Məhkəmə qərarları › İş №1(071)-42/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-42/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-42/2024 06.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ X17 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, 1-ci Udulu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 14 avqust 2023-cü il tarixdə, saat 23 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük hüququ və sürücülük vəsiqəsi olmadan idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21063 minik” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, İ Udulu kəndində yerləşən torpaq (ikinci dərəcəli) yoldan Udulu-Hacıqabul avtomobil yolu istiqamətində 30 km/saat surətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1ci hissəsinin eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməli olmasına dair tələbinə əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, buna əməl etməyərək yol hərəkəti qaydalarını pozub Hacıqabul rayonu, İ Udulu kənd (baş yolla) yolundan Hacıqabul şəhəri istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan X3 idarə etdiyi “Kia Cerato” minik markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı atomobilin hərəkət yoluna çıxmış, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs1 sağ mil-sümüyünün distal ucunun qapalı yerdəyişən sınığı, burun sümüyünün yerdəyişməyən sınığı, üst dodağın dərisinin və sifətin əzilmiş yaraları xarakterli dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, Zərərçəkmiş şəxs2 sol said sümüklərinin sınığı xarakterli dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu 1-ci Udulu kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Sürücülük vəsiqəsi olmasa da özünə məxsus “VAZ 21063” markalı **-HP-*** dövlət nömrə nişanlı avtomobili var. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi “VAZ 21063” markalı **-HP-*** dövlət nömrə nişanlı avtomobili ilə həyat yoldaşı Şahid1, qızı Zərərçəkmiş şəxs1 və iki az yaşlı nəvələri X4 və X6 ilə birlikdə Hacıqabul rayonu, 1-ci Udulu kəndində yaşayan baldızı X7 evinə qonaq getmişlər. Həmin günü saat 23 radələrində o, idarə etdiyi “VAZ 21063” markalı **-HP-*** dövlət nömrə nişanlı avtomobili ilə ailə üzvləri ilə birlikdə baldızı Gülsarə Abasovanın yaşadığı evi tərk edib öz yaşadıqları evə qayıdırdılar. Həmin vaxt avtomobildə arvadı Şahid1, qızı Zərərçəkmiş şəxs1 və iki az yaşlı nəvələri olmuşdur. O, idarə etdiyi avtomobil ilə Hacıqabul rayonu, 1-ci Udulu kəndində ikinci dərəcəli yoldan əsas yola çıxmaq üçün avtomobili saxlamışdır. O, əsas yolda avtomobillərin gəlmədiyini görüb idarə etdiyi avtomobil ilə əsas yola çıxmışdır. O, idarə etdiyi avtomobil ilə əsas yola çıxıb təxminən 1-2 metr yola daxil olan zaman əsas yolla Tava kəndi istiqamətindən Hacıqabul rayonunun mərkəzi istiqamətində hərəkətdə olan Şahid2 idarə etdiyi “KİA Cerato” markalı, **-RN-*** dövlət nömrə nişanlı avtomobili ilə onun idarə etdiyi “VAZ 21063” markalı avtomobilin sol tərəfini vurmuşdur. Toqquşma nəticəsində o, arvadı Şahid1 və qızı Zərərçəkmiş şəxs1 müxtəlif bədən xəsarətləri almışdır. Hadisə vaxtı o, idarə etdiyi avtomobil ilə ikinci dərəcəli torpaq yoldan əsas yola çıxmaq istəmiş, bu zaman digər avtomobilin uzaqdan gəldiyini görüb yolu keçə biləcəyini düşünüb hərəkətə başlamış, həmin vaxt Şahid2 idarə etdiyi avtomobilin onun idarə etdiyi avtomobil ilə toqquşmuşdur. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərər çəkmiş şəxslərlə barışıq əldə etdiyini və zərər çəkmiş şəxslərin ona qarşı şikayət və tələblərinin olmamasını bildirdi və bu halları nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxsin yaxın qohumu olduğundan ona qarşı ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. İbtidai istintaq dövründə zərər çəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Hacıqabul rayonu, 1-ci Udulu kəndində yaşayır. Təqsirləndirilən şəxs onun atasıdır. Atasının sürücülük vəsiqəsi olmasa da “VAZ 21063” markalı, **-HP-*** dövlət nömrə nişanlı avtomobili var. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, anası Şahid1 və iki az yaşlı övladları X4 və X6 atası Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” markalı avtomobili ilə Hacıqabul rayonu, 1-ci Udulu kəndində yaşayan xalası X7 evinə qonaq getmişlər. Həmin günü saat 23 radələrində onlar xalası Gülsarə Abasovanın yaşadığı evi tərk edib öz yaşadıqları evə getmişlər. Həmin vaxt avtomobili atası Təqsirləndirilən şəxs idarə etmiş, o, anası Şahid1 və iki az yaşlı övladları avtomobilin arxa oturacağında əyləşmişlər. Hacıqabul rayonu, 1-ci Udulu kəndində atası Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” markalı avtomobili ilə ikinci dərəcəli yoldan əsas yola çıxmaq üçün avtomobili saxlamış, əsas yolda avtomobillərin gəlmədiyini görüb idarə etdiyi avtomobil ilə əsas yola çıxmışdır. Əsas yola təxminən 1-2 metr daxil olduqda əsas yolla Tava kəndi istiqamətindən Hacıqabul rayon mərkəzi istiqamətinə hərəkətdə olan adını sonradan bildiyi X8 idarə etdiyi “KİA Cerato” markalı **- RN-*** dövlət nömrə nişanlı avtomobil ilə atası Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” markalı avtomobili sol tərəfdən vurmuşdur. Toqquşma nəticəsində o, atası Təqsirləndirilən şəxs və anası Şahid1 müxtəlif bədən xəsarətləri almışlar. Onlar xəsarət aldığı üçün bir qədər sonra onları təcili tibbi yardım avtomobili ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparmışlar. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, X10 onun qohumudur. Şahid2 “KİA Cerato” markalı, **-RN-*** dövlət nömrə nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə o, anası Şahid5, Şahid4 və Əsgərova X11 Mehbalıyevin yaşadığı Hacıqabul rayonu 2-ci Udulu kəndində yerləşən evinə qonaq getmişlər. Həmin günü saat 23 radələrində o, anası Şahid5, Şahid4 və Əsgərova X11 Mehbalıyevin idarə etdiyi “KİA Cerato” markalı, **-RN-*** dövlət nömrə nişanlı avtomobil ilə qonaq gəldikləri evdən çıxıb öz yaşadıqları Şirvan şəhərinə yola düşmüşlər. Həmin vaxt avtomobili Şahid2 idarə etmişdir. O, Şahid4 və Şahid3 Bafadar qızı avtomobilin sərnişinlər üçün nəzərdə tutulmuş arxa oturacağında, anası Şahid5 isə avtomobilin ön oturacağında əyləşmişdir. Şahid2 idarə etdiyi avtomobil ilə Hacıqabul rayonu Birinci Udulu kəndində əsas yolla hərəkət edən zaman qəflətən Təqsirləndirilən şəxs gözləmədən ikinci dərəcəli yoldan Şahid2 idarə etdiyi avtomobilin qarşısına dayanmadan çıxmış, Şahid2 Təqsirləndirilən şəxs onun hərəkət zolağına çıxdığını görüb toqquşmanın qarşısını almaq üçün əyləcdən istifadə edib sola doğru manevr etsə də, lakin onun idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arasındakı məsafə az olduğundan toqquşma baş vermişdir. Toqquşmadan sonra o və avtomobildə olan sərnişinlər, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olan sərnişinlər müxtəlif bədən xəsarətləri aldıqları üçün Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, Hacıqabul rayonu, İkinci Udulu kəndində yaşayır. Onun “KİA Cerato” markalı, **-RN-*** dövlət nömrə nişanlı avtomobili vardır. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o, idarə etdiyi avtomobil ilə yaşadığı İkinci Udulu kəndindən çıxıb Şirvan şəhərinə gedən zaman onun idarə etdiyi avtomobildə ön oturacaqda Şahid5, arxa oturacaqda Şahid4 Gülhüseyin qızı, Zərərçəkmiş şəxs2 və Şahid3 Bafadar qızı əyləşmişdi. O, idarə etdiyi avtomobil ilə birinci Udulu kəndində əsas yolla hərəkətdə olarkən yolun kənarında sağ tərəfdə yerləşən ikinci dərəcəli yoldan adını sonradan bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21063” markalı avtomobilin əsas yola çıxmaq istədiyini görmüşdür. O, Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobili gözləyib yola çıxacağını güman etmiş və Təqsirləndirilən şəxs yola çıxmaması üçün işıqla və səs siqnalı ilə işarə etmişdir. Lakin, Təqsirləndirilən şəxs qısa məsafə qalmasına baxmayaraq, onun keçməsini gözləmədən ikinci dərəcəli yoldan əsas yola onun hərəkət zolağına çıxmışdır. O, Təqsirləndirilən şəxs onun hərəkət zolağına çıxdığını görüb toqquşmanın qarşısını almaq üçün əyləcdən istifadə edib avtomobili sola doğru manevr etdirsə də, onun idarə etdiyi avtomobil ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin arasında təxminən 5-6 metr məsafə qaldığından idarə etdiyi avtomobili tam saxlaya bilməmiş və idarə etdiyi avtomobilin ön hissəsi ilə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol hissəsini vurmuşdur. Toqquşmadan sonra onun idarə etdiyi avtomobildə olan sərnişinlər, həmçinin Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə olan sərnişinlər müxtəlif bədən xəsarətləri aldıqları üçün Şirvan şəhər Mərkəzi Xəstəxanasına aparılmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 və Şahid5 şahid X8 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan yol-nəqliyyat hadisəsi həmin tarixdə saat 23 radələrində, gecə vaxtı Hacıqabul rayonu 1-ci Udulu kəndi ərazisindən keçən yolda baş vermişdir. Həmin yol quru və düz olmaqla asfalt örtüklüdür, yolun 2-ci Udulu kənd istiqamətindən Hacıqabul rayon mərkəzi istiqamətində sağ ehtiyat hissəsi 2,4 metr və sol ehtiyat hissəsi isə 2,1 metrdir. Yolun eni 7,2 metrdir. Avtomobillərin toqquşma yeri yolun sağ tərəfdə olan sarı zolaqdan toqquşma yerinə qədər məsafə 2,1 metr, sol tərəfdə olan sarı zolaqdan 3,5 metr məsafədə yerləşir. VAZ 2106 markalı avtomobil toqquşma yerindən 11,7 metr məsafədə “KİA Cerato” markalı avtomobil isə 1,8 metr məsafədə yerləşirlər. Toqquşmadan sonra “VAZ 2106” minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol hissəsi “KiA Cerato” minik markalı **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön hissəsi zədələnərək deformasiyaya uğramış vəziyyətdədirlər. KiA Cerato minik markalı **- RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin yolda cütlənmiş tormoz izi 8,7 metr və 8,5 metrdir. Hadisə yerində hərəkət üsulu nizamlanmayandır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir. AD 057511 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən görünür ki, “VAZ 21063” minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs məxsusdur. Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polis İdarəsindən alınmış xx.xx.2023cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Hacıqabul rayonu, 1-ci Udulu kəndində yaşayan Təqsirləndirilən şəxs sürücülük vəqsiqəsi verilməsi barədə DİN-nin BDYPİ-nin mərkəzi informasiya sistemində məlumat mövcud deyil və hal-hazırda onun adı sürücülük hüququndan məhrum olanların siyahısında yoxdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3020/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlərin (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 244 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər –sol said sümüklərinin sınığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsiindən əmələ gəlməklə müxtəlif şəraitlərdə, eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 233 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ milsümüyünün distal ucunun qapalı yerdəyişən sınığı. Burun sümüyünün yerdəyişməyən sınığı. Üst dodağın dərisinin və sifətin əzilmiş yaraları. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın(əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə yeni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təlisindən əmələ gələ bilər. Müddəti hadisə gününə, yəni xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd.olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına sətbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 231 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-qapalı-kəllə beyin travması. baş beyin silkələnməsi, C3 boyun fəqərələrinin sağ laminasının və sağ köndələn çıxıntısının az yerdəyişən sınığı. sol almacıq qövsünün az yerdəyişən sınığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın(əşyaların)təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə yeni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə, yəni xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa agır zərər vurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/2707 saylı rəyindən görünür ki, təqdim olunmuş məlumatlara əsasən - istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-21063” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisən qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olamadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Kia Cerato” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. “Əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, “VAZ 21063” minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı minik avtomobil və “KİA Cerato” minik markalı **-RN-*** dövlət qeydiyyat nişanlı minik avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün qanuni sahiblərinə təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Hacıqabul rayon İHB Udulu kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Belə ki, o, ərazidə yaşadığı müddətdə özünü ictimaiyyət arasında yüksək nizam-intizamlı, qonşular arasında səmimiliyi, təvazökarlığı, yüksək mənəvi ekyfiyyətləri ilə fərqlənən şəxs kimi göstərmişdir. Əhali arasında ünsiyyəti, nəzakəti ilə hörmət qazanmışdır. Hacıqabul rayon İHB Udulu kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Bədəlov X1 rayonu Birinci Udulu kəndində həyat yoldaşı Şahid1 ilə birlikdə yaşayır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi X2 tərəfindən birgə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbləri yoxdur. Onu bağışlayırlar. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ 21063” minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən yol hərəkəti haqqında qanunvericiliyin tələblərinə əməl edib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni özü ikinci dərəcəli yolla hərəkət edən zaman baş yolla hərəkət edən nəqliyyat vasitəsinə yol verməli olduğu halda, bu tələbə əməl etməyərək yol hərəkəti qaydasını pozmuş və nəticədə zərər çəkmiş şəxslərin sağlamlıqlarına az ağır zərər vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Göründüyü kimi, sürücü Təqsirləndirilən şəxs qeyd edilən tələbə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olsa da, o, həmin tələbə etinasızlıq göstərməklə əməl etməyərək, yol hərəkəti qaydasını pozduğu üçün iki nəfər zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi baş vermiş və baş vermiş nəticə ilə sürücü Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması arasında birbaşa səbəbli əlaqə olmuşdur. Eyni zamanda hadisə vaxtı Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük hüququ olmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir (CM 59.1.12, 59.2). Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, hadisə nəticəsində özünün də xəsarət alması, şəxsiyyətinin müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut qismində tanınmış avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM- 198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçinin işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış “VAZ 21063” minik markalı **-HP-*** dövlət qeydiyyat nişanlı və “KİA Cerato” minik markalı **-RN-*** dövlət qeydiyyat nişanlı minik avtomobillərinin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X18

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar