Məhkəmə qərarları › İş №1(071)-67/2024

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-67/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-67/2024 10.10.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X5 iclas katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Sabirabad rayonu,Qəzli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olmamış, Sabirabad rayonu, Qəzli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədi olmadan özünün istifadəsi üçün şəxsi istehlak miqdarından artıq, xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Hacıqabul rayonu, Qarasu kəndinə daşımış, 26 yanvar 2024-cü il tarixdə saat 21 radələrində Hacıqabul rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Qarasu kəndində saxlanılaraq rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən təmiz çəkisi- 310,0 qram xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana sağ əlində saxladığı 01 ədəd polietilen torba bükülüdən aşkar edilib götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs fakt üzrə istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, ekspertiza rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona verilmiş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən dörd ilə yaxındır ki, narkotik vasitə qurudulmuş marixuana istifadə edir. xx.xx.2024-cü il tarixdə “İnstagram” sosial şəbəkəsi vasitəsilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edib adının Babək adlı olduğunu bildirən şəxslə təsadüf nəticəsində tanış olmuşdur. O, həmin şəxslə “İnstagram” sosial şəbəkəsində yazışmağa başlamışdır. Söhbət zamanı həmin şəxs ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, o, narkotik vasitələrdən yalnız qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Bundan sonra həmin şəxsə “Whatsapp” mobil tətbiqindən qeydiyyatdan keçdiyi və istifadə etdiyi ***-***-**-** mobil nömrəsini vermiş, sonuncu isə ona özünün “Whatsapp” tətbiqindən qeydiyyatdan keçdiyi +**********51 mobil nömrə ilə mesaj yazmağa başlamış və onun hesab nömrəsinə pul atmasını, bunun müqabilində ona narkotik vasitə marixuana verə biləcəyini bildirmişdir. O, Babək adlı şəxsdən öz istifadəsi üçün narkotik vasitə olan qurudulmuş marixuana göndərməsini xahiş etmişdir. Həmin şəxs ona “Whatsapp” vasitəsilə yer deyəcəyini, onun həmin yerə gedib oradan narkotik vasitə olan qurudulmuş marixuananı götürəndən sonra ona kart hesab nömrəsi verəcəyini və həmin hesaba pulu bildirmişdir. O, 200-300 qram çəkidə 700 manat dəyərində qurudulmuş marixuana göndərilməsi barədə razılaşmışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Babək adlı şəxs ona “Whatsapp” vasitəsilə məkan (“konum”, “location”) yerini göndərmiş və həmin yerin Bakı-Qazax maqistral yolunun Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində “Ovçular” adlanan ərzaq mağazasının yaxınlığında yerləşdiyini bildirmişdir. O, həmin yerə getmək üçün həmkəndlisi Şahid5 zəng edib onun üçün Bakı şəhərindən bağlama (çanta) gələcəyini bildirib onu atasına məxsus VAZ 21063 markalı avtomobillə Hacıqabul rayonu, Qarasu kəndinə aparmasını xahiş etmiş və qarşılığında ona 5 manatlıq yanacaq alacağını, eyni zamanda 10 manat pul verəcəyini vəd etmişdir. Nihat onunla razılaşmış və təxminən 30 dəqiqə sonra onlar Sabirabad rayonu, Qəzli kəndində yerləşən çayxananın qarşısında görüşmüşlər. Nihat atasına məxsus VAZ 21063 markalı, **-UB-*** dövlət nömrə nişanlı avtomobili ilə gəlmiş, o, avtomobilin ön oturacağında əyləşmiş və Hacıqabul rayonun Qarasu kəndinə sürməsini bildirmişdir. Yolda o, avtomobilə 5 manatlıq yanacaq almış və yoluna davam etmişlər. Onlar Hacıqabul rayonu, Qarasu kəndinə çatdıqda o, Nihata avtomobilini yolun kənarında yerləşən “Ovçular” adlanan ərzaq mağazasının yaxınlığında saxlayıb onu gözləməsini bildirmişdir. Bundan sonra avtomobildən düşüb irəliyə doğru gedərək “Whatsapp” vasitəsi ilə Babək adlı şəxslə əlaqə saxlamış və Babək ona içərisində narkotik vasitə olan paket torbanı “Ovçular” mağazasından bir qədər kənarda fəaliyyət göstərməyən köhnə kafenin otağında qoyduğunu bildirmişdir. O, deyilən yerə getmiş və kafenin otağının divar küncündə olan polietilen torbanı görmüş, torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olduğundan əmin olduqdan sonra götürüb oradan uzaqlaşmaq istəyən zaman polis əməkdaşları ona yaxınlaşaraq saxlamışlar və onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Şöbədə təhqiqatçı ona vəkil təqdim etmiş və onu müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutmuşdur. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə üzərində video-çəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı təhqiqatçının sualına əsasən əlində olan bir ədəd polietilen torbanı təqdim etdib içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmçinin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşı Babək kimi bildiyi şəxsdən öz istifadəsi üçün 700 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən onun təqdim etdiyi polietilen torba elektron tərəzidə çəkilib zərfə qoyularaq möhürlənmiş və tərəflərindən üzərinə imzalar edilmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, saxlanılarkən və onun üzərində şəxsi axtarış aparılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zorakılıq hərəkətlərinə yol verilməmişdir. O, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxsdən “Whatsapp” vasitəsilə öz istifadəsi üçün sifariş verməsinə və həmin vasitəni 700 manata almağa razılaşmasına baxmayaraq həmin çəkidə vasitə gələcəyinə inanmamışdır. Bundan başqa vasitəni əldə etdikdən sonra gələcəkdə ödəniş etmək niyyəti olmamışdır, çünki 700 manat ödəniş etməyə maddi imkanı yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq qeyd edir ki, qeyd olunan miqdarda narkotik vasitə qurudulmuş marixuananı uzun müddətə, yəni, təxminən bir ilə yaxın müddətdə istifadə etmək mümkündür. Lakin vasitəni əldə etməyə gedərkən əvvəlcədən təklif edilən miqdar ona inandırıcı gəlməmişdir. Saxlanıldığı üçün əldə etdiyi vasitənin ödənişini etmək mümkün olmamışdır. İki gün müddətində polis şöbəsində saxlanıldıqdan sonra barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə azadlığa buraxılmış, istintaq müddətində onun istifadəsində olan mobil telefon özünə geri qaytarılmış və bundan sonra mobil telefonu format etməklə yaddaşını sildiyindən İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxslə “Whatsapp” və ya “İnstaqram” vasitəsilə hər hansı yazışmaya dair sübutlarını məhkəməyə təqdim edə bilmir. O, Hacıqabul rayonu, Qarasu kəndinə tanıdığı Şahid5 idarə etdiyi VAZ 2106 markalı, **-UB-*** dövlət nömrə nişanlı avtomobili ilə gəlmiş, həmin vaxt avtomobildə o və Şahid5 olmuş, başqa heç kim olmamış, Şahid5 onun Hacıqabul rayonu, Qarasu kəndinə nə səbəbə gəlməsi barədə heç bir məlumatı olmamışdır. Narkotik vasitənin yerləşdiyi köhnə kafe bir qədər kənar yerləşdiyindən, Nihat isə marketin yaxınlığında onu gözlədiyindən onun hara girməsi və ya kim tərəfindən saxlanılmasını Nihatın görə bilməsi mümkün deyildir. O, özü saxlanıldığından Nihatın da saxlanılıb-saxlanılmamasını görə bilməmişdir. Təqsirləndirilən şəxs son sözündə əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu, Qəzli kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Onun atası Şahid4 məxsus VAZ 21063 markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, hərdən həmin avtomobili kənd ərazisində sürür. Lakin nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi almamışdır. O, Təqsirləndirilən şəxs tanıyır, onlar eyni kənddə yaşayır, lakin onunla yaxın münasibəti yoxdur. xx.xx.2024cü il tarixdə saat təxminən 19 radələrində tanışı və həmkəndlisi Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəyə zəng vurub Bakı şəhərindən onun üçün bağlama (çanta) gələcəyini bildirmiş və Hacıqabul rayonu, Qarasu kənd ərazisinə birlikdə gedib həmin bağlamanı götürmələrini xahiş etmişdir. Təqsirləndirilən şəxs onu atasına məxsus VAZ 21063 markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə aparmasını xahiş edib ona bunun müqabilində 5 manat yanacaq pulu, özünə isə 10 manat pul verəcəyini bildirmişdir. Onun pula ehtiyacı olduğu üçün Təqsirləndirilən şəxsla razılaşmış və atası Şahid4 idarə etdiyi avtomobili ona sürməyə verməsini xahiş etmişdir. Atası Şahid4 avtomobili ona vermiş və təxminən 30 dəqiqə sonra Təqsirləndirilən şəxsla yaşadığı Sabirabad rayonu, Qəzli kəndində yerləşən çayxananın qarşısında görüşmüşdür. O, həmin çayxananın qarşısına atasına məxsus VAZ 21063 markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlmiş, o, Təqsirləndirilən şəxsla çayxananın qarşısında görüşəndən sonra Təqsirləndirilən şəxs onun idarə etdiyi VAZ 21063 markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sərnişin üçün nəzərdə tutulmuş oturacağında əyləşmiş və ona Hacıqabul rayonu, Qarasu kəndinə sürməyini bildirmişdir. O, idarə etdiyi avtomobil ilə Hacıqabul rayonu, Qarasu kəndinə gedən zaman idarə etdiyi avtomobili Sabirabad rayonu, Quruzma kəndində yerləşən yanacaq doldurma məntəqəsinə sürmüş və Təqsirləndirilən şəxs onun idarə etdiyi avtomobilə 5 manatlıq yanacaq almışdır. O, avtomobilə yanacaq alandan sonra yenidən Hacıqabul rayonu, Qarasu kəndinə yola düşmüş, onlar Hacıqabul rayonu, Qarasu kəndinə çatdıqda Təqsirləndirilən şəxs ona idarə etdiyi avtomobili “Ovçular” adlanan ərzaq mağazasının yaxınlığında saxlamasını bildirmişdir. O, avtomobili orada saxlayandan sonra Təqsirləndirilən şəxs onu gözləməsini bildirmiş və avtomobildən düşüb yolun kənarı ilə irəliyə doğru getmişdir. Həmin vaxt o, orada olan “Ovçular” adlanan ərzaq mağazasına su almaq üçün getmiş və su aldıqdan sonra avtomobilinə əyləşib Təqsirləndirilən şəxs gözləməyə başlamışdır. Bu zaman onun idarə etdiyi avtomobilə polis əməkdaşları yaxınlaşmış, polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində daşımasında şübhəli olduğu üçün saxlandığını bildirib onunla birlikdə gəldiyini qeyd edəndən sonra məsələyə aydınlıq gətirmək üçün onu da Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Hacıqabul rayon polis şöbəsinə gələndən sonra o, Təqsirləndirilən şəxs iran İslam Respublikası vətəndaşının ona göndərdiyi narkotik vasitəni Hacıqabul rayonu, Qarasu kəndindən götürüb getmək istəyən zaman polis əməkdaşları tərəfindən saxlanıldığını öyrənmişdir. Lakin, onun Təqsirləndirilən şəxs narkotik vasitə götürmək uçun Hacıqabul rayonu, Qarasu kəndinə getməsi barədə heç bir məlumatı olmamışdır. Çünki Təqsirləndirilən şəxs ona Bakı şəhərindən bağlama (çanta) göndəriləcəyini və həmin bağlamanı götümək lazım olduğunu bildirmiş, ona bunun müqabilində 5 manat yanacaq pulu 10 manat isə onun özünə pul verəcəyini demişdir. Verilmiş suallara əsasən o, əlavə olaraq bildirmişdir ki, Rusifin yol boyu narahatlıq hissi keçirməsinin, kiminləsə telefon əlaqəsi saxlamasının və ya şübhəli danışıqlar aparmasının şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu, Qəzli kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Şahid5 onun doğma oğludur. Onun etibarnamə ilə idarə etdiyi VAZ 21063 markali, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və o, həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. O, hərdən lazım olduğu təqdirdə kənd ərazisində sürmək üçün idarə etdiyi avtomobili oğlu Şahid5 verir. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində oğlu Şahid5 tanışı Təqsirləndirilən şəxs Hacıqabul rayonu, Qarasu kənd ərazisinə aparacağını bildirib ondan idarə etdiyi avtomobili ona verməsini xahiş etmiş və o, idarə etdiyi VAZ 21063 markali, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili oğlu Şahid5 vermişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması və daşıması faktına görə polis əməkdaşları tərəfindən saxlanılaraq onun oğlu Şahid5la birlikdə Hacıqabul rayon polis şöbəsinə aparılmışdır. O, bu barədə biləndən sonra Hacıqabul rayon polis şöbəsinə gəlmiş və polis şöbəsinin müvəqqəti dayanacağından özünə məxsus VAZ 21063 markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilini saz vəziyyətdə götürüb bu barədə Hacıqabul rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. O,həmçinin qeyd etmişdir ki, onun oğlu Şahid5 ona məxsus VAZ 21063 markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi barədə məlumatı vardır. Belə ki, o, könüllü şəkildə idarə etdiyi avtomobili 26 yanvar 2024-cü il tarixdə oğlu Şahid5 idarə etmək üçün vermişdir. Onun oğlu Şahid5 sürücülük vəsiqəsi olmasa da avtomobil idarə edə bilir və bu səbəbdən o, ona avtomobilini vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 26 yanvar 2024-cü il tarixdə Sabirabad rayon sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlaması və daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanması, Hacıqabul rayon polis şöbəsinə gətirilməsi və müvafiq qaydada onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar “təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” tərəfindən qərar qəbul edilmişdir. Həmin gün Hacıqabul rayon polis şöbəsinin rəhbərliyinin əmri əsasında onun rəhbərliyi ilə onun, Hacıqabul rayon polis şöbəsinin CABnin əməliyyat müvəkkili, Şahid2 və Hacıqabul rayon polis şöbəsinin NMQ-nin əməliyyat müvəkkili, X10 daxil olduğu əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Ona daxil olmuş məlumatda Təqsirləndirilən şəxs VAZ 2106 minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşdiyi və həmin avtomobil ilə Hacıqabul rayonu, Qarasu kəndi istiqamətində hərəkət etdiyi bildirilmişdir. Həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi VAZ 2106 minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün həmin avtomobili Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu, Qarasu kəndinin ərazisindən keçən hissəsində “Ovçular” adlanan mağazanın yaxınlığında saxladığını, avtomobil dayanandan sonra Təqsirləndirilən şəxs avtomobildən düşüb bir qədər kənarda yerləşən köhnə işləməyən kafenin yerləşdiyi yerə getdiyini və avtomobili idarə edən şəxsin isə yaxınlıqda yerləşən “Ovçular” adlanan mağazaya getdiyini görmüşlər. Onlar ilk növbədə Təqsirləndirilən şəxs yaxınlaşmaq üçün onun getdiyi istiqamətdə getmiş və həmin yerə gedən zaman Təqsirləndirilən şəxs köhnə işləməyən kafe istiqamətindən bizə tərəfə əlində bir ədəd politelen torba ilə qayıtdığını görmüşlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Onlar Təqsirləndirilən şəxs şifahi olaraq üzərində narkotik vasitə və ya qanunla qadağan olunan hər hansı bir maddə, predmet olub-olmamasını soruşan zaman Təqsirləndirilən şəxs onlarda davranışları ilə daha da şübhə yaratmış və bu səbəbdən, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından onu Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs xidməti avtomobilə əyləşəndən sonra onlar Təqsirləndirilən şəxs Hacıqabul rayonu Qarasu kəndinə gətirən və onu “Ovçular” adlanan mağazanın yanında sözləyən VAZ 2106 minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmışlar. Avtomobilin sürücüsü özünü Şahid5 kimi təqdim edəndən sonra onlar Şahid5 Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşımaqda şübhəli olduğunu bildirmiş, Şahid5 bundan xəbərsiz olduğunu onlara bildirəndən sonra onlar məsələyə aydınlıq gətirmək üçün Şahid5 da Hacıqabul rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinə gəldikdən sonra o, bu barədə şöbə rəhbərliyinə raportla müraciət edərək məruzə etmişdir. Hacıqabul rayon polis şöbəsində onlar birlikdə təhqiqatçı Taryel Səfərovun xidməti otağına gəlmişlər. Təhqiqatçı tərəfindən şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş verildikdən sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. Bundan sonra təhqiqatçı, müdafiəçinin və onların da iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla baxış və şəxsi axtarış keçirdi. Baxış zamanı sorğu-suala əsasən Təqsirləndirilən şəxs həmin vaxt əlində olan bir ədəd polietilen torbanı təqdim edib içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen torbaya baxış keçirmiş və polietilen torbanın içərsində bir ədəd üzəri yapışqan lentlə bağlanmış bükümün olduğu, həmin yapışqan lentlə bağlanmış bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin olduğu aşkar olunmuşdur. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etdiyini soruşduqda o, həmin narkotik vasitə olan qurudulmuş marixuananı İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxsdən öz istifadəsi üçün 700 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi polietilen torba içərsində olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin təxminən 300 qramdan artıq olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 80 saylı möhürü ilə möhürlənmiş, üzərinə imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq Şahid1 ifadəsində əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etdiyi tikiliyə zərurət olmadığından baxış keçirməmişlər. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonda iş üzrə mühüm əhəmiyyət kəsb edən məlumatlar əldə edilərək əməliyyat məlumatı olaraq Azərbaycan Respublikası DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin aidiyyəti şöbəsinə təqdim edilmişdir. Daha sonra istintaq müddətində mobil telefonun geri qaytarılması və məlumatların telefonun yaddaşından silinməsi barədə heç bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə Təqsirləndirilən şəxs və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, protokollarla və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli raport, əmr, protokol və qərardan müəyyən edilir ki, həmin tarixdə Hacıqabul RPŞ-nin NMQ-nın baş əməliyyat müvəkkili Şahid1 şöbənin rəisi Anar Xəlilova müraciət edərək Sabirabad rayonu Qəzli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatının daxil olmasını bildirib, daxil olmuş məlumatın yoxlanılması üçün onun ətrafında müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərin keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. Hacıqabul RPŞ-nin rəisi Anar Xəlilov tərəfindən verilmiş 3-13-78/Ə73/2024 saylı əmrə əsasən əməliyyat qrupu təşkil edilmiş, qrupun tərkibinə Hacıqabul RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Hacıqabul RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid3 daxil edilməklə, qrupa rəhbərlik baş əməliyyat müvəkkili Şahid1 həvalə edilmişdir. Bundan sonra baş əməliyyat müvəkkili Şahid1 tərəfindən müvafiq təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi və keçirilmiş tədbirlər barədə 48 saat müddətində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar RPŞ-nin rəisi tərəfindən təsdiq edilmişdir. Üzərində xx.xx.2024-cü il tarixli 101 nömrəli daxil olma ştampı olan, baş əməliyyat müvəkkilli Şahid1 tərəfindən tərtib edilmiş raportdan isə müəyyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 20:20-də Hacıqabul rayonu Qarasu kəndində saxlanılaraq Hacıqabul RPŞ-nə gətirilmişdir. Saxlanıldıqdan sonra məlum olmuşdur ki, o, həmin yerə yaxınlıqda dayanmış həmkəndlisi X11 idarə etdiyi VAZ 2106 minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobildə gəlmişdir. Ona görə də X12 da idarə etdiyi VAZ 2106 minik markalı, **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə şöbəyə gətirilmişdir. Təqsirləndirilən şəxs həmin gün RPŞ-nin TB-nin təhqiqatçısı Taryel Səfərov tərəfindən ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokoldan müəyyən edilir ki, narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında və istifadə edilməsində şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürülmə aparılmazdan əvvəl ona üzərində olan hər hansı qanunsuz əşyanın olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs sağ əlində ağ rəngli üzərində “Polo” yazısı olan sellofan paketi təqdim edərək içərisində qara sellofana bükülmüş kütlənin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin bükülü açılıb baxış keçirilən zaman içərisindən narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar edilərək götürülmüş, elektron tərəzidə çəkilərək 337 qram olması müəyyən edilmiş və zərfə qoyularaq qablaşdırılmış, ƏN-nin MEM-in Şirvan Regional bölməsinə göndərilməsi üçün RPŞ-nin 80 nömrəli möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda, Təqsirləndirilən şəxs əynində olan şalvarın yan sol cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüş, zərfə qoyularaq qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı videoçəkiliş aparılmaqla DVD diskə köçürülmüş və protokola əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış və iş üzrə maddi sübut kimi tanınmış videogörüntünün olduğu 1 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilib tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış və götürmə haqqında xx.xx.2024-cü il tarixli protokolun məzmunu düzgün tərtib edilmişdir. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-kimyəvi ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2024-cü il tarixli 18/112 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış polietilen torbadakı 01 ədəd polietilen torba bükülüdə təmiz çəkisi-310,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Rəyə əlavə edilmiş aktdan həmçinin görünür ki, tədqiqata sərf edildikdən sonra 309,95 qram qurudulmuş marixuana qalıq qalmışdır. İş üzrə ibtidai istintaq zamanı təyin olunmuş məhkəmə-narkoloji ekspertizası əsasında tərtib edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Ambulator X1 dair ekspert komissiyasının 12 mart 2024-cü il tarixli 1650 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDİROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə baxışı və məhkəməyədək araşdırma zamanı toplanmış sübutlara məcmu halında qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni onun satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə etməsi cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri və digər iş materiallarında olan sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan mümkün miqdarı hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 12-ci bəndində çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 5 qram olması, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana adlı narkotik vasitənin külli miqdarın aşağı həddinin isə 500 qram olması göstərilmişdir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 310,0 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikasının CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərar və tutma haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və tutulmanın əvvəli onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il saat 20:20-dən hesablanmışdır. İş materiallarında olan Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi X2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun üzərindən xx.xx.2024-cü il tarixdə 310,0 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Daha sonra həmin müstəntiq tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarlarla CM-nin 234.1-ci maddəsilə təqsirləndirilən Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən həmin tarixdə saat 12:05-də azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071)-67/2024 saylı hazırlıq iclasının qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş, Sabirabad rayon İH-nin Quruzma kənd İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-70-27/2-334/2024 saylı arayışdan müəyyən edilir ki, təqsirləndirilən şəxs Qədirov X6 rayonu Qəzli kəndində ailə üzvləri ilə birlikdə yaşayır və işləmir. Himayəsində azyaşlı uşağı yoxdur. İş materiallarına əlavə edilmiş Sabirabad rayon İH-nin Quruzma kənd İƏD-üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə yaşadığı yer üzrə müsbət xarakterizə olunur və onun barəsində şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xəstəxananın Poliklinika şöbəsinin “Əsəbi-ruhi, narkoloji” kabinetlərində dispanser qeydiyyatında deyildir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 23 fevral 2024-cü il tarixli tələbnaməyə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkumluğunun olmamasını və əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Lakin məhkəmə qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun yaddaşında iş üzrə əhəmiyyət kəsb edən məlumatlar mövcud olmuş, belə ki, o, ifadəsində mobil telefonda olan “Whatsapp” və ya “İnstaqram” proqram təminatı vasitəsilə İran İslam Respublikasının vətəndaşı Babək adlı şəxslə, eləcə də hadisə yerinə getdiyi həmkəndlisi Şahid5la yazışmalar və danışıqlar apardığını bildirmişdir. Qeyd olunan məlumatlar iş materiallarına istintaq orqanı tərəfindən əlavə edilmədiyindən, təqsirləndirilən şəxs isə həmin məlumatları telefonun yaddaşından silməsini ifadəsində bildirdiyindən, iş üzrə obyektiv və hərtərəfli araşdırma aparılmasının təmin edilməsi üçün məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon götürülərək Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(071 )-67/2024 saylı qərarına əsasən mobil telefona qoyulmuş şifrənin açılması, mobil telefonun yaddaş tarixçəsinin bərpa edilərək mobil nömrədən, eləcə də “Whatsapp”, “İnstagram” və digər sosial şəbəkələrdə 2024-cü ilin yanvar ayı ərizndə aparılmış bütün yazışmaların mətnlərinin surətinin çıxarılması üçün məhkəməkompüter-texniki eskpertizası təyin edilmişdir. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 5/926 nömrəli rəyindən müəyyən edilmişdir ki, təqdim edilmiş “Samsung Galaxy A23” markalı “SM-A235F/DSN” modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş “Şifrələrlə” mühafizə olunan (parol-password) ekran kilidini keçmək mümkün olmamışdır. Bu səbəbdən mobil telefonun yaddaş tarixçəsinin bərpa edilməsi, mobil nömrədən, elecə də “Whatsapp”, “İnstagram” və digər sosial şəbəkələrdə 2024-cü ilin yanvar ayı ərzində aparılmış bütün yazışmaların mətnlərinin surətini əldə etmək mümkün olmamışdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi üsulunu, öz ifadəsində qeyd etdiyimi kimi narkotik vasitə əldə etdikdən sonra ümumiyyətlə ödəniş etmək niyyətində olmamasını, narkotik vasitə əldə edilməsini asanlaşdırmaq məqsədilə kənar şəxsi cəlb etməsini, daha sonra mobil telefonda olan cinayət əməli üzrə mühüm əhəmiyyət kəsb edən məlumatları məhv etməsini, eyni zamanda əldə etdiyi narkotik vasitənin miqdarını (belə ki, şəxsi istehlak miqdarından 62 dəfə çox), onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti və törətdiyi əməl ictimai təhlükəli kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə cəza məsələsini müzakirə edərkən, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Belə ki, Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, «cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır». Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, «cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır». Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa, Təqsirləndirilən şəxs hazırki hökmlə ona təyin ediləcək cəzasını “ümumi rejimli” cəzaçəkmə müəssisəsində çəkməli və onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli, onun azadlığı faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı və onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və həbs qətimkan tədbiri ilə bağlı hissədə hökmün icrası Hacıqabul rayon Polis Şöbəsinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Eyni zamanda Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı «Qərarı»nın 26-cı bəndində qeyd olunur ki, «məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-nin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir». İş materiallarında olan məcburi-narkoloji tibbi yoxlamanın rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülmüşdür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş materialları ilə həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 309,95 qram marixuana cinayətin predmeti olduğuna görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan təyin edilmiş ekspertiza tədqiqatlarının xərcinə dair bildirişlərdən isə görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri ümumilikdə 109,74 (yüz doqquz manat yetmiş dörd qəpik) (49,74+60) manat təşkil edir. Beləliklə, maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Hacıqabul RPŞ-nin “maddi sübutların saxlanması otağı”nda saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə olan 309,95 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zaman qeydə alınmış videogörüntünün olduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatlarının dəyəri cəmi 109,74 (yüz doqquz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı dövlət hesabına hüquqlarını müdafiə etmiş Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına ona ödənilməsi üçün 20 (iyirmi) saata görə 120 (yüz iyirmi) manat pul köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 2 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində hazırki cinayət işi üzrə seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin, o, məhkəmə iclas zalından dərhal həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hökmlə təyin olunmuş cəzasını “ümumi” rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Hacıqabul RPŞ-nin maddi sübutların saxlanc yerində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış narkotik vasitə 309,95 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 109,74 (bir yüz doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şirvan Regional Vəkil Bürosunun hesabına 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat, pul köçürülsün. (Şirvan Regional Vəkil Bürosunun "xxxx" ASC Şirvan şəhər filialındakı hesabı - S.W.İ.F.T. RBTAAZ22, H/h AZ38RBTA********************, Kod: 502508, VÖEN **********, M/h AZ61NABZ013501**********6944, VÖEN **********) Həbs qətimkan tədbiri ilə bağlı hissədə hökmün icrası Hacıqabul rayon polis şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan məhkuma hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar