Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-58/2023 30.08.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X26 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – X7, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Hacıqabul rayonu, Kalinovka kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Hacıqabul rayonu, Ələtli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Albalı yaşayış massivində (322 nömrəli orta məktəbin yaxınlığı) sənədsiz fərdi tikilidə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X15 cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2007-ci il təvəllüdlü X16, xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2015ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X18 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 70 manat olmaqla, beş uşağa görə cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(071)-121/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə sonuncu dəfə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(071)-395/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək, səkkiz gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək cəmi 4936 manat məbləğində aliment borcunu ödəməyərək zərərçəkmiş şəxs X1 maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs X15 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Hacıqabul rayonu, Ələtli kəndində qeydiyyatda olsa da həmin ünvanda yaşamır. O daimi olaraq Bakı şəhəri, Xəzər rayonu, Albalı yaşayış massivində, 322 nömrəli orta məktəbin yaxınlığında yerləşən fərdi yaşayış evində yaşayır. X4 ilə el-adəti ilə toy edib evlənmişlər, lakin nikahlarının rəsmləşdirilməsi sonradan olmuşdur. Onların nikah münasibətindən beş uşaqları doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan yola getmədiklərindən ayrılmaq qərarına gəlmişlər və həmin vaxtdan da Ülviyyə Gülmaliyeva uşaqlarla birlikdə yaşamışdır. Ayrılandan sonra Ülviyyə Gülmaliyeva uşaqların saxlanılması ilə əlaqədər ona maddi köməklik göstərilmədiyini və uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmışdır. Sonradan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən alimentin məbləği artırılmış və ondan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 70 manat alimentin tutularaq X1 verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Hacıqabul Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən ona müddət təyin edilmiş, bir neçə dəfə xəbərdarlıqlar edilmişdir. Aliment borcunu ödəmədiyinə görə Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddət verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, maddi imkanı kifayət qədər olmaması səbəbindən ödəməli olduğu aylıq alimenti vaxtı-vaxtında ödəməmiş, onun xx.xx.2022-ci il tarixədək 4936 manat aliment borcu yaranmışdır. Həmçinin xəstəliyi, yəni belində qrijanın olması və bədənində olan xəsarətlər səbəbindən işləyə bilməmişdir. xx.xx.2010-cu il təvəllüdlü X21 2022-ci ilin aprel ayından onun himayəsində yaşayır və həmin tarixdən xx.xx.2010-cu il təvəllüdlü X19 aylıq alimentin hesablanması dayandırılmışdır. Verilmiş ittiham üzrə özünü təqsirli bilir, çünki uşaqlarına baxmalı olduğunu dərk edir, sadəcə maddi imkanı kifayət qədər olmadığından alimenti ödəyə bilməmişdir. Pandemiya dövründə işlə bağlı məşğulluq mərkəzinə müraciət etmiş, lakin həmin dövrdə münasib iş olmamışdır. Daha sonra isə özü iş tapmış və işləmişdir. Bu müddət ərzində fəhləlik, bağbançılıqla məşğul olmuşdur. İttihamda göstərilən aliment borcunu birdəfəlik ödəməyə maddi imkanı çatmasa da, həmin məbləği cari aliment borcu ilə birlikdə hissə-hissə ödəməyə çalışacaqdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, aliment borcunu bundan sonra da vaxtı-vaxtında ödəməyə çalışacağını bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə el adəti üzrə toy edərək ailə həyatı qurmuşlar. Onların evliliyindən beş uşaqları doğulmuşdur. Zakir ilə bir müddət mehriban yaşasalar da sonradan yola getmədiklərindən ayrılmaq qərarına gəlmişlər və həmin vaxtdan da uşaqlarla birlikdə yaşayır. Ayrılandan sonra Zakir uşaqların saxlanılması ilə əlaqədər ona maddi kömaklik göstərməmişdir. Uşaqları tək başına saxlaya bilmədiyindən ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmışdır. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 70 manat olmaqla cəmi 350 manat alimentin Zakirdən alınaraq ona verilməsi qət edilmişdir. Qətnamənin icrası müddətində dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Zakir aliment borcunu vaxtında ödəməmişdir. Oğlu Yusif xx.xx.2022-ci il tarixdən Zakirin himayəsində yaşayır və həmin uşağa münasibətdə aliment borcu hesablanmamışdır. Ümumilikdə xx.xx.2022-ci il tarixədək Zakirin 4936 manat aliment borcu yaranmışdır. Həmin tarixədək Zakir aylıq alimenti ödəməməklə yanaşı uşaqları ilə maraqlanmamış, maddi və mənəvi köməkliyi olmamışdır. Evli olduqları müddət ərzində və sonra da Təqsirləndirilən şəxs Bakı şəhərində müxtəlif ünvanlarda aparılan təmir-tikintilərdə usta kimi işləməklə yetərli gəlir əldə etmişdir. Sonda zərər çəkmiş şəxs bildirdi ki, Zakir Gülmalıyev cari aliment borcundan hər ay müəyyən ödənişlər edir. Məhkəmə baxışı dövründə Zakir Gülmalıyev ittihamda göstərilən aliment borcundan da 890 manat ödəniş etmişdir. O, Zakir Gülmalıyevdən ittihamda göstərilən aliment borcunun qalan hissəsinin ödənilməsini tələb edir. Bununla belə Zakir Gülmalıyevin cari aliment öhdəliyini icra etməsini nəzərə alaraq, onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul rayon İcra Şöbəsinin icra məmuru X9 ifadəsində göstərdi ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)- 121/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni xx.xx.2021-ci il tarixdən hesablanmaqla X3ndan xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2007-ci il təvəllüdlü X16, xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X18 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 70 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq tələbkar X2 verilməlidir. Göstərilən icra sənədi xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. X3 qərar və bildirişi qəbul etsə də icra sənədinin icrasını təmin etməmişdir. Məcburi icra tədbirlərinin tətbiq olunması məqsədi ilə Zakir Gülmalıyevin mülkiyyətində tələbin yönəldilməsinə yol verilən əmlak və gəlirlərin müəyyən edilməsi məqsədi ilə icra tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İcra sənədinin icrası ilə əlaqədar borclu şöbəyə dəvət olunmuş, ona hüquq və vəzifələri izah olunmuş və izahatı alınmış, icra sənədi üzrə tələbi icra etməyəcəyi halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. Alimentin ödənilməsi üçün Zakir Gülmalıyev dəfələrlə şifahi və rəsmi qaydada xəbərdar olunmasına baxmayaraq, o, üzərinə düşən öhdəliyi lazımı qaydada icra etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və məhkəmə qərarını icra etmədiyi üçün borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Hacıqabul rayon Məhkəməsinə təqdim edilmiş və məhkəmənin xx.xx.2021-cu il tarixli qərarı ilə X15 İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Bundan sonra, borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və xəbərdarlıq edilmişdir. Təsirli icra tədbirləri nəticəsində yaranmış borcun və alimentin davamlı olaraq ödənilməsi qismən təmin olunmuşdur. Sonradan borclu alimentin mütəmadi ödənilməsini təmin etməmiş, yenidən şöbəyə dəvət olunaraq izahatları alınmışdır. Ona edilmiş xəbərdarlıqlara məhəl qoymayaq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İcra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etmədiyi üçün məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 8 gün müddətinə inzibati həbs edilmişdir. İnzibati tənbehdən sonra tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş, Zakir Gülmalıyevə məsuliyyəti elan olunmaqla bir daha xəbərdarlıq edilmiş, tələb yenə icra olunmamışdır. Zakir Gülmalıyev aliment öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, aliment borcunu tam ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tələbkara 4936 manat borcu qalmışdır. Onun müvafiq işlə təmin olunması üçün Ərazi Məşğullaq Mərkəzinə müraciət olunmuş, lakin Z.Gülmalıyev ona təklif olunan özünə məşğulluq proqramından imtina etmişdir. Bununla da o, dövlət adından çıxarılmış məhkəmə qərarının icrasından qərəzli şəkildə yayınmışdır. Tələbkar Zərərçəkmiş şəxs şöbəyə ərizə ilə müraciət edərək övladı 21 iyul 2010-cu il təvəllüdlü X5 şəkildə 01 aprel 2022-ci il tarixdən atasının himayəsində olması nəzərə alınmaqla Zakir Gülmalıyevin cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Həmin hal nəzərə alınmaqla, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə aliment borcu 4936 manat təşkil etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 şahid X9 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, X4 onun qardaşı qızıdır. Ülviyyə Gülmaliyeva ilə Təqsirləndirilən şəxs ilə evli olub ayrılıblar. X14 dörd övladı ilə birlikdə yaşayır. Yusif adlı uşaqları əvvəlcə Ülviyyənin yanında yaşasa da bir ildən artıq müddətdir həmin uşaq öz istəyi ilə atasının yanına getmiş və hazırda da onun yanında yaşayır. Ülviyyə Zakirdən ayrılandan sonra yaşamaq üçün məcbur qalıb Şirvan şəhərinə köçüb. Uşaqlar Hacıqabul rayonu 6 saylı məktəbdə oxuyurdu. Bəzən uşaqlar və Ülviyyə onun yanında yəni Hacıqabul rayonunda qalırdı, bəzən Şirvan şəhərindən avtobus vasitəsi ilə Ülviyyə uşaqları həmin məktəbə aparıb gətirirdi. Hazırda da Zəhra adlı uşaqları həmin məktəbdə oxuyur. Ülviyyə indidə onu məktəbə aparıb gətirir. Bəzən də onun yanında qalır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(071)-121/2021-ci il tarixli icra vərəqəsindən görünür ki, əvvəli qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, cavabdeh X6 xx.xx.2006-cı il təvəllüdlü X13, xx.xx.2007-ci il təvəllüdlü X16, xx.xx.2010-cu il təvəllüdlü X17, xx.xx.2015-ci il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X18 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa 70,00 manat olmaqla beş uşağa cəmi 350,00 manat sabit pul məbləğində aliment tutularaq X1 verilməlidir. Hacıqabul rayon İcra Şöbəsinin icra məmuru Münasib Muradov tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)- 121/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. xx.xx.2021-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş X3na təqdim edilməklə ona Hacıqabul rayon Məhkəməsinin 2(071)- 121/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün Zakir Gülmalıyevə 10 (on) gün vaxt verilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-cu il tarixli, 3(071)-262/2021 saylı qərarından görünür ki, X15 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(071)-395/2021 nömrəli qərarından görünür ki, X15 Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati həbs edilmişdir. “Yeni müddətin təyin olunması barədə” xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, Hacıqabul rayon Məhkəməsinin 2(071)-121/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə X10 yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, onun barəsində CM-nin 306.1-ci maddəsinə əsasən təqdimat tərtib edilərək Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. xx.xx.2022-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktubundan görünür ki, X3na icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində Cinayət Məcəlləsinin 306.1ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən olunur ki, X7 məhkumluğu yoxdur. xx.xx.2023-cu il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar”dan görünür ki, X15 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Qətimkan tədbiri seçmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X15 barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs X15 tərəfindən ona dəymiş ziyanın 890 manat hissəsi ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X15 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X7 əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində X7 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun müddət ərzində, qərəzli olaraq həyata keçirmişdir. X15 icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs X7 zərər çəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. X7 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın - azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Beləliklə, təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə, həmin cəzanın çəkildiyi dövrdə qətnamənin icrası da mümkünsüz olacaqdır. Yuxarıda sadalanan hallar nəzərə alınmadan çıxarılan bir məhkəmə aktı ilə digər məhkəmə aktının icrasına da maneə yaranacaqdır. Bundan əlavə məhkəmə hesab edir ki, şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzasını çəkməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Həmçinin qeyd edilməlidir ki, təqsirləndirilən şəxs Hacıqabul rayonu, Ələtli kəndində qeydiyyatda olsa da, cinayət işinin materiallarından görünür ki, o, Bakı şəhəri, Xəzər rayonu, Albalı yaşayış massivində (322 nömrəli orta məktəbin yaxınlığı) sənədsiz fərdi yaşayış evində yaşayır. Odur ki, təqsirləndirilən şəxsin daimi yaşayış yeri kimi həmin ünvan nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Zakir Gülmalıyevin yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, X7 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X7 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. X7 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. X15 barəsində seçilmiş “başqa yerə getməmək iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********) Hökmdən elan edildiyi andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. X29
Məhkəmə qərarları › İş №1(071)-58/2023
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-58/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver