Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-54/2022 26.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Füzuli rayonundan məcburi köçkün, Füzuli şəhəri Qaqarin küçəsi ev 15A-da qeydiyyatda olmaqla, Şirvan şəhəri F.Xoyski küçəsi məcburi köçkünlər qəsəbəsi ev 2 mənzil 25-də yaşayan, 02.02.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 04.02.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan məlum olmayan tarixdə, vaxtda və şəraitdə üzərinə taxılı vəziyyətdə, texniki cəhətdən saz və istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli siqnal patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “BAREDDA A-6” modelli səs-siqnal tapançalarının hissəsi hesab olunan 01 ədəd darağı (sandıqçası) olan zavod üsulu ilə istehsal olunmuş, 18-00134 nömrəli, əvvəllər idman yarışlarında istifadə olunmuş 9 mm kalibrli səs-siqnal tapançası olmaqla, sonradan funksional təyinatı dəyişdirilərək hazırda 7,65x17 mm kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş yivsiz, hamar lüləli, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah hesab olunan 01 ədəd “BAREDDA A-6” modelli tapançanı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,65x17 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulan, atəş üçün yararlı və döyüş sursatı hesab olunan 03 ədəd patronları qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımaqla gəzdirmiş, Təqsirləndirilən şəxs bu qanunsuz əməli barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 02.02.2022-ci il tarixdə həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 22:10-da Şirvan-Hacıqabul yolunda yerləşən “Pirsaat Oil” Yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə dəvət edilib gətirildikdən sonra, orada 02.02.2022-ci il tarixdə saat 23:11-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki şalvarının arxa bel nahiyyəsinin kəmər hissəsindən çıxarıb təqdim etdiyi, üzərinə taxılı vəziyyətdə qeyd edilən 01 ədəd darağı (sandıqçası) olan odlu silah hesab olunan həmin 01 ədəd “BAREDDA A-6” modelli tapança, şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi döyüş sursatı hesab olunan həmin 03 ədəd patronlar aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, ittihamın mahiyyəti, hüquq və vəzifələri ona aydındır, törətdiyi cinayətə görə səmimi peşmanlıq çəkir. Füzuli rayonundan məcburi köçkün olmaqla, anası X3 ilə birlikdə Şirvan şəhəri F.Xoyski küçəsi məcburi köçkünlər qəsəbəsi ev 2 mənzil 25-də yaşayır. Subaydır, fərdi qaydada xırda ticarətlə məşğul olur və gözəllik salonu işlədir. Anası Ulduz heç yerdə işləmir, evdar və xəstə qadındır. Özü hələ körpə yaşlarında olarkən atası X2 anası ilə boşanıb ayrılmışdır. Ailədə özündən başqa qardaşı və bacısı yoxdur. O, 02 fevral 2022-ci il tarixdə saat təxminən 22 radələrində Şirvan-Hacıqabul yolunda yerləşən «Pirsaat Oil» adlı yanacaqdoldurma məntəqəsinin yaxınlığında olarkən mülki geyimli dörd nəfər şəxs yaxınlaşaraq onu saxlamış, özlərini təqdim edib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları olduqlarını bildirəndən sonra, ona özünü təqdim etməsini təklif etmişlər. O, anket məlumatlarını bildirəndən sonra polis əməkdaşları ona demişlər ki, qanunsuz odlu silah və döyüş sursatı gəzdirməsi barədə əməliyyat məlumatı olduğu üçün onunla bağlı əməliyyat axtarış tədbiri keçirilir. Polis əməkdaşları özlərində olan bu barədə qərarı ona elan etmiş, həmçinin üzərində bu kimi qanunsuz əşyaların olub-olmadığını soruşanda o, səmimi etiraf edib demişdir ki, üzərində bir ədəd tapança və patronlar var. Polis əməkdaşları onu özləri ilə birlikdə Hacıqabul rayon Polis Şöbəsinə dəvət edib gətirmişlər. Orada polis əməkdaşları onu şübhəli şəxs kimi tutmuş və ona hüquqlarının müdafiəsi üçün vəkil təqdim etmişlər. O, təqdim edilən vəkilin hüquqlarını müdafiə etməyə razılaşmışdır. Sonra isə ona hüquq və vəzifələri izah olunmuş, üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmiş, etiraz etməmişdir. Həmin şöbədə otaqların birində vəkilin iştirakı ilə polis əməkdaşları tərəfindən videoçəkiliş edilməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşı əvvəlcə ona təklif etmişdir ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə varsa çıxarıb təqdim etsin. Həmin vaxt o, üzərində odlu silah tapança olduğunu səmimi şəkildə yenə bildirmiş və üzərindəki bütün əşyaları çıxarıb təqdim etməyə başlamışdır. Əynindəki şalvarının sol yan cibindən 02 ədəd Samsung markalı mobil telefonları, şalvarının sağ yan cibindən tapançaya aid 03 ədəd patronları və 20 manatlıq pulunu, şalvarının arxa bel nahiyəsinə kəmər hissəsinə keçirdiyi 01 ədəd “Baredda” markalı tapançasını çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları həmin əşyalara, həmçinin tapançanın üzərinə taxılı olan darağına çıxarıb baxış keçirmişlər. Ondan həmin tapança və patronları haradan əldə etdiyini soruşmuşlar. O, tapançanı və patronlarını tutalmamışdan 3 gün əvvəl yaşadığı Şirvan şəhərindəki məcburi köçkünlər qəsəbəsində olan zibil qutularının qarşısından tapmışdır. Maraqlı gəldiyinə görə götürüb özündə saxladığını polis əməkdaşlarına bildirmişdir. Polis əməkdaşları sandıqçası ilə birlikdə həmin tapançanı və patronları götürüb zərfə qoyaraq qablaşdırmış, həmçinin mobil telefonlarını da iş üzrə əhəmiyyət kəsb edəcəyini bildirərək götürmüşlər, 20 manatıq pulunu isə özünə qaytarmışlar. Polis əməkdaşları tərəfindən aşkar edilənlərlə bağlı protokol yazılmışdır. O, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. O, həmin tapançanı sandıqçası və patronları ilə birlikdə 3 gün qabaq yaşadığı Şirvan şəhərindəki məcburi köçkünlər qəsəbəsində olan zibil qutularının qarşısından təsadüfən tapmış, heç kimdən almamış, özündə həmin silahın olmasını heç kim bilməmişdir. Tapançanı və patronları saxlamaqda heç bir kriminal marağı olmamış, sadəcə silaha marağı olduğu üçün özündə saxlamışdır. Özünün istifadə etdiyi mobil nömrəsi 050 *** ** ** mobil nömrəsidir. Həmin odlu silah tapançadan istifadə etməmiş, heç bir hadisə və cinayət törətməmiş, necə tapmışdısa elə də götürüb saxlamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən, Hacıqabul rayon Polis Şöbəsinə dəvət edilib aparılarkən, orada olarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir təzyiq, zorakılıq edilməmişdir. O, ruhi-psixi xəstəlikdən müalicə almamış və belə xəstəliklərdən də əziyyət çəkmir. Bunları nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidməti vəzifələrini yerinə yetirir. 02 fevral 2022-ci il tarixdə xidmət etdiyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Fizuli rayonunda doğulmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz odlu silah və döyüş sursatları əldə edib saxlaması, üzərində daşıyıb gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. O, məlumat barədə xidmət etdiyi BMCMİ-nin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik də onun özünə həvalə olunmuşdur. 02 fevral 2022-ci il tarixdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində özləri xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi onun olduğu yer barədə əvvəldən aldıqları məlumata əsasən Şirvan-Hacıqabul yolunda yerləşən “Pirsaat Oil” Yanacaq doldurma məntəqəsinin yaxınlığına saat 22:10-da müəyyən edib saxlamışlar. Həmin şəxsi saxlayaraq xidməti vəsiqələrini göstərməklə özlərini ona təqdim etmişlər, sorğu sual zamanı həmin oğlan da öz anket məlumatlarını söyləyib Təqsirləndirilən şəxs olmasını təsdiq etmişdir. Onlar Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış edərək demişlər ki, onun qanunsuz odlu silah və döyüş sursatları əldə edib saxlaması, üzərində daşıyıb gəzdirməsi barədə əməliyyat məlumatı var, əgər üzərində bu kimi qanunsuz əşya və predmetlər varsa məlumat versin. Həmin vaxt Təqsirləndirilən şəxs onlara səmimi şəkildə bildirmişdir ki, hazırda üzərində bir ədəd odlu silah tapança və patronları var. Bu səbəbdən Təqsirləndirilən şəxs özləri ilə birlikdə Hacıqabul rayon Polis Şöbəsinə dəvət edib gətirmişlər. Orada Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvü olan, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təhqiqatçısı İslam Mürsəlov tərəfindən şübhəli şəxs qismində tutulmuş, ona hüquqlarının müdafiəsi üçün vəkil də dəvət edilib təqdim olunmuşdur. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması haqqında qəbul edilmiş qərarla Təqsirləndirilən şəxs və onun müdafiəçisi tanış edilmiş, sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz saxlanılan əşya, predmet, maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs də həmin vaxt üzərində odlu silah tapança olduğunu bir daha səmimi şəkildə bildirib üzərindəki bütün əşyaları çıxarıb təqdim etməyə başlamışdır. Belə ki, əynindəki şalvarının sol yan cibindən 02 ədəd Samsung markalı mobil telefonlarını, şalvarının sağ yan cibindən tapançaya aid ola biləcək 03 ədəd patrona bənzər predmetləri və 20 manatlıq pulunu, həmçinin şalvarının arxa bel nahiyəsinə kəmər hissəsinə keçirdiyi 01 ədəd odlu silah tapançaya bənzər predmeti çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin əşyalara, həmçinin tapançaya bənzər predmetin üzərinə taxılı olan darağına çıxarılaraq baxış keçirilmişdir. Tapançaya bənzər həmin predmetin üzərində qeydiyyat nömrəsi həkk olunmaqla “Baredda” sözü yazılmış, onun üzərinə taxılı vəziyyətdə olan sandıqça isə boş olmuşdur. Həmçinin 03 ədəd patronlara bənzər predmetə də baxış keçirilmiş, onların tamlığı pozulmamışdır. Bunlardan başqa Təqsirləndirilən şəxs üzərindən heç nə aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs həmin tapançaya və patronlara bənzər predmetlər barədə, onları haradan əldə etdiyi barədə soruşulduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin tapançanı və patronlarını özü 3 gün qabaq yaşadığı Şirvan şəhərindəki məcburi köçkünlər qəsəbəsində olan zibil qutularının qarşısından tapmışdır, elə belə maraq xatirinə götürüb özündə saxlamışdır, həmin silahdan istifadə etməmişdir, nə də odlu silahın satışı ilə məşğul olmur. Həmçinin bildirmişdir ki, üzərindən aşkar olunmuş 02 ədəd mobil telefonlar öz telefonlarıdır, 20 manat pul isə öz şəxsi puludur. Proses zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş həmin sandıqçası ilə birlikdə 01 ədəd tapançaya bənzər predmet, 03 ədəd patronlara bənzər predmet götürülərək zərfə qoyulub qablaşdırılmış, həmçinin Təqsirləndirilən şəxs mobil telefonları da iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, onun 20 manat pulu isə özünə qaytarılmışdır. Sonra videoçəkiliş dayandırılmaqla şəxsi axtarış və götürmə prosesi başa çatdırılmış, həmin prosesdə aşkar olunanlarla bağlı təhqiqatçı İslam Mürsəlov tərəfindən protokol yazılmış, özü də digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, Hacıqabul rayon Polis Şöbəsinə dəvət edilib aparılarkən və yaxud orada olarkən ona qarşı heç bir təzyiq, zorakılıq, digər qanunsuz hərəkətlər edilməmişdir. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid4 ibtidai istintaq zamanı Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Şəxsi axtarış və götürmə aparılması haqqında 02 fevral 2022-ci il tarixli protokola və ona əlavə edilmiş müvafiq prosesin həyata keçirilməsinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD diskə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edib saxlaması və daşımaqla üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 02 fevral 2022-ci il tarixdə saat 22:10-da Şirvan-Hacıqabul yolunda yerləşən “Pirsaat Oil” Yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Hacıqabul Rayon Polis Şöbəsinə dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 23:11-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynindəki şalvarının arxa bel nahiyyəsinin kəmər hissəsindən çıxarıb təqdim etdiyi, üzərində taxılı vəziyyətdə içi boş 01 ədəd sandıqçası olan, 18- 00134 nömrə və “BAREDDA” yazılı 01 ədəd tapançaya bənzər predmet, həmçinin şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi 03 ədəd patrona bənzər predmetlər aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması prosesinə dair videogörüntünü özündə əks etdirən 01 ədəd DVD disk, 01 ədəd 9 mm kalibrli 18-00134 nömrəli “BAREDDA A-6” modelli tapança, 01 ədəd daraq, 01 ədəd 7,65x17 mm kalibrli patron, 01 ədəd 7,65x17 mm kalibrli patronun eksperimental qaydada atılmış 01 ədəd gülləsi və 01 ədəd gilizi iş üzrə maddi sübutlar hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 03 fevral 2022-ci il tarixli 22/107R nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 01 ədəd 18- 00134 nömrəli silah zavod üsulu ilə Türkiyə dövlətində istehsal olunmuş, 9 mm kalibrli “BAREDDA A-6” modelli idman yarışlarında istifadə olunan səs-siqnal tapançasıdır, odlu silah hesab edilmirdi, lakin yuxarıda göstərilən səbəblərə görə (silahın lüləsinə vizual baxış zamanı müəyyən edilmişdir ki, silahın 9 mm diametri olan yivsiz lüləsinin daxilində yerləşən ara kəsmə kustar üsulla yonularaq yox edilmişdir və hal-hazırda 7,65 mm diametrli yivsiz olan lüləyə düzəldilmişdir. Bu da onu göstərir ki, həmin silah hal-hazırda öz təyinatını itirmiş hesab olunur və 7,65 mm kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuşdur) həmin silah öz təyinatını itirmiş və hal-hazırda 7,65x17 mm kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş tapançadır, yivsiz, hamar lüləli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli siqnal patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “BAREDDA A-6” modelli səs-siqnal tapançalarının hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 03 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 7,65x17 mm kalibrli olmaqla, həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdır və atəş üçün yararlıdırlar. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-in KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edildi. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Qeyd: Təqdim edilmiş 03 ədəd 7,65x17 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olundu. Ekspertiza tədqiqatından sonra 01 ədəd 9 mm kalibrli 18-00134 nömrəli “BAREDDA A-6” modelli tapança, 01 ədəd daraq, 01 ədəd 7,65x17 mm kalibrli patron, 01 ədəd 7,65x17 mm kalibrli patronun eksperimental qaydada atılmış 01 ədəd gülləsi və 01 ədəd gilizi ekspert rəyi və fotocədvəllə birlikdə DİN BMCMİ-yə geri qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına alınan 31.03.2022-ci il tarixli 007-4014-1222 nömrəli cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs odlu silahların, döyüş sursatlarının qanunsuz ticarəti ilə məşğul olması, aşkar olunmuş odlu silahı nə vaxt, kimdən, hansı məqsədlə əldə etməsi, cinayət əməlinin törədilməsində iştirakı olan digər şəxslərin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir, müsbət nəticə əldə olunarsa əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 19.02.2022-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməyib. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs üzərinə taxılı vəziyyətdə, texniki cəhətdən saz və istifadə üçün yararlı, zavod üsulu ilə istehsal olunmuş, 9 mm kalibrli siqnal patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “BAREDDA A-6” modelli səs-siqnal tapançalarının hissəsi hesab olunan 01 ədəd darağı (sandıqçası) olan zavod üsulu ilə istehsal olunmuş, 18-00134 nömrəli, əvvəllər idman yarışlarında istifadə olunmuş 9 mm kalibrli səs-siqnal tapançası olmaqla sonradan funksional təyinatı dəyişdirilərək hazırda 7,65x17 mm kalibrli patronlarla atəş açmaq üçün nəzərdə tutulmuş yivsiz, hamar lüləli, texniki cəhətdən saz və atəş üçün yararlı, odlu silah hesab olunan 01 ədəd “BAREDDA A-6” modelli tapançanı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, 7,65x17 mm kalibrli olmaqla həmin kalibrli tapançalardan atəş açmaq üçün nəzərdə tutulan, atəş üçün yararlı və döyüş sursatı hesab olunan 03 ədəd patronları qanunsuz olaraq əldə etmə, saxlama və gəzdirmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, Füzuli rayonundan məcburi köçkün olmaqla, himayəsində xəstə anasının olmasını, fərdi əməklə məşğul olmasını və ailəyə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 02.02.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş - 01 ədəd 9 mm kalibrli 18-00134 nömrəli “BAREDDA A-6” modelli tapança, 01 ədəd daraq, 01 ədəd 7,65x17 mm kalibrli patron Azərbaycan Respublikası DİN-nin X6 Baş İdarəsinə təhvil verilməli, 01 ədəd 7,65x17 mm kalibrli patronun eksperimental qaydada atılmış 01 ədəd gülləsi və 01 ədəd gilizi məhv edilməlidir. Şəxsi axtarış və götürmə aparılması prosesinə dair video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 193.2, 347-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 02.02.2022-ci il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama kamerasına təhvil verilmiş - 01 ədəd 9 mm kalibrli 18-00134 nömrəli “BAREDDA A-6” modelli tapança, 01 ədəd daraq, 01 ədəd 7,65x17 mm kalibrli patron Azərbaycan Respublikası DİN-nin X6 Baş İdarəsinə təhvil verilsin, 01 ədəd 7,65x17 mm kalibrli patronun eksperimental qaydada atılmış 01 ədəd gülləsi və 01 ədəd gilizi məhv edilsin. Şəxsi axtarış və götürmə aparılması prosesinə dair video görüntünü özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №1(071)-54/2022
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-54/2022
26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver