Məhkəmə qərarları › İş №1(071)-45/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-45/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-45/2022 27.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1971-ci ildə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 114-də daimi qeydiyyatda olmaqla yaşayan, 15.01.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 17.01.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,869 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini 1 ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan qara rəngli şalvarın sağ cibində daşıyaraq saxlamış, 15 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Əliyev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 114-də daimi qeydiyyatda olmaqla yaşayır. 15.01.2022-ci il tarixdə səhər saatlarında Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsidə ilə avtomobilini yuyan zaman yerdən 1 ədəd kağız kəsiyi bükümündə heroin tapmışdır. Heroini özü istifadə etmək üçün götürərək, əynində olan qara rəngli şalvarının sağ cibinə qoymuşdur. Həmin gün heroinin bir hissəsini istifadə etdikdən sonra, qalan hissəsini sonradan istifadə etmək məqsədilə kağız kəsiyi bükümündə əynində olan qara rəngli şalvarının sağ cibinə qoymuşdur. 15.01.2022-ci il tarixdə saat 18 radələrində Hacıqabul şəhəri H.Əliyev küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, ona narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon Polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində o, müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılan zaman onun üzərində qanunsuz olaraq cinayət xarakterli əşya və predmet olubolmaması soruşulmuşdur. Bu zaman o, əynində olan şalvarın sağ cibində saxladığı 1 ədəd bükümü polislərə təqdim etmiş və içərisində narkotik vasitə olan heroin olduğunu, yerdən tapdığını və öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Təqdim etdiyi heroin qablaşdırlıb möhürlənmiş və bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Polis şöbəsində ona qarşı hər hansı bir qanunsuz hərəkət olmamışdır. Törətdiyi əməldən peşman olmuşdur. Öhdəsində yetkinlik yaşına çatmayan bir uşağı olmasını, 80 yaşlı anasının yataq xəstəsi olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 15 yanvar 2022-ci il tarixdə Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 114-də yaşayan Təqsirləndirilən şəxs oğlunun üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar 15 yanvar 2022-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs oğlunu Hacıqabul şəhəri H.Əliyev küçəsində Hacıqabul marketin yaxınlığında saxlamış və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs oğlu müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli qanunsuz əşya və predmet olub-olmaması soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibində saxladığı kağız bükümün içərisində qablaşdırılmış halda narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs oğlu təqdim etdiyi maddənin narkotik vasitə olan heroin olduğunu, 15.01.2022-ci il tarixdə səhər saatlarında yaşadığı Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsində avtomobilini yuyarkən yerdən tapdığını və öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi heroinə oxşar maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. Onlar protokolu imzalamışlar. Şahid Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə 15 yanvar 2022-ci il tarixdə saat 19:00-da tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlunun əynində olan qara rəngli şalvarının sağ cibindən 1 ədəd kağız kəsiyi bükümündə narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 15 yanvar 2022-ci il tarixdə saat 19:00-da Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsini özündə əks etdirən 1 ədəd disk protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 16.01.2022-ci il tarixli 18/60 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,869 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasıının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. (iş v. 34-37). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 03 mart 2022-ci il tarixli 1060 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 103-104). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 29.01.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin 06.10.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 17.03.2009-cu il tarixli Amnistiya qərarının 1-ci bəndinə əsasən 23.03.2009-cu il tarixdə azad edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08.06.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 12.11.2015-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə məhkum edilməsi barədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 08 iyun 2015-ci il tarixli 1(089)-195/2015 saylı hökmü apelyasiya şikayətinə əsasən dəyişdirilərək Təqsirləndirilən şəxs oğluna təyin edilmiş 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il 6 (altı) ayadək endirilmişdir. Xəzər rayon Məhkəməsinin 25.10.2019-cu il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs ərizəsi təmin edilərək, cəzasının çəkilməmiş qalan 06 ay 26 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş narkotik vasitə olan 0,869 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını, evli, öhdəsində yetkinlik yaşına çatmayan bir uşağı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 15.01.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qəti imkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,819 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 15.01.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,819 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 manat, məhkəmə baxışı zamanı iştirak etdi 20 saata görə 120 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h **********6301695163, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar