Məhkəmə qərarları › İş №1(071)-48/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-48/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-48/2022 27.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1988-cı ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum olunmayan, Hacıqabul şəhəri M.Əsədov küçəsi ev 8-də daimi qeydiyyatda olmaqla yaşayan, 15.02.2022ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 16.02.2022ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,236 qram kustar üsulla hazırlanmış narkotik maddə olan heroini əldə edib əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibində daşıyaraq saxlamış, 14.02.2022-ci il tarixdə saat 23 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri M.Əsədov küçəsində yaşadığı 8 nömrəli fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman yuxarıda qeyd edilən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, Hacıqabul şəhəri M.Əsədov küçəsi ev 8-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. O, 7-8 ay olar ki, narkotik vasitə olan heroindən istifadə edirdi. 14.02.2022-ci il tarixdə axşam saat 16 radələrində yaşadığı küçədə yolun kənarından 01 ədəd kağız kəsiyinə bükülmüş narkotik vasitə olan heroin tapmışdır. Heroini özü istifadə etməsi bükülünü göy rəngli cins şalvarının qabaq sağ cibinə qoymuşdur. 14.02.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evin yanında olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməmiş və polislərlə birlikdə Hacıqabul RPŞ-yə gəlmişdir. Polis şöbəsində olan zaman ona müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəklişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. O, şalvarının qabaq sağ cibində saxdadığı 01 ədəd bükülünü təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu və 14.02.2022-ci il tarixdə günorta saatlarında yaşadığı küçədə dəmir yolunun kənarında yerdən tapdığını bildirmişdir. Polis şöbəsində ona qarşı heç bir fiziki və ya psixi zorakılıq edilməmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Valideynlərinin vəfat etməsini, evli olmasını, öhdəsində bir azyaşlı uşağı olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 14.02.2022-ci il tarixdə Hacıqabul şəhəri M.Əsədov küçəsi ev 8-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar 14.02.2022-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul şəhəri M.Əsədov küçəsi 8 nömrəli fərdi yaşayış evinin yaxınlığında, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə saxlayaraq Hacıqabul rayon Polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı, polis kapitanı Röyal Məmmədov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Röyal Məmmədov tərəfindən onun, əməliyyat qrupunun digər üzvünün və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının qabaq sağ cibində saxladığı 01 ədəd kağız kəsiyi bükümündə narkotik maddə olan heroinə bənzər maddə təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik maddə olan heroin olduğunu, həmin narkotik maddəni 14.02.2022-ci il tarixdə saat 16 radələrində yaşadığı küçədə gəzən zaman dəmir yolunun kənarında yerdən 01 ədəd kağız kəsiyi bükümündə tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddə olan heroinə oxşar maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı Röyal Məmmədov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuşdur. Onlar protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışlar. Şahid2 məhkəmə iclasında ifadə verərək, Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Cinayət işində olan 15.02.2022-ci il tarixdə saat 00:50-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 01 ədəd kağız kəsiyi bükümündə heroin aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs 15.02.2022-ci il tarixdə saat 00:50-də üzərində şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar narkotik vasitə aşkar olunmasını özündə əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 15.02.2022-ci il tarixli 18/192 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,236 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsi Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 18.02.2022-ci il tarixli 784 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 26.02.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahid ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş narkotik vasitə olan 0,236 qram heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, öhdəsində bir azyaşlı uşağı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15.02.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 16.02.2022-ci il tarixdə saxlanıldığı Hacıqabul rayon Polis Şöbəsinin MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulub saxlanıldığı 01 gün müddət ona təyin olunacaq cəza müddətinə hesablanmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,186 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və o, məhkəmə iclas zalında “həbs” edilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 27.04.2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şübhəli şəxs kimi tutulduğu 15.02.2022-ci il tarixdən 16.02.2022-ci il tarixə kimi olan 01 (bir) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cəza çəkmə müddətinin əvvəli 27.04.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,186 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkil Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat məhkəmə baxışı zamanı iştirak etdiyi 15 saata görə 90 manat olmaqla, cəmi 210 (iki yüz on) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ**********0000006944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar