Məhkəmə qərarları › İş №1(071)-60/2022

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-60/2022

19.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-60/2022 19.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, himayəsində üçüncü qrup əlil atası olan, Qazax rayonu Daş Salahlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 dekabr 2021-ci il tarixdə saat 04:00 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 815” yük markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcustan sərhəddi yolu ilə Bakı şəhəri istiqamətində 70 km/saat sürətlə hərəkət etdirərkən, həmin yolun Hacıqabul rayonu ərazisindən keçən 100-cü kilometrliyində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozmuş, yəni sürücü yol hərəkət üçün təhlükəsiz şərait yaratmalı, öz hərəktləri və hərəkətsizliyi ilə digər hərəkət iştrakçılarına və başqa əmlaka zərər vurmamalı və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və sükan arxasında yuxlayaraq ehtiyatsızlıqdan həmin vaxt eyni istiqamətdə düzünə 50 km/saat sürətlə hərəkətdə olan Şahid idarə etdiyi “Kamaz-55111” yük markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuş və həmin avtomobil yoldan çıxaraq aşmış, “Mercedes Benz 815” yük markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobil isə metal təhlükəsizlik səddinə dəymişdir. Nəticədə “Mercedes Benz 815” yük markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin kimi olan Bayramov (Baıramovı) Anar Sədrəddin oğlu sağ diz oynağının sıyrığı, sol əlin arxa səthinin sıyrığı, üz skleti sümüklərinin basılmış sınığı, kəllə qapağı və əsası sümüklərinin açıq qəlpəli yerdəyişmiş sınıqları, beyinin yumuşaq toxumasının didilib-dağılaraq evukasiya olunması ilə müşaiət olunan həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər dəyməklə hadisə yerində ölmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü tam təqsirli bildi və ifadəsində göstərdi ki, o, X7 oğluna məxsus olan “Mercedes Benz 815” yük markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobillə X7 oğlunun bacısı oğlu X6 ilə birlikdə Bakı şəhərindən avtomobil ehtiyat hissələrini götürərək Yevlaxdan-Qazaxa kimi olan ərazidə yerləşən mağazalara paylayır və pulu alaraq Bakı şəhərinə qayıdırdılar. O, avtomobili idarə etmiş, Anar Bayramov isə ekspeditor kimi onunla birlikdə getmiş, malların pullarını almışdır. 10.12.2021-ci il tarixdə səhər saat 08:00-da Şəmkir rayonundan Bakı istiqamətində hərəkətə başlamışlar, dükanlara ehtiyat hissələrini paylamaqla, saat 24:00-da Gəncə şəhərinə çatmışlar. Sonra Dəliməmmədli qəsəbəsində avtomobili saxlayaraq yemək yemişlər və 11.12.2021-ci il tarixdə saat 01:00-də Bakı istiqamətinə hərəkətə başlamışlar. Anar Bayramov ona bildirmişdir ki, Bakıya tez çatmaq lazımdır ki, topdan satış mağazasından ehtiyat hissələrini vaxtında ala bilsinlər. Bu səbəbdən onlar gecə yola düşmüşlər. Anar Bayramov avtomobilin salanunda yataraq istirahət etməyə başlamışdır. O, avtomobili Bakı şəhərində idarə etməyə başlamışdır. 11.12.2021-ci il tarixdə saat 04:00 radələrində Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən DYP postuna çatmağa az qalmış sükan arxasında bir anlıq yuxulamış və zərbədən ayılan zaman idarə etdiyi texniki cəhətdən saz olan “Mercedes Benz 815” yük markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobiln sola istiqamətlənib yolun ortasında çəkilmiş metal təhlükəsizlik səddə dəyərək dayandığını görmüşdür. O, özü və avtomobildə olan Anar Bayramov xəsarət almışdır. Sonradan ona məlum olmuşdur ki, onun idarə etdiyi avtomobil qarşıda hərəkətdə olan “Kamaz-55111” yük markalı avtomobilə arxadan dəydikdən sonra gedib metal təhlükəsizlik səddə dəymişdir. Tanımadığı adamlar gələrək ona yardım etmişlər, onu avtomobildən çıxartmışlar. Həmin vaxt onun idarə etdiyi avtomobildə sağda sərinişin kimi oturan Anar Bayramovun vəfat etdiyini öyrənmişdir. Hadisə yerinə gəlmiş Təcili Tibbi yardım avtomobili onu və Kamaz-55111 yük markalı avtomobilin sürücüsü Şahid Şirvan ŞMX-na aparmışdır. Orada yardım edildikdən sonra xəstəxanadan çıxmışlar. Avtomobildə hadisə vaxtı sərnişin kimi Anar Bayramovdan başqa heç kim olmamışdır. Şahid idarə etdiyi “Kamaz-55111” yük markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərəri tam ödəmişdir. Onun valideynləri mərhum Anar Bayramovun yas mərasimlərində iştirak etmiş və maddi köməklik etmək istəmişdir. Lakin mərhum Anar Bayramovun dayısı X3 onlardan maddi yardım qəbul etməmişdir. O, baş vermiş hadisədən çox təssüflənir. Əməlindən peşmandır. Hadisələrin təsadüfü axarı zamanı ehtiyatsızlıqdan bu əməli törətməsini, himayəsində 3-cü qrup atası X5 və evdar qadın olan anasının olmasını, vurulmuş maddi zərəri tam ödəməsini, idmançı olmasını və ictimai fakdalı əməklə məşğul olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanınmış X7 oğluna məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi verilsə də, o məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X3 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, ona məxsus olan “Mercedes Benz 815” yük markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmək üçün Təqsirləndirilən şəxs vermişdir. Onun bacısı oğlu X6 espeditor və Təqsirləndirilən şəxs sürücü kimi həmin avtomobillə Bakı şəhərindən avtomobil ehtiyat hissələrini götürərək rayonlarda yerləşən mağazalara paylamaqla məşğul olmuşlar. Bacısı oğlu Anar Bayramov ekspeditor kimi Təqsirləndirilən şəxs idarə etdiyi ona məxsus “Mercedes Benz 815” yük markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobillə 11.12.2021-ci il tarixdə Bakı-Qazax- Gürcüstan sərhəddi yolu ilə rayondan Bakı şəhərinə qayıdarkən Hacıqabul rayonu ərazisində Təqsirləndirilən şəxs avtomobili Kamaz-55111 yük markalı avtomobilə arxadan vurmuş və Anar Bayramov ölmüşdür. Anarın meyitini Şirvan ŞMX-na aparmış və meyit Şirvan şəhəri MTE-nın meyitxanasında tibbi müayinədən keçdikdən sonra götürüb Gürcüstan Respublikasına aparıb dəfn etmişlər. X3 16.03.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, 11.12.2021-ci il tarixdə Bakı-Qazax- Gürcüstan sərhədi yolunun Hacıqabul rayonu ərazisində baş vermiş YNH nəticəsində ona məxsus “Mercedes Benz 815” yük markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobil əzilmiş və YNH nəticəsində ona 10.000 manat məbləğində maddi zərər dəymişdir. Bununla əlaqədar sürücü Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Şahid məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, atası Gülağa Hüseynalıyevin adına 10.05.2021-ci il tarixdə öz vəsaiti hesabına “Kamaz-55111” yük markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır və həmin avtomobili idarə etmək üçün atası ona etibarnamə vermişdir. 11 dekabr 2021-ci il tarixdə saat 04:00 radələrində özünə məxsus texniki cəhətdən saz olan Kamaz-55111 yük markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili 10 ton yüklə (qum) Bakı- Qazax-Gürcüstan sərhəddi yolu ilə Bakı şəhəri istiqamətində yolun sağ zolağı ilə 50 km/saat sürətlə düzünə hərəkət etdirərkən həmin yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində Nəvahi DYP postuna çatmağa az qalmış qəfflətən avtomobilinə arxadan zərbə olmuş və zərbədən avtomobil sağa istiqamətlənərək yolan çıxıb aşmışdır. Həmin YNH-i zamanı avtomobildə tək olmuşdur və xəsarət almışdır. DYP əməkdaşları və tanımadığı adamlar gələrək ona yardım etmişlər, onu avtomobildən çıxartmışlar. Hadisə yerinə gəlmiş Təcili Tibbi yardım avtomobili onu və onun avtomobilini arxadan vuran Mercedes Benz 815 yük markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Şirvan ŞMX-na aparmışdır. Orada yardım edildikdən sonra xəstəxanadan çıxmışlar. Onun avtomobilində hadisə vaxtı sərnişin olmamışdır. Mercedes Benz 815 yük markalı avtomobilində olan sərnişin Anar Bayramovun isə öldüyünü öyrənmişdir. Onun idarə etiyyi Kamaz- 55111 yük markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili atası Gülağa Hüseynalıyevin adına almasına baxmayaraq, həmin avtomobil əmlak kimi faktiki olaraq onun özünə məxsusdur. Baş vermiş YNH-i nəticəsində də avtomobili əzilrək ona 6260 manat məbləğində ziyan dəymişdir. Ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfin tamamilə ödənilmişdir. Bu barədə müstəntiqə 13.01.2022-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizə təqdim etmişdir. Şahid 13.01.2022-ci il tarixli ərizəsində qeyd etmişdir ki, 11.12.2021-ci il tarixdə Bakı-Qazax- Gürcüstan sərhədi yolunda baş vermiş YNH nəticəsində ona dəymiş maddi zərər Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Mülki iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi X8 məhkəməyə ərizə göndərərək, 11.12.2021-ci il tarixdə M-2 Bakı-Qazax-Gürcüstan Respublikası sərhəddi yolunun 100-cü km-də sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 815” yük markalı ** KT *** qeydiyat nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi zamanı 20 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmış, nəticədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1.288 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 815” yük markalı ** KT *** qeydiyat nişanlı avtomobil icbari sığortalanmadığından Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə vurulmuş ziyan barədə tələb vətəndaşa yönəldilmiş və bununla bağlı Agentlik istintaq dövrüündə mülki iddiaçı qismində tanınmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə proseslərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını və mülki iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “X4 Xidməti” MMC-nin verdiyi 13.12.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, 11.12.2021-ci il tarixdə M-2 Bakı-Qazax-Gürcüstan Respublikası sərhəddi yolunun 100-cü km-də sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 815” yük markalı ** KT *** qeydiyat nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi zamanı 20 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmış, nəticədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1.288 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə işə mülki iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13.01.2022-ci il tarixli 8/3334 nömrəli ekspert rəyindən müəyyən edilir ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Mercedes Benz 815” yük markalı ** KT *** qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Kamaz-55111 yük markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. (iş.v 61-64) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 11.12.2021-ci il tarixli 14 nömrəli ekspert rəyindən görünür ki, mərhum X13 (Sədrəddin) oğlunun meyitinin müayinəsi zamanı sağ diz oynağının sıyrığı, sol əlin arxa səthinin sıyrığı, üz skleti sümüklərinin basılmış sınığı, kəllə qapağı və əsası sümüklərinin açıq qəlpəli yerdəyişmiş sınıqları, beyinin yumuşaq toxumasının didilib-dağılaraq evukasiya olunması müəyyən edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın qüvvətli təsirindən əmələ gəlmişdir. Xəsarətlər həyatı olmaqla ölümündən az əvvəl əmələ gəlmişdir. Üz skleti sümüklərinin basılmış sınığı, kəllə qapağı və əsası sümüklərinin açıq qəlpəli yerdəyişmiş sınıqları, beyinin yumuşaq toxumasının didilibdağılaraq evukasiya olunması dərəcəsinə görə bu xəsarətlər canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəpr vurmaya aid edilir. Sağ diz oynağının sıyrığı, sol əlin arxa səthinin sıyrığı canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərin əlamətlərinə aiddir. X13 (Sədrəddin) oğlunun ölümünə səbəb başın küt travması nəticəsində kəllə qapağı və əsası sümüklərinin çox qəlpəli yerdəyişmiş sınığı, beyin toxumasının didilib-dağılması və evukasiyası ilə nəticələnən həyat ilə bir yerə sığmayan travması olmuşdur. (iş.v 56-60) Hacıqabul RMX-nın TTYS-nın 11.12.2021-ci il tarixli 975 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıqdır, sərxoşluq vəziyyəti yoxdur. BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsindən alınmış 21.12.2021-ci il tarixli 016-151775-1221 saylı məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüquqlarının məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə 20.11.2013-cü il tarixdə (20.11.2023-cü il tarixədək müddətə etibarlı olan) «BC» kateqoryalı AE seryalı 506073 nömrəli sürücülük vəsiqəsi verilməsi barədə informasiya mövcuddur. Azərbaycan Respublikası DİN BƏSİMİ tərəfindən 27.12.2021-ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb. (İş v. 51). Beləliklə, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük vəsiqəsi və idarə etmə hüququ olmaqla yük avtomobilini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutlarla, özünün etirafedici ifadəsi, şahidin ifadəsi, ekspertiza rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, ictimai faydalı əməklə məşğul olmasını, müsbət xasiyyətnaməyə malik olmasını, Şahid avtomobilə dəymiş maddi zərəri tam ödəməsini və Şahid hazırda Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayətinin olmadığını, X1 ona məxsus “Mercedes Benz 815” yük markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, tələbi və iddiası olmadığını, zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışmağa və ona maddi köməklik etməyə cəhd etməsini, müsbət xasiyyətnaməyə malik olmasını, himayəsində 3-cü qrup əlil olan atasının və evdar qadın olan anasının olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş, azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nın 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz-815” yük markalı ** KT *** dövlət qeydiyyat nişanlı və “Kamaz-55111” yük markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CPM-in 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası CPM-in 354.1.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərə vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, 11.12.2021-ci il tarixdə M-2 Bakı-Qazax-Gürcüstan Respublikası sərhəddi yolunun 100-cü km-də sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz 815” yük markalı ** KT *** qeydiyat nişanlı avtomobillə törədilən yol-nəqliyyat hadisəsi zamanı 20 p/m metal təhlükəsizlik səddi yararsız hala salınmış, nəticədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1.288 manat məbləğində maddi ziyan dəymişdir. Ziyanın vurulmasında təqsirkar şəxs Təqsirləndirilən şəxs müəyyən edilmişdir. Odur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mülki iddiası təmin edilməli, Təqsirləndirilən şəxs 20 p/m metal təhlükəsizlik səddinin yararsız hala salınması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 1.288 manat pul tutularaq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 193.2, 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mülki iddiası təmin edilsin. Təqsirləndirilən şəxs 20 p/m metal təhlükəsizlik səddinin yararsız hala salınması nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 1.288 (min iki yüz səksən səkkiz) manat pul tutularaq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ödənilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat pul Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz-815” yük markalı ** KT *** dövlət qeydiyyat nişanlı və “Kamaz-55111” yük markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi məhkəmə baxışı zamanı iştirak etdiyi 22 saata görə 132 (yüz otuz iki) manat dövlət büdcəsi hesabına əmək haqqı Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü fərdi qaydada fəaliyyət göstərən vəkili Müdafiəçi "xxxx" ASC Hacıqabul filialındakı (S.W.İ.F.T. BİK:AİİBAZ 2X, H/h ********************, Kod: 200639, VÖEN **********, M/h **********944, VÖEN **********) hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar