Məhkəmə qərarları › İş №1(071)-57/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-57/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-57/2022 25.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci ildə Salyan rayonu Nəvahı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, öhdəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, Hacıqabul rayonu Nəvahı əsəbəsində daimi qeydiyyatda olmaqla yaşamış, 02.02.2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 04.02.2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 01 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,271 qram narkotik maddə olan heroini əldə edib əynində olan göy rəngli qış gödəkçəsinin qabaq sağ cibində daşıyaraq saxlamış, 02 fevral 2022-ci il tarixdə saat 17 radələrində Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşadığı fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq Hacıqabul RPŞ-yə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman yuxarıda qeyd edilən narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Hacıqabul rayonu Nəvahi qəsəbəsində qeydiyyatda olmaqla orada ailə üzvləriylə birlikdə yaşayır. O, uzun müddətdir narkotik vasitə olan heroindən istifadə edir. 02.02.2022-ci il tarixdə günorta saat 12 radələrində yaşadığı qəsəbədə gəzən zaman yerdən 01 ədəd kağız kəsiyinə bükülmüş heroin tapmışdır. O, özü istifadə etmək üçün içərisində heroin olan 01 ədəd bükülünü əynində olan göy rəngli gödəkçəsinin qabaq sağ cibinə qoymuşdur. 02.02.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşadığı küçədə olan zaman Hacıqabul rayon PŞ-nin polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək, onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Hacıqabul RPŞ-də ona müdafiəçi təyin edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəklişdən istifadə edilməklə onun üzərində şəxsi axtarış aparılmamışdan əvvəl üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmaması ondan soruşulmuşdur. O, əynində olan göy rəngli gödəkçəsinin qabaq sağ cibində saxladığı 01 ədəd kağız kəsiyindəki bükülünü təqdim edərək, içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Üzərindən aşkar edilən narkotik vasitəni 02.02.2022-ci il tarixdə günorta saatlarında yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsində küçədə yerdən tapmışdır. Polis şöbəsində ona qarşı heç bir fiziki və ya psixi zorakılıq edilməyib, onu heç kim döyməyib, onun heç kimdən şikayəti yoxdur. Polis şöbəsində üzərində video çəkiliş vasitəsi ilə şəxsi axtarış aparılan zaman o, özünü müdafiə edə biləcəyini düşünüb narkotik vasitənin ona məxsus olmadığını, polislər tərəfindən cibinə qoyulduğunu və polislər tərəfindən döyülməyini bildirmişdir. Bu üsulla məsuliyyətdən boyun qaçıra biləcəyini düşünmüşdür. Əslində onu heç kim döyməyib, narkotik vasitəni polislər onun cibinə qoymayıb, həmin heroini yaşadığı qəsəbədə küçədə yerdən tapmışdır və ona məxsusdur. Törətdiyi əməldən peşman olmuşdur. Evli, öhdəsində bir azyaşlı uşağı olmasını və ailəyə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona yüngül cəza təin edilməsini xahiş etdi. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. 02.02.2022-ci il tarixdə Hacıqabul rayonu Nəvahi kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanılması barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul etmişdir. Daxil olmuş məlumat əsasında onun və Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar 02.02.2022-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs yaşadığı Hacıqabul rayonu Nəvahi kəndindəki fərdi yaşayış evinin yaxınlığında üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində TB-nin təhqiqatçısı, polis kapitanı Röyal Məmmədov tərəfindən Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra video çəkilişdən istifadə edilməklə Röyal Məmmədov tərəfindən onun, əməliyyat qrupunun digər üzvü və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli qış gödəkçəsinin qabaq sağ yan cibində saxladığı 01 ədəd kağız kəsiyi bükümündə narkotik maddə olan heroinə bənzər maddəni cibindən çıxardıb yerə atmış, həmin bükülünün ona məxsus olmamasını və içində narkotik maddə olmasını, polislər tərəfindən cibinə qoyulduğunu və polis şöbəsində polislər tərəfindən döyüldüyünü, narkotik maddədən istifadə etmədiyini və həmin narkotik maddənin polislər tərəfindən cibinə qoyulduğunu, əgər onun özünə məxsus olsaydı, küçədə harasa ata biləcəyini demişdir. Lakin nə Hacıqabul RPŞ-nin inzibati binasında, nə də ki, polis şöbəsindən kənarda heç kim Təqsirləndirilən şəxs döyməyib və cibinə narkotik maddə qoymayıb. Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün çəkiliş zamanı bu formada danışmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik maddə olan heroinə oxşar maddə poçt zərfinə qoyularaq rayon PŞ-nin 80 saylı möhürü ilə möhürlənmişdir. TB-nin təhqiqatçısı Röyal Məmmədov tərəfindən bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, o da həmin protokolun məzmunu ilə tanış olduqdan sonra protokolu imzalamışdır. Şahid Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 məhkəmə iclasında Şahid2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verdi. Şəxsi axtarış və götürmə barədə 02.02.2022-ci il tarixdə saat 18:50-də tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən 01 ədəd kağız kəsiyi bükümündə narkotik vasitə heroin aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsi 03.02.2022-ci il tarixli 18/133 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi - 0,271 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsi Ambulator məcburi-narkolorji tibbi yoxlamanın 10.03.2022-ci il tarixli 1201 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən 22.01.2022-ci il tarixdə doldurulmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Hacıqabul rayon Məhkəməsinin 07.12.2009-cu il tarixli 1(071)-132/2009 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04.03.2011-ci il tarixdə Salyan rayon Məhkəməsinin 25.02.2011-ci il tarixli qərarı ilə AR CM-nin 77-ci maddəsinə əsasən çəkilməmiş qalan 01 il 05 ay 14 gün müddəti azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş, Qaradağ rayon Məhkəməsinin 13.08.2015-ci il tarixli 1(002)-150/2015 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.1 və 29,177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ rayon Məhkəməsinin 14.12.2017-ci il tarixli 7(002)-1043/2017 nömrəli qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında 20.10.2017-ci il tarixli qanun tətbiq edilərək 29,177.2.4-cü maddəsi ittihamdan xaric olunmuş və 19.05.2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir, məhkumluğu olmayan şəxs hesab edilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, Təqsirləndirilən şəxs özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, iş materialinda olan diskə əlavə edilmiş audio və video yazı, maddi sübut və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, narkotik vasitələrin siyahısına daxil edilmiş narkotik vasitə olan 0,271 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlamaq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini və əməlindən peşman olmasını, ailəli, öhdəsində bir azyaşlı övladı olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəza çəkmə müddətinin əvvəli 02.02.2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,221 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 31,95 manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia və maddi zərər yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193, 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəza çəkmə müddətinin əvvəli 02.02.2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi mualicə təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs götürülmüş və Hacıqabul rayon Polis Şöbəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,221 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 saata görə 210 manat, məhkəmə baxışı zamanı iştirak etdi 21 saata görə 126 manat olmaqla, cəmi 336 (üç yüz otuz altı) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar