Məhkəmə qərarları › İş №1(071)-62/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-62/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-62/2023 01.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasının 5 günü çəkilməmiş qalan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, müəyyən məbləğdə pul müqabilində onların övladları - Orxan Həşimovu və Xəyal Həşimovu “BP” neft şirkətində sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar dairəisi”nin yanında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 3000 manat, xx.xx.2022-ci il tarixdə həmin şəxslərin ünvan 3 ünvanında yerləşən “Anar market” adlanan mağazadakı “eManat” ödəmə terminalı vasitəsilə 4169 7385 1159 5179 nömrəli bank kartına göndərdiyi 500 manat pulu və xx.xx.2022-ci il tarixdə Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “X9” adlanan mağazadakı “eManat” ödəmə terminalı vasitəsilə 4169 7385 1159 5179 nömrəli bank kartına göndərdiyi 300 manat pulu vahid niyyətlə alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib, zərərçəkmiş şəxslərə ümumilikdə 3800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olmuşdur. X1 onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün onun pula ehtiyyacı olduğundan vətəndaşları işə düzəltmək adı ilə pul əldə etmək istəmişdir. Bunun üçün o, kompüter vasitəsi ilə elan hazırlayaraq həmin elanda istifadəsində olan mobil nömrəni yazmış və şəxsləri “BP” neft şirkətinə sürücü vəzifəsinə işə düzəldə biləcəyini bildirmişdir. 2022-ci ilin oktyabr ayında Bakı şəhərindən Bərdə rayonuna gedən zaman o, hazırladığı elanı Hacıqabul rayonunda yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən dayanacağa yapışdırıb Bərdə rayonuna getmişdir. Bir neçə gün sonra onun nömrəsinə Zərərçəkmiş şəxs1 zəng etmiş və işə düzəlməklə bağlı zəng etdiyini bildirmişdir. O, Feyruza “BP” neft şirkətinə sürücü vəzifəsinə işə düzəltmək imkanının olduğunu və bu məsələylə bağlı Bakı şəhərində görüşmək lazım olduğunu demişdir. Zərərçəkmiş şəxs1 onunla razılaşıb xx.xx.2022-ci il tarixdə saat təxminən 10:30 radələrində Bakı şəhərində “20 Yanvar dairəsi”nin yaxınlığında görüşmüşdür. Onlar görüşən zaman Feyruzla birgə onun qardaşı Zərərçəkmiş şəxs2 da gəlmişdir. Onlar “20 Yanvar dairəsi”nin yaxınlığında yerləşən kafelərin birində əyləşmişlər. Zərərçəkmiş şəxs1 ona oğlu Orxan Həşimovu və qardaşı Zərərçəkmiş şəxs2 oğlu Xəyal Həşimovu işə düzəltmək istədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 onun oğlunu və qardaşının oğlunu “BP” neft şirkətinə sürücü vəzifəsinə işə düzəltmək imkanının olması barədə məlumat vermiş və onların işə düzəldilməsi üçün hər birinə münasibətdə 1500 manat pul lazım olduğunu demiş və işə düzələcək şəxslərin sənədlərini istəmişdir. Feyruz onunla xx.xx.2022-ci il tarixdə görüşüb 3000 manat pulu və sənədlərin sürətlərini verəcəyini bildirmişdir. Bundan sonra onlar xx.xx.2022-ci il tarixdə saat təxminən 11:30 radələrində Bakı şəhərində “20 Yanvar dairəsi”nin yaxınlığında görüşmüşdür. Feyruz yenə də qardaşı Akiflə birlikdə gəlmişdir. Feyruz ona 3000 manat pulu vermək istəyən zaman o, gələcəkdə verdiyi vədi yerinə yetirmədiyi təqdirdə Feyruzun şikayət edəcəyini düşünüb Feyruza onunla notariat qaydada borc müqaviləsi bağlamasını bildirmişdir. Feyruz onunla razılaşmış və onunla birlikdə yaxınlıqda yerləşən notariat kontoruna getmişdir. Orada onlar Feyruzun ona 3000 manat borc pul verməsi barədə müqavilə bağlamışdır. Müqavilə bağlandıqdan sonra o, Feyruzdan 3000 manat pulu, şəxsiyyət vəsiqələrinin və hərbi biletlərinin surətlərini almışdır. O, Feyruza narahat olmamasını bildirib yaxın vaxtlarda ona işlə bağlı xəbər verəcəyini bildirib onunla sağollaşıb getmişdir. O, Feyruzdan aldığı 3000 manat pulu anasının müalicəsinə xərcləmişdir. Lakin, ona yenə pul lazım olduğu üçün bir neçə gün sonra Feyruza zəng edib sənədlərin ingilis dilinə tərcümə olunmalı olduğunu bildirib ondan 500 manat pul göndərməsini istəmiş və Feyruza özünə aid **********595179 nömrəli kartın nömrəsini göndərmişdir. xx.xx.2022- ci il tarixdə Feyruz onun kartına 500 manat pul göndərmişdir. O, həmin 500 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə anası vəfat etdiyi üçün ona yenə də pul lazım olmuş və o, Feyruza zəng edərək işə düzəlmə məsələsinin tez olması üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Feyruz ona maddi problemlərinin olduğunu bildirmiş və yaxın vaxtlarda pul göndərəcəyini qeyd etmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərində Feyruz onun kartına 300 manat pul göndərmişdir. O, Feyruza narahat olmamasını qeyd edib yaxın vaxtlarda işin düzələcəyi barədə vədlər vermişdir. Bundan sonra Feyruz ona dəfələrlə zəng etsə də o, işin düzəlmədiyini bildirmişdir. 2023-cü ilin fevral ayının əvvəllərində ona Hacıqabul rayon PŞdən zəng olunmuş və ona Zərərçəkmiş şəxs1 onun barəsində şikayət etdiyi bildirilmişdir. O, həqiqətən də Zərərçəkmiş şəxs1 və onun qardaşı Zərərçəkmiş şəxs2 aldadaraq onların övladları Orxan Həşimovu və Xəyal Həşimovu “BP” neft şirkətinə sürücü vəzifəsinə işə düzəldəcəyi barədə vəd verib onlardan ümumilikdə 3800 manat pul almış və aldığı pulu geri qaytarmamışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, o, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 2022-ci ilin oktyabr ayında Hacıqabul rayonunda yerləşən dayanacaqda “BP” şirkətində sürücü işinə düzəlmə barədə elan görmüşdür. O, həmin elanda yazılan mobil nömrəyə zəng etmiş və oğlunu işə düzəltmək istədiyini bildirmişdir. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək ona Bakı şəhərinə gəlməsini bildirmişdir. Bundan sonra o, qardaşı Akiflə əlaqə saxlamış və qardaşı Akif də öz oğlunu işə düzəltmək istədiyi üçün ona iş elanı barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə qardaşı Akiflə birlikdə Bakı şəhərinə getmiş və “20 Yanvar dairəsi”nin yanında Vüqarla görüşmüşlər. Vüqar onlara onun və Akifin oğlunu “BP” şirkətində sürücü işinə düzəldəcəyini və bunun üçün ödəniş lazım olduğunu bildirmişdir. Vüqar onun və Akifin oğlunun işə düzəlməsi üçün əvvəlcə ayrıayrılıqda 1500 manat pul lazım olduğunu bildirmişdir. O və X7 razılaşmış və Hacıqabul rayonuna qayıtmışlar. X4 danışdığını bildirərək 1500 manat pulu ona vermiş və həmin pulu Vüqara verməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Akiflə o, yenidən Bakı şəhərinə getmiş və Vüqarla “20 Yanvar dairəsi”nin yanında görüşmüşlər. Vüqar onlara pulu notarial qaydada alacağını bildirmişdir. Onlar Vüqara inanaraq razılaşmış və “20 Yanvar” metrosunun yaxınlığındakı notariat kontoruna gedib Vüqarla borc müqaviləsi bağlamışlar. Onlar Vüqara 3000 manat pul və sənədlərin surətlərini vermişdir. Bundan bir neçə gün sonra Vüqar yenidən ona zəng edərək sənədlərin ingilis dilinə tərcümə olunmasının lazım olduğunu bildirmiş və bunun üçün 500 manat pul istəmişdir. Vüqar ona özünə məxsus bank kartının nömrəsini verərək 500 manat pulu həmin karta göndərməsini bildirmişdir. O, 500 manat pulu Hacıqabul şəhəri, Sabir Almazov küçəsində yerləşən “Anar market”də olan e-Manat ödəmə terminalı vasitəsi ilə Vüqarın kartına göndərmişdir. Dekabr ayının əvvəlində Vüqar ona zəng edərək işin tezləşdirilməsi üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. O, Vüqara pulunun olmadığını, borc aldığını bildirmiş və Vüqarla razılaşaraq sonuncuya yenə də xx.xx.2022-ci il tarixdə terminaldan 300 manat pul göndərmişdir. Bundan sonra işdən bir xəbər olmamış və o, bir neçə dəfə Vüqarla mobil telefonda əlaqə saxlayaraq nə səbəbə işin gecikdiyini soruşmuşdur. Vüqar hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Sonuncu dəfə Vüqarla əlaqə saxlayanda Vüqar işin düzəlmədiyini ona bildirmişdir. Bundan sonra o, Vüqardan onun və qardaşı Akifin pulunu geri qaytarmasını tələb etmişdir. Lakin, buna baxmayaraq Vüqar onların pulunu qaytarmamış və onları aldatmışdır. Sonda zərər çəkmiş şəxs cinayət nəticəsində onlara dəymiş zərərin ödənilmədiyini və buna görə də şikayətçi olduğunu bildirərək, Təqsirləndirilən şəxs cəzalandırılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. 2022-ci ilin oktyabr ayının ortalarında qardaşı Feyruz ona zəng edərək özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin “BP” neft şirkətinə işə düzəlmə işi ilə məşğul olduğu barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə qardaşı Feyruzla birlikdə Bakı şəhərinə getmiş və “20 Yanvar dairəsi”nin yanında Vüqarla görüşmüşlər. Vüqar onlara onun və Feyruzun oğlunu “BP” şirkətində sürücü işinə düzəldəcəyini və bunun üçün ödəniş lazım olduğunu bildirmişdir. Vüqar onun və Feyruzun oğlunun işə düzəlməsi üçün əvvəlcə ayrı-ayrılıqda 1500 manat pul lazım olduğunu bildirmişdir. O və qardaşı Feyruz Vüqarla razılaşmış və həmin günü rayona qayıtmışlar. O, Feyruza Vüqarla onun danışdığını bildirərək 1500 manat pulu ona vermiş və həmin pulu onun Vüqara verməsini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Feyruzla o, yenidən Bakı şəhərinə getmiş və Vüqarla “20 Yanvar dairəsi”nin yanında görüşmüşlər. Vüqar onlara pulu notarial qaydada müqavilə bağlamaqla alacağını bildirmişdir. Onlar Vüqara inanaraq razılaşmış və 20 Yanvar metrosunun yaxınlığındakı notariat kontoruna gedib orada Feyruz Vüqarla borc müqaviləsi bağlamışdır. Onlar Vüqara 3000 manat pul və sənədlərin surətlərini vermişdir. Bundan bir neçə gün sonra Vüqar yenidən Feyruza zəng edərək sənədlərin ingilis dilinə tərcümə olunmasının lazım olduğunu bildirmiş və bunun üçün 500 manat pul istəmişdir. Feyruz həmin 500 manat pulu Hacıqabul rayonundan Vüqarın bank kartına göndərmişdir. Dekabr ayının əvvəlində Vüqar Feyruza yenidən zəng edərək işin tezləşdirilməsi üçün 1000 manat pul lazım olduğunu bildirmişdir. Feyruz Vüqara pulunun olmadığını bildirmiş və Vüqarla razılaşaraq ona xx.xx.2022-ci il tarixdə Hacıqabul rayonunda yerləşən “Anar Market”dəki terminaldan 300 manat pul göndərmişdir. Bundan sonra işdən bir xəbər olmamış və Feyruz bir neçə dəfə Vüqarla mobil telefonda əlaqə saxlayaraq nə səbəbə işin gecikdiyini soruşmuşdur. Vüqar hər dəfə müxtəlif bəhanələr gətirərək Feyruzu aldatmışdır. Sonuncu dəfə Vüqarla əlaqə saxlayanda Vüqar işin düzəlmədiyini Feyruza bildirmişdir. Bundan sonra Feyruz Vüqardan onun və özünün Vüqara verdiyi pulu geri qaytarmasını tələb etmişdir. Lakin buna baxmayaraq Vüqar onların pulunu qaytarmamış və onları aldatmışdır. Feyruz ümumilikdə Təqsirləndirilən şəxs 3800 manat pul vermiş, həmin 3800 manat pulun 1900 manatını o, 1900 manat pulu isə qardaşı Feyruz qoymuşdur. Sonda zərər çəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərər ödənilməmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsin cəzalandırılmasını istəyir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Hacıqabul rayon PŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə CAB-nın əməliyyat müvəkkili Şahid1 icraatına daxil olmuş raport əsasında Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 aldadaraq işə düzətmək adı ilə 3800 manat pulunu alması və vədinə əməl etməyib pulu qaytarmaması məlum olmuşdur. Həmin raportda Təqsirləndirilən şəxs yeri müəyyən olunaraq Hacıqabul rayon PŞ-nə izahat verilməsi üçün dəvət olunması barədə əməliyyat tapşırığı verilmişdir. Həmin raportun icrası ilə əlaqədar olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri, M.Müşviq küçəsi, ev 63-də qeydiyyatda olmasına baxmayaraq, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Savxozunda nömrə olmayan fərdi yaşayış evində yaşadığı müəyyən olunmuşdur. Təqsirləndirilən şəxsla dəfələrlə telefon əlaqəsi saxlanılsa da o, izahat vermək üçün Hacıqabul rayon PŞ-nə gəlməmişdir. Şahid1 Təqsirləndirilən şəxsla xx.xx.2023-cü il tarixdə yenə də mobil telefon vasitəsi ilə əlaqə saxlamış, Vüqar yaşadığı evdə olduğunu bildirəndən sonra Şamxalla birlikdə Təqsirləndirilən şəxs yaşadığı, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Savxozunda nömrə olmayan fərdi yaşayış evinə getmiş və orada onlar Təqsirləndirilən şəxs onun barəsində Hacıqabul rayon PŞ-nə şikayət ərizəsinin daxil olduğunu bildirib ona onlarla polis şöbəsinə gəlməsini bildirmişlər. Bundan sonra onlar Təqsirləndirilən şəxsla birlikdə Hacıqabul rayon PŞ-nə gətirmişlər. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid1 ifadəsi elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan eManat ödəmə sistemi vasitəsi ilə ödənilmiş xx.xx.2022-ci il tarixli, 94726 nömrəli qəbzin surətindən görünür ki, Hacıqabul şəhəri, S.Almazov küçəsində yerləşən E-Manat ödəniş sistemi vasitəsilə xx.xx.2023-cü il tarixdə saat 08:12:03-də 500 manat pul Kapital Banka aid Ə***** V***** Ə***** OĞLU adlı istifadəçiyə məxsus 416973******5179 nömrəli karta köçürülmüşdür. İş materiallarında olan eManat ödəmə sistemi vasitəsi ilə ödənilmiş xx.xx.2022-ci il tarixli, 23908 nömrəli qəbzin surətindən görünür ki, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsində yerləşən “X9”-də E-Manat ödəniş sistemi vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 14:32-də 300 manat pul Kapital Banka aid Kapital Banka aid Ə***** V***** Ə***** OĞLU adlı istifadəçiyə məxsus 416973******5179 nömrəli karta köçürülmüşdür. İş materiallarında olan Təqsirləndirilən şəxs məxsus 416973******5179 nömrəli kart hesabından çıxarışdan görünür ki, onun kart hesanına xx.xx.2022-ci il tarixdə 500 manat, xx.xx.2022-ci il tarixdə isə 300 manat pul vəsaiti mədaxil edilmişdir. İş materiallarında olan Bakı şəhəri, 14 saylı notariat ofisində bağlanmış, xx.xx.2022ci il kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixinədək kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 3000 manat faizsiz borc vermişdir. İş materiallarında olan “Baxış keçirilməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 500 manat və xx.xx.2022-ci il tarixdə 300 manat pulu göndərdiyi ünvan 5 ünvanda yerləşən “Anar” marketdə olan E-manat ödəmə terminalı göstərmiş, bu barədə fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən 14 saylı notariat ofisinin qarşısında, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumlikdə 3000 manat pulu hansı qaydada aldığını hadisə yerində əyani göstərməklə ifadəsini hadisə yerində təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli üzləşdirmə protokollarından görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Eyulla oğlu ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 04:20-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə saat 15:30-da Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(071)-62/2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarından yayındığına görə onun barəsində axtarış elan edilmiş, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/40/2-4589/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə 3 saylı istintaq təcridxanasına gətirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-498/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi təqsirli bilinərək 09 ay azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 303995/21-1/3-9100/17 nömrəli sorğuya cavab məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmışdır. Onun cəzasının xx.xx.2023-cü il tarixdə başa çatması nəzərə alındıqda, tutulduğu xx.xx.2023-cü il tarixdə cəzasının çəkilməmiş qalan hissəsinin 5 gün təşkil etdiyi müəyyən olunur. Bərdə rayonu İcra Hakimiyyəti başçısının Bərdə şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1201 saylı arayışdan və doğum haqqında şəhadətnamənin surətin görünür ki, Təqsirləndirilən şəxs evli olmaqla, himayəsində 2005ci il, 2010-cu il və 2023-cü il təvəllüdlü olmaqla üç uşağı vardır. Bərdə rayonu İcra Hakimiyyəti başçısının Bərdə şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində özünü yaxşı aparmış, qonşularla yaxşı münasibətdə olmuşdur. Onun barəsində bugünədək Bərdə ŞİN-nə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 178.2.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, müstəqil yaranmış niyyətlə həm Zərərçəkmiş şəxs1, həm də Zərərçəkmiş şəxs2 qarşı ayrı-ayrılıqda dələduzluq cinayət əməllərini törətmişdir, buna görə də onun əməli dələduzluq cinayət əməlinin təkrar törədilməsi kimi qiymətləndirilmişdir. Lakin, məhkəmə ibtidai istintaq orqanının gəldiyi bu qənaətlə razılaşmır və hesab edir ki, təqsirləndirilən şəxsin əməlinin dələduzluğun təkrar törədilməsi kimi qiymətləndirilməsi əsassızdır. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 7 nömrəli Qərarının 31-ci bəndində göstərilmişdir ki, şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Plenumun həmin qərarındakı mövqeyə əsasən dələduzluq cinayət əməli ayrı-ayrı şəxslərə qarşı hər dəfə müstəqil yaranmış niyyətlə törədilirsə, bu zaman ələ keçirilmiş əmlakın dəyərinin toplanılmasına yol verilmir və hər bir əmələ ayrıca qiymət verilməklə dələduzluq əməli təkrarlıq əlaməti üzrə tövsif edilməlidir. Bunun əksinə, bir neçə şəxsə qarşı vahid niyyətlə (qəsdlə) dələduzluq əməli törədildiyi halda isə əməl ümumilikdə vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilməlidir. Bundan başqa, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 18-ci maddəllərinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, həm təkrarlıqda, həm cinayətlərin real məcmusunda iki və daha artıq cinayət törədilir. Bu anlayışlardan əmələ gələn cinayətlər müəyyən zaman fərqi ilə törədilir. Təkrarlıq ilə davam edən cinayətləri birləşdirən odur ki, hər ikisində eyni növdən olan iki və daha çox cinayət törədilir. Bundan əlavə, bu əməllər arasında müəyyən zaman kəsiyi var. Lakin həmin anlayışlar arasında fərq ondan ibarətdir ki, davam edən cinayətdə təkrarlıq istisna olunur və şəxsin əməli vahid cinayət kimi tövsif olunur. Davam edən cinayət vahid cinayət olaraq onunla səciyyələnir ki, onu təşkil edən əməllər ümumi məqsədə yönələn vahid niyyətlə birləşir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16-cı maddəsində nəzərdə tutulan cinayətlərin təkrarlığı zamanı ona daxil olan cinayətlər vahid niyyət və ümumi məqsədlə birləşmir və hər bir ayrı əməl digərləri ilə faktiki əlaqədə olmur. Konstitusiya Məhkəməsinin Plenum qərarındakı mövqeyə əsasən əməlin təkrarlıq əlaməti üzrə tövsif edilməsi üçün bu əməllər arasında müəyyən zaman kəsiyi olmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxsləri ayrı-ayrı şəxsləri işə düzəltmək kimi imkanının olmasına inandıraraq, müəyyən məbləğdə pul müqabilində onların övladlarının “BP” neft şirkətində sürücü vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar dairəisi”-nin yanında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 3000 manat, xx.xx.2022-ci il tarixdə həmin şəxslərin “eManat” ödəmə terminalı vasitəsilə bank kartına göndərdiyi 500 manat pulu və xx.xx.2022-ci il tarixdə yenə onların “eManat” ödəmə terminalı vasitəsilə bank kartına göndərdikləri 300 manat pulu vahid niyyətlə alıb ələ keçirərək, zərərçəkmiş şəxslərə ümumilikdə 3800 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərin hər birinə qarşı müstəqil yaranmış niyyətlə müəyyən zaman fərqi ilə ayrı-ayrı dələduzluq əməlləri törətməmişdir. O, hər iki zərər çəkmiş şəxsə qarşı vahid qəsdlə, eyni vaxtda başlayan və vahid niyyətlə davam edən yalnız “bir” dələduzluq cinayət əməli törətmiş və zərər çəkmiş şəxslərdən əvvəlcə 3000 manat, daha sonra isə 500 və 300 manat olmaqla, ümumulikdə 3800 manat pullarını ələ keçirməklə onlara qarşı dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, bu vəziyyətdə dələduzluq əməlinin iki ayrı şəxsə qarşı törədilmiş olması təqsirləndirilən şəxsin əməlinin dələduzluğun təkrarən törədilməsi kimi qiymətləndirilməsinə əsas vermir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin Qeydinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Odur ki, iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli zərər çəkmiş şəxslərə ümumilikdə vurulmuş zərərin miqdarına uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilməlidir. Bundan başqa, İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda onun dələduzluğun üsulu kimi həm etibardan sui-istifadə etmə, həm də aldatma yolu ilə zərər çəkmiş şəxslərin əmlakını ələ keçirdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmədən ibarət cinayət əməlidir. Həmin maddənin dispozisiyasından müəyyən olunur ki, dələduzluq cinayət əməli etibardan sui-istifadə etmə və ya aldatma yolu üsulu ilə, eləcə də hər iki üsuldan birlikdə istifadə edilməklə törədilə bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Hazırki iş üzrə təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxslərin ifadələrindən müəyyən olunur ki, təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxslər əvvəldən bir-birilərini tanımamışlar, onlar arasında əvvəldən yaranmış etibarlı münasibət olmamışdır. Tərəflər arasında əvvəldən yaranmış etibarlı münasibətin olmadığı bir vəziyyətdə təqsirləndirilən şəxsin ona göstərilmiş etibardan sui-istifadə etməsi barədə irəli sürülmüş mülahizə əsassızdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs dələduzluğun üsulu kimi yalnız aldatma yolu ilə, yəni bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatları verməklə (şəxsləri işə düzəldəbiləcəyi barədə yalan məlumat verməklə) zərər çəkmiş şəxsləri aldadaraq onlara qarşı dələduzluq əməlini törətmişdir. Bundan başqa, iş materiallarında olan Bakı şəhəri, 14 saylı notariat ofisində bağlanmış, xx.xx.2022-ci il kredit müqaviləsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2023-cü il tarixinədək kredit müqaviləsi bağlanmış, kredit müqaviləsinə əsasən Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs 3000 manat faizsiz borc vermişdir. Bununla bağlı qeyd edilməlidir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015ci il tarixli qərarının 27-ci bəndində göstərilir ki, mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs ilə təqsirləndirilən şəxs arasında 3000 manat pulun borc kimi verilməsinə dair kredit müqaviləsinin bağlanmış olması təqsirləndirilən şəxsin əməlinin dələduzluq cinayət əməli kimi qiymətləndirilməsini istisna etmir. Belə ki, işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs həmin müqavilə bağlanmazdan əvvəl zərər çəkmiş şəxslərin əmlakını (pulunu) ələ keçirmək niyyətində olmuş və bu məqsədlə zərər çəkmiş şəxslərlə danışıq aparmışdır, kredit müqaviləsini isə sadəcə görüntü üçün, cinayət əməlini pərdələmək məqsədi ilə bağlamışdır. Beləliklə, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM 59.1.4). Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin sanksiyasında min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Çünki, təqsirləndirilən şəxs bundan əvvəl də analoji cinayət əməlini törətməyə görə məhkum edilmiş və ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Lakin, o, cəza çəkdiyi müddət ərzində hazırki iş üzrə cinayət əməlini törətmişdir. Bu hal onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs cinayət əməlini törətməyə meyilli şəxsdir və əvvəlki cəza növü onu islah etmək üçün yetərli olmamışdır. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, zərər çəkmiş şəxslərə dəymiş zərəri ödəməyərək cinayətin ictimai təhlükəli nəticələrini aradan qaldırmaması, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla belə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halın olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, eləcə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona normanın sanksiyasında nəzərdə tutulan orta həddə cəza təyin edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-498/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 gün hissəsi Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmaqla müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəza ilə birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-498/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 5 gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, müəyyən edilmiş 2 gün azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş 1 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə, Təqsirləndirilən şəxs 1 (bir) il 2 (iki) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulmanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, onun üzərində qəti olaraq 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 cinayət əməli nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ**********0000006944, VÖEN **********) . Hökmdən elan edildiyi, təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu andan 20 gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar