Məhkəmə qərarları › İş №1(071)-55/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-55/2024

19.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-55/2024 19.08.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Sabirabad rayonu Talış kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək niyyəti ilə qohumu X4 ona olan etibarından sui-istifadə edərək sonuncunun oğlu Şahid3 buna səlahiyyəti və imkanları olmadığı halda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində işlə təmin edəcəyi barədə yalan vəd verib onu aldadaraq həmin məqsədlə 2022-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Mayıs Qəfərovun yaşadığı Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində yerləşən fərdi yaşayış evində ilkin olaraq 6000 (altı min) manat nağd pul vəsaiti, ilkin niyyətinin davamı olaraq 2022-ci ilin may ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda isə Hacıqabul rayonu Meyniman kəndi ərazisində 6000 (altı min) manat nağd pul vəsaiti olmaqla, ümumilikdə X5 məxsus xeyli miqdar təşkil edən 12000 (on iki min) manat nağd pul vəsaitini aldatma və etibardan sui-istifadə etmək yolu ilə qanunsuz və əvəzsiz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib öz ehtiyacları üçün xərcləməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, 2022-ci ilin əvvəllərində işlətdiyi kafedə aldığı ərzaqlara görə müxtəlif mağazalara borcu yaranmışdır. Bundan başqa, tanışı Şahid1 də, 4500 manat borcu olmuşdur. 2022-ci ilin aprel ayında qohumu Zərərçəkmiş şəxs Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində yaşadığı evə qonaq getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs oğlu Şahid3 evdə olmuşdur. Şahid3 hərbi xidmətini 2 ilə yaxındır ki, başa vurmuş, bundan əlavə Vətən müharibəsində iştirak etmişdir. Zərərçəkmiş şəxs söhbət əsnasında ona oğlu Şahid3 işə düzəltmək istədiyini, lakin iş tapa bilmədiyini bildirmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs Şahid3 hansı işə düzəltmək istədiyini soruşduqda, ona dövlət işi istədiyini bildirmişdir. Həmin vaxtlar onun istər mağazalara, istərsə də, tanışı Şahid1 borcu olmuş və həmin borcları qaytarmaqda çətinlik çəkmişdir. Buna görə də, Zərərçəkmiş şəxs ala bildiyi qədər pul alıb borclarını bağlamağı, Mayisin isə pullarını işləyib qaytaracağını düşünmüşdür. Buna görə də, Zərərçəkmiş şəxs yalan danışaraq tanışı olduğunu və Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon şöbəsinin Yanğından Mühafizə bölməsində növbəli işə düzəldə biləcəyini bildirmişdir. Mayis ona tanışı ilə Elşənin işini danışmağı xahiş etmişdir. O, Mayisə Elşənin işini danışıb xəbər edəcəyini bildirib, yaşadığı evdən çıxıb getmişdir. Təxminən 3-4 gün sonra Hacıqabul rayonu Talış kəndində işlətdiyi kafeyə getdikdə Zərərçəkmiş şəxs kafedə əyləşməsini görmüşdür. Bu zaman Zərərçəkmiş şəxs yaxınlaşaraq tanışı ilə danışdığını Şahid3 işə düzəlməsi müqabilində 12000 (on iki min) manat pul lazım olduğunu bildirmişdir. Mayis ona kredit götürəcəyini və ilkin olaraq 6000 (altı min) manat, 1 ay ərzində isə digər 6000 (altı min) manatı verəcəyini demişdir. O, Mayislə razılaşaraq ertəsi gün Mayisin yaşadığı evə gedərək 6000 (altı min) manat pulu və Elşənə məxsus sənədlərin surətlərini Mayisdən almışdır. Təxminən 1 ay sonra Zərərçəkmiş şəxs ona zəng edərək digər 6000 (altı min) manat pulu düzəltdiyini, bunun üçün Hacıqabul şəhərində olan torpaq sahəsini satdığını bildirmişdir. O, Mayisə Hacıqabul rayonu Meyniman kəndinin çıxacağında olduğunu və pulu həmin yerə gətirib ona verməsini bildirmişdir. Təxminən 1 saat sonra Zərərçəkmiş şəxs qardaşı Məcid və Şahid3 ilə birlikdə Məcidin idarə etdiyi avtomobillə Meyniman kəndinin çıxacağına gəlmişlər. Həmin yerdə Zərərçəkmiş şəxsla görüşüb ondan 6000 (altı min) manat pulu almışdır. Mayis ondan işin nə yerdə olduğunu soruşduqda o, tanışının bütün işləri gördüyünü, məsələnin tez bir zamanda həll olunacağını bildirmişdir. 2023-cü ilin yanvar ayında pul yığmaq məqsədilə övladına kiçik toy məclisi təşkil etmişdir. Lakin, toy məclisinə dəvət edilmiş şəxslərin bir çoxu gəlmədiyi üçün o, ziyan etmişdir. Təxminən 2023-cü ilin mart ayında Zərərçəkmiş şəxs Əmrah adlı övladı vəfat etmiş, Mayis ondan verdiyi pulların qaytarmasını tələb etmişdir. O, Mayisdən aldığı pulları öz borclarını qaytarmağa sərf etmiş və buna görə də, Mayisin pulunu qaytara bilməmişdir. Onun əvvəldən Zərərçəkmiş şəxs oğlunu işə düzəltmək niyyəti olmamışdır. Hazırda o, Zərərçəkmiş şəxs aldığı 12000 (on iki min) manat pulun hamısını qaytarmış və onunla barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Hacıqabul rayonu Muğan qəsəbəsi ərazisində yerləşən Gilan Seramik MMC-də növbə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəldən tanıyır, atasının dayısı nəvəsidir, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs yaşadığı evə qonaq gəlmişdir. Həmin vaxtlarda oğlu Şahid3 1 ilə yaxın olardı ki, hərbi xidməti başa vurub gəlmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona oğlu Şahid3 nə üçün işə düzəltmədiyini soruşmuşdur. O, Təqsirləndirilən şəxs Şahid3 işə düzəltmək fikrində olduğunu, lakin Şahid3 orta təhsilli olduğundan ona uyğun bir iş tapmaqda çətinlik çəkdiyini bildirmişdir. Bu zaman Qoşqar ona X6 Nazirliyininin Hacıqabul bölməsinə işə düzəltmək üçün tanış adamı olduğunu bildirmişdir. O, Qoşqara qohumu olduğu üçün inanıb razılıq vermiş və bu mövzu ilə maraqlanmasını xahiş etmişdir. Bundan sonra Qoşqar ona xəbər edəcəyini bildirmişdir. Təxminən 3-4 gün sonra Hacıqabul rayonu Talış kəndində yerləşən Təqsirləndirilən şəxs icarə əsasında işlətdiyi kafedə olan zaman Qoşqar onun əyləşdiyi masaya yaxınlaşaraq Elşənin işini danışdığını, lakin danışdığı adamın əvvəlcə 15000 (on beş min) manat pul istədiyini, Elşənin vetaran olduğundan 12000 (on iki min) manata razılaşdıra biləcəyini bildirmişdir. Qoşqar daha sonra ona ilkin olaraq 6000 (altı min) manat, qalan məbləği isə 1 ay ərzində ödəmək lazım olduğunu bildirmişdir. O, bundan sonra özündə olan 6000 (altı min) manat pulu yaşadığı evdən götürmüş və Qoşqarla telefon əlaqəsi saxlayaraq Şirvan şəhərində yerləşən Bank of Baku bankından kreditə 6000 (altı min) manat pul götürdüyünü, həmin pulu yaşadığı evdən gəlib götürməsini bildirmişdir. Qoşqar həmin gün onun yaşadığı evə gələrək oğlu Elşənin yanında ondan 6000 (altı min) manat pulu alıb, Elşənin işini danışmağa getdiyini bildirmişdir. Həmin vaxt Qoşqar ondan Elşənə məxsus olan şəxsiyyət vəsiqəsi və hərbi biletin surətlərini verməyi, bundan başqa xəstəxanadan tibbi arayışları yığmasını istəmişdir. 2022-ci ilin may ayında Elşənin işi üçün Qoşqara verməli olduğu 6000 (altı min) manat pulu düzəltmək məqsədilə Hacıqabul şəhəri Dədə Qorqud küçəsində yerləşən 6 sota yaxın torpaq sahəsini satmaq qərarına gəlmişdir. 2022ci ilin may ayının sonlarında uzaq qohumu olan Şahid4 ona zəng edərək torpaq sahəsini almaq istədiyini bildirmişdir. O, Şahid4la torpaq sahəsinin yaxınlığında görüşüb 5000 (beş min) manat qarşılığında razılaşıb torpaq sahəsini satmış və pulu nağd qaydada alaraq özündə olan 1000 manat puluda üstünə qoyub 6000 (altı min) manat düzəltmişdir. Həmin gün Qoşqara zəng edərək 6000 (altı min) manatı düzəltdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona Hacıqabul rayonu Meyniman kəndinin çıxacağında dayandığını və onu gözlədiyini bildirmişdir. O, qardaşı Məcid və oğlu Elşənlə birlikdə Meyniman kəndinin çıxacağına tərəf gedərək Qoşqarla görüşmüşlər. Özündə olan 6000 (altı min) manat pulu Elşən və Məcidin yanında yanında Qoşqara vermişdir. Təxminən 2 ay sonra Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayaraq işin nə yerdə olmasını soruşmuş, lakin Qoşqar ona hər dəfə işin yaxın vaxtlarda düzələcəyini bildirmişdir. O, Qoşqardan Elşəni işə düzəltmək üçün danışdığı adamın adını bir neçə dəfə soruşmasına baxmayaraq Qoşqar bu barədə ona heç bir məlumat verməmişdir. Son vaxtlar Qoşqara zəng edərək pulun qaytarılmasını istəmiş, lakin Qoşqar ona hər dəfə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınmışdır. O, bununla əlaqədar Hacıqabul RPŞ-nə ərizə ilə şikayət etmişdir. O, bildirmişdir ki, artıq Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı, yəni 12000 (on iki min) manat pulu ona geri qaytarmış, buna görə də onunla barışmış və ondan heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5, Şahid4, Şahid3 Mayis oğlu Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, şahidlər Şahid5, Şahid4, Şahid3 Mayis oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2008-ci ildən Hacıqabul şəhərində yerləşən M.İbrahimov adına idman-sağlamlıq mərkəzinin rəhbəri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2 ilə yaxındır tanıyır. Təqsirləndirilən şəxs övladını onun rəhbəri olduğu idman məktəbinə gətirərək karate idman növü ilə məşğul olmasını istəmişdir. Həmin vaxtdan Təqsirləndirilən şəxsla münasibətləri yaranmışdır. 2022-ci iliin sonlarında Qoşqar ondan hissə-hissə 6000 manat borc pul almışdır. Qoşqar həmin pulları 2023-cü ilin əvvəlində övladına edəcəyi kiçik toy məclisindən sonra qaytaracağını bildirmişdir. Toy məclisindən sonra Qoşqar toydan ziyanla çıxdığını və yaranmış borclarını ödəmək üçün ona vacib pul lazım olduğunu bildirmişdir. O, Qoşqarın düşdüyü vəziyyətdən çıxmasına kömək etmək məqsədilə özündə olan 25 qram çəkidə olan qızıl üzüyü ona vermişdir. Təqsirləndirilən şəxs həmin qızıl üzüyü lombarda verərək oradan 4000 manat pul götürmüşdür. Qoşqarla sonralar görüşərkən o, yaxın vaxtlarda onun borcunu qaytaracağını bildirmişdir. O, Təqsirləndirilən şəxs qohumundan 12000 manat pul almasında məlumatı olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus ümumilikdə xeyli miqdar təşkil edən 12000 (on iki min) manat nağd pul vəsaitinin Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilməsi faktına görə sonuncu barəsində Hacıqabul rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Toğrul Hüseynov tərəfindən Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq icraata qəbul edilmişdir. “Zərər çəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmaqla hüquq və vəzifələri izah edilmişdir. “Məcburi gətirilmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin yerinə yetirilməsi üçün məcburi olaraq Hacıqabul RPŞ-nə gətirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Qəfərov X3 rayon xalq məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 113-cü maddəsinə əsasən 07 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2004-cü il tarixdə cəza müddətinin sonu ilə azad edilmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30-da şübhəli şəxs qismində tutulmuşdur. Zərərçəkmiş şəxs Sabirabad regional “Asan xidmət” mərkəzinin notariat ofisində verdiyi yazılı ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddə ilə ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-8/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində istintaq müddətinin sonunadək, yəni xx.xx.2024-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İHB-nin nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 12000 (on iki min) manat ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsi tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəyərək onunla barışsa da, vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi. 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. 60.1. Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı övladlarının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Hacıqabul rayon məhkəməsinin 1(071)-55/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işi məhkəmə baxışına verilərkən Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırma orqanı tərəfindən seçilmiş “”ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən təqsirləndirilən şəxs X1 şübhəli şəxs qismində tutulduğu, qətimkan tədbiri qismində ev dustaqlığında saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən şübhəli şəxs qismində tutulduğu, habelə qətimkan tədbiri qismində ev dustaqlığında saxlanıldığı 06 (altı) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 1 il 01 ay 06 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 10 (on) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Hacıqabul rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilərək “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 60 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar