Məhkəmə qərarları › İş №1(071)-56/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-56/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-56/2024 01.05.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 69-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd kağız bükümündə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu Atbulaq kəndinə daşımış, 09 fevral 2024-cü il tarixdə saat 18 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Atbulaq kəndində saxlanılaraq Hacıqabul RPŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən təmiz çəkisi 0,333 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynində olan boz rəngli gödəkcənin sol yan cibində gizlətdiyi bir ədəd kağız bükümünün içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qeyd edilən cinayətdə özünü təqsirli bilməyərək etirafedici olmayan ifadə verməsinə baxmayaraq, göstərilən xüsusatlar şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 2-3 ildir narkotik vasitə istifadə edir. 09 fevral 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Hacıqabul rayonu Atbulaq kəndində küçə ilə piyada gəzən zaman yerdə bir ədəd kağıza bükülmüş bükülünü görmüş, kağız bükümü götürüb açdıqda içərisində psixotrop maddə metamfetaminin olduğunu bilmiş, qəbul etmək üçün həmin bükülünü əynindəki boz rəngli gödəkcənin sol yan cibinə qoyub yoluna davam etmişdir. Həmin gün saat 18:05 radələrində Atbulaq kəndində rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Atbulaq kəndində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış və götürülmə aparılan zaman təmiz çəkisi 0,333 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin onun əynində olan boz rəngli gödəkcənin sol yan cibində gizlətdiyi bir ədəd kağız bükümünün içərisindən aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış aparılan zaman, habelə polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 fevral 2024-cü il tarixdə Hacıqabul rayonu Atbulaq kənd sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs ifşa olunması üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və həmin gün saat 18:05 radələrində Hacıqabul RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 ilə məlumatın göstərildiyi Hacıqabul rayonu Atbulaq kəndinə getmiş, orada Zairov X4 RPŞ-nə dəvət olunmuş, RPŞ-də müdafiəçinin iştirakı ilə və videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olubolmaması Təqsirləndirilən şəxs soruşulmuş, o, əynində olan boz rəngli gödəkcənin sol yan cibində saxladığı bir ədəd kağız bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərkən 0,51 qram olması müəyyən edilmişdir. Bu barədə tərtib edilmiş protokolun məzmunu ilə tanış olduqdan sonra protokol tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid2 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 09 fevral 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkcənin sol yan cibindən 1 ədəd kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/157 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd ağ rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi - 0,333 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 118-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1232 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoliji dispanserində qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini haradan və kimdən əldə etməsini əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf etdikdən sonra təmiz çəkisi 0,283 qram qalan psixotrop maddə hesab edilə metamfetamin maddi sübut kimi tanınmışdır. Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Tural Namazov tərəfindən tərtib edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 18:05-dən etibarən faktiki azadlığı məhdudlaşdırılmış, həmin tarixdə saat 18:40-da Hacıqabul Rayon Polis Şöbəsinin inzibati binasında tutulmuşdur. Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi Bəxtiyar Qurbanov tərəfindən qəbul edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Hacıqabul rayon məhkəməsinin 4(071)-11/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində üç ay müddətinə, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Atbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs anası X1 ilə birlikdə Hacıqabul rayonu Atbulaq kəndində yaşayır. Hacıqabul rayonu Atbulaq kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə mənfi xarakterizə olunmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə cavabdan və məhkəmə hökmünün və qərarının surətindən görünür ki, Zairov X4 rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 69-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda cəza çəkir. Hacıqabul rayon icra və probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli İŞ №PXOOO5904 saylı arayışdan görünür ki, Zairov X4 rayon məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 69-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hökmdə qeyd edilmiş cəzanın çəkilməsi üçün Hacıqabul rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmamışdır. Məhkum Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 02 il 05 ay 26 gün təşkil edir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: - böyük ictimai təhlükə törətməyən cinayətlər; - yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; - bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; - azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Həmin Məcəllənin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində, onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək cəzanın icrasına başlamadığı dövrdə hazırki cinayət əməlini törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin residivini yaratmasa da, onun şəxsiyyətinin mənfi xarakterizə edilən hal kimi nəzərə alınır və təqsirləndirilən şəxs barəsində əvvəllər tətbiq edilmiş azadlığın məhdudlaşdırılması cəzasının islahedici təsirinin şəxsin islah olunması üçün yetərli olmaması və nəticə etibarı ilə cəzanın məqsədlərinə nail olunmadığı qənaətinə gəlinir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən metamfetamin əldə etməsi və üzərində daşıyaraq saxlaması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran halları aşkar etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halları aşkar etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsini tətbiq etməklə daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti, əvvəllər törətdiyi digər cinayətlərə görə barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsinə baxmayaraq, islah olunmadan cəza çəkilməsi başlamadan yenidən qəsdən cinayət törətməsi nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 69-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablamaqla cəzanın çəkilməmiş hissəsi olan 01 il 02 ay 28 gün Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin edilməli, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutların saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,283 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa, məhkəmə qeyd edir ki, məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxsin narkomaniya xəstəliyindən əziyyət çəkməsi və müalicəyə ehtiyacının olması müəyyən olunduğundan, Azərbaycan Respublikası CM-in 93.1.2 və 93- 1.2-ci maddələrinə əsasən onun barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablamaqla cəzanın çəkilməmiş hissəsi olan 01 il 02 ay 28 gün Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 1 il 2 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 09 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut olan Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan çəkisi 0,283 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49,74 manat (qırx doqquz manat yetmiş dörd qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı (S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar