Məhkəmə qərarları › İş №1(071)-68/2023

Hacıqabul Rayon Məhkəməsi Hökm — İş №1(071)-68/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Hacıqabul rayonu İş № 1(071)-68/2023 26.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Şirvan şəhərində yerləşən “X5” şirkətində işləyən, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu Qubalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 25 may 2022-ci il tarixdə saat 19:00-da Hacıqabul rayonu, Qubalı kəndində yerləşən qardaşı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində ona məxsus olan torpaq sahəsində olan plitələri yiğışdırmasını irad bildirməsi ilə əlaqədar yaranmış mübahisə zamanı dəmir parçası ilə Zərərçəkmiş şəxs vurub yerə yıxaraq ayaqları ilə onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona - sol əlin üst hissəsinin əzilmiş-cırılmış yarası, başın təpə nahiyəsinin hematoması, sol baldırın arxa səthinin qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Onlar qonşuluqda yaşayırlar. Onunla 7-8 aydır ki, aralarında şəxsi münasibətləri pozulmuşdur. Qardaşı Zakir ilə evlərinin qarşısında olan təxminən 10 kv.metr sahə vəsiyyətlə atası tərəfindən ona verilmişdir. Qardaşı Zakir çalışır ki, həmin yeri ondan alsın. Təxminən 1 ildir ki, həmin yerə döşəmək üçün plitə daşlar yığmışdır. xx.xx.2022-ci ildə saat 19 radələrində işdən evə qayıdan zaman həmin daşların daşınaraq çölə yığıldığını görmüşdür. Maşını saxlayıb onların qapısına getmiş və qardaşı oğlu Elnuru çağırmış, lakin Elnur gəlməmiş, qardaşı Zakir evdən çıxaraq onu təhqir edərək üzərinə hücüm çəkmişdir. Zakir əlində olan çəlik ilə onun sol qoluna və ayağına zərbə vurmuş və başına vurmaq istəyəndə özünü qorumaq məqsədilə yerdən dəmir boru götürərək yuxarı qaldırmışdır. Bu zaman Zakirin əlindəki çəlik həmin boruya dəymiş və Zakir yerə yıxılmışdır. Həmin vaxt o, Zakiri vurmamışdır və ona xəsarət yetirməmişdir. Zakir insult xəstəsidir. Aralarında baş vermiş münaqişə zamanı Zakir özü yerə yıxılmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Onunla Hacıqabul rayonu Qubalı kəndində qonşuluqda yaşayırlar. Rafiq təxminən 1 ildir ki, ona məxsus həyətə plitə daşlar qoymuşdu və onu tez bir zamanda istifadə edəcəyini bildirmişdir. Lakin bir neçə ay keçsə də təxminən 2021-ci ilin sentyabr ayında Rafiqə daşları oradan götürməsini bildirmişdir. Çünki həmin yer ona məxsusdur. Lakin Rafiq ona məhəl qoymayaraq daş plitələri onun həyətindən götürməmişdir. Daşların arasında ilan ola bilməsindən qorxmuş və həyətdə oynayan nəvələrini ilan sancması ehtimalı olduğu üçün xx.xx.2022-ci il tarixdə həmin daşları fəhlə tutaraq Rafiqin təzə tikdirdiyi damın qarşısına yığdırmışdır. Təxminən saat 19 radələrində Rafiq işdən gələn zaman onun həyətinə girərək nalayiq ifadələrlə onu və ailə üzvlərini təhqir etməyə başlamışdır. Bu vaxtı Rafiqin yanına gedərək ona “həyət mənimdir” demiş, Rafiq isə yerdə olan dəmir parçasını götürərək ona hücum çəkib baş nahiyəsinə bir dəfə zərbə endirmiş, sol əlini qaldıraraq özünü qoruyanda dəmir onun sol qoluna və başına dəymişdi. Ondan sonra Rafiq ayaqları ilə onun ayaqlarını tapdalamış və onu öldürəcəyi ilə hədələmişdi. Yerə yıxılandan sonra həyat yoldaşı Maxanım və gəlini Şəfəq gələrək onu yerdən qaldırmışlar. Zərbənin təsirindən huşunu itirərək yerə yıxılmışdır. Sonradan oğlu Elnur gələrək DİN-in “102” xidmətinə zəng edərək onun döyülməsi barədə məlumat vermişdir. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını qeyd edərək, təqsirləndirilən şəxsin ən ağır şəkildə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qaynı, Zərərçəkmiş şəxs isə onun həyat yoldaşıdır. 25 may 2022-ci il tarixdə saat 19:00 radələrində gəlini ilə birlikdə heyvanlara baxmaq üçün tövləyə getmişlər. Tövlədə olarkən Rafiqin Elnuru çağıraraq bu daşları bura kim töküb deyə nəlayiq ifadələr işlətməklə qışqırdığını eşitmişdir. Bu vaxtı səsə həyat yoldaşı Zakir çıxmışdır. Zakir Rafiqə yaxınlaşan zaman Rafiq yerdə olan dəmir parçası ilə Zakiri vurub yerə yıxmış və onu təpikləməyə başlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hər ikisi onun dayısıdırlar. 25 may 2022-ci il tarixdə saat 19:00 radələrində Rafiq onların həyətinə gələrək Elnuru çağırmış və bu daşları bura kim yığıb deyərək qışqıraraq nalayiq ifadələr işlətmişdir. Bu vaxtı səsə qaynatası Zakir çıxmışdır. Zakir Rafiqə onun həyətindən çıxıb getməsini istəmişdir. Həmin vaxt o və qaynanası Maxanım hadisənin baş verdiyi yerdən bir neçə metr aralıda olan tövlədə olmuşlar. Hadisə vaxtı Rafiq yerdə olan dəmir parçasını götürüb Zakiri vurub yerə yıxmış və sonra onu təpikləmişdir. O, tövlədən çıxarkən hadisənin yalnız Rafiqin təpiklə Zakiri vurması hissəsini görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 26 may 2022-ci il tarixli, 110 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlərbaşın təpə nahiyyəsinin hematoması. Sol baldırın arxa səthinin qançırı. Sol əlin üst hissəsinin əzilmiş-cırılmış yaraları. Yuxarıda qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti müaynədən 1-2 gün əvvələ uyğundur. Yuxarıda qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa "yüngül" zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 31 may 2023-cü il tarixli cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının 2-ci Udulu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 143 saylı arayışdan görünür ki, Məmmədov X2 rayonu, Qubalı kəndində qeydiyyatda olmaqla yaşayır. Hacıqabul rayonu İcra Hakimiyyəti başçısının 2-ci Udulu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. “X5” şirkəti tərəfindən verilmiş 25 iyul 2023-cü il tarixli 04-1/318 arayışdan görünür ki, Təqsirləndirilən şəxs “X5” şirkətində işləməklə iş qrafiki 11*2+2(yəni 2 gün gündüz, 2 gün gecə növbəsi olmaqla) iş qrafiki ilə işləyir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində qardaşı Zərərçəkmiş şəxs vurmadığını, ona xəsarət yetirmədiyini, aralarında baş vermiş münaqişə zamanı Zakirin özünün yerə yıxıldığını bildirsə də, onun bu ifadəsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də ekspertiza rəyi ilə təkzib olunur. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə vaxtı Təqsirləndirilən şəxs dəmir parçası ilə onun başına qoluna vurmuş, yerə yıxıldıqdan sonra isə ayaqlarını tapdalamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Maxanım Məmmədova və Şəfəq Məmmədova da ifadələrində hadisə vaxtı Rafiqin yerdə olan dəmir parçası ilə Zakiri vurub yerə yıxdığını və onu təpiklədiyini bildirmişlər. Bundan başqa, məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - başın təpə nahiyyəsinin hematoması, sol baldırın arxa səthinin qançırı, sol əlin üst hissəsinin əzilmiş-cırılmış yaralarından ibarət olmuşdur. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlməklə kənar şəxs tərəfindən vurulması zamanı yarana bilər və xəsarətlərin müddəti hadisə tarixinə uyğundur. Ekspertiza rəyinə əsasən zərər çəkmiş şəxsin bədəni üzərində müəyyən edilmiş xəsarətlərin xarakteri, yeri və müddəti nəzərə alındıqda, həmin xəsarətlərin hadisə vaxtı Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi ilə bağlı zərər çəkmiş şəxsin və şahidlərin ifadələrinin daha mötəbər olduğu görünür. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin aralarında yaranmış mübahisə zamanı dəmir parçası ilə qardaşı Zərərçəkmiş şəxs vurub yerə yıxaraq ayaqları ilə onun bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona - sol əlin üst hissəsinin əzilmiş-cırılmış yarası, başın təpə nahiyəsinin hematoması, sol baldırın arxa səthinin qançırı ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “yüngül” zərər vurmaya aid bədən xəsarətləri yetirməsi tamamilə sübuta yetirilir. Onun bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır (CM 59.2). Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətdə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksyasında daha yüngül cəza növləri olan cərimə, ictimai işlər, islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini (iş yeri üzrə gecə növbəsində olduğu vaxtlarda isə iş yerini) saat 23:00-dan saat 05:00-dək və yaşadığı Hacıqabul rayonu və işlədiyi Şirvan şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Hacıqabul rayon Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Haciqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar