Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-51/2025 03.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 110 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul şəhəri, M.Ə.Rəsulzadə küçəsinə daşımış, 28 dekabr 2024-cü il tarixdə saat 19:48-də Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsində saxlanılaraq üzərində yoxlama və götürülmə aparılan zaman əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,72 qram xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, ev təmir ustası işlədiyi üçün Zəngilan rayonuna getmişdir. 01 noyabr 2024-cü il tarixdə saat 11 radələrində Zəngilan rayonu Cahangirbəyli kəndində piyada gedərkən yolun üzərində 1 ədəd kibrit qutusunu görmüş, həmin kibrit qutusunu götürüb açıb içərsində baxdıqda orada qurudulmuş marixuana olduğunu bilmiş, kibrit qutusunda olan marixuananı sonra qəbul etmək məqsədi ilə özü ilə götürərək əl çantasında gizlətmişdir. 05 noyabr 2024-cü il tarixdə yaşadığı Hacıqabul şəhərinə gəlmişdir. Hacıqabul şəhərində yaşadığı evdə olan zamanı əl çantasındakı bir ədəd kibrit qutusunda olan marixuananı əl damında gizlətmişdir. Yaşadığı evin yaxınlığında bir nəfər şəxsin evində usta kimi işləməyə başlamışdır. 28 dekabr 2024-cü il tarixdə əl damında gizlətdiyi kibrt qutusunda olan marixuananı götürüb əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibinə qoyub çıxıb getmişdir. Usta kimi işlədiyi evə gedib işlərini qurtarıb həmin günü saat 20 radələrində Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsi ilə piyada evinə gedərkən polis əməkdaşları ona yaxınlaşıb özlərini Hacıqabul rayon PŞnın polis əməkdaşları kimi təqdim edərək üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu, video çəkilişdən istifadə etməklə üzərində yoxlama aparacaqların bildirmişlər. O, buna etiraz etməmişdir. Polis əməkdaşları video çəkilişdən istifadə etməklə üzərində yoxlama aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması soruşulmuş, həmin vaxt əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibində gizlətdiyi 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilərkən 8,76 qram olduğu müəyyən edilmiş, kibrit qutusu poçt zərfinə qoyularaq qablaşdırılmış və zərfin üzərinə imza etmişdir. Polis əməkdaşları tərəfindən rayon Polis Şöbəsinə dəvət olunmuş, RPŞ-də olarkən hüquqlarının müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət edilmişdir. Hacıqabul şəhər M.Ə.Rəsulzadə küçəsində üzərindən aşkar olunub götürülərək qablaşdırılmış qurudulmuş marixuana müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə poçt zərfi açılaraq baxış keçirilib başqa bir poçt zərfinə qoyularaq qablaşdırılmış, üzərində yoxlama aparılıb narkotik vasitənin aşkar olunması və zərfə təkrar baxış keçirilməsi barədə tərtib edilmiş protokolların məzmunu ilə tanış olduqdan sonra imza etmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Hacıqabul rayon PŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 28 dekabr 2024-cü il tarixdə Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 110 nömrəli evdə qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almışdır. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyataxtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və Hacıqabul rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkilləri Şahid2 və Şahid1 iştirakı ilə əməliyyat müşahidə qrupu yaradılmışdır. Həmin günü saat 19:48-də Hacıqabul şəhəri M.Ə.Rəsulzadə küçəsində Təqsirləndirilən şəxs saxlanılaraq üzərində narkotik vasitə saxlamasında şübhəli bilinərək videoçəkilişdən istifadə edilməklə üzərində yoxlama aparacaqlarını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparmamışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması soruşulmuş, o, əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibində gizlətdiyi 1 ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Aşkar olunub götürülmüş narkotik vasitə qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilərkən 8,76 qram olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərində yoxlama aparılsa da, qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamış, aşkar olunan qurudulmuş marixuana kibrit qutusu ilə birlikdə poçt zərfinə qoyularaq qablaşdırılmışdır. Bundan sonra Mahmudov X2 rayon Polis Şöbəsinə dəvət olunmuş, rayon polis şöbəsində onun hüquqlarının müdafiə etmək məqsədi ilə müdafiəçi dəvət etdilmişdir. Təqsirləndirilən şəxs üzərində yoxlama aparılan zamanı aşkar olunub götürülmüş narkotik vasitə marixuana onun müdafiəçisinin iştirakı ilə zərf açılıb baxış keçirildikdən sonra başqa zərfə qablaşdırılaraq rayon PŞ-nin 80 saylı möhürülü ilə möhürlənmişdir. Yoxlama və maddi sübutun götürülməsi və kütləyə təkrar baxış keçirilməsi barədə tərtib olunmuş protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı videokonfrans vasitəsilə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid2 və Şahid3 ilə eyniməzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında” 28 dekabr 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu içərisində narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilərək çəkisinin 8,76 qram olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Əməliyyat-axtarış tədbiri nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu içərisində 8,76 qram olan maddənin qablaşdırıldığı 1 ədəd zərf təkrar açılaraq orada olan maddəyə baxış keçirildi. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/988 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,72 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına həmin maddənin 0,02 qramı sərf edildikdən sonra 5,7 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarının həddinin 5 qram, külli miqdarın həddinin 500 qram olması göstərilmişdir. Əməliyyat tapşırığına cavab olaraq verilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı özü qəbul etmək üçün əldə edib üzərində saxlamış, həmin narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 5,7 qram qalan narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Mahmudov X2 rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 127.2.3, 221.3-cü maddələri ilə təqsirli bilinərək 05 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2019cu il tairixli qərarı ilə 02 ay 21 gün müddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Hacıqabul rayon İHB-nın Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Mahmudov X2 şəhəri H.Z.Tağıyev küçəsi ev 110 saylı ünvanda arvadı və azyaşlı övladı ilə birlikdə yaşayır. Hacıqabul rayon İHB-nın Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 21:30-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuananı üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini və himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Bu zaman onun şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 30 yanvar 2025-ci il tarixli, 472 saylı nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, lakin halhazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmamalı, lakin o, yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 5,7 qram qalan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir (CPM 132). İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM 198.1.) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı yer üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan – Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 5,7 qram qalan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 15 (on beş) saata görə 90 (doxsan) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-51/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-51/2025
03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver