Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-50/2022 26.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1977-ci ildə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 47-də daimi qeydiyyatda olmaqla yaşayan, xx.xx.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PXnin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan vaxta və mənbədən 0,237 qram çəkidə narkotik vasitə heroin və 0,389 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, daha sonra heroinin 0,06 qram çəkidə hissəsini 03 yanvar 2022-ci il tarixdə saat 16 radələrində Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 47-də yerləşən yaşadığı evin həyətində 10 manat pul müqabilində tanışı Şahid1 satmış, heroinin qalan 0,177 qram çəkidəki hissəsi bir ədəd kağız kəsiyi bükümündə və 0,389 qram çəkidə psixotrop maddə metamfetamini bir ədəd sellofan kəsiyi bükümündə qablaşdırılmış halda 04 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri H.Həmidov küçəsi 47 nömrəli fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkorik vasitə və psixotrop maddə əynində olan sarımtıl rəngli gödəkçəsinin qabaq sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.2ci maddəsi ilə elan olunmuş ittihamda təqsirli bilməyib və ifadəsində göstərdi ki, xx.xx.2022-ci ildə saat 09:00 radələrində yaşadığı Hacıqabul şəhəri H.Həmidov küçəsi 47 nömrəli fərdi yaşayış evində olarkən Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid2 və CAB-nin əməliyyat müvəkkili Şahid3 onu yuxudan oyadıb Hacıqabul RPŞ-yə aparmışlar. Hacıqabul RPŞ-də müdafiəçi dəvət edilmiş, müdaıfiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla onun üstündə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı onun üzərindən bir ədəd bükümdə narkotik vasitə heroini və bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin maddələr ona məxsus deyildir, polis əməkdaşları onu döymüşlər və onun cibinə qoymuşlar. O, özü narkotik maddə marixuanadan istifadə edir və onu evdən aparan zaman evdə pəncərənin qarşısından bir bükümdə olmaqla iki dəfə istiffadə etmək üçün olan marixuana olmuşdur. O, evdə olarkən həmin marixuananı cibinə qoymuşdur. Lakin çəkiliş zamanı onun cibindən marixuana çıxmamışdır. Özünü CM-nin 234.1-cü maddəsi ilə özünü təqsirli bilir. Onun üzərində heroin və metamfetamin olmayıb. O, Şahid1 narkotik vasitə satmamışdır. Sonuncu dəfə Müşfiqi 2010-cu ildə 11 saylı cəzaçəkmə müəssisəsində görmüşdür. O, narkotik vasitə marixuananını pul verib almaqla istifadə edir. Polis əməkdaşları ondan narkotik maddə aldığı adamın adını soruşdular. O, həmin adımın adını vermədiyinə görə, ona CM-nin 234.1-ci maddəsi ilə deyil, CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Müşviqi onun üzünə qoyaraq narkotik vasitələrin satışı ilə ona ittiham vermişlər. xx.xx.2021-ci ildə polis əməkdaşları onun yaşadığı evə gəlmiş və ********** nömrəli mobil telefonunu evdən götürüb aparmışlar. O, telefonunun polis əməkdaşları tərəfindən aparılması barədə heç bir orqana şikayət etməmişdir. Hesab edir ki, onun telefon nömrəsindən polis əməkdaşları Müşviqin nömrəsi ilə yazışmışlar ki, onu şərləyib tuta bilsinlər. Müşfiqlə onun arasında heç bir ədavət, düşmənçilik yoxdur. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, əvvəllər məhkum olunmuşdur. Narkotik vasitə istifadəçisidir. Tapdığı halda psixotrop maddə olan metamfetamindən və heroindən istifadə edir. Hacıqabul şəhər sakini olan Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, onunla normal münasibətləri vardır, aralarında heç bir ədavət və ya düşmənçilik yoxdur. xx.xx.2022-ci il tarixdə günortadan sonra saat təxminən 16 radələrində Hacıqabul şəhərində olmuş və piyada gəzmişdir. Həmin vaxt Səbuhinin yaşadığı Hacıqabul şəhəri H.Həmidov küçəsinə tərəf piyada getmişdir. Səbuhinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmiş, sonuncudan narkotik maddə almaq istəmişdir. Çünki, əvvəllər də Səbuhidən bir neçə dəfə narkotik maddə almışdır. Səbuhiyə zəng edəndə Səbuhi bir dəfə zənginə cavab vermiş, lakin danışıqları texniki səbəbdən baş tutmamış, zəng kəsilmişdir. İkinci dəfə Səbuhiyə zəng edəndə Səbuhi onun zəngini açmamışdır. Bu səbəbdən o, Səbuhinin yaşadığı ünvana getmiş, Səbuhi ilə görüşmüş və evin həyətinə daxil olmuşdur. Səbuhi ilə orada söhbət edən zaman ağrılarının olduğunu bildirmişdir. Bu zaman Səbuhi üzərində narkotik maddə olan heroin və metamfetamin olduğunu ona bildirmiş və bir hissəsini ona sata biləcəyini demişdir. Səbuhi ondan 10 manat pul istəmişdir. O, 10 manat pulu cibindən çıxarıb Səbuhiyə vermiş və Səbuhidən öz istifadəsi üçün metamfetamin və heroin almışdır. Daha sonra yaşadığı evə getmiş, həmin metamfetamindən istifadə etmiş, lakin heroindən istifadə etməmiş və cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, Hacıqabul şəhərində olan zaman Hacıqabul RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, daha sonra onlar üzərində narkotik maddənin olmasından şübhələndiklərini bildirib onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçi ilə təmin edildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman ondan üzərində hər hansı bir qanunsuz əşya və predmetin olubolmamasını soruşmuşlar. O, üzərində heroin olduğunu bildirmiş və cibindən 01 ədəd kağız bükülüdə narkotik maddə olan heroini çıxarıb təqdim etmişdir. Sorğu zamanı həmin narkotik maddəni və metamfetamini Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs 10 manata xx.xx.2022-ci il tarixdə saat təxminən 16 radələrində Səbuhinin evinin həyətində aldığını, metamfetamindən artıq istifadə etdiyini bildirmişdir. Səbuhi ona əvvəllər də narkotik vasitə satmışdır. Ondan aşkar edilərək götürülmüş heroin ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və üzərinə möhür vurulmuşdur. O, müdafiəçi və polis əməkdaşları zərfə və protokola imza etmişlər. Onun mobil telefonu vardır, ***- ***-**-** və ***-***-**-**, Səbuhi ilə mobil telefonla Səbuhinin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamışdır. Sonradan o, özü də üzərində narkotik maddə saxladığına görə Şirvan şəhər Məhkəməsi tərəfindən həbs edilmişdir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 yanvar 2022-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Hacıqabul rayonu Muğan qəsəbə sakini Şahid1 qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlaması ilə məşğul olur. Bu səbəbdən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Məlumatın yoxlanılması məqsədilə ondan və CAB-nin əməliyyat müvəkkili Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Sonra Şahid3la birlikdə Hacıqabul şəhəri H.Həmidov küçəsinə getmişlər və özlərini təqim edib Şahid1 narkotik maddə saxlamaqda şübhəli olduğunu bildirib, məlumatın yoxlanılması məqsədilə onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Şahid1 onların polis əməkdaşı olduqlarını bildikdə, özünü şübhəli apararaq səs-küy salıb onlardan yayınıb getmək istəmişdir. Buna baxmayaraq onlar Şahid1 Hacıqabul RPŞ-yə gətirməyə nail olmuşlar. RPŞ-də Şahid1 Təhqiqat bölməsində vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1. Vəkil Qədir Qədirov gəldikdən sonra isə Şahid1 üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə qeydə alınacağı bildirilmiş və buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuşdur. Şahid1 heç bir etirazı olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş aparılmaqla Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Şahid1 təklif olunmuşdur ki, üzərində narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Şahid1 da əynində olan qara rəngli şalvarının sağ cibindən bir ədəd kağız bükümü təqdim edərək, həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Şifahi sorğulara cavab olaraq Şahid1 bildirmişdir ki, təqdim etdiyi narkotik vasitə heroini tanışı Təqsirləndirilən şəxs 10 manata satın almışdır, bundan başqa Təqsirləndirilən şəxs metamfetamin də almış, lakin metamfetamini istifadə etmişdir. Bundan sonra Şahid1 üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet, o cümlədən başqa psixotrop maddə və ya narkotik vasitə aşkar olunmamışdır. Şahid1 üzərindən aşkar olunmuş bir ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər maddə bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Şahid1, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. Bundan sonra elə həmin tarixdə daxil olmuş əməliyyat tapşırığı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Həmidov küçəsində 47 nömrəli evin yaxınlığında Təqsirləndirilən şəxs saxlayaraq Hacıqabul RPŞ-yə gətirmişlər. RPŞ-də Təqsirləndirilən şəxs Təhqiqat bölməsində vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi seçmişdir. Vəkil Müdafiəçi gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və buna hər hansı bir etirazının olub olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın cibindən iki ədəd büküm aşkar olunmuşdur. Həmin bükümlər açıldıqda, bükümlərin birində psixotrop maddə metamfetaminə bənzər maddə, digərində isə narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş bükümlər ona məxsus deyil, həmin bükümləri polis əməkdaşları onun üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş iki ədəd büküm bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. Həmin vaxt protokol tərtib olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs protokola imza etməkdən imtina etmişdir. Şahid1 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olur. Bu barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuşdur. Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsinin sanksiyasının ağır olduğunu bildiyi üçün narkotik maddənin guya polis əməkdaşları tərəfindən onun cibinə qoyulması deməklə, cinayət məsuliyyətindən boyun qaçırmaq istəyir. Təqsirləndirilən şəxs bildirdikləri tamamilə yalandır. Çünki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin satışı ilə məşğul olur. Şahid Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Şəxsi axtarış və götürmə barədə 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 üzərinə Hacıqabul RPŞ-nin Təhqiqat bölməsində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə 04 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə Hacıqabul RPŞ-nin Təhqiqat bölməsində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın cibindən bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. "xxxx" MMC-dən alınmış telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə bağlı "xxxx" MMC-dən alınmış telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman sonuncunun istifadəsində olan mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**- ** saylı mobil telefon nömrəsi arasında dəfələrlə telefon danışıqlarının olması, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə narkotik vasitələrin satışı ilə bağlı mesajlaşmaların olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 04 yanvar 2022-ci il tarixli 18/10 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...imza Şahid1...” sözləri yazılmış kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,06 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,177 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd polietilen bükümdə təmiz çəkisi 0,389 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şahid1 və Təqsirləndirilən şəxs üzərindən götürülmüş heroin eyni tərkiblidir. (iş v. 72-76). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X7 tibbi yoxlamanın 06 yanvar 2022-ci il tarixli 06 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs obyektiv müayinəsinə əsaslanaraq ekspert aşağıdakı nəticəyə gəlir: Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol saidin arxa səthinin sıyrıqları, sol sağrı nahiyyəsinin qançırı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda kənar şəxslər tərəfindən vurulması zamanı, xəsarətlərin yerləşmə yerlərinə görə şəxsin özü tərəfindən yetirilməsi, yıxılaraq yerdə olan küt əşyalara dəyməsi, ətrafda olan küt əşylara sürtünməsi, dəyməsi nəticəsində əmələ gəlməsi inkar olunmur. Lakin yuxarıda qeyd olunan şəraitlərdən hər hansi birisi təhqiqat və ibtidai istintaqınm gedişi zamanı təstiq olunarsa eksrpert tərəfindən də inkar olunmur. Müddəti müayinədən 3-4 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmur. (iş v. 115-116). Hacıqabul rayon prokurorluğunun müstəntiqi Sevinc Şıxəliyevanın 07 C-22 nömrəli material üzrə xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Tibb-sanitar hissədə müayinə olunan zaman sol saidin arxa səthində iki ədəd qərtməkli yara, sol sarğı nahiyədə bənövşəyi rəngli qançırın aşkar olunması ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq təcridxanasından daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılmış və toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı olan xüsusat öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 10 fevral 2022-ci il tarixli 632 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 250-251). Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(071)-98/2018 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(003)-171/2021 nömrəli qərarı ilə vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı və digər iş materialları ilə Təqsirləndirilən şəxs narkotik vasitələrin siyahısına daxil edilmiş 0,237 qram çəkidə narkotik vasitə heroin və 0,389 qram çəkidə psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, daha sonra heroinin 0,06 qram çəkidə hissəsini 10 manata tanışı Şahid1 satmış, heroinin qalan 0,177 qram çəkidəki hissəsini bir ədəd kağız kəsiyi bükümündə və 0,389 qram çəkidə psixotrop maddə metamfetamini bir ədəd sellofan kəsiyi bükümündə qablaşdırılmış halda öz üzərində saxlamaqla, satış məqsədi ilə qanunsuz olaraq heroini və psixotrop maddəni əldə etmə, saxlama, daşıma və heroini satma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilməməsinə, Şahid1 narkotik vasitə satmadığına, üzərindən aşkar olunmuş heroin və metamfetaminin onun cibinə polis əməkdaşları tərəfindən qoyulmasına dair məhkəmə iclasında ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakteri daşıyır və onun məsuliyyətdən kənarda qalmaq niyyəti güddüyünü təsdiq edir. Çünki, məhkəmə iclasında Şahid1 onun üzünə qarşı ondan heroin və metamfetamin aldığına və ona 10 manat pul verdiyini söyləmişdir. Onun döyülməsi ilə bağlı şikayəti də prokurorluqda araşdırılmış və fakt öz təsdiqini tapmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,177 qram narkotik vasitə heroin və 0,339 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,177 qram narkotik vasitə heroin və 0,339 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 manat, məhkəmə baxışı zamanı iştirak etdi 20 saata görə 120 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ**********0000006944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-50/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-50/2022
26.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver