Məhkəmə qərarları › İş №1(071)-45/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-45/2024

22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-45/2024 22.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – X4, Müdafiəçi – Fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 iştirakları ilə, xx.xx.1980-cı il tarixdə Hacıqabul rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X11, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd ağ rəngli kağız bükümündə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri H.Həmidov küçəsi daşımış, 11 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Həmidov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən təmiz çəkisi 0,175 qram çəkidə xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin onun əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində gizlətdiyi bir ədəd ağ rəngli kağız bükümünün içərisindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X11 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, uzun müddətdir narkotik vasitələrdən istifadə edir. 11 dekabr 2023-cü il tarixdə yaşadığı evin yaxınlığında yerləşən “Oba” marketin qarşısında əvvəllər tanımadığı Türkiyə Respublikasının vətəndaşı ilə mübahisə edərkən burnundan xəsarət almışdır. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə Hacıqabul şəhəri dəmir yol stansiyasının yanında olarkən Elçin adlı polis əməkdaşı və adlarını bilmədiyi bir neçə nəfər serjant rütbəsində olan polis əməkdaşı ilə birlikdə onu Hacıqabul RPŞ-nə gətirmişlər. Hacıqabul RPŞ-nin inzibati binasında olarkən şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid1 ona yaxınlaşaraq içərisində narkotik vasitə olan bükülünün ona məxsus olmasını bildirməsini ondan xahiş etmişdir. O, Şahid1la qohumluq münasibətində olduğu üçün bununla razılaşmışdır. Şahid1 narkotik vasitənin ona məxsus olmasını bildirəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağını ona bildirərək ona yalan məlumat vermişdir. Bundan sonra Müdafiəçi1 iştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı o, əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibində gizlətdiyi içərisində narkotik vasitə heroin olan bir ədəd ağ rəngli kağız bükümü təhvil vermişdir. Aşkar olunmuş narkotik vasitə olan heroin ona məxsus deyil, xx.xx.2023-cü il tarixdə Hacıqabul RPŞ-nin inzibati binasında olarkən Şahid1 xahişi ilə yalandan olaraq narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Bütün proses zamanı polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 11 dekabr 2023-cü il tarixdə Hacıqabul şəhər sakini X4 qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində gəzdirməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin əmri ilə ondan və qrup üzvü kimi Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. 11 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Hacıqabul şəhəri H.Həmidov küçəsinə getmişlər. X15 saxlayaraq Hacıqabul RPŞ-nə dəvət etmişlər. RPŞ-də müdafiəçinin iştirakı ilə və videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin cibində saxladığı bir ədəd kağız bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitə heroin elektron tərəzidə çəkilərkən 0,33 qram olduğu müəyyən edilmişdir. Aşkar olunub götürülmüş narkotik vasitə zərfə qablaşdırılaraq möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs X4 vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin PPXB-də xidmət edir. Təqsirləndirilən şəxs X6 Hacıqabul rayon sakini kimi tanıyır. 2023-cü iln dekabr ayının 11–də saat təxminən 20 radələrində Hacıqabul şəhərində yerləşən “Oba” marketdə oğurluq olması ilə əlaqədar məlumat daxil olmuşdur. O, daxil olmuş məlumatla əlaqədar “Oba” marketə getmiş və X8 RPŞ-nə gətirərək növbətçi hissəyə təhvil vermişdir. X9 üzərində narkotik vasitə olması ilə əlaqədar şübhəli şəxs qismində tutulmasından məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 dekabr 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, X4 əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1 ədəd siqaret kağızının içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/1110 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...X4 üzərindən...” sözləri yazılmış kağız paketdə təmiz çəkisi - 0,175 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 186 nömrəli rəyindən görünür ki, müayinə zamanı X5 güclü təsir edən dərman preparatı olan Tramadol, Depanin, Qalaperidol, Preqabalin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hazırda X4 İİİ dərəcəli əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 405 saylı rəyindən görünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı - burun yəhəri üzərinin sıyrığı xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarət küt əyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 2-3 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 Penitensiar xidmətin 3 saylı istintaq təcridxanasının tibb-sanitar hissəsində müayinə olunan zaman burun nahiyəsində qərtməkli yaranın aşkar edilməsi ilə əlaqədar Hacıqabul rayon prokurorluğunda araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X11 xx.xx.2023-cü il tarixdə narkotik vasitə əldə edərək üzərində saxladığı üçün Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, onun üzərində şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin yan cağ cibindən ağ rəngli siqaret kağızında içərisində heroinə bənzər kütləni təqdim etmişdir. Qeyd edilənlərlə əlaqədar X4 bədəni üzərində xəsarətin aşkar olunması ilə bağlı aparılmış araşdırma zamanı cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. X4 polis əməkdaşları tərəfindən tutulmasından 2-3 gün əvvəl “Oba” marketin qarşısında türk vətəndaşı ilə mübahisə etməsi zamanı burun nahiyəsindən xəsarət alması faktı ilə əlaqədar toplanmış materiallar Hacıqabul RPŞ-nə göndərilmişdir. Əməliyyat tapşırığına cavab kimi verilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, X4 üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,175 qram qalan narkotik vasitə hesab edilən heroin maddi sübut kimi tanınmışdır. Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Tural Namazov tərəfindən tərtib edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə saat 20:00-dan etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 20:30-da Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Hacıqabul rayon məhkəməsinin 4(071)-120/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X11 barəsində əvvəli 11 dekabr 2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X1 şəhəri H.Həmidov küçəsi ev 26 ünvanında qeydiyyatda olmaqla yaşayır. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X11 yaşayış yerində mənfi xarakterizə olunur. “Elektron məhkəmə informasiya sistemindən” çıxarışdan görünür ki, X11 İİİ qrup əlildir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün və qərarının surətindən görünür ki, X11 indiyədək 6 dəfə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Sonuncu dəfə Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Binəqədi rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 06 ay 15 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Məhkəmə qeyd edir ki, X7 Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə təqsirli bilinərək 2 il 4 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, daha sonra Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 06 ay 15 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən qısa müddət sonra hazırki cinayət əməlini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs X4 məhkəmə istintaqı zamanı ifadə verərkən təqsirini etiraf etməyərək aşkar edilmiş narkotik vasitənin ona məxsus olmamasını, həmin narkotik vasitənin Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən ona verildiyini və polis əməkdaları tərəfindən aldadıldığını bildirməsini məhkəmə əsassız hesab edərək onun bu hərəkətlərini cinayət məsuliyyətindən yayınmaq məqsədilə öz müdafiəsini qeyd edilən üsulla təşkil etməsi kimi qəbul edir. Belə ki, X11 ibtidai araşdırma zamanı eyni məzmunlu şikayətlə müxtəlif dövlət orqanlarına müraciət etmişdir. X11 tərəfindən edilmiş şikayətlərlə əlaqədar Hacıqabul rayon Prokurorluğunda araşdırma aparılmış və şikayətdə qeyd edilən xüsusatlar öz təsdiqini tapmadığı üçün Hacıqabul rayon Prokurorluğunun böyük müstəntiqi X14 tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Bundan başqa, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadə ilə əlaqədar məhkəmə qeyd edir ki, hadisə xx.xx.2023-cü il tarixdə baş vermiş, həmin vaxtdan kifayət qədər uzun müddət keçmişdir. Bu səbəbdən Şahid3 ifadə verərkən təqsirləndirilən şəxs X8 şəhərində yerləşən “Oba” marketdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar şübhəli şəxs qismində Hacıqabul RPŞ-nə saat təxminən 20 radələrində aparmasını bildirmişdir. Məhkəmə hesab edir ki, hadisədən kifayət qədər uzun müddət keçdiyindən Şahid3 saat fərqində yanlışlığa yol verilmiş, onun tərəfindən X10 RPŞ-nə 20 radələrində deyil, saat 19:00-20:00 aralığında aparılmışdır. X13 polis şöbəsindən buraxıldıqdan sonra yaradılmış əməliyyat qrupuna onun üzərində narkotik vasitə olması barədə məlumat daxil olmuş, həmin gün saat 20:30-da Şahid1 və Şahid2 tərəfindən üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olması ilə əlaqədar tutularaq yenidən polis şöbəsinə aparılmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı Qərarının 25 və 26-cı bəndlərində qeyd edilir ki, “Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. X4 bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Həmçinin, Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxs X4 əməlində cinayətin residivinin olmasını cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs X4 əməlində cəzanı yüngülləşdirən hallar aşkar etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda narkotik vasitə olan heroini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər analoji cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, islah olunmadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 19-cu bəndinə əsasən çəkilməmiş cəza müddətinə məhkumun şərti olaraq vaxtından əvvəl azad edildiyi cəza müddəti, əvvəlki hökmlə təyin edilmiş şərti məhkumetmənin bütün müddəti, hamilə qadınlar və ya səkkiz yaşına qədər uşağı olan qadınlar hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən çəkilməsi təxirə alınmış cəza müddəti aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən məhkum cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, X11 Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən (06 ay 15 gün) şərti olaraq vaxtından əvvəl azad edilməsi Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, cəzanın çəkilməmiş hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan X4 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,125 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul X2 tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi, lakin İİİ qrup əlil olması nəzərə alınmaqla, barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmamalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 32 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 792 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə X4 azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 6 ay 15 gün hissəsi Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 1 il 7 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, X7 qəti olaraq 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X11 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. X11 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. X11 ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,125 qram olan narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul X2 tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 192 manat məbləğində pul ödənilsin. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar