Məhkəmə qərarları › İş №1(071)-41/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-41/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-41/2023 18.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X15 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1, Müdafiəçilər - Şirvan Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 Ağamməd oğlunun iştirakları ilə, xx.xx.1992-cı il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, restoranda xidmətçi işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri, Ə.Vahid küçəsi ev 13, mənzil 3-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1997-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, restoranda kababçı işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul şəhəri, M.S.Ordubadi küçəsi ev 44-də qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1959-cu il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan və yaşamış, barəsində “həbs qətimkan” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs2, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Hacıqabul şəhəri, “Çikalov” adlanan ərazidə tanışı Təqsirləndirilən şəxs3 vasitəsilə 10 manat pul vəsaiti müqabilində Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq satın almaqla əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 6,20 qram olan narkotik vasitə qurudulmuş marixuananı bir ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə saat 23:10-da Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Şirvan küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3, satış məqsədi olmadan Təqsirləndirilən şəxs2 xahişi ilə xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs1 evinin həyətyanı sahəsində tanışı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 məxsus olan 10 manat pul vəsaiti müqabilində satın almaqla əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 6,20 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuananı bir ədəd kağız kəsiyində qablaşdırılmış halda daşıyaraq Təqsirləndirilən şəxs2 Hacıqabul şəhəri, “Çikalov” adlanan ərazidə heç bir qazanc əldə etmədən vermiş, xx.xx.2023-cü il tarixdə saat 23:10-da Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, Şirvan küçəsində Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilmiş, sonuncunun üzərində keçirilən şəxsi axtarış və götürmə aparılan zamanı qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1, satış məqsədi ilə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı ümumi çəkisi 11,85 qram olan narkotik vasitə qurudulmuş marixuananın 6,20 qram çəkidə olan hissəsini xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 1 ünvanında yerləşən evinin həyətyanı sahəsində tanışı Təqsirləndirilən şəxs3 vasitəsilə Təqsirləndirilən şəxs2 10 manat pul vəsaiti müqabilində satmış, qalan 5,65 qram çəkidəki olan hissəsi isə bir ədəd kibrit qutusunda qablaşdırılmış halda xx.xx.2023-cü il tarixdə saat 16:40-da Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin ifadələri ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, uzun müddətdir Hacıqabul şəhər ərazisində yerləşən Qədirxum restoranında xidmətçi işləyir. İşlədiyi yerdə restoranın içində olan xüsusi kabinetdə bir neçə dəfə marixuanadan istifadə etmişdir. 14 yanvar 2023-cü il tarixdə saat 21 radələrində yenidən marixuana istifadə etmək istədiyinə görə 5 manat iş yoldaşı İlkindən borc almış və üzərində olan 5 manatla birlikdə, cəmi 10 manat pulu restoranda kababçı işləyən Təqsirləndirilən şəxs3 vermişdir ki, onun üçün narkotik vasitə alıb gətirsin. Bundan bir neçə müddət sonra Bəbir onun yanına gəlmiş və bir ədəd kağız bükümdə marixuananı ona vermişdir. Daha sonra onlar ikisi birlikdə iş yoldaşları İlkinin yaşadığı Hacıqabul şəhəri Şirvan küçəsinə getmişlər. Həmin küçədə onlara polis əməkdaşları yaxınlaşıb Hacıqabul RPŞ-nə aparmışlar. Polis şöbəsində olan zaman üzərində şəxsi axtarış aparılarkən əynində olan gödəkçənin cibində gizlətdiyi bir ədəd kağız kəsiyi bükümü təqdim edərək içərisində marixuana olduğunu bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu, ailəli olduğunu və himayəsində iki azyaşlı uşağının olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Əlirza oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, Hacıqabul şəhər ərazisində yerləşən Qədirxum restoranında işləyir. 14 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Nail ona məxsus telefon nömrəsinə zəng edərək, marixuana almaq istədiyini demişdir. O, Nail ilə Hacıqabul şəhəri Çikalov adlanan ərazidə görüşmüş və Nail ona narkotik vasitə alması üçün 10 manat pul vermişdir. O, qohumu olan Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə etdiyini bildiyi üçün narkotik vasitəni ondan ala biləcəyini fikirləşib, Təqsirləndirilən şəxs1 zəng etmiş və ondan marixuana almaq istədiyini bildirmişdir. Bundan sonra onun yaşadığı ünvana getmiş və yaşadığı evin həyətində Təqsirləndirilən şəxs1 ona bir büküm marixuana vermiş, o isə bunun müqabilində həyətdə olan stolun üzərinə 10 manat pul qoyub çıxıb getmişdir. Təqsirləndirilən şəxs1 pulun qoyulduğunu görüb-görmədiyini dəqiq bilmir. Həmin gün təxminən saat 22 radələrində o, Nail ilə görüşmüş və Təqsirləndirilən şəxs1 aldığı marixuananı Təqsirləndirilən şəxs2 vermişdir. Sonra hər ikisi birlikdə İlkinin yaşadığı ünvana getmişlər. İlkinin yaşadığı ünvanın qarşısında gözləyərkən onlara polis əməkdaşları yaxınlaşıb hər ikisini Hacıqabul RPŞ-nə aparmışlar. Polis şöbəsində olan zaman onun üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz hər hansı əşya aşkar olunmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, narkotik maddə olan marixuanadan istifadə edir və lakin, həmin maddənin satışı ilə məşğul deyil. Təxminən 2023-cü ilin yanvar ayının 10-da Hacıqabul şəhərində dəmir yolunun kənarında küçədə yolun kənarına atılmış bir ədəd kağız bükülü onun diqqətini çəkib və o həmin kağızı yerdən götürüb içinə baxan zaman içində qurudulmuş marixuana olmasını görüb götürürək özü ilə aparmışdır. Tapdığı narkotik vasitə marixuanadan bir hissəsini özü istifadə etmişdir. 14 yanvar 2023-cü il tarixdə saat 21 radələrində qohumu Təqsirləndirilən şəxs3 onun nömrəsinə zəng edərək, onun yaşadığı ünvana gəlmək istədiyini bildirmişdir. O da Bəbirə evdə olduğunu və gələ biləcəyini demişdir. Təqsirləndirilən şəxs3 onun yaşadığı ünvana gəlib və onunla həyətdə görüşmüşdür. Təqsirləndirilən şəxs3 ona marixuana istədiyini bildirmişdir. O da Bəbirə belə şeylərdən uzaq durmasını demişdir. Bəbir isə ona marixuananı özü üçün deyil, başqa bir tanışı üçün istədiyini demişdir. Həmin vaxt o, tapdığı marixuananın bir hissəsini Bəbirə vermiş, lakin Bəbirin buna görə ona həmin vaxt pul verdiyini bilməmişdir. Bir gün sonra həyətdəki stolun üzərində olan 10 manat pulu gördükdə başa düşmüşdür ki, həmin pulu Bəbir marixuananın əvəzi kimi qoyub getmişdir. xx.xx.2023-cü il tarixdə günorta saatlarında yaşadığı evin qarşısında polis əməkdaşları ona yaxınlaşaraq Təqsirləndirilən şəxs3 narkotik maddə marixuana satdığını bildirərək onu polis şöbəsinə dəvət etmişdir. Polis şöbəsində olan zaman üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən aşkar edilmiş kibrit qutusundakı marixuana ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən tutularkən həmin maddəni ona polis əməkdaşları vermişdir. Narkotik vasitə istifadəçisi olduğu üçün bunu qəbul etmişdir. Bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Polis idarəsində olarkən sənədlərə oxumadan imza etmişdir. Sonda təqsirləndirilən şəxs İİ qrup əlil olduğunu və ailəli olduğunu bildirdi və barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərilərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin İTB-ın sahə polis nəfəri polis baş serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Hüseynov X6 şəhəri, Şirvan küçəsində saxlanılaraq üzərilərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd kağız kəsiyində narkotik vasitə marixuanaya bənzər maddəni təqdim etmişdir. Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş narkotik vasitə marixuanaya bənzər maddə poçt zərfinə qoyularaq möhürlənmişdir. Bundan başqa, polis şöbəsində Təqsirləndirilən şəxs3 üzərində də şəxsi axtarış keçirilmiş, onun üzərindən qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan narkotik maddə marixuananı tanışı Təqsirləndirilən şəxs1 10 manata aldığını bildirdiyi üçün təhqiqatçının raportu əsasında üzərində narkotik vasitə saxlamasında şübhələr olduğu görə Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 16:40 radələrində yaşadığı Hacıqabul şəhəri, M.F.Axundov küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman o, əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibindən bir ədəd kibrit qutusunu çıxaraq təqdim etmişdir. Həmin kibrit qutusuna baxan zaman içərisində marixuanaya bənzər kütlə olması müəyyən olunmuş və həmin kütlə ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Səmədov X2 Samid Rəhim oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman o, əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd kağız kəsiyi bükümündə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni 14 yanvar 2023-cü il tarixdə saat 22 radələrində 10 manata iş yoldaşı Bəbirdən aldığını bildirmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş narkotik vasitə marixuanaya bənzər kütləni 10 manata tanışı Ənvər adlı şəxsdən almaqla Nail Əsgərova verdiyini bildirmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş bir ədəd diskdə olan videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibində bir ədəd kibrit qutusunda içərisində yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni təqdim etmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/49 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən....” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi - 6,20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/52 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində:“...Təqsirləndirilən şəxs1 üzərindən....” sözləri və imzalar olan kağız paketdəki bir ədəd kibrit qutusunda təmiz çəkisi - 5,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus olub, götürüldüyü qeyd edilən marixuanalar eyni tərkiblidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 məxsus “Redmi” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı telefonun zənglər hissəsində bir neçə zənglərin olması olması müəyyən olunmuşdur. Sonuncu zənglərin “naill” və “Ənvər əmi Baba” adlı şəxslərlə olması, “naill” ilə (yəni ***-***-**-** saylı mobil nömrə ilə) xx.xx.2023-cü il tarixdə 6 dəfə 20 saniyə, 10 saniyə, 20 saniyə, 16 saniyə, 20 saniyə və 13 saniyə zəng danışıqların olması, Ənvər əmi Baba” ilə (yəni ***-***-**-** saylı mobil nömrə ilə) xx.xx.2023-cü il tarixdə 2 dəfə 11 və 16 saniyə olmaqla zəng danışıqlarının olması müəyyən olunmuşdur. “Telefon məlumatları barədə CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 istifadəsində olan telefon nömrəsinin məlumatlarına baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı və Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələrin aralarında olan telefon zəngləri olduğu müəyyən olundu. - Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasındakı zənglər xx.xx.2023-ci il tarixdə saat 21:18:27 -də 15 saniyə, xx.xx.2023-ci il tarixdə saat 21:27:39-də 21 saniyə, xx.xx.2023-ci il tarixdə saat 21:32:03-da 16 saniyə, xx.xx.2023-ci il tarixdə saat 21:51:09də 21 saniyə, xx.xx.2023-ci il tarixdə saat 21:57:20-də 12 saniyə, xx.xx.2023-ci il saat 22:06:20-də 21 saniyə, anten dairəsi "Hacıqabul şəh., R. İbrahimov küç, X1” həmin danışıqlar zamanı anten dairəsinin Hacıqabul şəhəri ərazisində olması müəyən edildi. - Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 arasındakı zənglər xx.xx.2023-ci il tarixdə saat 21:31:26-də 17 saniyə və xx.xx.2023-ci il tarixdə saat 22:04:46-də 12 saniyə, anten dairəsi "Hacıqabul şəh., R.İbrahimov küç, X1” həmin danışıqlar zamanı anten dairəsinin Hacıqabul şəhəri ərazisində olması müəyən edildi. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 496 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 kannaboidlərdən periodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 519 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 kannaboidlərdən istifadə etmə halları olub. Lakin halhazırda Təqsirləndirilən şəxs3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs3 norkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli, 728 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannaboidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs1 İİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Kompleks ambulator məhkəmə-psixatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı xroniki xəstəlik müəyyən edilmir. Onda Emosional damasız şəxsiyyət pozuntusu, implusiv tip (xəstəliklərin Beynəlxalq Təsnifatı 10-cu baxış, kod F60.30) əlamətləri aşkar olunur. Təqsirləndirilən şəxs1 aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, təsvir olunan cinayət əməli dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs1 təsvir olunan cinayət əməli dövründə də xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Cavadov v Ənvər Əlirza oğlu ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Hal-hazırda Təqsirləndirilən şəxs1 emosional davamsız şəxsiyyət pozuntusunun kompensasiya vəziyyətində olduğundan onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 əqli imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs1 törətdiyi hadisə zamanı fizioloki affekt vəziyyətində olmamışdır. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitəni hansı mənbədən əldə etməsini və Təqsirləndirilən şəxs3 başqa kimlərə narkotik vasitə satmasını əməliyyat yolu ilə müəyyən etmək müəyyən olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 6,16 qram və 5,63 qram qalan qurudulmuş marixuanalar maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər cinayət məsuliyyətinə cəlb edilməsi və məhkum olunmasına dair məlumat yoxdur Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 5 ay 13 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Onun məhkumluğu ödənilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının mənzil istismar sahəsi tərəfindən xx.xx.2023-cü il tarixli 77 saylı arayışdan, doğum və nikah haqqında şəhadətnamərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 evli olmaqla himayəsində iki azyaşlı uşağı vardır. O, ailə üzvləri - 1995-ci il təvəllüdlü həyat yoldaşı X8, xx.xx.2016-cı il təvəllüdlü oğlu X11 və xx.xx.2022-ci il təvəllüdlü qızı X9 ilə birlikdə ünvan 3 ünvanda yaşayır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixli 145 saylı arayışdan müəyyən olunur ki, Hüseynov X6 şəhəri M.S.ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşayır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının İƏD tərəfindən xx.xx.2023-cü il tarixli 146 saylı arayışdan müəyyən olunur ki, Cavadov X4 şəhəri M.F.Axundov küçəsi 75 ünvanda qeydiyyatda olmaqla və ailə üzvləri - 1961-ci il təvəllüdlü həyat yoldaşı X5 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-17-1/2-28625/2023 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 İİ qrup əlilliyə görə 327,21 manat sosial müavinət alır. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-6/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokollardan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X7 azad edilmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilərək ifadəsində xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 onlara gələrkən ona narkotik vasitə marixuana verdiyini, lakin həmin narkotik vasitəni pul müqabilində vermədiyini, bir gün sonra həyətdəki stolun üzərində 10 manat pulun olduğunu gördükdə həmin pulu Təqsirləndirilən şəxs3 qoyub getdiyini başa düşdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 da ifadəsində Təqsirləndirilən şəxs1 narkotik vasitəni aldıqdan sonra 10 manat pulu stolun üzərinə qoyub getdiyini, Təqsirləndirilən şəxs1 bunu görüb-görməməsini dəqiq bilmədiyini demişdir. Təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdiyi həmin ifadələr ilə ibtidai istintaq zamanı verdikləri ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ifadəsinin həmin hissəsi ilə bağlı bildirmişdir ki, Nail ona 10 manat pul verdikdən sonra o, Təqsirləndirilən şəxs1 zəng edərək ondan narkotik vasitə marixuana almaq istədiyini bildirmişdir. Onun yaşadığı ünvana gedib və yaşadığı ünvanın qarşısında onunla görüşüb və Ənvərə 10 manat pul verərək ondan kağız kəsiyində narkotik vasitə marixuananı almışdır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 isə ifadəsində bildirmişdir ki, 14 yanvar 2023-cü il tarixdə saat 21 radələrində qohumu Təqsirləndirilən şəxs3 ona zəng edərək, harada olduğunu soruşmuş və onun yaşadığı ünvana gəlmək istədiyini bildirmişdir. O da Bəbirə evdə olduğunu və gələ biləcəyini demişdir. Təqsirləndirilən şəxs3 onun yaşadığı ünvana gəlib onunla həyətdə görüşmüşdür. Təqsirləndirilən şəxs3 ona marixuana istədiyini bildirmişdir. O da Bəbirə marixuananı sata biləcəyini demişdir. Təqsirləndirilən şəxs3 ona 10 manat pul vermiş, o, da Bəbirə tapdığı marixuanadan satmışdır. Təqsirləndirilən şəxs3 ona narkotik vasitəni nə üçün və kim üçün aldığını bildirməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı ifadəsində üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən həmin maddəni ona polis əməkdaşlarının verdiyini, narkotik vasitə istifadəçisi olduğu üçün bunu qəbul etdiyini, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmişdir. Lakin, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs həmin xüsusatla bağlı ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı küçədə polis əməkdaşları ona yaxınlaşaraq Təqsirləndirilən şəxs3 narkotik maddə marixuana satdığımı bildirərək onu polis şöbəsinə dəvət etmişdirlər. O da buna etiraz etməyib polislərlə birlikdə Hacıqabul rayon PŞ-nə gəlmişdir. Dərhal müdafiəçi Füzuli Eyvazov ona hüquqlarını müdafiə edən vəkil kimi təyin edildikdən sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı onun üzərində olan bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Bundan başqa, məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/1275 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş marixuanalar eyni tərkiblidir. Bundan başqa, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 10 manat müqabilində marixuana satdığını, ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Məhkəmə iclasında da təqsirləndirilən şəxs ifadəsində polis şöbəsində olarkən ona qarşı hər hansı fiziki və ya psixi zorakılığın olmadığını bildirmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki və psixi zorakılığa məruz qalması məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Hacıqabul şəhəri, “Çikalov” adlanan ərazidə Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs3 onun üçün narkotik vasitə olan marixuana alması üçün 10 manat pul vermiş, Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs2 üçün narkotik vasitə almaq üçün sonuncunun verdiyi 10 manat pulu tanışı Təqsirləndirilən şəxs1 vermiş, Təqsirləndirilən şəxs1 isə həmin pulun müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi çəkisi 6,20 qram olan narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs3 vermişdir. Təqsirləndirilən şəxs3 da Təqsirləndirilən şəxs1 əldə etdiyi həmin narkotik vasitəni üzərində daşıyaraq Təqsirləndirilən şəxs2 vermiş, qeyd edilən narkotik vasitə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 bu hərəkətləri edərkən yalnız Təqsirləndirilən şəxs2 mənafeyindən çıxış etmiş, narkotik vasitəni satan Təqsirləndirilən şəxs1la bu barədə qabaqcadan hər hansı razılıq əldə etməmiş, narkotik vasitənin satışından hər hansı mənfəət əldə etməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 məlum olmayan vaxtda və mənbədən əldə etdiyi 11,85 qram narkotik vasitə marixuananın 6,20 manat hissəsini satdıqdan sonra, həmin narkotik vasitənin qalan hissəsi olan 5,65 qram marixuana bir gün sonra onun üzərində şəxsi axtarış və götürmə aparılan zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ cibindən aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin onlara isnad edilən cinayət əməllərini törətmələri məhkəmə iclasında tədqiq edilmiş özlərinin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikdləri ifadələr, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə tam sübuta yetirilmişdir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.1.4, 59.2). Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.2). Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 yaşının çox olmasını və İİ qrup əlil olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır (CM 59.2). Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, əldə edib daşıyaraq saxladıqları narkotik vasitənin şəxsi istehlak miqdarından cüzi miqdarda artıq olması, onların şəxsiyyəti, o cümlədən cəzalarını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalı və onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onların şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız cinayət qanunu normasının sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəylərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur. Lakin, onların ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əziyyət çəkməsi müəyyən olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3.2 və 3.7-ci bəndlərinə əsasən əlilliyi olan şəxslərə və 60 yaşından yuxarı olan kişilərə narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Odur ki, məhkəmə qanunvericiliyin həmin tələbinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunsa da, onun yaşı 60-dan yuxarı olduğundan, eləcə də İİ qrup əlil olduğundan barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli, onun ərazi üzrə narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və qalıq çəkiləri 6,16 qram və 5,63 qram olan qurudulmuş mariaxuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş 18/49 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat pul Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, 18,52 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat pul isə Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən həyata keçirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçilər Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 hər birinə münasibətdə işlədikləri Şirvan Regional Vəkil Bürosunun hesabına təqdim edilmiş hesabata uyğun olaraq pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 2 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs3 üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 15 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 6,16 qram və 5,63 qram olan qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş 18/49 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat pul Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 müştərək qaydada, 18,52 nömrəli ekspertiza tədqiqatının dəyəri olan 49,74 manat pul isə Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 120 manat (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 120 manat (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi3 işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 96 manat (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (Təqsirləndirilən şəxs1 münasibətdə isə ona təqdim edildiyi andan) 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar