Məhkəmə qərarları › İş №1(071)-46/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-46/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-46/2022 27.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, öhdəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Hacıqabul rayonu Ə.Vahid küçəsi ev 16 mənzil 3-də daimi qeydiyyatda olmaqla yaşamış, 15.01.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 17.01.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,246 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini və təmiz çəkisi 0,746 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini 1 ədəd polietilen kəsiyində ayrı-ayrılıqda qablaşdırılmış halda əynində olan qara rəngli şalvarın sağ cibində daşıyaraq saxlamış, 15 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri Ə.Vahid küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 16 mənzil 3-də daimi qeydiyyatda olmaqla yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-cü maddələri ilə məhkum olunmuşdur. 2020-cu ildən narkotik vasitədən, son zamanlar isə psixotrop maddə olan metamfetamindən istifadə edir. 15.01.2022-ci il tarixdə səhər saatlarında Hacıqabul şəhəri Z.Tağıyev küçəsi ilə piyada gedən zaman yerdən 1 ədəd sellofan kəsiyi bükümündə ayrı-ayrı bükümlərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin tapmışdır. Həmin metamfetamini və heroini sonradan istifadə etmək məqsədilə götürmüş və əynində olan qara rəngli şalvarının sağ cibinə qoymuşdur. Metamfetaminin bir hissəsini istifadə etdikdən sonra qalan hissəsini sellofan kəsiyi bükümündə əynində olan qara rəngli şalvarının sağ cibinə qoymuşdur. 15.01.2022-ci il tarixdə saat 16 radələrində Hacıqabul şəhəri Ə.Vahid küçəsində yaşadığı evin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində müdafiəçi ilə təmin edilmiş və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. O, əynində olan şalvarın sağ cibində saxladığı 1 ədəd bükümü polislərə təqdim etmiş və içərisində ayrı-ayrılıqda iki bükümdə narkotik vasitə heroin və pxisotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış və cinayət xarakterli heç bir əşya və predmet aşkar edilməmişdir. O, üzərindən aşkar edilmiş psixotrop maddəni və narkotik vasitəni yerdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqdim etdiyi psixotrop maddə və narkotik vasitə qablaşdırlıb möhürlənərək bu barədə protokol tərtib olunmuşdur. O, protokola imza etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Öhdəsində iki azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nın əməliyyat müvəkkili işləyir. 15 yanvar 2022-ci il tarixdə Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 16 mənzil 3-də yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmiş və Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar 15 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri Ə.Vahid küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli qanunsuz əşya və predmet olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ cibində saxladığı sellofan bükümün içərisində ayrı-ayrılıqda qablaşdırılmış bükümlərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin metamfetamin və heroin olduğunu, 15.01.2022-ci il tarixdə səhər saatlarında yaşadığı Hacıqabul şəhəri Z.Tağıyev küçəsində piyada gəzərkən yerdən tapdığını və öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə və heroinə oxşar maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. Onlar protokola imza etmişlər. Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə 15 yanvar 2022-ci il tarixdə saat 16:50-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ cibindən 1 ədəd şəffaf sellofan bükümündə ayrı-ayrılıqda qablaşıdırılmış psixotrop maddə olan metamfetaminə və narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi 16.01.2022-ci il tarixli 18/59 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən....” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 0,746 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd polietilen bükümdə təmiz çəkisi - 0,246 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlamış psixotrop maddə metamfeyamindir. Heroin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasıının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin - 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 03 mart 2022-ci il tarixli 1063 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 22.01.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Hacıqabul Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 1(071)-57/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1, 66.2 və 69.3-cü maddələrinə əsasən təyin edilmiş 03 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hacıqabul rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli 7(071)-28/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 1(071)-57/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05.11.2021-ci il tarixə çəkilməmiş qalan 03 il 06 ay 08 gün hissəsi 01 (bir) il azaldılmışdır. Təqsirləndirilən şəxs Hacıqabul Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 1(071)-57/2021 nömrəli hökmü üzrə 15.01.2022-ci il tarixə 2 il 3 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübutlar və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,246 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini və təmiz çəkisi 0,746 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroini əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını, ailəli, öhdəsində iki azyaşlı övladı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 1(071)-57/2021 nömrəli hökmü ilə yaranmış məhkumluğu Azərbaycan Respublikası CM-in 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 1(071)-57/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1, 66.2 və 69.3-cü maddələrinə əsasən təyin edilmiş 03 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması 15.01.2022-ci il tarixə çəkilməmiş qalan hissəsi, yəni 2 il 3 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və ona qəti cəza - azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkmə müddətinin əvvəli 15.01.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 0,696 qram olan heroin və 0,196 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Hacıqabul Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 1(071)-57/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1, 66.2 və 69.3-cü maddələrinə əsasən təyin edilmiş 03 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının (Hacıqabul rayon Məhkəməsinin 26.01.2022-ci il tarixli 7(071)-28/2022 nömrəli qərarı ilə “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 5-ci bəndinə əsasən Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 1(071)-57/2021 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 05.11.2021-ci il tarixə çəkilməmiş qalan 03 il 06 ay 08 gün hissəsi 01 (bir) il azaldılmışdır) 15.01.2022-ci il tarixə çəkilməmiş qalan hissəsi, yəni 2 il 3 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, 01 (bir) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, yeni hökm üzrə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin. Qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəza çəkmə müddətinin əvvəli 15.01.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, 0,696 qram olan heroin və 0,196 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 saata görə 150 manat, məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar