Məhkəmə qərarları › İş №1(071)-52/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-52/2023

31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-52/2023 31.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı1, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Zaqatala rayonu Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olan, Zaqatala rayonu 3-cü Tala kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını gizli olaraq talama qərarına gələrək bu məqsədlə 07 fevral 2023-cü il tarixdə saat 22:45 radələrində Hacıqabul rayonu Padar qəsəbəsi ərazisindən keçən Bakı-Qazax magistral yolunun 155-ci kilometrliyində sərnişin kimi əyləşdiyi Şahid idarə etdiyi «Mercedes Benz» markalı HH 665 LL dövlət qeydiyyat nişanlı avtomobilin salonunda, saxlanc yeri hesab edilən qabaq oturacaqların arasında olan qoltuqalı qutunun içərisinə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs məxsus 6860 (altı min səkkiz yüz altmış) manat pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 05 fevral 2023-cü il tarixdə şəxsi işləri ilə əlaqədar yaşadığı Zaqatala rayonundan Bakı şəhərinə getmişdir. 07 fevral 2023cü il tarixdə Zaqatala rayonuna qayıtmaq məqsədi ilə Bakı şəhərində yerləşən «Beynəlxalq» avtovağzala gəlmişdir. Orada taksi fəaliyyəti ilə məşğul olan bir nəfər şəxsə yaxınlaşıb Zaqatalaya getmək istədiyini bildirmişdir. Həmin vaxt «Mercedes Benz» markalı avtomobilin sürücüsü Vüqar adlı şəxs ondan yol haqqı olaraq 100 manat pul istəmişdir. O, sürücünün təklif etdiyi məbləğlə razılaşıb avtomobilə əyləşmişdir. Avtomobildə olarkən sürücü Vüqar bir nəfər şəxslə görüşmək üçün yolun o biri tərəfinə keçmiş, daha sonra əlində iki ədəd paketlə gəlib avtomobilə minmişdir. Vüqar həmin paketlərdən birini arxa oturacağın üzərinə qoymuş, digər paketi isə avtomobildə qabaq oturacaqlar arasında olan qapağı bağlanan qutunun içərisinə qoymuşdur. Həmin paketin içərisi görünməsə də, içərisində pul olduğunu təxmin etmişdir. Həmin günü saat 20:45 radələrində Bakı şəhərindən Zaqatala rayonuna doğru yola düşmüşlər. Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsində sürücü Vüqar avtomobilə yanacaq almaq məqsədi ilə YDM-də avtomobili saxlayıb ondan yanacaq pulunu istəmiş, pul qabını açıb bir ədəd 100 manatlıq əskinası ona vermişdir. Yolda söhbət zamanı sürücü Vüqara Türkiyədə oxuduğunu, zəlzələ ilə bağlı bir neçə gün dərs olmayacağını, Türkiyədən gəlib yaşadığı Zaqatala şəhərinə getdiyini bildirmişdir. Saat 22:45 radələrində Hacıqabul rayonu Padar qəsəbəsi ərazisində olan avtomobil körpüsünü keçdikdən sonra boşluq ərazidə sürücü Vüqar tualetə getmək məqsədi ilə avtomobili saxlamış və hər ikisi avtomobildən düşmüşdür. Həmin vaxt Vüqar avtomobildən biraz uzaqlaşmış, o isə avtomobilin yanında qalmışdır. Bu məqamda avtomobilin içərisinə daxil olub qoltuqaltında olan paketi götürüb yolun digər tərəfinə keçib üzü Gəncə istiqamətinə tərəf qaçıb oradan uzaqlaşmışdır. Biraz getdikdən sonra paketi açmış və orada 34 ədəd 200 manatlıq pul əskinasının olduğunu görmüşdür. Təxminən bir müddət piyada getdikdən sonra bir yük avtomobilinə minib Yevlax rayonuna, oradan da başqa bir avtomobillə Zaqatala rayonuna getmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək onu tutmuş və Hacıqabul rayon Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində olarkən o, törətdiyi əməli səmimi etiraf edərək oğurladığı pulların 5800 manat hissəsini qaytarmışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş zərərin ödənildiyini və zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını bildirib, onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 03 fevral 2023-cü il tarixdə Bərdə şəhərində yaşayan yeznəsi İmaməddin Hacıyev ona zəng edərək xeyr işləri olduğu üçün 7000 manat borc pul istəmişdir. Sonradan bacısı Rəsulə ilə telefonda danışarkən bacısı ondan özü üçün bir ədəd ətir istəmişdir. 07 fevral 2023-cü il tarixdə Bakı şəhəri, N.Nərimanov metrosunun yaxınlığında olan ətir dükanına gedib bacısı Rəsulə üçün 140 manat dəyərində bir ədəd ətir almışdır. Sonradan taksi fəaliyyəti ilə məşğul olan və əvvəldən tanıdığı Şahid ilə telefon əlaqəsi yaradaraq, Bərdə şəhərinə bağlama göndərəcəyini bildirmişdir. Həmin günü saat 19:30 radələrində evdə olarkən sürücü Vüqar onunla əlaqə saxlayaraq avtovağzalda olduğunu demişdir. Evdən 34 ədəd 200 manatlıq və 3 ədəd 20 manatlıq, ümumilikdə 6860 manat pulu büküb sellofana qoymuş, sellofanı da dəftər vərəqinə büküb skoçla bağlayıb Bakı şəhərində yerləşən “Beynəlxalq” avtovağzala gəlmişdir. İçərisində pul olan bükülünü və bacısı üçün aldığı ətiri taksi sürücüsü Şahid vermiş və həmin əşyaları Bərdə şəhərinə aparmasını xahiş etmişdir. Bükülünü Vüqara verərkən orada pul olmasını ona bildirməmişdir. Həmin günü saat 23 radələrində Vüqarın harada olduğunu öyrənmək üçün onunla telefon əlaqəsi yaradan zaman, Vüqar təlaş içində ona avtomobilə sərnişin kimi əyləşən şəxs tərəfindən ona verilən bükülünün oğurlandığını və bükülüdə nə olduğunu ondan soruşmuş, o isə Vüqara bükülüdə 6860 manat pul olduğunu demişdir. Sonra isə Hacıqabul rayon PŞ-nə gəlib pulunun oğurlanması barədə ərizə vermişdir. Rəsul Musayev tərəfindən oğurlanan 6860 manat pul tam şəkildə ona qaytarılmışdır. Ona görə hal-hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, «Mercedes Benz» markalı HH-665-LL dövlət qeydiyyat nişalı avtomobillə taksi kimi fəaliyyət göstərib rayonlararası sərnişin daşıyır. Sərnişindən başqa hər hansı bir müştəri yük göndərərsə yol pulunu alıb həmin yükü deyilən ünvana çatdırır. X2 əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Bakı şəhərində yerləşən “Beynəlxalq” avtovağzalda özünü Murad kimi təqdim edən, əsl adı isə Rəsul olan şəxs ona yaxınlaşaraq Zaqatala rayonuna getmək istədiyini bildirmiş və Zaqatala rayonuna aparması üçün 100 manata onunla razılaşmışdır. Həmin vaxtı tanıdığı və uzun illərdir müştərisi olduğu Bərdə şəhər sakini X3 ona bir sellofan paketi və bir ədəd skoçlanmış balaca bağlamanı verib Bərdə şəhərinə aparmasını bildirmişdir. Avtomobildə sərnişin kimi əyləşən Rəsul adlı şəxsin yanında paketi avtomobilin arxa oturacağına və skoçla balğanılmış bükülünü isə avtomobilin qabaq iki oturacaqlar arasında olan qapağı bağlanan, qutunun içəsrinə qoyub saat 20:45 radələrində Zaqatala rayonuna getmək məqsədi ilə yola düşmüşlər. Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən YDM-də avtomobilinə yanacaq almaq məqsədi ilə sərnişindən pulu istəmiş, o da 100 manat pulu ona vermişdir. Yanacaq alandan sonra YDM-nin yaxınlığında olan «Araz» marketə birgə gedib sok və digər xırda məhsul almış, alınan əşyaların pulunu da sərnişin vermişdir. Bundan sonra yollarına davam etmişlər. Həmin günü təxminən saat 22:45 radələrində Hacıqabul rayonu Padar qəsəbəsi ərazisinə olan avtomobil körpüsünü keçdikdən sonra boşluq ərazidə tualetə getmək məqsədi ilə avtomobili saxlamışdır. Hər ikisi avtomobildən düşmüşlər. O, avtomobildən düşdükdən sonra 40-50 metr avtomobildən uzaqlaşmış, təbii ehtiyacını təmin etmiş və daha sonra bir nəfər şəxslə telefonla danışmışdır. Geri qayıdarkən sərnişinin yolun o biri tərəfinə keçdiyini görmüşdür. Bu zaman ağlına gəlmişdir ki, sərnişin avtomobildə olan bağlamanı oğurlamış ola bilər. Dərhal avtomobildə olan qoltuqaltının içərisinə baxdıqda, Nasehin ona verdiyi bağlamanın orada olmadığını görmüşdür. Həmin vaxt ətrafı nə qədər axtarsa da sərnişini tapa bilməmişdir. Sonra Nasehlə telefonda danışaraq onun verdiyi bağlamanın avtomobilə əyləşən sərnişin tərəfindən oğurlandığını və bağlamada nə olduğunu soruşmuş, Naseh də bağlamanın içərisində 6860 manat pul olduğunu bildirmişdir. Sonra istifadə etdiyi mobil telefon vasitəsi ilə DİN-nin 102 xidmətinə bu barədə məlumat verdikdən sonra RPŞ-nin əməkdaşları hadisə yerinə gəlmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hal şahidlərinin iştirakları ilə hadisə yerinə baxış keçirilmiş, hadisə yeri Bakı Qazax magistral yolunun Hacıqabul rayonu Padar qəsəbəsi ərazisindən keçən yolun Qazax istiqamətinin sağ tərəfində yerləşir. Baxış keçirilən zamanı oğurluq hadisəsinin baş verdiyi ərazidə yaşayış məntəqəsi və o, cümlədən hər hansı bir iaşə obyekti yoxdur. Şahid idarə etdiyi «Mersedes Benz»markalı HH 665 LL dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Avtomobil göy rəngdə olmaqla furqondur. Avtomobilin salonuna baxış keçirilən zamanı sürücü Şahid göstərərək bildirdi ki, 07 fevral 2023-cü il tarixdə saat 22:30 radələrində Hacıqabul rayonu Padar qəsəbəsində idarə etdiyi avtomobilinin avtomobilinin salonunda qabaq oturacaqların arasında olan, qapağı bağlanan, zamoku olmayan qutunun içərisində, skoçla bağlanılmış və içərisində 6860 manat pul olan bükülünün oğurlandığı yeri göstərdi. Sürücü Şahid bildirdi ki, qeyd olunan puldan başqa avtomobildən hər hansı bir başqa əşya oğurlanmamışdır. Məhkəmə-daktiloskopik ekspertizasının xx.xx.2023-cü il tarixli 3-13-11/2-3612/2023 №-li rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayon ərazisində Şahid məxsus «Mersedes Benz» markalı HH 665 LL dövlət qeydiyyat nişanlı avtomobildə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 05 ədəd kağız parçasının üzərinə yapışdılmış 05 şəffaf yapışqan lent kəsiklərinin üzərində olan 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eynilədirilməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.2002-ci ildə Zaqatala rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin böyük (su butulkanın üzərindən götürülmüş) və orta (su butulkanın üzərindən götürülmüş) barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Məhkəmə-genetik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/261R №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd “Cappi” markalı plastik içki qabının ağızlıq hissəsində müqayisəli tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli materiallar mövcüddur. Tədqiqata təqdim edilmiş 01 ədəd “Cappi” markalı plastik içki qabının ağızlıq hissəində mövcud olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. (eyni yumurta əkizi istisna olmaqla) Əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan (raportdan) görünür ki, xx.xx.2023-cü il tarixdə saat 22:45 radələrində Hacıqabul rayonu Padar qəsəbəsi ərazisindən keçən Bakı-Qazax magistral yolunun 155-ci km-də Bərdə rayon sakini Şahid idarə etdiyi “Mercedes Benz” markalı HH 665 LL qeydiyyat nişanlı avtomobilin salonunda, saxlanc yeri hesab edilən qabaq oturacaqların arasında olan qoltuqaltı qutunun içərisində saxladığı Zərərçəkmiş şəxs məxsus 6860 manat pulu qanunsuz olaraq gizli yolla talayıb oğurlayan şəxsi müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat tədbirləri davam etdirilmişdir. Əməliyyat tədbirləri zamanı oğurluq edən şəxsin xx.xx.2002-ci il tarixdə Zaqatala rayonu Tala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz məhkum olunmamış, Zaqatala rayonu Tala kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs yeri müəyyən edilərək Hacıqabul rayon Polis Şöbəsinə dəvət olunmuş və xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu Padar qəsəbəsində Şahid avtomobilinin salonundan oğurluq etməsini səmimi etiraf etmişdir. “Əşyanı təqdim etmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 29 ədəd 200 manatlıq pul əskinazları, yəni 5800 manat pul götürülmüş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan və qəbzdən görünür ki, 07 fevral 2023-cü il tarixdə saat 22:45 radələrində taksi fəaliyyəti göstərən sürücü Şahid idarə etdiyi “Mercedes Benz” markalı HH 665 LL qeydiyyat nişanlı avtomobildən Təqsirləndirilən şəxs tərəfindən oğurlanan 6860 manat puldan qalıq olan 5800 manat pul iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş şəxsə qaytarılmış, Təqsirləndirilən şəxs istifadə etdiyi 1 ədəd “Cappi” markalı, plastik içki qabı iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Hacıqabul rayon PŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Hacıqabul Rayon Məhkəməsinin 4(071)-20/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Musayev X1 rayon Məhkəməsinin 1(033)-6/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə qəti olaraq 02 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Zaqatala rayon İcra hakimiyyəti başçısının Üçüncü Tala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunur. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə isnad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə, həmin Məcəllənin 177.2.4-cü maddəsində isə xeyli miqdarda ziyan vurmaqla oğurluq əməlinin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin tamah niyyəti ilə saxlanc yerinə daxil olaraq zərər çəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə dəymiş zərəri tam şəkildə ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM 59.1.13). Təqsirləndirilən şəxsin əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında iki növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə Təqsirləndirilən şəxs həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, Təqsirləndirilən şəxs hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətinin mənfi xarakterizə olunması, barəsində Zaqatala rayon Məhkəməsinin icraatında iki epizoddan ibarət oğurluq cinayət əməllərinin törədilməsində təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə araşdırmasının getdiyi dövrdə bundan nəticə çıxarmayaraq hazırki cinayət işi üzrə ittiham olunduğu oğurluq cinayət əməlini törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza Zaqatala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(033)-6/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli hazırki cinayət işi üzrə tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə, cinayət işi üzrə maddi sübut kimi tanınmış 5800 manat pulun zərər çəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, Hacıqabul rayon PŞ-nin maddi sübutların saxlanması yerində saxlanılan bir ədəd “Cappi” markalı plastik içki qabı məhv edilməlidir (CPM 132.1.4). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəza Zaqatala rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(033)-6/2023 nömrəli hökmünə əsasən ona təyin edilmiş 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 5800 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın, Hacıqabul rayon PŞ-nin maddi sübutların saxlanması yerində saxlanılan bir ədəd “Cappi” markalı plastik içki qabı məhv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA**********0944325691, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan, təqsirləndirilən şəxsə münasibətdə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar