Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-51/2024 21.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xudadat Məlikasİanov küçəsi 1-ci küçə 11-ci döngə ev 126 ünvanında daimi qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i̇ : Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu Nəvahi kəndinə daşımış, 12 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Nəvahi kəndində yerləşən Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 720 saylı stasionar postunun yaxınlığında saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılarkən 01 ədəd selofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,544 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, uzun müddətdir narkotik vasitələrdən istifadə etmişdir. Həmin narkotik vasitələri Bakı şəhərində tanımadığı şəxslərdən müxtəlif vaxtlarda və qiymətlərə almışdır. Narkotik vasitələr istifadə etdiyinə görə əvəllər məhkum olunmuşdur. O, Bakı şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olaraq çörək pulu qazanır. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində çörək almaq məqsədilə yaşadığı məhəllədəki ərzaq mağazasına getmişdir. Mağazadan geri qayıdan zaman küçədə yerdə olan selofan bükülü onun diqqətini cəlb etmişdir. Həmin selofan bükülünü açıb içərisinə baxan zaman içərisində əvvəllər istifadə etdiyi üçün tanıdığı narkotik vasitə heroin olmasını görmüşdür. Ətrafda heç kimin olmadığını görüb tapdığı heroini istifadə etmək üçün əynində olan uzunqol idman gödəkçəsinin cibinə qoymuşdur. Bundan bir saat sonra Bakı şəhərində yaşayan və onkoloji xəstə olan xalasıoğlu Şahid5 Sadiq oğlu ona zəng edərək Göyçay rayonuna getməli olduğunu, lakin xəstəliyinə görə avtomobili uzaq məsafəyə idarə edə bilmədiyini, sürücülük vəsiqəsi olduğuna görə avtomobilin onun idarə etməsini və birlikdə Göyçay rayonuna gedərək pensiya məsələsini həll etməyi xahiş etmişdir. O, Şahid5la Göyçay rayonuna getməyə razılaşmışdır. 12 yanvar 2024-cü il tarixdə saat 11 radələrində Şahid5 idarə etdiyi “Mersedes Benz E220 CDİ” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı ünvana gəlmişdir. O, avtomobilin sürücü oturacağında, Şahid5 ön sərnişin oturacağında, Ramilin qardaşı Şahid4 və bibisi nəvələri Şahid6la Şahid7 isə avtomobilin arxa sərnişin oturacağında əyləşmişlər. Onlar birlikdə Göyçay rayonu istiqamətində hərəkət etmişlər. Tapdığı narkotik vasitə həmin vaxt əynində olan uzunqol idman gödəkçəsinin cibində olmuşdur. Hacıqabul rayonu Nəvahi kəndi ərazisində yerləşən 720 saylı stasionar postun yaxınlığındakı Kövsər adlanan restoranın qarşısında idarə etdiyi avtomobillə hərəkətdə olan zaman yol polisi xidmətinin əməkdaşı ona avtomobili saxlamağı işarə etmişdir. O, idarə etdiyi avtomobili yolun kənarında saxlayıb yerə düşmüş və avtomobildə əyləşən şəxslərə yol polisinin əməkdaşları ilə söhbət edərək qayıdacağını bildirmişdir. Yol polisi xidmətinin əməkdaşlarına yaxınlaşan zaman 3 nəfər mülki geyimdə olan şəxslər ona tərəf yaxınlaşmışlar. Həmin şəxslər Hacıqabul RPŞ-nin CAB-nin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Polislər onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları üzərində şəxsi axtarış keçirilməsi üçün onlarla birlikdə polis şöbəsinə getməyini bildirmişlər. Polis şöbəsinə getdikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan və özünü Hacıqabul rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Mübaşir Heybətov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona izah edib yazılı bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil Müdafiəçi onun hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Təhqiqatçı onun üzərində aparılacaq şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunacağını bildirmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılması barədə təhqiqatçı məlumat vermişdir. Təhqiqatçı ondan üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşyanın olub-olmadığını soruşmuş, o, əynində olan uzunqol idman gödəkcəsinin sağ yan cibində saxladığı narkotik vasitə heroini təqdim etmişdir. Təhqiqatçı Mübaşir Heybətov tərəfindən onun təqdim etdiyi bükülü elektron tərəzidə çəkilmiş və çəkisinin 0,63 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyularaq möhürlənmiş və tərəflər onu imzalamışlar. Bundan sonra təhqiqatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində gəzdirməsi barədə ona şifahi sual vermiş, o, həmin kütlənin narkotik vasitənin heroin olduğunu, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Xudat Məlikaslanov küçəsində yerləşən yaşadığı evin yaxınlığında küçədən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra onun üzərinə axtarış barədə protokol tərtib olunmuş və imzalarla həmin protokol təsdiq edilmişdir. O, həmçinin qeyd etmişdir ki, onun üzərində şəxsi axtarış aparılan zaman və ya ona yaxınlaşan zaman polis əməkdaşları ona qarşı heç bir zorakılıq hərəkətləri etməmişlər. Əlavə olaraq onuda bildirdi ki, Şahid5, Şahid4, Şahid6, Şahid7 onun üzərindən aşkar olunmuş narkotik vasitədən ümumiyyətlə məlumatları olmamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qizmində dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs, Şahid5 Sadiq oğlu, Şahid4 Sadiq oğlu və Şahid7 əvvəldən tanımış, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs onun uzaq qohumu, Ramil və Şahid4lar və Şahid7 onun dayısı uşaqlarıdır. Təxminən 3-4 gün əvvəl Şahid5la telefon əlaqəsi saxlayan zaman Şahid7la birlikdə Bakı şəhərində olduğunu, yaşadığı Göyçay rayonuna gedəcəyi təqdirdə onları da, aparmasını xahiş etmişdir. Həmin vaxt Şahid5 12 yanvar 2024-cü il tarixdə səhər saatlarında Göyçay rayonuna gedəcəyini bildirmişdir. O, və Şahid7 Göyçay rayonuna getməklə əlaqədar Şahid5la razılaşmışlar. 12 yanvar 2024-cü il tarixdə saat 10 radələrində Şahid5 idarə etdiyi Mersedes Benz markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək Şahid7la onun yaşadığı ünvandan götürmüşdür. Həmin vaxt avtomobildə Şahid4 da, olmuşdur. Şahid5 xalasıoğlu Təqsirləndirilən şəxs də, götürəcəyəni bildirib, Zaurun yaşadığı ünvana tərəf avtomobili sürmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən götürən zaman Şahid5 sərnişin oturacağında, Təqsirləndirilən şəxs isə sürücü oturacağında əyləşmişdir. Şahid5 xəstəliyi ilə əlaqədar avtomobili uzun məsafəyə sürə bilməyəcəyini bildirib, avtomobilin Zaur tərəfindən idarə olunacağını bildirdi. O, Şahid4 və Şahid7la birlikdə avtomobilin arxa oturacağında əyləşmişdir. Bundan sonra birlikdə Göyçay rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Təxminən saat 13 radələrində Hacıqabul rayonu Nəvahi kəndində yerləşən Yol Polis Xidmətinə məxsus stasionar posta yaxınlaşan zaman yol polisi xidmətinin əməkdaşı avtomobilin dayandırılması işarəsini vermişdir. Təqsirləndirilən şəxs avtomobili yolun kənarında dayandırdıqdan sonra avtomobildən düşdü və həmin vaxt ona 3 nəfər mülki geyimdə olan şəxslər yaxınlaşdı. O, və avtomobildə olan digər şəxslər dərhal avtomobildən düşərək məsələyə aydınlıq gətirmək istədikdə mülki geyimdə olan şəxslər onlara Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməkdə və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Hacıqabul RPŞ-nə dəvət etdilər. Bundan sonra Şahid5 özünə məxsus avtomobili idarə edərək bizi Hacıqabul RPŞ-nə gətirdi. O, Şahid5, Şahid4 və Fəqani Kərimovla birlikdə polis şöbəsində bir qədər gözlədikdən sonra Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar edildiyini bilmişlər. Onun Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasından məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid4 Sadiq oğlu, Şahid5 Sadiq oğlu və Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 12 yanvar 2024cü il tarixdə Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz E220 CDİ” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolu ilə Qazax rayonu istiqamətində hərəkətdə olması və üzərində narkotik vasitə daşıması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. 12 yanvar 2024-cü il tarixdə daxil olmuş məlumatın yoxlanılması məqsədilə, eləcə də, Bakı şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitənin əldə etdiyi mənbənin ifşa edilməsi, üzərində şəxsi axtarış aparılması ilə əlaqədar təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul RPŞ-nin rəisinin əmri ilə ondan, CAB-nin əməliyyat müvəkkilləri X8, X1 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində əməliyyat tədbirini qurmuşlar. 12 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz E220 CDİ” markalı **-ZN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu Nəvai kəndi ərazisində yerləşən BDYPİ-nin 720 saylı stasionar postun yaxınlığındakı Kövsər restoranının qarşısında hərəkətdə olmasını aşkar etmişlər. Həmin vaxt 720 saylı stasionar postun YPX-nin əməkdaşının Təqsirləndirilən şəxs saxla işarəsini verdiyini, sonuncunun avtomobili saxlayaraq yerə düşməsini görmüşdür. Onlar yaranmış fürsətdən istifadə edərək dərhal Təqsirləndirilən şəxs yaxınlaşıb Hacıqabul RPŞ-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində saxlamaqla daşımasında şübhəli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamasında şübhəli olduğuna görə polis şöbəsinə dəvət olunmuş və müdafiəçi ilə təmin olunduqdan sonra Hacıqabul RPŞ-nin TB-nin təhqiqatçısı polis mayoru Mübaşir Heybətov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Mübaşir Heydərov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və ya maddə varsa təqdim etməsini təklif etmiş, o, əynində olan uzunqol idman gödəkcəsinin sağ yan cibindən 01 ədəd selofan kəsiyinə bükülmüş narkotik vasitə heroinə oxşar maddəni təqdim edərək həmin narkotik vasitəni 12 yanvar 2024-cü il tarixdə səhər saat 08 radələrində Bakı şəhərində yaşadığı evin yaxınlığındakı küçədə yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını, avtomobildə sərnişin qismində əyləşmiş qohumları Şahid4 Sadiq oğlu, Şahid5 Sadiq oğlu, Şahid6 və Şahid7 üzərində narkotik vasitə olmasından heç bir məlumatının olmadığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə heroin elektron tərəzi vasitəsilə çəkilmiş və çəksinin 0,63 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroin zərfə qoyularaq möhürlənmiş, daha sonra protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 1 ədəd selofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/48 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,544 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra 0,494 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 83-cü bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarının həddinin 0,15 qram, külli miqdarın həddinin 2 qram olması göstərilmişdir. Əməliyyat tapşırığına cavab olaraq Hacıqabul RPŞ-nin NMQ–nin baş əməliyyat müvəkkili Samid Misirxanov tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini özü qəbul etmək üçün əldə edib üzərində saxlamış, həmin narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Şahid4 Sadiq oğlu, Şahid5 Sadiq oğlu, Şahid6 və Şahid7 aşkar edilmiş narkotikdən məlumatları olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,494 qram qalan narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2015-ci il tarixdə cəza müddətinin sona çatması ilə əlaqədar azadlığa buraxılmışdır. Bakı şəhər Binəqədi rayon İHB-nin Biləcəri qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri ünvan 1 ünvanında arvadı X2, övladları - xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 ilə bir yerdə yaşayır. Bakı şəhər Binəqədi rayon İHB-nin Biləcəri qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 12:30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X7 azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağın olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 08 fevral 2024-cü il tarixli, 781 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,494 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM 132). İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 22 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 132 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30-dan xx.xx.2024-cü il saat 11:00 tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,494 qram qalan narkotik vasitə heroin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 31,95 manat (otuz bir manat doxsan beş qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 132 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-51/2024
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-51/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver