Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-61/2025 05.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Salyan rayonu Kərimbəyli kəndində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Salyan rayonu Kərimbəyli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 23 noyabr 2024-cü il tarixdə saat 04 radələrində ünvan 1 ünvanında yerləşən mənzildə birlikdə yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər, yəni onun icazəsi olmadan işlədiyinə görə yaranmış mübahisə zamanı sol qol nahiyəsindən bir dəfə və üz nahiyəsinin sol hissəsindən iki dəfə qəsdən dişləmiş, Zərərçəkmiş şəxs onu əli ilə itələdikdən sonra qəsdən əlləri ilə onun boyun və sağ qolundan sıxıb yumruqla burun nahiyəsinə qəsdən bir dəfə vurması nəticəsində sonuncuya boyun nahiyəsinin sağ yan hissəsinin sıyrığı, sağ bazunun yan səthinin qançırı, sol almacıq nahiyəsinin qançırı, burun nahiyəsinin sol yan hissəsinin qançırı, burun sümüyünün yerdəyişməyən sınığı xarakterli dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, arabir dostları ilə birlikdə Şirvan şəhərində yerləşən “Araba” adlanan hamama gedir. 27 avqust 2024-cü il tarixdə saat 21 radələrində yenidən “Araba” adlanan hamama getmişdir. Həmin vaxt orada Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. O, Yeganəni görüb bəyənmiş və onunla tanış olmuşdur. Onlar birlikdə qeyrirəsmi münasibət qurmağa başlamışdırlar. Yeganə ona iki övladının olmasını demişdir. O, Zərərçəkmiş şəxs Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən fərdi yaşayış evinə gedib onunla birgə qalmışdır. Təqribən 2 ay sonra Yeganə maddi durumunun zəif olması səbəbi ilə Şirvan şəhərində yerləşən “001” adlanan kafedə işə düzəlmişdir. O, bundan xəbər tutduqdan sonra Yeganənin orada işləməsinə etiraz etmiş və ondan işdən çıxmasını tələb etmişdir. 13 noyabr 2024-cü il tarixdə saat 18 radələrində Yeganənin iş yerinin qarşısına gedərək, ona sonuncu dəfə işdən çıxmasını, əks halda ondan ayrılacağını bildirmişdir. Yeganə ona işdən çıxmayacağını bildirmişdir. Onlar təqribən 5-10 dəqiqə mübahisə etdikdən sonra ayrılmaq qərarına gəlmişdirlər. Bundan sonra o, Salyan rayonu Kərimbəyli kəndində yerləşən fərdi yaşayış evinə qayıtmışdır. O, arabir istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Zərərçəkmiş şəxs istifadəsində olan 055-318-10- 20 mobil nömrəsinə yığaraq ondan işdən çıxmasını tələb etmiş, Zərərçəkmiş şəxs isə işdən çıxmayacağını ona bildirmişdir. 22 noyabr 2024-cü il tarixdə saat 20 radələrində Yeganənin işlədiyi Şirvan şəhərində yerləşən “001” kafenin qarşısına getmiş və onu çölə çağırmışdır. Yeganə çölə çıxanda ona yenidən işdən çıxması ilə bağlı sözlər demiş və aralarında mübahisə yaranmışdır. O, təqribən 10-15 dəqiqə onunla mübahisə etdikdən sonra onun istifadə etdiyi telefonu özündən almış və onun evinə gedəcəyini bildirmişdir. 23 noyabr 2024-cü il tarixdə saat 04 radələrində Yeganə Hacıqabul şəhəri İ.Qayıbov küçəsində yerləşən evinə gəlmiş, o, Yeganə ilə qapıda rastlaşmış və birlikdə evə keçmişdirlər. Onlar birlikdə yemək yedikdən sonra yenidən iş məsələsi ilə bağlı aralarında mübahisə başlamışdır. O, Yeganədən işdən çıxmasını və işə getməməsini bildirmişdir. Yeganə isə maddi durumunun zəif olmasını və işə ehtiyacı olduğunu bildirmişdir. O, bundan əsəbləşərək zarafatca Yeganənin üzündən dişləmiş, Yeganə isə onu ani olaraq itələmişdir. O, qəflətən əsəbləşib onun boynundan tutmuş və onun burnuna yumruq vurmuşdur. Daha sonra onun sağ qolundan və üz nahiyyəsinin sol tərəfindən dişləmişdir. 23 noyabr 2024-cü il tarixdə saat 09 radələrində Yeganənin bacısı X6 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə yığaraq anası Sədaqət Nəcəfovanın səhhəti ilə bağlı problemi olduğunu və onu Hacıqabul rayon Mərkəzi Xəstəxanasına aparmasını bildirmişdir. Zərərçəkmiş şəxs ona anasının yanına gedib yenidən qayıdacağını bildirmişdir. Bundan sonra o, məlumat almışdır ki, Zərərçəkmiş şəxs Hacıqabul rayon Polis şöbəsinə onunla bağlı şikayət etmişdir. O, bunu öyrəndikdən sonra gizlənməyə və polis əməkdaşlarının telefon çağırışlarına cavab verməməyə başlamışdır. Onun əvvəllər bir neçə dəfə məhkumluğu olduğundan tutulmaqdan qorxmuş, ona görədə polis əməkdaşlarından qaçmışdır. Sonda təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını, törətdiyi əməldən peşman olduğunu, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda Şirvan şəhərində yerləşən “001” kafedə işləyir. Təqsirləndirilən şəxs tanıyır, onunla qeyri rəsmi münasibətləri olmuşdur, aralarında hər hansı düşmənçilik ədavəti olmamışdır. Təqsirləndirilən şəxsla Şirvan şəhərində yerləşən “Araba” hamamında tanış olmuşdur. Tanış olduqdan sonra Təqsirləndirilən şəxsla qeyri rəsmi münasibət saxlamağa başlamışdır. Təqsirləndirilən şəxs arabir ona məxsus ünvan 1-də yerləşən evinə gəlmiş və onunla 3-4 gün orada qalmışdır. O, maddi durumunun zəif olması səbəbi ilə işləmək qərarına gəlmişdir. Şirvan şəhərində yerləşən “001” kafesində işə başlamışdır. İşə başladığını bilən Təqsirləndirilən şəxs 13 noyabr 2024-cü il tarixdə iş yerinə gələrək onunla mübahisə etməyə başlamışdır. O, burada işləməməsini, icazə vermədiyini bildirmiş, o isə cavab olaraq, ailəsinə baxmaq üçün maddi durumunun zəif olması səbəbindən burda işləməyə başlamışdır. Onlar təxminən 15-20 dəqiqə sözlü mübahisə etdikdən sonra Əbülfəz ona ayrıldığını bildirmişdir. Təqsirləndirilən şəxs öz istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla onun istifadəsində olan ***-***-**-** mobil nömrəli telefona dəfələrlə yığaraq ona işdən çıxmağını bildirmişdir və onlar təqribən 2-3 dəqiqə mübahisə etdikdən sonra zəng yekunlaşmışdır. 22 noyabr 2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs onun iş yerinə gəlmiş və onu kafenin qarşısına çağırmışdır. O, işdən icazə alıb kafenin qarşısına çıxmış və Əbülfəz onunla mübahisə etməyə başlamışdır. Əbülfəz onun evinin açarını və telefonunu əlindən almış və evə getmişdir. 23 noyabr 2024-cü il tarixdə saat gecə 03 radərində işdən çıxandan sonra Hacıqabul şəhərində yerləşən evinə gəlmiş, Əbülfəzlə evinin qapısının qarşısında rastlaşmış və onlar birgə evə daxil olmuşdur. Yemək yedikdən sonra yenidən mübahisə etməyə başlamışdırlar. Təqsirləndirilən şəxs zarafatca onun sağ qolu, üz nahiyəsinin sol tərəfindən dişləməyə başlamışdır. Həmin an o, ani olaraq Əfülfəzi itələmiş və o əsəbləşib boynundan tutaraq boğmağa, daha sonra burnundan yumruq vurmağa başlamışdır. Ona bacısı X3 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan istifadəsində olan ***-***- **-** nömrəli mobilə zəng gəlmiş və anası X1 ilə bağlı Hacıqabul rayon Mərkəzi Xəstəxanasında olmasını bildirmiş və onu oraya çağırmışdır. O, Əbülfəzə ora getməli olduğunu bildirmişdir. O, evdən çıxandan dərhal sonra Hacıqabul rayon Polis şöbəsinə gəlmiş, ərizə formasında döyülməyi barəsində Təqsirləndirilən şəxs şikayət etmişdir. Əbülfəz ondan şikayət etdiyini biləndən sonra qaçıb getmiş və onunla əlaqə saxlamamışdır. Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ondan heç bir şikayət tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış mənzilidir. Salyan rayonu İcra Hakimiyyəti başçısının Kərimbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Kərimbəyli kəndində ailə üzvləri: anası və bacısı ilə birlikdə yaşayır. Salyan rayonu İcra Hakimiyyəti başçısının Kərimbəyli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şifahi və yazılı şikayət daxil olmamışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 430 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – boyun nahiyyəsinin sağ yan hissəsinin sıyrığı, sağ bazunun yan səthinin qançırı, sol almaqcıq nahiyyəsinin qançırı, burun nahiyyəsinin sol yan hissəsinin qançırı, burun sümüyünün yerdəyişməyən sınığı. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müayinədən 2-3 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "yüngül" zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 26 noyabr 2024-cü il tarixli cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Salyan RPŞ-i tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, Cinayət-Prosessual Məcəlləsinin 40.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 04 ay 21 gün maddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmalıdır. Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:20 radələrində Salyan rayonu Kərimbəyli kəndi ərazisində tutularaq Hacıqabul RPŞ-nə təhvil verilmişdir. Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs faktiki azadlığı xx.xx.2025-ci il saat 16:20-dən məhdudlaşdırılmaqla, həmin tarixdə saat 17:15-də şübhəli şəxs qismində tutulmuşdur. Zərərçəkmiş şəxs tərəfindən Hacıqabul RPŞ-nə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmiş və onunla barışmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Tututlmuş şəxsin azad edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə MSY-dən azad edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin ifadəsinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi ilə təsdiq edilərək sübuta yetirilmiş (CPM 144-146), ibtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf edərək peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X4 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş materillardan göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışmaqla əlaqədar cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Bundan başqa, əlavə edilmiş materillardan göründüyü kimi, Təqsirləndirilən şəxs, Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 04 ay 21 gün maddətinə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli törədilərkən Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməllərinə münasibətdə məhkumluq ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. Lakin, buna baxmayaraq həmin hal təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivini yaratmır. Çünki, təqsirləndirilən şəxs tərəfindən törədilən hazırki cinayət əməli təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan hallardan biri də, təqsirləndirilən şəxs tərəfindən böyük ictimai təhlükə törətməyən cinayətlərin törədilməsidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 7-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhər Nəsimi rayon məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə təqsirli bilindiyi cinayət əməllərinə münasibətdə məhkumluq ödənilmədən hazırki cinayət əməlinin törədilməsinə baxmayaraq, məhkəmə təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların olmasını, xüsusəndə zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanın ödənilməsini və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum olunmasını əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Göründüyü kimi, Məcəllənin 128-ci maddəsinin sanksiyasında beş növdə cəza nəzərdə tutulur. Onlardan dördü azadlıqdan məhrumetmə ilə bağlı olmayan, biri isə azadlıqdan məhrumetmə növündə cəzadır. Məhkəmə hesab edir ki, cəzanın fərdiləşdirilməsi prinsipinin tələblərinə əsasən hazırki vəziyyətdə təqsirləndirilən şəxsə sanksiyada nəzərdə tutulan azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzalardan daha sərti olan - yuxarı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən kifayət qədər halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun yuxarıda qeyd edilən tələblərinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Salyan rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 8 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 88 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Salyan rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Salyan rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirmədən saxlanılsın. Cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 8 (səkkiz) saata görə Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 88 (səksən səkkiz) manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ********************, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №1(071)-61/2025
Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-61/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver