Məhkəmə qərarları › İş №1(071)-52/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-52/2022

06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-52/2022 06.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci ildə Qazı-Məmməd (Hacıqabul) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində üç azyaşlı uşağı və 2-ci qrup əlil arvadı olan, "xxxx" MMC-də operator işləyən, əvvəllər məhkum olunmayan, Hacıqabul şəhəri A.Abdullayev küçəsi ev 62də daimi qeydiyyatda olmaqla yaşayan, 07.02.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 09.02.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,212 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq özündə saxlamış, 07 fevral 2022-ci il tarixdə saat 18:30 dəqiqədə Hacıqabul rayon PŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən dairəvi yolun yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürülmə keçirilən zaman həmin psixtrop maddə onun əynində göy rəngli cins şalvarının sağ cibində bir ədəd kağız bükümünün içindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, 07 fevral 2022-ci il tarixdə saat 17 radələrində yaşadığı evdən çıxıb Hacıqabul şəhəri A.Abdullayev küçəsi ilə piyada gedərkən zibil qutularının yaxınlığında 01 ədəd siqaret qutusunu görmüş, siqaret qutusunu götürüb içərsinə baxarkən, orada siqaretin olmadığını, lakin qutunun içərsində kağız bükümün içərsində psixotrop maddə metamfetaminə oxşar maddənin olduğunu görmüş və qəbul etmək məqsədi ilə özündə saxlamışdır. Həmin gün saat 18:30 radalərində Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən dairəvi yolun yaxınlığında olarkən polis əməkdaşları onu Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkliş vasitəsi ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməmişdən əvvəl üzərində hər hansı bir qanunsuz əşya və predmetin olub-olmaması ondan soruşulmuşdur. O, əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan cibində saxladığı bir ədəd kağız bükümdə psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmiş və tapdığını, özü istifadə etmək məqsədilə üstündə saxladığını bildirmişdir. Əməlindən peşmandır. Evli, öhdəsində üç azyaşlı övladı olmasını, arvadı X2 2-ci qrup əlil olmasını, qardaşı X3 müharibə iştirakçısı olmaqla, Azərbaycan Respublikasının mühaaribə veteranı olmasını və “Şücaətə görə” medalı ilə təltif edilməsini, növbəli işdə işləməklə ailəyə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 07 fevral 2022-ci il Hacıqabul şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması barədə əməliyyat məlumat almış, Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmadan əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edib şöbə rəhbərliyinə raportla məruzə etmiş və həmin günü saat 18:30 radələrində Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə məlumatın göstərildiyi Hacıqabul şəhəri İ.Qayıbov küçəsinə getmişdir. Orada olan dairəvi yolun yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb Hacıqabul RPŞ-yə dəvət etmişlər. Hacıqabul RPŞ-də müdafiəçinin iştirakı və videoçəkliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması Təqsirləndirilən şəxs soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəncli cins şalvarının sağ cibindən bir ədəd kağız bükümünü təqdim etmiş və içərisindəki maddənin metamfetamin olduğunu, yerdən tapdığını və öz istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Bu barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Şahid Hacıqabul rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Cinayət işində olan 07.02.2022-ci il tarixdə Hacıqabul rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı R.Məmmədov tərəfindən tərtib edilmiş şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli cins şalvarının qabaq sağ yan cibindən 1 ədəd kağız kəsiyinə bükülmüş bükülünün içərsindən psixotrop maddə olan metamfetamini oxşar kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar psixotrop maddənin aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş 07 fevral 2022-ci il tarixli 18/155 №-li ekspert rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdəki 1 ədəd kağız bükümdə təmiz çəkisi - 0,212 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkolorji tibbi yoxlamanın 22.02.2022-ci il tarixli 880 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metfamfetaminin birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 04.03.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. "xxxx" MMC-nin pres sexinin 2022-ci ilin aprel ayı üzrə növbətçilik cədvəlindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də operator işləyir, iş növbəli olmaqla, 1-ci növbə saat 24:00-08:00; 2-ci növbə 08:00-16:00; 3-cü növbə 16:00-24:00a kimi işləyir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş narkotik vasitə olan 0,212 qram psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, evli, öhdəsində üç azyaşlı övladı olmasını, arvadı X2 2-ci qrup əlil olmasını, qardaşı X3 müharibə iştirakçısı olmaqla, Azərbaycan Respublikasının mühaaribə veteranı olmasını və “Şücaətə görə” medalı ilə təltif edilməsini, ictimai faydalı əməklə məşğul olmasını və ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə bütün bunları nəzərə alaraq və xüsusilə ümümbəşəri idealları, insan hüquqları və azadlıqlarının qorunması kimi dəyərləri və insanpərvəlik ənənələrini davam etdirərək, qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cinayət-hüquq siyasətini həyata keçirərək, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, təqsirləndirilən şəxsin öz əməllərinin nəticələrini dərk edərək islah olunacağına inanaraq, humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq, barəsində yüngülləşdirici halların olmasını, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 07.02.2022-ci il tarixdən 09.02.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməlidir. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 01:00dan saat 06:00-dək (növbəlilik qrafikinə uyğun olaraq gecə növbəsində iş yerində olduğu günlər istisna olmaqla) və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,162 qram psixotrop maddə olan metamfetamini hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 07.02.2022-ci il tarixdən 09.02.2022-ci il tarixə kimi həbsdə saxlanıldığı 02 gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması təyin edilən cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 01:00dan saat 06:00-dək (növbəlilik qrafikinə uyğun olaraq gecə növbəsində iş yerində olduğu günlər istisna olmaqla) və yaşadığı Hacıqabul rayon ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,162 qram psixotrop maddə olan metamfetamini hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 20 saata görə 120 manat, məhkəmə baxışı zamanı iştirak etdi 21 saata görə 126 manat olmaqla, cəmi 246 (iki yüz qırx altı) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h **********6301695163, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar