Məhkəmə qərarları › İş №1(071)-56/2025

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-56/2025

26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-56/2025 26.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Nəbiyev Nicat Salavat oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – X2, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Rusiya Federasiyası Novqorod şəhərində doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, Şəmkir rayonu Dəllər qəsəbəsində müvəqqəti qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X3, özgəsinə məxsus əmlakı informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcılarından tamah məqsədilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq, yəni gizli olaraq talamaq üçün Zərərçəkmiş şəxs “Lalafo.az” saytına yerləşdirdiyi mühərrikin alınması ilə bağlı razılığa gəlib pulun göndərilməsi bəhanəsi ilə Şahid2 adına rəsmiləşdirilən və faktiki olaraq onun istifadəsində olan "xxxx" ASC-nə məxsus 416973******8116 nömrəli plastik kartın nömrəsini və 3 rəqəmli təhlükəsizlik kodunu əldə edərək özünə məxsus mobil telefonda quraşdırılmış “Birbank” mobil tətbiqi vasitəsilə elektron məlumat daşıyıcısına daxil olub 12 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində 416973******8116 nömrəli plastik kart hesabından 3500 manat və 150 manat olmaqla, ümumilikdə 3650 manat pul vəsaitini informasiya texnologiyalarından istifadə etməklə Şahid1 məxsus 416973******1790 nömrəli kart hesabına göndərilməsini təmin etmiş, bununla da o, zərərçəkmiş şəxsə məxsus ümumilikdə 3650 manat pul vəsaitini informasiya texnologiyalarından istifadə etməklə elektron məlumat daşıyıcısına daxil olub vahid niyyətlə əhatə olunan qəsdlə oğurlamış, yəni gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X1 qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, 2016-cı ildə yaşamaq və işləmək məqsədilə Rusiya Federasiyasına getmişdir. 2018-ci ildə ilk dəfə “bitcoin” alqı-satqısı ilə tanış olmuş, elektron pul vəsaitlərinin alqı-satqısının qaydasını və ondan gəlir əldə edilməsini öyrənmişdir. 2020-ci ilin dekabr ayında Rusiya Fedrasiyasından Azərbaycan Respublikasına qayıtmışdır. 2022-ci ilin noyabr ayında Şəmkir şəhərində olan zamanı «Bybit» pul alış-veriş platformasında öz adı ilə, pasportunda olan məlumatları göstərmək şərti ilə qeydiyyatdan keçib istifadə etməyə başlamışdır. İlk dəfə profil açdıqdan sonra 20- 25 gün gözləməli olmuş, daha sonra elan yerləşdirmiş “USDT”-yəni elektron dollar almaq istədiyini təklif etmiş və profildən ilk USDT-ni alıb alverə başlamışdır. 1 USDT-ni aşağı qiymətə alıb yuxarı qiymətə təklif etmişdir. Almaq istəyən şəxs 15 dəqiqə ərzində pul vəsaitini ona göndərmiş, bunun müqabilində isə elektron pul vahidini həmin şəxsin hesabına keçirmişdir. Özünə məxsus kart hesabı yoxdur. 2024-cü ilin yanvar ayının əvvəllərində dəqiq xatırlamadığı tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində çayxanada qəsəbə sakini Şahid1 görmüş, ondan bank kartının olub-olmadığını soruşmuşdur. Arzu bir neçə bank kartlarının olduğunu demişdir. O, Arzudan "xxxx" kart nömrəsini verməsini, həmin karta pul köçürüləcəyini, bunu müqabilində də ona da pul verəcəyini demişdir. Şahid1 etiraz etməyib özünə məxsus olan "xxxx"a məxsus kart nömrəsini ona vermiş, lakin bank kartı isə özündə qalmışdır. Rusiya Federasiyasında olan zaman əldə etdiyi +**********5 və +**********3 nömrələri ilə vatsapp ani mesajlaşma sistemində qeydiyyatdan keçmişdir. Həmin mobil nömrələrlə Azərbaycan Respublikasında adi qaydada istifadə etmək mümkün olmasa da, vatsapp ani mesajlaşma sistemində rahat istifadə etmişdir. Son zamanlar maddi sıxıntıları olduğu üçün pul əldə etmək fikrinə düşmüşdür. Belə ki, “Lalafo.az” saytına girib orada elan yerləşdirən şəxslərlə danışaraq onlara məxsus kart hesabından müəyyən məbləğdə pul vəsaitlərini ələ keçirmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2024-cü il tarixdə saat təxminən 19 radələrində bir nəfər şəxsin “Lalafo.az” saytında köhnə avtomobil mühərrikini 1200 manata satdığını görmüş, vatsapp ani mesajlaşma sistemində qeydiyyatdan keçdiyi +**********5 nömrəsi ilə həmin şəxslə əlaqə saxlayıb müəhərrikin alınması müqabilində ona 1200 manat pul verəcəyini demiş, adını bilmədiyi şəxs onunla razılaşmışdır. Adını bilmədiyi şəxsə məxsus kart hesabını əldə etmək məqsədilə guya pulu göndərəcəyini deyib ondan kart nömrəsini istəmişdir. Adını bilmədiyi şəxs onun səmimiyyətinə inanıb kart üzərində olan 12 rəqəmi və 3 rəqəmli təhlükəsizlik kodunu göndərmiş, kart hesabını yoxlamaq üçün birbank tətbiqini yükləmiş və mühərriki satmaq istəyən şəxsin göndərdiyi kart nömrəsini daxil etməklə onun hesabına daxil olarkən hesabda 3680 manat pulun olduğunu görmüş və pul vəsaitini ələ keçirmək qərarına gəlmişdir. Özünə məxsus kart hesabı olmadığından həmin pul vəsaitini Şahid1 əldə etdiyi kart nömrəsinə göndərmişdir. İlk öncə 3500 manat, bir neçə dəqiqə sonra isə 150 manat olmaqla, ümumilikdə 3650 manat pul vəsaitini Şahid1 hesabına yönləndirmişdir. Daha sonra Arzu ilə əlaqə saxlayıb pul vəsaitinin ona gəlib-gəlməyini soruşmuş, Arzu da onun hesabına 3650 manat pul vəsaitinin gəldiyini, lakin bundan sonra onun hesabına pul göndərməməyini bildirmişdir. Arzu ilə razılaşıb ona göndərilən pul vəsaitini nağdlaşdırıb verməsini istəmişdir. Aradan bir neçə gün keçdikdən sonra Şahid1 kartına pul köçürülməsini və həmin pulu xərcləməsini eşitmişdir. Şahid1 yaşadığı evinə getmiş, lakin onu tapa bilməmişdir. Sonra isə Şahid1 Gəncə şəhərindən Şəmkir rayonu istiqamətinə gedən yolun kənarında olan motellərin birində taparaq Arzudan kart hesabına pul köçüb-köçməməsini soruşmuş, Arzu ona məxsus «Kapital» bank kartına 3650 (üç min altı yüz əlli) manat pulun köçdüyünü və pulu xərclədiyini, həmin puldan 730 (yeddi yüz otuz) manat qaldığını deyib həmin pulu ona vermişdir. Şahid1 karta köçürülən pulu tələb etmiş, o, da pulu qaytaracağını deyib çıxıb getmişdir. Sonra isə Şahid1 Moskva şəhərinə getmişdir. O, Şahid1 telefon nömrəsini tapıb onun əlaqə saxlayıb pulunu istəmiş, sonuncu hissə-hissə 270 manat pul göndərmişdir. Şahid1 3650 (üç mn altı yüz əlli) manat puldan ümumilikdə ona 1000 manat pul vermişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödənildiyini, onunla barışdığını, əvvəllər məhkum olunmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, özünə məxsus «Opel Franteri» markalı avtomobili olub. 2023-cü ilin noyabr ayında həmin avtomobilin mühərrikini dəyişib yeniləmiş, köhnə mühərriki satmaq qərarına gəlmişdir. Bu məqsədlə mühərriki 1200 manata satmaq üçün 2023-cü ilin dekabr ayında «Lalafo.az» saytında elən yerləşdirmiş və öz mobil telefonunu göstərmişdir. 12 yanvar 2024-cü il tarixdə təxminən saat 19 radələrində yaşadığı evdə olan zaman istifadə etdiyi ***-***-**-** nömrəli mobil telefonun «Votçap» proqramına +7917 407-27-15, sonra isə +7903 ***-**-** nömrəsindən «Votçap» proqram vasitəsi ilə zəng gəlmiş, telefonu açanda oğlan səsi ilə Azərbaycan dilində bir nəfər danışıb mühərriki almaq istədiyini bildirmişdir. Mühərriki 1200 (min iki yüz) manata satmaq istədiyini demiş, onunla danışan şəxs 1200 (min iki yüz) manat pulun müqabilində həmin mühərriki almaq istədiyini bildirmiş və həmin məbləği ona göndərmək üçün ona kart məlumatlarını göndərməsini istəmişdir. Həmin şəxslə razı olub oğlu Şahid2 adına olan və onun istifadəsində olan «Kapital Banka» məxsus 4169 7388 3657 8116 nömrəli plastik kart məlumatlarını mühərriki alan şəxsə demiş, həmin şəxs 3 rəqəmli Cif nömrəsini də istəmiş, o, 3 rəqəmli Cif nömrəsini də, demişdir. Bundan bir neçə dəqiqə sonra kartda olan və özünə məxsus 3650 (üç min altı yüz əlli) manat puldan ilkin olaraq 3500 (üç min beş yüz) manat və sonra isə 150 (yüz əlli) manat pulunun çıxarılması barədə mobil telefonuna mesaj gəldikdən sonra dərhal həmin telefon nömrələri ilə əlaqə saxlasada, onlarla əlaqə saxlaya bilməmişdir. Bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və sonra isə rayon polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Sonra "xxxx"ın qaynar xətti ilə əlaqə saxlayıb soruşanda 3680 (üç min altı yüz səksən) manat puldan 3650 (üç min altı yüz əlli) manat çıxarıldığını və 30 (otuz) manat pulun qaldığı ona bildirilmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxs cinayət nəticəsində ona dəymiş maddi ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, 2024-cü ilin yanvar ayında Şəmkir rayonu Dəllər qəsəbəsində çayxanada əyləşib çay içən zaman həmkəndlisi və tanışı Roman ona yaxınlaşaraq bank kartının olub olmamasını soruşmuşdur. O, bunun səbəbini soruşduqda Roman tanışının ona pul göndərəcəyini, buna görə ona kart lazım olmasını bildirmişdir. O, özünə məxsus Kapital Bank tərəfindən verilən son 4 rəqəmi 1790 olan plastik kart nömrəsini Romana vermişdir. Aradan 1-2 gün keçəndən sonra telefonunda olan bir bank proqramına baxarkən kartına 3650 manat pul köçməsini görmüşdür. Maddi sıxıntılarının və pul borcu olduğu üçün Romana məxsus puldan istifadə edib borcunu qaytarmaq və maddi sıxıntını aradan qaldırmaq və sonra işləyib pul qazanıb Romanın pulunu qaytarmaq qərarına gəlmişdir. Roman ilə telefon əlaqəsi yaradaraq birdə onun kartına pul göndərməməsini demişdir. Sonra kartına köçən 3650 manat pulu bankomatlardan çıxararaq borclarını qaytarmış, bir qismini şəxsi ehtiyacları üçün xərcləmişdir. X4 şəhərində onu tapıb pulunu istəmiş, pulu xərclədiyini, 730 manat pulun qaldığını dedikdə həmin pulu Romana qaytarmışdır. Maddi vəziyyəti pis olduğu üçün 2024-cü ilin may ayında Moskva şəhərinə getmiş və orada pul qazanıb 270 AZN manat, ümumilikdə 1000 manat pulu Romana qaytarmışdır. O, X2 törətmiş olduğu cinayət əməlindən məlumatı olmamış, Hacıqabul rayon polis şöbəsinə dəvət olunandan sonra bu barədə məlumatım olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun atasıdır. Onun adına olan «Kapital Banka» məxsus 4169 7388 3657 8116 nömrəli plastik kartını istifadə etmək üçün atası Zərərçəkmiş şəxs vermişdir. Kartda olan 3680 (üç min altı yüz səksən) manat pul atası Zərərçəkmiş şəxs məxsusdur. 12 yanvar 2024-cü il tarixdə atası Araz ona “Opel Franteri” markalı avtomobilin mühərrikini satmaq istəmiş, mühərriki alan şəxs pulu ödəmək məqsədi ilə kart məlumatlarını istəmiş, Araz kart məlumatlarını mühərriki alan şəxs demişdir. Həmin şəxs 3 rəqəmli Cif nömrəsini də istəmiş, atası 3 rəqəmli Cif nömrəsini də demişdir. Bundan sonra mühərriki alan şəxs tərəfindən karta daxil olaraq 3680 (üç altı yüz səksən) manat puldan ilkin olaraq 3500 (üç min beş yüz) manat və sonra isə 150 (yüz əlli) manat pulunun çıxarılmasını bilmiş və dərhal həmin telefon nömrələri ilə əlaqə saxlasada, onlarla əlaqə saxlaya bilməmişdir. Atası Zərərçəkmiş şəxs bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və sonra isə rayon polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. “Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, X3 faktiki azadlığı xx.xx.2025-ci il saat 13:45-dən olmaqla, saat 16:13-də Hacıqabul RPŞ-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb edilmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 177.2.3-1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, X2 Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Dəllər qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, X3 ünvan 1 ünvanında müvəqqəti qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İ-БЛ № 258726 nömrəli doğum haqqında şəhadətnamədən (rus dilində tərtib edilmiş) görünür ki, X3 xx.xx.1994-cü ildə Rusiya Federasiyası Novqorod şəhərində anadan olmuşdur. P tipli ********* nömrəli pasportdan görünür ki, X3 Rusiya Federasiyasının vətəndaşıdır. Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, bir ədəd DVD disk, "xxxx" ASC-dən alınmış qəbzlər maddi sübut kimi tanınmışdır. Məhkəmə, təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdildiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin oğurluq cinayət əməlini törətməsi özünün etirafedici ifadələri ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən X2 əməli Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Onun qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar aşağıdakılardır: 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması. 59.1.14. cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi. 60.1. Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsini, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, onun cəzasını yüngülləşdirən hallar olmasını qeyd edir. (59.1.12, 59.1.13, 59.2). Məhkəmə təqsirləndirilən şəxs X2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Hazırki cinayət işinin faktiki halları ondan ibarətdir ki, təqsirləndirilən şəxs X3 Rusiya Federasiyasının vətəndaşı olmaqla, müvəqqəti olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. Təqsirləndirilən şəxs R.İsmailov məhkəmə iclasında törətdiyi cinayət əməlini tamamilə etiraf edib səmimi peşmançılıq hissi keçirmiş, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdir. Bundan başqa, təqsirləndirilən şəxs R.ismailov əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş, yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. Göründüyü kimi, təqsirləndirilən şəxs R.İsmailov əcnəbi vətəndaş olmaqla, onun əməlində cəzası yüngülləşdirən kifayət qədər hallar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 52-1.6-cı maddəsinə əsasən azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3cü bəndinə əsasən təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 52-1.6-cı maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilməyən şəxslər kateqoriyasına aid olması özü-özlüyündə ona maddənin sanksiyasında nəzərdə tutulan daha ağır cəza növünün təyin edilməsi üçün əsas ola bilməz. Maddənin sanksiyasında azadlığın məhdudlaşdırılmasından daha yüngül cəza növü nəzərdə tutulmadıqda, müəyyən olunmuş hallar isə təqsirləndirilən şəxsə daha ağır növ cəzanın təyin edilməsinə əsas vermədikdə, həmin hallar cəzanın Cinayət Məcəlləsinin 62-ci maddəsinə müvafiq olaraq, yəni Cinayət Məcəlləsinin müvafiq maddəsində müəyyən ediləndən daha yüngül cəza növünün təyin edilməsinə əsas verən müstəsna hallar kimi qiymətləndirilə bilər. Həmin Qərarın 5-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CMin 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.2-ci maddəsinə əsasən törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qanunvericiliyin yuxarıda qeyd edilən normaların ümumiləşdirilmiş təhlilindən məlum olur ki, qanun norması hazırki vəziyyətdə təqsirləndirilən şəxsin əcnəbi vətəndaş olması səbəbindən ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qadağan edir. Digər tərəfdən cinayət işi üzrə təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən kifayət qədər halların olması özlüyündə Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş digər cəza – azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə əsas vermir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X2 əməlində mövcud olan cəzanı yüngülləşdirən halların məsmusu (şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsi, əvvəllər məhkum edilməməsi, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsi, yaşadığı yer üzrə müsbət xarakterizə olunması), Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən müstəsna hal hesab edilməli və ona maddənin sanksiyasında müəyyən edilən cəzalarda daha yüngül cəza növü təyin edilməlidir. Təqsirləndirilən şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan hansı növ daha yüngül cəzanın, habelə təyin ediləcək cəzanın həddinə münasibətdə məhkəmə ilkin olaraq qeyd edir ki, təqsirləndirilən şəxs R.İsmailov tərəfindən cinayət əməlinin törədilməsində məqsəd özgə şəxsə məxsus əmlakı – pul vəsaitini gizli olaraq talamaq olmuşdur. Belə ki, cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs R.İsmailov özgəsinə məxsus əmlakı informasiya texnologiyalarından istifadə etməklə oğurlamaq məqsədilə Zərərçəkmiş şəxs istifadəsində olan plastik kart hesabından 3650 manat pul vəsaitinin digər kart hesabına köçürülməsinə nail olmuşdur. Cinayət Məcəlləsinin 42-ci maddəsində cinayət cəzalarının növləri öz əksini tapmışdır. Həmin maddədə cəza növlərinin sıralaması qanunverici tərəfindən müəyyən meyarla aparılmış, sıralama daha yüngül cəzadan daha ağır cəzaya münasibətdə sistemləşdirilmişdir. Həmin sıralamaya nəzər yetirdikdə, azadlığın məhdudlaşdırılması cəzasına münasibətdə hazırki vəziyyətdə təqsirləndirilən şəxsə tətbiq edilməsi mümkün olan cəzalardan islah işləri, ictimai işlər və cərimə cəzalarının mövcudluğu diqqət çəkir. “Elektron məhkəmə informasiya sistemindən” əldə edilmiş məlumatlardan görünür ki, təqsirləndirilən şəxsin rəsmi iş yeri yoxdur. Bu səbəbdən təqsirləndirilən şəxs barəsində islah işləri növündə cəzanın təyin edilməsi mümkün deyil. Belə ki, islah işləri növündə cəza məhkumun iş yeri üzrə çəkilir və cəzanın islahedici təsiri məhkumun qazancından müəyyən faiz məbləğində pulun dövlət nəfinə tutulmasından ibarətdir. Təyin edilməsi mümkün olan cəzalardan digəri – ictimai işlər növündə cəzaya münasibətdə məhkəmə hesab edir ki, həmin cəzanın təyin edilməsi cəzanın məqsədinin təmin edilməsi üçün yetərli deyildir. Belə ki, ictimai işlər növündə cəzanın mahiyyəti məhkum tərəfindən əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Təqsirləndirilən şəxs R.İsmailov əcnəbi vətəndaş olmaqla, hazırda Şəmkir rayonu Dəllər qəsəbəsində müvəqqəti olaraq yaşayır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən yaşadığı yer üzrə cəmiyyətin xeyrinə haqqı ödənilmədən ictimai faydalı işlərin yerinə yetirməsi cəzanın məqsədinə nail olunması üçün yetərli deyildir. Cinayət Məcəlləsinin 44-cü maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Yuxarıda qeyd edildiyi kimi, təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli törədilərkən məqsəd özgəyə məxsus əmlakı – 3650 manat məbləğində pul vəsaitini ələ keçirmək olmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək cəza onun tərəfindən törədilən əməlin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, habelə törədilən əməl zamanı təqsirləndirilən şəxs tərəfindən qarşıya qoyulmuş məqsədə uyğun olmalıdır. Təqsirləndirilən şəxs cinayət əməli törədərkən məqsədi özgəyə məxsus pul vəsaitini ələ keçirmək olduğu üçün barəsində tətbiq edilən cəzanın mahiyyəti də, təqsirləndirilən şəxs tərəfindən cinayətin predmetinə mütənasib məbləğdə pul vəsaitinin dövlətin hesabına ödənilməsi formasında məhrumiyyətdən ibarət olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törədilməsində təqsirli bilinməli, Məcəllənin 62-ci maddəsinə əsasən ona cərimə cəzası təyin edilməlidir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs X3 xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutularaq MSY-də saxlanılmış, sonradan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun qeyd edilən norması nəzərə alınmaqla məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 barəsində təyin ediləcək cərimə cəzası onun iki gün şübhəli şəxs qismində tutulması nəzərə alınmaqla yüngülləşdirilməli və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Yuxarıda qeyd olunan halları ümumiləşdirərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, şəxsin əməlində mövcud olan cəzanı yüngülləşdirən halların məsmusu Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən müstəsna hal hesab edilərək ona cərimə cəzası təyin edilməli, Məcəllənin 69.4-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət nəzərə alınmaqla təyin ediləcək cərimə cəzası yüngülləşdirilərək qəti cəza təyin edilməlidir. Eyni zamanda, təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs X2 hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 9 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 99 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in CPM-in 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3500 manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən X2 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət nəzərə alınmaqla ona təyin edilmiş 3500 manat cərimə cəzası yüngülləşdirilərək, X2 üzərində qəti olaraq 3300 manat məbləğində cərimə cəzası saxlanılsın. Cəzanın icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi vaxtdan hesablansın. X3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut olan "xxxx" ASC-dən alınmış çıxarışlar və bir ədəd CD formalı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 9 (doqquz) saata görə 99 (doxsan doqquz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Hökmdən elan edildiyi gündən 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar