Məhkəmə qərarları › İş №1(071)-51/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-51/2022

05.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-51/2022 05.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1976-ci ildə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Şirvan şəhəri F.Cavadov küçəsi ev 40-də daimi qeydiyyatda olmaqla yaşayan, 27.01.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 28.01.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,610 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini 1 ədəd kağız kəsiyində qablaşdırılmış halda əynində olan boz rəngli cins şalvarın sağ cibində daşıyaraq saxlamış, 27.01.2022-ci il tarixdə saat 21 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul-Şirvan yolunda yerləşən körpünün yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, Şirvan şəhəri F.Cavadov küçəsi ev 40-da daimi qeydiyyatda olmaqla yaşayır. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. 27.01.2022-ci il tarixdə günortadan sonra yaşadığı Şirvan şəhəri F.Cavadov küçəsində olarkən yerdə bir ədəd gümüşü kağız bükümündə heroin tapmış və özü istifadə etmək məqsədi ilə əynində olan boz rəngli cins şalvarının sağ cibinə qoymuşdur. Həmin gün saat 20-21 radələrində işi olduğu üçün yol maşını ilə gəlib Hacıqabul-Şirvan yolunda yerləşən körpünün yaxınlığında düşmüş və piyada üzü Hacıqabul şəhər istiqamətinə gedərkən özünü şübhəli apardığında görə iki polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra, onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Hacıqabul rayon polis şöbəsində ona müdafiəçi təyin edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı ondan üzərində hər hansı bir narkotik vasitə və ya qanunla qadağan edilmiş əşya və ya predmet olub-olmaması soruşulmuşdur. O, əynində olan boz rəngli cins şalvarının qabaq sağ cibindən 01 ədəd kağız kəsəyində saxladığı heroini çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra üzərinə baxış keçirlən zaman onun əynində olan şalvarının sol cibindən 1 ədəd qara rəngli sadə “Nokia” markalı mobil telefon və 22 manat pul aşkar edilmişdir, 22 manat pul ona geri qaytarılmışdır. Bu barədə protokol tərtib olunmuş və oda protokolu imzalamışdır. Polis şöbəsində ona qarşı hər hansı bir qanunsuz hərəkət olmamışdır. Törətdiyi əməldən peşman olmuşdur. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27.01.2022-ci il tarixdə Şirvan şəhəri F.Cavadov küçəsi ev 40-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etdikdən sonra, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 Fuad oğlunun iştirakı ilə əməliyyat qrupu yaradılmış və 27.01.2022-ci il tarixdə Səfərov X2-Şirvan yolunda yerləşən körpünün yaxınlığında saxlayaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı, polis mayoru Mübaşir Heybətov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Mübaşir Heybətov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ cibində saxladığı 1 ədəd kağız kəsiyində narkotik maddə heroinə bənzər maddəni təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynində olan boz rəngli cins şalvarının qabaq sol cibindən 1 ədəd qara rəngli sadə “Nokia” markalı mobil telefon və 22 manat pul aşkar edildikdən sonra 22 manat pul Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik maddə heroin olduğunu, həmin narkotik maddəni 27.01.2022-ci il tarixdə Şirvan şəhəri F.Cavadov küçəsində olarkən yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddə heroinə bənzər maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmiş, TB-nin təhqiqatçısı Mübaşir Heybətov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxumuşdur. Onlar protokola imza etmişlər. Şahid2 Fuad oğlu məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə 27.01.2022-ci il tarixdə saat 22:00-da tərtib edilmiş protokollardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd kağız kəsiyi bükümündə heroin, 1 ədəd qara rəngli “Nokia” markalı mobil telefon və 22 manat pulun aşkar olunmasını özündə əks etdirən 01 ədəd disk iş materiallarında saxlanılır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 28.01.2022-ci il tarixli 18/111 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən ....” sözləri yazılmış kağız paketdəki 1 ədəd kağız bükümündə təmiz çəkisi - 0,610 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). (iş v. 34-37). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 10.03.2022-ci il tarixli 1209 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (iş v. 98-99). Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 11.02.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28.02.2013-cü tarixli 1(089)-96/2013 nömrəli hökümü ilə Azərbaycan Respublikası CM-nın 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11.05.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmiş və götürülməmişdir. (iş v.71-73, 85-96). Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş narkotik vasitə olan 0,610 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə, cinayətin residivini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal hesab edir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 27.01.2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,560 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 49,74 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 27.01.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış, təmiz çəkisi 0,560 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 30 saata görə 180 manat, məhkəmə baxışı zamanı iştirak etdi 25 saata görə 150 manat olmaqla, cəmi 330 (üç yüz otuz) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h **********6301695163, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar