “Si” “Malkula-2” və “Dolce-Qabana” ətirləri, hər birinin dəyəri 30 manat olan 4 ədəd xrustal vaz qablar, dəyəri 150 manat olan bir dəst icərisində 6 ədəd olan “Tefal” markalı qazan, hər birinin dəyəri 5 manat olan 20 ədəd əl-üz dəsmalı, 1 ədəd dəyəri 80 manat olan “Braun” markalı sok çəkən maşın, 1 ədəd dəyəri 150 manat olan “Braun” markalı ət çəkən maşın, 1 ədəd dəyəri 50 manat olan su nasosu, 1 ədəd dəyəri 70 manat olan az işlənmiş tozsoran, 1 ədəd dəyəri 150 manat olan “Tefal” markalı ütü, 2 ədəd hər birinin dəyəri 50 manat olan qadın hamam geyim paltarı, 50 manat dəyərində 50 metr uzunluğunda kabel, 50 manat dəyərində qab-qacaqlar, nəlbəkilər, külqabı, qədəh və sair əşyalar oğurlanmışdır. Bundan sonra Hacıqabul RPŞ-yə gələrək, 03.12.2021-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 2000 manat ziyan dəymişdir. Oğurluqda heç kimdən şübhələnmir. İşdə olan Zərərçəkmiş şəxs tərəfindən yazılmış qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalar müstəntiq tərəfindən Zərərçəkmiş şəxs qaytarılimışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tamamilə ödənildiyini, onun Təqsirləndirilən şəxs qarşı heç bir iddia tələbi və şikayəti olmadığını bildirmişdir. Şahid3 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ PPXB-nin polis nəfəri işləyir. 03 noyabr 2021-ci il tarixdə xidmətdə olarkən Hacıqabul RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 məlumat daxil olmuşdur ki, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 71də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması ilə məşğul olur. Həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra həmin qərarın icra olunması ilə bağlı Hacıqabul RPŞ PPXB-nin polis nəfərləri Şahid2 və Şahid3, Hacıqabul RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Onlar birlikdə saat 10 radələrində məlumatın yoxlanılması məqsədilə Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsinə getmişlər. Həmin küçədə yaşadığı evin yanında Təqsirləndirilən şəxs yaxınlaşmışlar və özlərini təqdim edərək, barəsində narkotik vasitələrin gəzdirməsi ilə bağlı məlumat daxil olduğunu bildirib, onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və onların iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkcəsinin sağ cibindən bir ədəd kağız bükümünü təqdim etmiş və içərisində psixotrop maddə metamfetamin olduğunu, yaşadığı küçədə yerdən tapdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi maddə qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuşdur. Onlar protokola imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması ilə bağlı heç bir məlumat əldə olunmamışdır. Şahid Hacıqabul RPŞ-nin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 və Hacıqabul RPŞ PPXB-nin polis nəfəri Şahid2 ibtidai istintaq zamanı Şahid3 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Cinayət işində olan 03 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli qış gödəkcəsinin sağ cibindən bir ədəd kağız bükümündə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işində olan 03 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 71 nömrəli evə baxış keçirilərkən 1 ədəd «Hitachi» markalı televizor, 1 ədəd peyk qəbul edici, içərisində 3 ədəd çaynik, 9 ədəd külqabı, 4 ədəd böyük, 33 ədəd kiçik boşqablar, 26 ədəd böyük, 19 ədəd balaca nəlbəki, 15 ədəd şüşə limon qabı, 8 ədəd masqura, 2 ədəd qab, 2 ədəd duz qabı, 3 ədəd qədəh və elektrik naqili aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 03 noyabr 2021-ci il tarixli 18/1100 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 0,352 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. (i.v.88-91) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 fevral 2022-ci il tarixli 9/905 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilən bir ədəd «Hitachi» markalı trubkalı televizorun 2021-ci ilin oktyabr ayına orta bazar qiyməti 50 manat, üzərində gül naxışları olan dəm çaynikinin bir ədədinin 2021-ci ilin oktyabr ayına orta bazar qiyməti 5 manat, bir ədəd ağ rəngli, içərisində gül naxışları olan orta ölçülü dərin boşqabın 2021-ci ilin oktyabr ayına orta bazar qiyməti 5 manat, bir ədəd yaşıl rəngli şüşə materialından olan külqabının 2021-ci ilin oktyabr ayına orta bazar qiyməti 3 manat, «Supermax» markalı peyk qəbul edicinin 2021-ci ilin oktyabr ayına orta bazar qiyməti 15 manat, müxtəlif formalı nəlbəkilərin bir ədədinin 2021-ci ilin oktyabr ayına orta bazar qiyməti 1 manat, kənarı yaşıl xətli boşqabların bir ədədinin 2021-ci ilin oktyabr ayına orta bazar qiyməti 2 manat, şüşə materialından olan dərin duzqabının bir ədədinin 2021-ci ilin oktyabr ayına orta bazar qiyməti 50 qəpik, bir ədəd şüşə materialından kvadrat formalı qabın 2021-ci ilin oktyabr ayına orta bazar qiyməti 10 manat, bir ədəd şüşə materialından olan kiçik ölçülü qədəhin 2021-ci ilin oktyabr ayına orta bazar qiyməti 1 manat, üzəri qara rəngli izolyasiyalı, diametri 1,5x2 olan təzə vəziyyətdə elektrik naqilinin 1 metrinin 2021-ci ilin oktyabr ayına orta bazar qiyməti 1 manat müəyyən edilir. Təqdim olunmuş malların ümumi dəyəri 158 manat müəyyən edilir. (i.v.171-174). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 30 dekabr 2021-ci il tarixli 5361 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.153-154). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 04.11.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. (iş v. 120). Hacıqabul rayon X9 Bölməsinin müstəntiqi, polis kapitanı Ayxan İsgəndərlinin 10.12.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi altında davam etdirilməklə, iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsindən həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və maddi sübutlar, digər iş materialları ilə Təqsirləndirilən şəxs yaşayış evinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq cinayətini, həmçinin satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş təsiredici maddə olan 0,352 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli, öhdəsində 15.12.2012-ci il təvəllüdlü X5, 10.03.2015-ci il təvəllüdlü X4 və 14.11.2019-cu il təvəllüdlü X6 adlı üç azyaşlı uşağı olmasını, öhdəsində təqaüddə olan valideynlərin olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, dəymiş zərərin tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmadığını yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, barəsində yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 03.11.2021-ci il saat 10:30-dan 04.11.2021ci il tarixə saat 14:00-a kimi olan 02 (iki) gün, həmçinin 05.12.2021-ci il tarixdən 01.04.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 03 (üç) ay 26 (iyirmi altı) gün olmaqla, cəmi 03 (üç) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılmalıdır. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,302 qram çəkidə narkotik vasitə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlildir. Zərərçəkmiş şəxs dəymiş zərərin əvəzinin tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 81,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.3-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə, qəti olaraq Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 03.11.2021-ci il saat 10:30-dan 04.11.2021ci il tarixə saat 14:00-a kimi olan 02 (iki) gün, həmçinin 05.12.2021-ci il tarixdən 01.04.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 03 (üç) ay 26 (iyirmi altı) gün olmaqla, cəmi 03 (üç) ay 28 (iyirmi səkkiz) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 07 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 06:00-dək və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,302 qram çəkidə narkotik vasitə olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərərçəkmiş şəxs dəymiş zərərin əvəzinin tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 81,95 (səksən bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi Faiq oğluna məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 20 saata görə 120 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili X2 məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 saata görə 150 (yüz əlli) manat büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar