Məhkəmə qərarları › İş №1(071)-64/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-64/2023

19.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-64/2023 19.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X15 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi – X6, Zərərçəkmiş şəxslər - X1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sabirabad rayonu Axtaçı-Şirvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" MMC-də növbətçi elektrik montyoru işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Axtaçı-Şirvan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi «Mercedes-Benz E240» markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələtli-Ağacanlı kənd yolunun Hacıqabul rayonu Ələtli kəndindən keçən hissəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərinə zidd olaraq «Mercedes-Benz E240» markalı avtomobilin texniki xarakteristikasında nəzərdə tutulduğundan (4 nəfər) artıq sayda (6 nəfər) sərnişin ilə birlikdə Ağacanlı kəndi istiqamətində həkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq 110-120 km/saat sürətlə Ağacanlı kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və.s) edərək avtomobilin dayanıqlılığını təmin etməli olduğu halda bunlara əməl etməyərək, avtomobilin idarə etməsini itirərək aşırmış, nəticədə ehtiyatsızlıqdan avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs4 həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan xəsarətlər almasına və Zərərçəkmiş şəxs1 isə sol qalça tini nahiyyəsinin sıyrıqı və qançırı, sol əlin arxa səthinin sıyrıqı, başın sol gicgahənsə nahiyyəsinin hematoması və əzilmiş-cırılmış yarası, kəllə qapağı və əsası sümüklərinin sınığı ilə müşahidə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid xəsarətlər yetirərək hadisə yerində ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxlərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, «Mercedes-Benz E240» minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində idarə etdiyi «Mercedes-Benz E240» minik markalı **-CJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə yaşadığı kənddən bacısı Zərərçəkmiş şəxs2, bacısının qızı Gülbacı Əliyeva və bacısının həyat yoldaşı Mübariz Əliyev ilə birlikdə Zərdab rayonuna yas mərasiminə getmişlər. Gecəni orada qalıb, xx.xx.2023-cü il tarixdə təxminən saat 12 radələrində birlikdə Axtaçı-Şirvan kəndinə qayıtmışlar. Onun evində hamısı günorta yeməyi yemişlər. Bir qədər oturduqdan sonra Mübariz Əliyevin ailəsini, yəni bacısı və bacısı qızını, eləcə də Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs1ı Sabirabad rayonu Axtaçı- Muğan kəndinə aparmaq üçün saat 16 radələrində yola çıxmışlar. Həmin vaxt avtomobili o idarə etmiş, Əliyev Mübariz onun yanında ön sərnişin oturacağında əyləşmişdir. Avtomobilin arxa sərnişin oturacağında isə sol tərəfdə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 əyləşmişdir. Digərləri isə sağa tərəfdə əyləşmişlər. Hacıqabul rayonu Ələtli kəndi ərazisində təxminən 110-120 km/saat sürlətlə hərəkətdə olan vaxt Yolun üzərində olan körpünün üstündə sürətlə keçdiyi üçün avtomobilin təkərləri asfaltdan qalxmış və yenidən avtomobil asfalta dəymişdir. Həmin vaxtı avtomobilin idarə etməsini itirməmək üçün qəfildən əyləci basmış və avtomobil yoldan çıxıb aşmağa başlamışdır. Bundan sonra avtomobildən düşüb, avtomobilin bütün hissələrinin sınıb dağılmasını görmüşdür. Ondan başqa avtomobildən bacısı qızı Əliyeva Gülbacı da düşmüşdür. Avtomobil sol tərəfi üstə qalmışdır. Sonra qardaşı oğlu Zərərçəkmiş şəxs1 avtomobildə qulağından qan gəldiyini və hərəkətsiz qaldığını görmüşdür. Əmrahı gördükdən sonra hadisənin şokuna düşmüşdür. Bundan sonra baş verən hadisələr yaddaşında qalmamışdır. Sonda təqsirləndirilən şəxs baş vermiş hadisəyə görə çox peşman olduğunu, zərər çəkmiş şəxslərlə və zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etdiyini və ona qarşı şikayət və tələblərinin olmamasını bildirdi və bu halları nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X10 təqsirləndirilən şəxsin əleyhinə ifadə verməkdən imtina etmiş və hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun oğludur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ona qohumları zəng edərək, qardaşı Məcidin yol nəqliyyat hadisəsi törətdiyini bildirmişlər. O da işdən tez çıxıb evə gəlmişdir. Sonradan ona məlum olub ki, yol nəqliyyat hadisəsi nəticəsində qardaşı Məcidin avtomobilində əyləşən oğlu Zərərçəkmiş şəxs1 hadisə nəticəsində müxtəlif xəsarətlər almış və hadisə yerində vəfat etmişdir. Bundan sonra hadisə ilə bağlı polis əməkdaşları ilə yanaşı tibbi ekspert gəlib oğlu Əmrahın meyidi müayinə edəndən sonra həmin günü də Əmrahın meyidini Hacıqabul şəhərində yerləşən qəbirstanlıqda dəfn etmişdirlər. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində bildirdi ki, X11 onun qaynıdır. xx.xx.2023-cü il tarixdə ailə üzvləri ilə birlikdə Zərdab rayonuna yas mərasiminə getdikdən sonra gecəni orda qalmışlar. xx.xx.2023-cü il tarixdə isə Hacıqabul rayonu Axtaçı-Şirvan kəndinə qayıtmışlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında birlikdə əyləşib günorta yeməyi yemişlər. Sonra saat 16 radələrində Məcidin idarə etdiyi «Mercedes-Benz E240» minik markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşib birlikdə Sabirabad rayonu, Axtaçı-Muğan kəndi istiqamətində hərəkət başlamışlar. Həmin vaxtı avtomobildə Zərərçəkmiş şəxs2, Əliyeva Gülbacı, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 da əyləşmişdilər. Avtomobili isə Məcid idarə etmişdir. Həmin vaxtı o ön sərnişin oturacağında oturmuşdur. Hacıqabul rayonu Ələtli kəndində hərəkətdə olarkən o, avtomobildə yuxulamışdır. Birdən avtomobil idarə etmədən çıxdığına görə oyanmış və Məcidin avtomobilin idarə etməsini itirdiyini və avtomobilin yoldan çıxaraq aşmağa başladığını görmüşdür. Avtomobil aşıb dayanmış və o, sonra özündə olmamışdır. Birdə gözünü açanda Şirvan şəhər xəstəxanasında olmasını görmüşdür. Orada ona tibbi yardım göstərildikdən sonra evə buraxılmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 zərər çəkmiş şəxs X4 ilə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxsin əleyhinə ifadə verməkdən imtina etmiş və hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, digər zərər çəkmiş X4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə yol-nəqliyyat hadisəsi baş verdiyi yerə sürücü Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmişdir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, qeyd olunan yol-nəqliyyat hadisəsi 27 fevral 2023-cü il tarixdə saat 16 radələrində, gündüz vaxtı baş vermişdir. Hadisə Hacıqabul rayonu Ələtli kəndi ərazisində yolun sağ tərəfində baş vermişdir. Həmin yol quru və düz olmaqla asfalt örtüklüdür, Yolun sağ ehtiyat hissəsi 1,70 metr və sol ehtiyat hissəsi isə 0,60 metrdir. Yolun eni 5,90 metrdir. Hadisə yerində avtomobil vardır. Sürücü və sərnişinlər yoxdur. Həmçinin avtomobilin salonunda meyid yoxdur. Hadisə yerindəki izlərdən avtomobilin Ağacanlı kəndi istiqamətdə hərəkət etməsi müəyyən edilmişdir. Hadisə yerinin yaxınlığında su kanalı və onun üzərində körpü vardır. Asfalt üzərində 29,10 metr uzunluğunda sürtünmə izləri vardır. Sürtünmə izləri bitdikdən dərhal sonra qoşalaşmış tormoz izləri başlayır. Həmin tormoz izləri asfaltın sonuna qədər davam edir və eyni boydadırlar. Tormoz izinin uzunluğu 33,10 metrdir. Yolda iki istiqamət üçün nəzərdə tutulmuş bir hərəkət zolağı vardır. Avtomobilin aşdığı yerin yaxınlığında avtomobildən qırılmış hissəciklər və başqa qırılmış ehtiyat hissələri vardır. Hadisə yerində hərəkət üsulu nizamlanmayandır. Baxış keçirilməsi barədə protokol tərtib olunmuş, sxem və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 3 saylı rəyində göstərilmişdir ki, mərhum Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol qalça tini nahiyyəsinin sıyrıqı və qançırı.Sol əlin arxa səthinin sıyrıqı. Başın sol gicgahənsə nahiyyəsinin hematoması və əzilmiş-cırılmış yarası. Kəllə qapağı və əsası sümüklərinin sınığı. Beyinin yumşaq toxumasına eləcədə mədəciklərinə qansızmalar. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) qüvvətli təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomabil hissələrinin təsirindən əmələ gəlmişdir. Xəsarətlər həyatı olmaqla ölümündən bir qədər əvvəl əmələ gəlmişdir. Yuxarıda qeyd olunan xəsarətlərdən kəllə qapağı və əsası sümüklərinin sınığı, beyinin yumşaq toxumasına eləcə də mədəciklərinə qansızmalar həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Başın sol gicgah-ənsə nahiyyəsinin hematoması və əzilmiş-cırılmış yarası canlı şəxslərdə götürüldüyü kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə aiddir. Sol qalça tini nahiyyəsinin sıyrıqı və qançırı. Sol əlin arxa səthinin sıyrıqı isə canlı şəxslərdə götürüldüyü kimi sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin olunmayan xəsarətlərin əlamətlərinə aiddir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb başın küt travması nəticəsində kəllə qapağı və əsası sümüklərinin sınığından sonra baş vermiş beyinin yumşaq toxumasına və eləcə də mədəciklərinə qansızmalar olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 ölümündən əvvəl spirtli içki və narkotik maddə qəbul etməmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 70 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müayinə zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin arxa səthinin qançırı. Sol İV qabırğanın yerdəyişmiş sınığı. Sağ radial sinirin zədələnməsi. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 71 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müayinə zamanı aşkar edilmiş xəsarətlər -döş qəfəsinin qapalı travması. Sağ Vİ-Vİİ-Vİİ-İX qabırqanın yerdeyişmiş sınıqları. Sağ kürək sümüyünün cisminin və sağ körpücük sümüyünün orta 1/3-nin yerdəyişmiş sınıqları.Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 108 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs5 bədəni üzərində müayinə zamanı aşkar edilmiş xəsarətlər - Döş qəfəsinin sınığı. Sol kürək sümüyünün sınığı. Th7, TH8 fəqərələrinin sınığı. Sol çənə, Qulaq seyvanı nahiyyəsinin kəsilmiş yarası. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 109 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində müayinə zamanı aşkar edilmiş xəsarətlər - Qapalı KBT. Baş beyin sirkələnməsi. Döş qəfəsi orqanlarının travması. İki tərəfli minimal hematoraks, pinevmtoraks. Sağ körpücük sümüyünün sınığı travmatik şok İİ-İİİ dərəcə. Qeyd olunan xəsarət küt əşyanın təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda baş vermiş avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələ bilər. Müddəti hadisə gününə xx.xx.2023-cü il tarixə uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 974/k nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli 8/849 nömrəli rəyində göstərilmişdir ki, «Mercedes-Benz E240» minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 110-120 km/saat sürtələ idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs «Mercedes-Benz E240» minik markalı avtomobilin texniki xarakteristikasında nəzərdə tutulduğundan (4 nəfər) artıq sayda (6 nəfər) sərnişin apardığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Qİİ tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs AC 807788 saylı, BC dərəcəli sürücülük vəsiqəsi xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək verilmişdir. Onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. xx.xx.2021-ci il tarixli, ƏN-V 722814 nömrəli etibarnamənin surətindən görünür ki, «Mercedes-Benz E240» minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs 6 il 1 ay 16 gün müdətinə, yəni xx.xx.2027-ci il tarixədək etibarnamə verilmişdir. Hacıqabul RPŞ-nin NH-nın məsul növbətçisi, polis mayoru N.Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə saat 16:42-də AR DİN-nin 102 xidmətindən daxil olmuş məlumatda Hacıqabul rayonu, Ələtli kəndində 4 nəfərin xəsarət alması ilə bağlı yol nəqliyyat hadisəsi baş vermişdir. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının Meyniman kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 155 saylı arayışdan görünür ki, Əkbərov X8 rayonu, Axtaçı-Şirvam kəndində qeydiyyatda olmaqla, 1986-cı il təvəllüdlü həyat yoldaşı X5, 1947-ci il təvəllüdlü atası X7 və 1952-ci il təvəllüdlü oğlu X3 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X10, zərər çəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs4 tərəfindən ayrı-ayrılıqda məhkəməyə təqdim olunmuş notariat qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı heç bir maddi və mənəvi tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcələsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində qeyd edilir ki, yol hərəkətinin iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinə əsasən nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Həmin Qanunun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinə əsasən 12 yaşından kiçik uşaqları hesaba almadan, nəqliyyat vasitəsinin texniki xarakteristikasında nəzərdə tutulduğundan artıq sayda (nəqliyyat vasitəsinin faktik kütləsi istehsalçı müəssisənin müəyyən etdiyi icazə verilən maksimum kütlənin kəmiyyətindən artıq olmamalıdır) habelə, motosikletin arxa oturacağında, minik avtomobilinin qabaq oturacağında uşağı saxlayan xüsusi qurğu olmadıqda, 12 yaşınadək uşaqları həmin nəqliyyat vasitələrində daşımaq qadağandır. Cinayət işinin materiallarından, xüsusən də məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, sürücü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Başqa sözlə, Təqsirləndirilən şəxs hadisə vaxtı idarə etdiyi «Mercedes-Benz E240» minik markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu, nəqliyyat vasitəsini müəyyən edilmiş sürət həddində idarə etməli olduğu halda, həmin tələblərə əməl etməmiş, yol hərəkəti qaydalarını pozmuş, nəticədə idarə etdiyi avtomobili aşıraraq bir nəfərin ölümünə, üç nəfərin sağlamlığına az ağır, bir nəfərin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (hadisənin baş vermə şəraitini və səbəblərini, təqsirin dərəcəsini, hadisə nəticəsində bir nəfərin ölməsi, bir nəfərin ağır xəsarət alması və üç nəfərin az ağır xəsarət almasını), şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə daha yüngül cəzanın təyin edilməsi və ya CM-in 70-ci maddəsi tətbiq edilməklə cəzanın şərti tətbiq edilməsini əsaslandırmaq mümkün deyil və bu normaların tətbiq olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız cinayət qanunu normasının sanksiyası həddində əsas və əlavə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bununla yanaşı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və digər zərər çəkmiş şəxslərlə barışmışdır. Həmçinin, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyası çərçivəsində əlavə və əsas cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1) və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM- 198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar