Məhkəmə qərarları › İş №1(071)-55/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-55/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-55/2022 25.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1969-cu ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 3-cü qrup Qarabağ müharibəsi əlili, Azərbaycan Respublikasının müharibə veteranı və Əfqanıstan müharibəsi veteranı, Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 21-də daimi qeydiyyatda olmaqla yaşayan, 02.02.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 04.02.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib saxladığı texniki cəhətdən saz və atəşə yararlı olan bir ədəd 16919 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə 1944-cü ildə Zlataust silah zavodunda istehsal olunmuş, öz təyinatını itirmiş, 16 kalibirli, ZK modelli, çaxmaqlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hamar tək lüləli yivsiz odlu silah hesab olunan ov tüfəngini üzərində daşıyaraq gəzdirmiş, 02.02.2022-ci il tarixdə saat 11 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Hacıqabul şəhəri H.Həmidov küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Hacıqabul rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman həmin odlu silah ondan aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bildi və ifadəsində göstərdi ki, Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 21-də daimi qeydiyyatda olmaqla yaşayır. 02.02.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı küçədə yerləşən zibil qutularının yanında yerdən metal qırıqları olduğunu görmüşdür. O, həmin metal qırıqlarını toplayıb satmaq istəmişdir. Həmin yerdə bir ədəd sellofan büküm tapmış və içərisinə baxanda 1 ədəd süləsi və qundağı kəsilmiş tüfəng görmüşdür. O, tüfəngi götürüb əynində olan gödəkçəsinin sağ iç hissəsinə qoymuşdur. Həmin tüfəngi təmizləyib baxmaq üçün evə aparmaq istəmişdir. Hacıqabul şəhəri H.Həmidov küçəsi ilə gedən zaman bir neçə nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və üzərində qanunsuz olaraq odlu silah saxlanılmasında şübhəli olduğu üçün onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. O, üzərində tüfəng olduğu üçün əvvəlcə getmək istəməmişdir. Lakin sonra razılaşaraq polis əməkdaşları ilə birlikdə Hacıqabul rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində təhqiqatçı tərəfindən ona vəkillərin siyahısı təqdim olunmuş və həmin siyahı ilə tanış olaraq siyahıdakı vəkil Müdafiəçi onun hüquqlarını müdafiə etməsini istəmişdir. Vəkil Müdafiəçi polis şöbəsinə dəvət olunmuş və ona vəkil təyin edilmişdir. Vəkilin və polislərin iştirakı ilə videokamera vasitəsi ilə çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış başlamazdan əvvəl üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa onları könüllü təqdim etməyi təklif etmişlər. O, əynindəki qara rəngli qış gödəkçəsinin sağ iç hissəsində saxladığı sellofana bükülmüş tüfəngi polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları baxdıqda həmin silahın təyinatını itirmiş ov tüfəngi kəsiyi (obrez) olduğunu bildirmişlər. Sorğulara cavab olaraq o, həmin silahı 02.02.2022-ci il tarixdə saat 11 radələrində yaşadığı küçədə yerləşən zibil qutularının yanından yerdən tapdığını, bu barədə ailə üzvlərinin məlumatı olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir qanunsuz əşya, predmet və ya maddə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuşdur. O, protokolla tanış olmuş və protokola imza etmişdir. Həmin odlu silahdan istifadə etməmiş və atəş açmamışdır. Hacıqabul RPŞ-yə gətirilərkən və Hacıqabul RPŞ-də olarkən ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir edilməmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Evli, 3-cü qrup Qarabağ müharibəsi əlili, Azərbaycan Respublikasının müharibə veteranı və Əfqanıstan müharibəsi veteranı olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Şahid1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili işləyir. 02 fevral 2022-ci il tarixdə Hacıqabul şəhəri H.Həmidov küçəsi ev 21-də daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində odlu silah saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, həmin məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və 02 fevral 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Hacıqabul şəhəri H.Həmidov küçəsində yaşadığı evin yaxınlığında saxlayaraq üzərində odlu silah saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi təyin edilmişdir. Bundan sonra video çəkilişdən istifadə edilməklə təhqiqatçı tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ iç hissəsində saxladığı 01 ədəd odlu silah olan lüləsi və qundağı kustar usulu ilə kəsilmiş ov tüfəngini təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi tüfəngin lüləsi və qundağı kustar usulu ilə kəsilmiş ov tüfəngi olduğunu, həmin tüfəngi 02 fevral 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı Hacıqabul şəhərində yerləşən evinin yaxınlığında zibil qutularının yanında yerdən tapdığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi lüləsi və qundağı kustar usulu ilə kəsilmiş ov tüfəngi qablaşdırılaraq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, o da həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Şahid Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı, Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Cinayət işində olan 02.02.2022-ci il tarixdə saat 12:05-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 01 ədəd lüləsi və qundağı kustar usulu ilə kəsilmiş ov tüfəngi aşkar edilmişdir. Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsinin 02.02.2022-ci il tarixli 22/97R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd 16919 nömrəli silah, keçmiş SSRİ dövlətində, 1944-cü ildə Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibirli ZK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfəngini lüləsi və qundağı kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Qeyd: DİN KTİ-nin “güllə-giliz” kartotekasında yalnız yivli odlu silahlardan atılmış güllə-gilizlərin qeydiyyatı aparıldığından rəyin 5-ci sualına cavab verilməmişdir. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 18.02.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 16.11.2017-ci il tarixli 1(071)-115/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 10 avqust 2017-ci il tarixdən 12 avqust 2017-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət nəzərə alınmaqla, 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 27.04.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq bir ədəd 16919 №-li, keçmiş SSRİ dövlətində zavod üsulu ilə 1944-cü ildə Zlataust silah zavodunda istehsal olunmuş, öz təyinatını itirmiş, 16 kalibirli, ZK modelli, çaxmaqlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hamar tək lüləli yivsiz odlu silah hesab olunan ov tüfəngini əldə etmə, saxlama və gəzdirmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşman olmasını, evli, ailəyə yeganə qzanc gətirən şəxs olmasını, 3-cü qrup Qarabağ müharibəsi əlili, Azərbaycan Respublikasının müharibə veteranı və Əfqanıstan müharibəsi veteranı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 02.02.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut - Hacıqabul rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd 16919 nömrəli, keçmiş SSRİ dövlətində, 1944-cü ildə Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibirli ZK modelli, çaxmaqlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hamar tək lüləli ov tüfəngi Azərbaycan Respublikası DİN-nin X2 Baş İdarəsinə təhvil verilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 02.02.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Hacıqabul rayon Polis Şöbəsində maddi sübutların saxlanılması otağında saxlanılan bir ədəd 16919 nömrəli, keçmiş SSRİ dövlətində, 1944-cü ildə Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibirli ZK modelli, çaxmaqlı, lüləsi və qundağı kustar üsulla kəsilmiş, hamar tək lüləli ov tüfəngi Azərbaycan Respublikası DİN-nin X2 Baş İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 25 saata görə 150 manat, məhkəmə baxışı zamanı iştirak etdi 21 saata görə 126 manat olmaqla, cəmi 276 (iki yüz yetmiş altı) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h **********6301695163, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar