Məhkəmə qərarları › İş №1(071)-50/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-50/2025

07.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-50/2025 07.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Hacıqabul şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq, xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri H.Həmidov küçəsinə daşımış, 10 yanvar 2025-ci il tarixdə saat 17:55-də Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri H.Həmidov küçəsində saxlanılaraq üzərində yoxlama aparılan zaman əynində olan gödəkçəsinin sol cibindən çıxardıb kənara atdığı 1 ədəd bükümdə təmiz çəkisi-0,155 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, əvvəllər Cinayət məcələsinin 263.2-ci maddəsi ilə məhkum olunmuşdur. O, bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişdir. 10 yanvar 2025-ci il tarixdə saat 16 radələrində Hacıqabul şəhəri Ə.Vahid küçəsində yaşadığı evin yaxınlığında piyada gedən zaman yerdə bir ədəd kağız bükümünün səliqəli şəkildə bükülmüş vəziyyətdə olduğunu görmüş, bu onun diqqətini çəkdiyi üçün onu yerdən götürüb içərisinə baxmış və orada psixotrop maddə olan metamfetaminə bənzər kütlənin olduğunu görmüşdür. O, mobil telefonda olan “instagram" və "tik tok" sosial şəbəkələrində psixotrop maddə olan metamfetamini gördüyü üçün bükümün içərisindəki kütləni psixotrop maddə olan metamfetaminə bənzətmişdir. O, ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin kağız bükümündə olan psixotrop maddə metamfetamini əynində olan qəhvəyi rəngli gödəkcənin sol yan cibinə qoymuş və öz işləri ilə əlaqədar olaraq getmişdir. Həmin vaxtdan sonra o, üzərində olan psixotrop maddə metamfetamindən istifadə etməmişdir. Həmin günü, yəni 10 yanvar 2025-ci il tarixdə saat 17:55-də Hacıqabul şəhəri H.Həmidov küçəsində hərəkətdə olan zaman həmin küçədə yerləşən “Kontakt Home" mağazasının yaxınlığında mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq onu qəflətən tutmuşlar. Həmin vaxt onun sol əli gödəkçəsinin sol cibində olmuşdur. O, həmin şəxslərin polis əməkdaşları olduqlarını başa düşüb onun üzərində psixotrop maddə olan metamfetamini aşkar etməmələri üçün sol əli ilə bir qədər öncə yerdən tapdığı və əynində olan gödəkçənin sol cibində saxladığı bir ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamini dərhal cibindən çıxardıb kənara atmışdır. Onu saxlayan şəxslər Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Bundan sonra polis əməkdaşları üzərində yoxlama aparılacağını ona bildirib hüquq və vəzifələrin ona elan etmişlər. Özünü Hacıqabul rayon polis şöbəsinin X1 baş əməliyyat müvəkkili Şahid1 kimi təqdim edən polis əməkdaşı onun üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra əməliyyatçı onun üzərinə yoxlama keçirməyə başlamış, lakin onun üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Sonra əməliyyat müvəkkili Şahid1 onun sol cibindən çıxararaq kənara atdığı bir ədəd kağız bükümündə olan psixotrop maddə metamfetamini götürüb onun həmin kağız bükümünü kənara atdığını bildirərək həmin kağız bükümünə baxış keçirmiş və kağız bükümünün içərisindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Əməliyyatçı Şahid1 tərəfindən saxlanılan zaman sol cibindən çıxarıb kənara atdığı və sonradan aşkar olunaraq götürülmüş içərisində psixotrop maddə olan metamfetamin olan bir ədəd kağız bükümü elektron tərəzidə çəkilmiş və çəkisinin 0,30 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra əməliyyatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşımağı barədə ona şifahi sual vermiş, o, əməlimi gizlətmək üçün həmin kütlənin onun üzərindən aşkar olunmadığını və ona məxsus olmadığını yalan olaraq bildirmişdir. Daha sonra onu polis şöbəsinə dəvət etmişlər. Onlar birlikdə polis şöbəsinə gəldikdən sonra üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq Ağayev kimi təqdim edən şəxsin xidməti otağına daxil olmuşlar. Təhqiqatçı ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə yazılı bildiriş vermişdir. O, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmişdir. Vəkil X5 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun saxlanılan zaman gödəkçəsinin sol cibindən çıxarıb kənara atdığı və sonradan aşkar olunan psixotrop maddəyə və üzərindən aşkar olunmuş əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının, müdafiəçinin və onun iştirakı ilə üzərindən aşkar olunan və qablaşdırılan əşyaya yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. O. həmçinin qeyd etmişdir ki, onun üzərində yoxlama aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. O, saxlanılan zaman yerə atdığı və sonradan polis əməkdaşları tərəfindən aşkar olunmuş bir ədəd bükümdə olan psixotrop maddə metamfetamin ona məxsusdur. O, həmin bir ədəd kağız bükümündə olan psixotrop maddə metamfetamini 10 yanvar 2025-ci il tarixdə Hacıqabul şəhəri, Ə.Vahid küçəsində yerdən tapmışdır. O. bir neçə dəfə narkotik vasitədən istifadə etmiş və tapdığı psixotrop maddəni istifadə etmək üçün özündə saxlamışdır. O, onu saxlayan şəxslərin polis əməkdaşları olduqlarını başa düşüb onun üzərində psixotrop maddə olan metamfetamini aşkar etməmələri üçün o, bir qədər öncə yerdən tapdığı və əynində olan gödəkçənin sol cibində saxladığı bir ədəd kağız bükümdə olan psixotrop maddə metamfetamini sol əli ilə dərhal cibindən çıxardıb kənara atmışdır. O, heç vaxt psixotrop maddə satmamışdır. Onun üzərindən aşkar olunan psixotrop maddədən heç kimin məlumatı olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul rayon polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 10 yanvar 2025-ci il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Hacıqabul rayonu ərazisində narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması və istifadə etməsi ilə bağlı ona əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, üzərinə müvafiq qaydada yoxlama keçirilməsi və Hacıqabul rayon polis şöbəsinə gətirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” onun tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəhbərliyinin əmri əsasında onun rəhbərliyi ilə qrup üzvü kimi onun. Hacıqabul rayon polis şöbəsinin PPXBnün polis nəfəri, polis serjantı Şahid2 və Hacıqabul rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 daxil olduğu əməliyyat qrupu yaradılmışdır. 10 yanvar 2025-ci il tarixdə saat 17:55 radələrində onlar Təqsirləndirilən şəxs Hacıqabul şəhəri, H.Həmidov küçəsində hərəkətdə olan zaman həmin küçədə yerləşən “Kontakt Home” mağazasının yaxınlığında saxlamışlar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman o, onların polis əməkdaşları olduqlarını başa düşüb əynində olan gödəkçənin cibindən 1 ədəd kağız bükümünü yerə atmış, onlar Təqsirləndirilən şəxs Hacıqabul rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılacağını bildirib hüquq və vəzifələrini ona elan etmişdir. O, həmçinin Təqsirləndirilən şəxs onun üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirməyə başlamış, lakin Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs saxlanılan zaman əynində olan gödəkçənin cibindən yerə atdığı kağız bükümü götürüb içərisinə baxmış və həmin kağız bükümün içərisində psixotrop maddə metamfetamin olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman əynində olan gödəkçənin cibindən yerə atdığı, içərisində psixotrop maddə metamfetamin olan kağız büküm onun tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 0,30 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində prosessual sənədləşdirilmə aparılması məqsədi ilə onlar Təqsirləndirilən şəxs Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Onlar birlikdə polis şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparılması barədə protokol tərtib olunmuş və imzalarla həmin protokolu təsdiq etmişlər. Bundan sonra onlar birlikdə X6in xidməti otağına gəlmiş, X6 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində saxlamaqla daşımaqda şübhəli olduğundan tutulduğunu bildirib, şübhəli şəxs kimi hüquq və vəzifələrini Təqsirləndirilən şəxs elan edib bu barədə yazılı bildiriş vermişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş, müdafiəçi qismində Şirvan Regional Vəkillər bürosunun vəkili X5 dəvət olunmuşdur. X6 Təqsirləndirilən şəxs üzərindən yoxlama zamanı aşkar olunan əşyalara yenidən baxış keçiriləcəyini və baxış zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs, müdafiəçinin və onun iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunan və qablaşdırılan əşyaya X6 tərəfindən yenidən baxış keçirilmiş, daha sonra həmin əşya yenidən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş və üzərində tərəflərindən imzalar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid1 və Şahid3 ilə eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan və onun tərəfindən kənara atılan 1 ədəd kağız bükümü içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 0,3 qram olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli rotokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs kənara atdığı 1 ədəd kağız bükülü içərisində 0,3 qram olan maddənin qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan maddəyə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 18/22 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,155 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra 0,105 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 118-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarının həddinin 0,15 qram, külli miqdarın həddinin 2 qram olması göstərilmişdir. Əməliyyat tapşırığına cavab olaraq Hacıqabul RPŞ-nin NMQ–nun baş əməliyyat müvəkkili Şahid1 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini özü qəbul etmək üçün əldə edib üzərində saxlamış, həmin narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,105 qram qalan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Kərimov X2 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azad edilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinin Şirvan Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən daxil olmuş 3-13-16-7/2-2041/2025 saylı xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixdə şöbəyə təhvil verilmiş və Baş X9 İdarəsinin mərkəzi məlumat sistemində müvafiq qeydlər aparılmışdır. Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə cəzası xx.xx.2027-ci il tarixdə yekunlaşacaqdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs tərəfindən hazırki, cinayət əməli törədilərkən Hacıqabul rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməlinə görə məhkumluq ödənilməmiş və ya qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. Lakin, təqsirləndirilən şəxs Kərimov X2 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Cinayət Məcəlləsinin 263.2-ci maddəsi təqsirin qarışıq forması ilə törədilən cinayət olmaqla, ümumilikdə təqsirin ehtiyatsızlıq formasında törədilir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məcəllənin qeyd edilən maddəsindən göründüyü kimi, təqsirkarın əməlində cinayətin resdivinin yaranması üçün həm əvvəlki, həm də, sonrakı cinayət əməllərinin hər biri təqsirin qəsd formasında törədilməlidir. Lakin, qeyd edilməlidir ki, hazırki cinayət əməli törədilərkən Təqsirləndirilən şəxs tərəfindən əlavə cəza qismində təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə cəzanı çəkib qurtarmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Həmin Məcəllənin 67.5-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən əlavə cəzaların birləşdirilməsi bu Məcəllənin 66.4.-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Hacıqabul rayon İHB-nın Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Kərimov X2 şəhəri Ə.Vahid küçəsi ev 65 ünvanında arvadı və azyaşlı övladı ilə birlikdə yaşayır. Hacıqabul rayon İHB-nın Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:20-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X4 azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixtorop maddə metamfetamini üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini və himayəsində azyaşlı övladının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cinayət işinin materiallarından göründüyü kimi təqsirləndirilən şəxs Kərimov X2 rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə əlavə cəza qismində təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə cəzanı çəkib qurtarmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalı, Hacıqabul rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə əlavə cəza qismində təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın çəkilməmiş 2 il 1 ay müddət Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməli, Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən əlavə cəza qismində təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın çəkilməmiş hissəsi müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 06 fevral 2025-ci il tarixli, 629 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,105 qram qalan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM 132). İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Hacıqabul rayon məhkəməsinin 1(071)31/2019 saylı xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın çəkilməmiş 2 il 1 ay müddəti Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə tamamilə birləşdirilməklə, Təqsirləndirilən şəxs 2 il 1 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il 1 ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunsun. Nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniydan məcburi müalicə təyin edilsin və o, yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,105 qram qalan psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 10 (on) saata görə 60 (altımış) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən hökm elan edildiyi andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar